Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-129/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2, nümayəndəsi (qanuni təmsilçi) X5, Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı maddi zərər və əldən çıxmış fayda tələbinə dair, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 saylı qətnaməsindən (hakim Emin Əliiyev) İddiaçı MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə (iş mat. 2-ci cild 36-cı vərəq) məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı MMC arasında 10 yanvar 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən 925,6 m2 olan qeyri-yaşayış sahəsinin icarəsinə görə bağlanmış müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat məbləğində pulun (əldən çıxmış fayda) və icarə vergisinə görə aylıq 980 manat olmaqla 2020-ci ilin may ayınadək 13356,97 manat məbləğində pulun Cavabdeh onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı MMC ilə arasındakı 10.01.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 21000 manat və 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-2457/2020 nömrəli, 13.11.2020-ci il tarixli qərardadı ilə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı icarə müqaviləsinə xitam verilməsi və icarə haqqının ödənilməsi tələbinə dair işin hazırki e-2- 2(113)- 156/2021 nömrəli işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 saylı qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı iddiasının qismən təmin edilməsi, 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə icarə vergisinə görə ödənilmiş 13356,97 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddianın 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat tələbi hissəsində rədd olunması, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı iddiasının qismən təmin edilməsi, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi və 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi üzrə 18.05.2020-ci tarixədək olan 15866,66 manat məbləğində icarə haqqı borcunun İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməsi, iddianın 01.06.2020-ci ildən başlamaqla, hazırkı iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək, hər ay üçün 7000 manat icarə haqqının tutulması tələbi hissəsində rədd edilməsi qət olunmuşdur. Həmin qətnamədən İddiaçı MMC apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və İddiaçı MMC-nin iddiasının tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında təmir və bərpa xərcləri ilə bağlı başqa razılaşmanın olmaması və klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi, habelə digər zərərlə və əldən çıxmış fayda ilə bağlı mötəbər sübutların təqdim edilməməsi barədə məhkəmənin mülahizəsi əsassızdır. Belə ki, tərəflər arasında olan 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 1.2-ci bəndinə əsasən “İcarə sahəsi” “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi məqsədilə klinika kimi istifadə olunmaq üçün icarəyə götürülmüşdür. Həmin müqavilənin şərtlərinə görə “İcarəçi”nin müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarə sahəsi”ndən onun təyinatına uyğun olaraq fasiləsiz və məneəsiz istifadə etmək (5.4.1-ci bənd), fəaliyyət zərurəti ilə əlaqədar “İcarə sahəsi”ndə əlavə qurğular və avadanlıqlar quraşdırmaq, kiçik konstruktiv yenidənqurma işləri aparmaq (bununla bağlı akt tərtib olunmalıdır) (5.4.2-ci bənd) hüququ vardır. Yəni, “İcarə sahəsi”ndən onun təyinatına uyğun, klinika kimi istifadəsi, müvafiq icra hakimiyyəti orqanından lisenziya alınması şərti ilə həyata keçirilə bilərdi ki, həmin orqanın tələbinə görə icarəyə götürülmüş sahənin lisenziya şərtlərinə uyğunlaşdırılması üçün orada tikinti-təmir və konstruktiv yenidənqurma işlərinin aparılması müqaviləyə əsasən həyata keçirilmişdir. İşin məhkəmədə araşdırılan halları ilə də müəyyən olunmuşdur ki, 10 yanvar 2019-cu il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında icarə müqaviləsi bağlanmış, İddiaçı MMC obyekti icarəyə götürən zaman 4 həkim ixtisası üzrə tibbi xidmət göstərilmişdir ki, daha sonra əlavə ixtisasların (lisenziyanın) alınması üçün müraciət edilsə də, həmin ünvanda yerləşən obyektdə vəziyyətin qiymətləndirilməsi zamanı müəyyən olunmuş çatışmazlıqlara görə lisenziya əlavəsinin verilməsindən imtina olunmuş, qeyd olunan çatışmazlıqlar aradan qaldırılmaq üçün klinikanın daxilində təmir-tikinti işlərinin yerinə yetirilməsi üçün podratçı şirkətlə müqavilə bağlanmışdır. 17 iyun 2019-cu il tarixdə ƏDV daxil ümumilikdə 26.150 manat dəyərində ünvan 2 ünvanında yerləşən İddiaçı MMC-nin klinikasında təmir işləri görülmüşdür. Bundan sonra 27 iyun 2019-cu il tarixdə İddiaçı MMC-yə ünvan 2 ünvanında özəl tibb fəaliyyətinin abmulator xidməti üzrə əlavə işlərin görülməsinə icazə verilmiş və daha 9 ixtisas üzrə əlavə lisenziya alınmışdır. Bütün bunlar İddiaçı MMC ilə podratçı-"xxxx" MMC arasında bağlanmış və məhkəməyə təqdim edilmiş 19 aprel 2019-cu il tarixli podrat müqaviləsi və smeta cədvəli, 17 iyun 2019-cu il tarixli təhvil aktı və 27 iyun 2019-cu il tarixli lisenziya əlavəsi ilə təsdiq edilsə də, məhkəmə onları mötəbər sübut kimi qəbul etməmişdir. Klinikanın özəl tibb fəaliyyəti göstərməsi üçün lisenziyanın alınmasına görə dövlət rüsumunun ödənilməsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində nəzərdə tutulmuşdur və İddiaçı MMC-yə 27.06.2019-cu il tarixli, İNİL-1145/2017/2 qeydiyyat nömrəli lisenziya əlavəsinin verilməsi dövlət rüsumunun ödənilməsinin təsdiqidir. Həmin lisenziya əlavəsində görülməsinə icazə verilən işlərin siyahısında ambulator tibbi xidmət üzrə klinik (2.34.1) və klinik-biokimyəvi (2.34.2) olmaqla laboratoriya fəaliyyətinin də olması, tibb müəssisəsində tibbi reaktivlərin olmasını zəruri edir ki, xəbərdarlıq edilmədən elektrik enerjisinin dayandırılması onların yararsız hala düşməsini və iddiaçıya 12.520 manat dəyərində ziyan dəyməsini qaçılmaz etmişdir. Klinikanın yeni ünvanda fəaliyyətini bərpa etmək məqsədi ilə başqa yerə çıxıb getməməsi üçün klinikada fəaliyyət göstərən 25 nəfərədək müxtəlif ixtisaslı həkim və köməkçi personalın işsiz qaldığı dövrdə onlara ümumilikdə 6300 manat pulun ödənilməsi həmin şəxslər tərəfindən təsdiq edilə bilərdi, lakin məhkəmə bu halın araşdırılmasında da obyektivlik göstərməmişdir. İkinci, məhkəmənin əldən çıxmış 510.000 manat məbləğində fayda ilə əlaqədar mötəbər sübut təqdim edilməməsi ilə bağlı qənaəti də əsassızdır. Belə ki, tərəflər arasında olan 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 1.2-ci maddəsinə əsasən “İcarə sahəsi” “İcarəçi” tərəfindən onun əsas təyinatı dəyişdirilmədən əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi məqsədilə klinika kimi istifadə olunmaq üçün bir aylıq icarə haqqı 7000 (yeddi min) manat olmaqla (2.1) və 10 (on) il müddətinə müqavilə bağlanılmaqla (3.1) icarəyə götürülmüşdür. Özəl tibb xidmətinin göstərilməsi üçün əvvəlcə İddiaçı MMC-nin təsis payı alınmış, “İcarəyə verən”lə təsisçi arasında 10 il müddətinə icarə müqaviləsi bağlanmış, daha 9 ixtisas üzrə əlavə lisenziya alınmış, hazırlanmış biznes plana uyğun olaraq 18 aydan sonra digər xərclər çıxilmaqla hər ay 5.000 (beş min) manat gəlir əldə edilməsi nəzərdə tutulmuşdur ki, 8 il 6 ay (102 ay) müddət üçün 510.000 manat gəlirin əldə edilməsi tamamilə mümkündür. 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə görə icarəçinin müqavilənin qüvvədə olduğu müddət ərzində “İcarə sahəsi”ndən onun təyinatına uyğun olaraq fasiləsiz və maneəsiz istifadə etmək hüququ (5.4.1), lakin icarəyə verənin müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olmadığı halda (11.3-cü maddə istisna olmaqla), heç bir əsas olmadan müqaviləyə xitam verilməsini və icarə sahəsinin boşaldılmasını tələb etməsi və nəhayət binanın kommunal strukturlarına xidmət edən şəxslərin onun tabeçiliyində olmasına görə üstün mövqeyindən istifadə edərək klinikanın elektrik enerjisinin dayandırılması tamamilə qanunsuz olmuşdur ki, nəticədə iddiaçıya yuxarıda qeyd edilən real zərərlərlə yanaşı, əldən çıxmış faydaya görə 510.000 manat ziyan dəymişdir. İcarə müqaviləsinin 9.4-cü maddəsinə əsasən bu müqavilənin şərtlərinin pozulması və lazımınca icra olunmaması nəticəsində tərəflər birbirinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Lakin məhkəmə bu məsələni də obyektiv araşdırmamış, tərəflər arasında olan yazışmalarla “İcarəyə verən”in icarə müqaviləsini ləğv etmək niyətinin 2020-ci ildən başlandığı sübut edilsə də, məhkəmə bunu “İcarəçi” tərəfindən 2020-ci ilin mart, aprel və may aylarında icarə haqqının ödənilməməsi ilə əlaqələndirmiş, klinikanın elektrik enerjisinin dayandırılmasına görə “İcarəyə verən”in təqsirli, hüquqazidd hərəkətinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, 18 may 2020-ci ildə klinikanın elektrik enerjisinin qanunsuz dayandırılması “İcarəyə verən” tərəfindən həyata keçirildiyi və “İcarəçi”yə dəymiş zərərə birbaşa səbəb olduğu halda, məhkəmə klinikanın yerləşdiyi qeyri-yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin "xxxx" ASC tərəfindən dayandırılıb-dayandırılmaması barədə "xxxx" ASC-yə göndərdiyi 20.04.2021-ci il tarixli, e-2-2(113)-156/2021- ci il tarixli sorğuya cavab almadan qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 və nümayəndəsi (qanuni təmsilçi) X8 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişlər. Cavabdeh nümayəndəsi Vəkil2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası izahatları, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə qətnamənin əsaslılığını İddiaçı MMC-nin iddiasının təmin edilməyən, yəni müqavilə şərtlərinin cavabdeh tərəfindən pozulması nəticəsində İddiaçı MMC-yə vurulmuş maddi zərərə görə 70120 manat, əldə edəcəkləri gəlirlərdən məhrum olduqlarına görə 510000 manat məbləğində pulun tutulmasına dair tələblərinin rədd edildiyi hissədə yoxlayaraq hesab edir ki, yoxlanılan hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. İşin sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında bağlanmış 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 925,6 m2 -dən ibarət olan qeyri-yaşayış sahəsini icarəçi - İddiaçı MMC-yə aylıq icarə haqqı 7000 manat olmaqla 10 il müddətinə (10 yanvar 2029-cu il tarixədək) icarəyə verilmişdir. Obyekt 28.05.2020-ci il tarixədək İddiaçı MMC icarəsində olmuş, həmin tarixdə icarəçi icarəyə götürdüyü obyekti avadanlıqları ilə birlikdə tərk etmişdir. İş üzrə qəbul edilmiş qətnamənin İddiaçı MMC tərəfindən mübahisələndirilməyən hissəsindən görünür ki, məhkəmə tərəfindən İddiaçı MMC tərəfindən) 2020-ci ilin iki ayı və may ayının 18-dək Cavabdeh icarə haqqı ödənilmədiyi müəyyən edilərək qeyd edilən dövr üçün 15866,66 manat icarə haqqı borcu İddiaçı MMC-dən tutulmuşdur. Tərəflər arasında icarə münasibətlərinə faktiki xitam verildiyini nəzərə alaraq məhkəmə Cavabdeh 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin ləğv edilməsi barədə tələbini təmin etmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, İddiaçı MMC-nin iddia tələbinin rədd edildiyi hissədə qətnamə qanuni və əsaslıdır. İcarə müqaviləsinin 11.1-ci bəndində qeyd edilmişdir ki, müqavilə tərəflərin yalnız qarşılıqlı razılığı ilə vaxtından əvvəl ləğv edilə bilər. Müqavilənin 2.2-ci bəndində icarə haqqının hər ayın 15-də ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarındakı 04.03.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə icarə verilmiş obyekti digər şəxsə satması ilə əlaqədar xəbərdarlığın alındığı gündən 1 ay sonra müqaviləyə xitam verdiyini qeyd edərək sahəni boşaldaraq təhvil verməyi xahiş etmişdir. İşdən görünür ki, İddiaçı MMC 07.03.2020-ci il tarixli cavab məktubunda icarəyəverənə belə bir hüququ olmadığını bildirərək sahəni tərk etməkdən imtina etmiş, 2020-ci ilin mart və aprel aylarında icarəyə götürülmüş obyektdə fəaliyyət göstərməyə davam etmiş, 2020-ci ilin may ayının sonlarında obyekti tərk etmişdir. İcarəyəverənə ünvanlanmış 15.03.2020-ci il tarixli məktubunda İddiaçı MMC qeyd etmişdir ki, ölkə ərazisində koronovirus pandemiyasının yayılması ilə əlaqədar fors-major hal baş verdiyindən icarə haqqı ödənilməsi ilə bağlı öhdəliyin icrası dayandırılır. İcarəyəverən 06.04.2020-ci il tarixli cavab məktubunda icarə haqqı ödənişinin dayandırılmasının müqavilə şərtinin pozulması olduğunu, klinika fəaliyyətini davam etdirdiyi üçün pandemiyanın fors-major olmadığı qeyd edilərək ödənişin dayandırılmasına etiraz etmişdir. Məhkəmə İddiaçı MMC-nin bu mülahizəsi ilə razılaşır ki, icarəyəverənin sahəni özgəninkiləşdirməsi əsası ilə müqaviləyə birtərəfli qaydada xitam vermək hüququ olmamışdır. Lakin məhkəmə eyni zamanda hesab edir ki, ölkə ərazisində koronovirus infeksiyasının yayılması ilə əlaqədar tətbiq edilmiş karantin rejimi ilə bağlı qaydalarda klinikaların fəaliyyətinin dayandırılması nəzərdə tutulmadığından İddiaçı MMC-yə icarə haqqı ödənişini dayandırmaq hüququ verən fors major hal baş verməmişdir. İcarə haqqı ödənişlərinin 3 ay ardıcıl həyata keçirilməməsi isə icarə müqaviləsinin 11.4-cü bəndində icarəyə verənə birtərəfli qaydada müqaviləyə xitam vermək hüququ verən əsas kimi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.4-cü bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2, 1096, 1097.1-ci maddələrinə istinad edərək icarəyəverən tərəfindən ona vurulmuş maddi zərərin və icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi əsası ilə əldən çıxmış faydanın ödənilməsini tələb etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılarkən İddiaçı MMC-nin nümayəndəsi vurulmuş maddi zərər tələbi ilə bağlı məhkəməyə sənədlər təqdim etmiş və bildirmişdir ki, təqdim olunan sənədlər müəssisən mühasibində olmuş, mühasib isə Covid-19 virusuna yoluxduğundan qeyd olunan sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.2.-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə kollegiyası MPM-nin 372.2.-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfin birinci instansiya məhkəməsinə təqdim etmədiyi sübutlar apellyasiya mərhələsində qəbul edilə bilməz. İş materiallarından görünür ki, iddia ərizəsi 03 iyul 2020ci il tarixdə məhkəməyə daxil olmuş, 09.06.2021-ci il tarixdə məhkəmə işə mahiyyəti üzrə baxılmasını yekunlaşdıraraq qətnamə qəbul etmişdir. MMC-nin mühasibinin bütün bu müddət ərzində xəstə olması və bu səbəbdən sənədləri təqdim etmək imkanı olmaması inandırıcı olmadığından məhkəmə hesab edir ki, apellyasiya instansiyası mərhələsində təqdim edilmiş sənədlərin sübut kimi qəbul edilməsi üçün qanuni əsas mövcud deyil. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 9.4-cü bəndində qeyd edilir ki, bu müqavilənin şərtlərinin pozulması və ya lazımınca icra olunmaması nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki hüquqi məsuliyyət daşıyırlar. İddiaçı MMC iddia edir ki, icarəyəverənin göstərişi ilə 18.05.2020-ci il tarixdə klinikanın işıqları söndürüldüyü üçün həmin tarixdən fəaliyyət göstərə bilməmiş, bu səbəbdən obyekti tərk edərək icarə münasibətlərinə vaxtından əvvəl xitam verməyə məcbur olmuşlar. Buna görə də icarəyəverən vurulmuş zərərin əvəzini, o cümlədən obyektə çəkilmiş təmir xərclərinin əvəzini ödəməlidir. İddiaçı MMC-nin pul tələbinin 26150 manat hissəsi icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə əlaqədar icarəyə götürülmüş obyektdə konstruktiv dəyişiklər edilməsinə çəkilmiş xərclərin icarəyəverəndən onun xeyrinə tutulması barədədir. İcarəçinin icarəyə götürülmüş əmlakın yaxşılaşdırılması ilə əlaqədar çəkdiyi xərclərlə bağlı məsələlər “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə tənzimlənir. Qanunun 9-cu maddəsinin 5-ci və 6-cı bəndlərinə əsasən icarəyə götürülmüş əmlak icarəyəverənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. İcarəyəverənin icazəsi olmadan icarəçinin apardığı və icarəyə götürülmüş əmlaka zərər vurmadan ondan ayrıla bilməyən yaxşılaşdırmalar müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra əvəzi ödənilmədən icarəyəverənə keçir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.3-cü bəndində “icarəyə verən” “icarə sahəsi”nin içərisində olan avadanlıq, qurğu, cihaz və əşyaları azad şəkildə, icarə müqaviləsi üzrə istifadəyə yararlı vəziyyətdə icarəçiyə təhvil verir. Müqavilənin 8.4-cü bəndində qeyd edilir ki, tərəflər razılaşırlar ki, icarəçi icarə sahəsini müvafiq təhvil təslim aktında qeyd olunan təmirli şəkildə icarəyəverəndən qəbul edir, bundan sonra isə icarə sahəsinin daxilində olan cari təmir işləri onların qarşılıqlı razılığı ilə həyata kçeriləcəkdir. İş materiallarından görünür ki, İddiaçı MMC 10 yanvar 2019-cu il tarixli icarə müqaviləsi bağlananadək icarəyə verilmiş ünvan 3 ünvanında fəaliyyət göstərmiş və ona həmin obyektdə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün 21.12.2017-ci il tarixdə lisenziya verilmişdir. (iş mat. 1-cild 125-ci vərəq). İş materiallarının 1-ci cildinin 121-ci vərəqinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 18.04.2019-cu il tarixli məktubundan görünür ki, İddiaçı MMC 12.03.2019-cu il tarixdə əlavə tibb xidmətləri ilə əlaqədar lisenziya verilməsi üçün Nazirliyə müraciət etmiş, həmin tibbi xidmətlərə lisenziya verilməsi üçün obyektdə zəruri dəyişiklər həyata keçirilməli olduğundan lisenziya verilməsindən imtina edilmişdir. Bunda sonra MMC 19.04.2019-cu il tarixdə "xxxx" MMC ilə podrat müqaviləsi bağlamış və əlavə tibbi xidmətlərə görə lisenziya alınması üçün icarəyə verilmiş obyektdə görüləcək işlərin dəyəri 28025 manat müəyyən edilmişdir. 17 iyun 2019-cu il tarixli təhvil aktında qeyd edilir ki, 19 aprel 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 17 iyul 2019-cu il tarixinədək ƏDV daxil ümumilikdə 26150 manat dəyərində ünvan 1 ünvanında yerləşən İddiaçı MMC klinikasında təmir işləri görülmüşdür. Bu məbləğin İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçı MMC-nin nümayəndəsi İ.Babazadə işə apellyasiya qaydasında baxılarkən 02.03.2022-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, obyektin təmirinə 26100 manat xərc çəkilmiş, həmin məbləğin cəmi ¼ hissəsi, yəni 5000 manat ödənilmiş, ödəniş nağd olaraq həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təqdim edilmiş sübutlara əsasən müəyyən olunur ki, obyekt İddiaçı MMC-yə təmirli və istifadəyə yararlı vəziyyətdə təhvil verilmişdir. Əks halda klinikaya 2017-ci ildə özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilməzdi. Eyni zamanda müəyyən olunur ki, İddiaçı MMC-nin icarəyə götürdüyü obyektdə 2019-cu ildə gördüyü təmir işlərinin məqsədi obyektin vəziyyətinin yaxşılaşdırılması deyil, klinikanın əlavə tibb xidmətləri ilə məşğul olması üçün lisenziya alması ilə bağlı olmuşdur. Bu işlərin dəyəri icarəyəverəndən MM-nin 424.5-ci maddəsinə əsasən o halda tutula bilər ki, icarəçi müqavilə üzrə öhdəliklərinə riayət edərək icarə haqqı ödənişlərini vaxtlı-vaxtında həyata keçirildiyi halda onun icarəyə götürülmüş obyektdə fəaliyyətinə icarəyəverən tərəfindən maneə yaradıldığı mötəbər sübutlarla təsdiq edilmiş olsun. Mülki Məcəllənin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. "xxxx" ASC-nin MMC-nin direktoruna ünvanlanmış 29.12.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, icarəyə götürülmüş obyektə texniki şərt verilmədiyindən, obyektin qeydə alınmış elektrik sayğacı olmadığından göstərilən müddətdə həmin ünvanda elektrik enerjisinin "xxxx" ASC tərəfindən dayandırılıb-dayandırılmaması barədə məlumat qeydə alınmamışdır. İşdə 18.05.2020-ci il tarixdə icarəyə götürülmüş obyektin elektrik təchizatının kəsildiyinə dair iş materiallarının 52-ci vərəqinə əlavə edilmiş Yasamal RPİ-nin 29-cu PŞnin sahə inspektoru A.Quliyevin arayışı, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 (klinikanın həkimi), X1 (klinikanın həkimi) ifadələri, Klinikanın işçiləri tərəfindən tərtib edilmiş akt mövcud olsa da "xxxx" ASC-nin 19.03.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 18.05.2020-ci il tarixdə İddiaçı MMC-nin istifadəsində olan qeyri-yaşayış sahəsinin elektrik enerjisi dayandırılmamışdır. X2 ifadəsində icarəyəverənin mərhum anası Sveta xanımın işığın söndürələcəyi barədə ona xəbərdarlıq etdiyini göstərsə də, sonradan göstərmişdir ki, Sveta xanımın obyektin işığı söndürəcəyini dediyini işçilərdən eşitmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 2020-ci ilin may ayında icarəyə verilmiş obyektin elektrik enerjisinin icarəyəverənin göstərişi ilə kəsildiyinə dair MMC tərəfindən həkim A.Məhərrəmovanın şahid ifadəsindən başqa digər sübut təqdim edilmədiyindən, işdə elektrik enerjisinin hansı mənbədən kəsilməsi barədə "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə tərtib edilmiş akt və digər hər hansı mötəbər sübut mövcud olmadığından İddiaçı MMC-nin icarəyə götürülmüş obyektdə fəaliyyətini dayandırmasında icarəyəverənin təqsirli olduğu sübut edilmir. Buna görə də iddiaçının müqavilə şərtlərinin icarəyəverən tərəfindən pozulması əsası ilə dəymiş maddi zərərin tutulması tələbinin rədd edilməsinə dair məhkəmənin mövqeyi qanuni və əsaslı hesab edilir. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, İddiaçı MMC klinikanın elektrik təchizatının kəsilmə səbəbinin aydınlaşdırılması üçün "xxxx" ASC-dən mütəxəssis dəvət etməmiş, yaranmış problemin aradan qaldırılması üçün icarəyəverənə rəsmi müraciət etmədən, icarə götürdüyü sahədə fəaliyyətinə yaranmış maneələrin aradan qaldırlması üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmədən obyekti tərk edərək icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi ilə bağlı icarəyəverənin təklifi ilə razılaşmışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 09.06.2021-ci il tarixli, e-2-2(113)-156/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-129/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-129/2022
09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver