Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-111/2025 29.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakın boşaldılması tələblərinə dair iş üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(115)-579/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ilə Cavabdeh arasında 2022-ci ilin fevralında 07 saylı icarə müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Goranboy rayonu Kooperativ Cəmiyyəti Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış binasını Cavabdeh icarəyə verir. Müqavilənin 4-cü bəndinə əsasən icarə müqaviləsinin müddəti fevral 2022-ci il tarixdən fevral 2023-cü il tarixə (bir il müddətinə) müəyyən olunur. Tərəflərin razılığı ilə müqavilənin müddəti uzadıla bilər. Müqavilənin 11-ci bəndinə əsasən icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına 2023-cü il 21 noyabr tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin mülkiyyət növü dövlət və torpaq sahəsi üzərində hüququn növü icarədir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və tərtib edilmiş texniki pasportun verilməsinə əsas “Azərittifaq” idarə heyətinin Goranboy rayonu Kooperativ Cəmiyyətinin mağaza binasının payçıya satılmasına razılıq verilməsi haqqında 2022-ci il 14 dekabr tarixli, 67 saylı qərarı, Goranboy rayonu Kooperativ Cəmiyyətinin 2022-ci il 14 dekabr tarixli mağaza binasının alqı-satqı müqaviləsi, Goranboy rayonu Kooperativ Cəmiyyəti müvəkillər yığıncağının 2022-ci il 13 dekabr tarixli 12 saylı qərarı, hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi barədə 2023-cü il 13 iyul tarixli 5501 saylı müqaviləsi olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən, ümumi sahəsi 152.6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması, ödənilmiş 100 manat dövlət rüsumu və 1000 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2022-ci ilin fevralında bağlanılmış, 07 saylı icarə müqaviləsinin 16-cı bəndində icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçinin əmlakı icarəyə verənə qaytarması nəzərdə tutulmuşdur. Tərəflər yeni müqavilə bağlamadıqda isə icarə müqaviləsi öz hüquqi qüvvəsini itirir. Müqavilə üzrə icarə müddəti 2023-cü ilin fevral ayında bitmiş, cavabdeh ilə yeni müqavilə imzalanmadığı və ya müqavilənin müddəti uzadılmadığından icarə müqaviləsi üzrə tərəflər arasında yaranmış hüquq və öhdəliklərə xitam verilmiş, buna görə də tərəflərindən qeyriyaşayış binasının geri qaytarılması və müvafiq binadan çıxılması tələbi ilə cavabdehə müraciət ünvanlansa da, bu tələb yerinə yetirilməmişdir. Cavabdeh adıçəkilən qeyriyaşayış binasında qalmağa və ondan istifadə etməyə davam etmişdir. Cavabdeh iddiaya etiraz edərək izahatında bildirmişdir ki, o, 20 ildən artıqdır həmin binanı icarəyə götürmüş və işlədir. Həmin binanı icarəyə götürənə kimi boş və dağılmış bina olmuşdur. Daha sonra o binanı icarəyə götürüb təmir etdirmiş və orada ayna-qapı sexi açmışdır. Onun icarə müqaviləsinin müddəti bitməmiş obyekti başqa şəxsə satmışlar və ondan icarə haqqı almağa davam etmişlər. Müqavilənin müddəti bitsə də ona məlumat verilməmiş və ondan 10 ay icarə haqqı almış, müqavilənin müddətini isə uzatmamışdırlar. Belə ki, 2023-cü ilin fevralında o icarə müqaviləsinin bağlanması üçün müraciət etmiş, lakin müqavilənin müddəti uzadılmamışdır. Faktiki olaraq obyekti təhvil verməmişdir. Hazırda həmin obyektdən istifadə edir. Obyektin ərazisi 152 kv.m-dir, 100 kv.m-i təmir etdirib orada fəaliyyət göstərir, qalan hissəni isə anbar kimi istifadə edir. Müqavilə isə 100 kv.m-ə görə bağlanmışdır. Kooperativin saxta sədri onun icarə haqlarını mənimsəmiş və bina sədrin anasına satılmışdır. Bina satışa çıxarılırsa ilk növbədə o icarədara təklif edilməlidir. Obyekti icarə müqaviləsinin bitməsinə 2 ay qalmış kooperativin rəhbəri satmışdır. Obyekt satılarkən ona təklif edilməmişdir. Cavabdeh və cavabdehin atası da kooperativin üzvü olmuşdur. Gəncə Kommersiya Məhkəməsinin 8 iyul 2024-cü il tarixli, e-2-2(115)-579/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehin Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və əmlakın boşaldılması qət edilmişdir (hakim – G.Quliyeva). Məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsinin müddəti 2023-cü ilin fevral ayında bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış, həmçinin 2022-ci ilin fevral ayında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Faktiki olaraq Goranboy şəhəri H.Əliyev prospektində yerləşən və ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi cavabdehin istifadəsindədir və icarəyəverənə qaytarılmamışdır. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında bağlanmış icarə hüquq münasibətlərinə müqavilənin müddəti bitdikdə xitam verilmişdir. İcarə hüquq münasibətlərinə xitam verilməsinə baxmayaraq icarə obyekti icarəyəverənə qaytarılmamış, icarəçinin faktiki sahibliyində və istifadəsində qalmışdır. Belə olan halda cavabdeh icarəyə götürdüyü əşyanı qaytarmağa borcludur. Ona görə də cavabdeh Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılmalı və əmlak boşaldılmalıdır. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 386.1, 442, 448.1, 700.1, 700.2, 700.3, 689.1, 697.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız və ən əsası ədalətsizdir. Belə ki, İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması ötəri araşdırılmışdır. Məhkəmə DƏDKRX 7 saylı Bərdə Ərazi İdarəsinin məhkəmənin 2 eyni sorğusuna iki müxtəlif cavabının olmasına heç əhəmiyyət verməmişdir. Belə ki, iş materiallarında olan, məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna DƏDKR 7 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 2687 nömrəli cavab məktubunda bildirilir ki, sorğuda qeyd edilən Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli eyni məzmunlu sorğusuna isə DƏDKR 7 saylı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3137 nömrəli cavab məktubunda isə geniş məlumat verilmiş və göstərilmişdir ki, “sorğuda qeyd olunan Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır...” İkinci cavab məktubu məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş, “e-məhkəmə” sistemində şəxsi kabinetdə həmin kommersiya işi üzrə “sənədlər” bölməsində məhkəmə qətnaməsi imzalandıqdan sonra təhvil alınmışdır. Məhkəmə xx.xx.2024-cü il tarixdə saat 12-30-da keçirilən məhkəmə baxış iclasında çıxarılmış qətnamədə həmin məktuba istinad edilmişdir. Məktubda adı çəkilən qeyriyaşayış binasına çıxarış verildıyı göstərilsə də çıxarış iş materiallarında yoxdur. Bütün bunlar əmlakın qeydiyyata alınmasında saxtakarlığa yol verildiyinə əsaslı şübhələr doğurur. Lakin məhkəmə, bu şübhələri aradan qaldırmaq üçün heç bir araşdırma aparmamışdır. Maraqlıdır, daşınmaz əmlakı qeydiyyata alan qurum, 6 ay əvvəl qeydiyyata aldığı əmlak barədə 27 gün ərzində məhkəmənin sorğularına müxtəlif cavablar vermişdir. Müasir dövrdə, hər bir işin elektron qaydada dəqiq uçotu aparıldığı vaxtda icraçı subyekt belə məsuliyyətsizliyə yol vermiş, məhkəmə isə sorğulara cavab verən subyektin bu müəmmalı cavablarına əhəmiyyət verməmiş, subyektin məhkəməyə dəvət olunaraq bu anlaşılmazlıqlara aydınlıq gətirilməsi barədə onun şifahi vəsatəti diqqətdən kənarda qalmışdır. Digər tərəfdən, iş materiallarında olan, cavabdehin təqdim etdiyi sübutlara məhkəmə diqqət verməyib və heç araşdırma da aparmıyıb. Onun təqdim etdiyi Goranboy rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd olunması haqqında“ Qərarından görünür ki, sözügedən Goranboy şəhəri H.Əliyev prospekti, 93 ünvanında yerləşən qeyri-yaşayış binası 2022-ci ilin dekabr ayında Goranboy rayonu, Safıkürd kənd sakini X1 2000 manata satılmışdır. Halbuki, 2022-ci il fevral ayında Cavabdehla bağlanmış 07 saylı icarə müqaviləsinin 3-cü bəndində qeyd olunmuşdur ki, həmin əmlakın balans dəyəri 64400 manatdır. Bu faktı həm İddiaçı idarə heyətinin sədri M.Kərimov, həm alıcı R.Allahverdiyeva və başqaları təsdiq ediblər. Özü də qanuni əsaslarla satıldığı qeyd olunur. Həmin əmlakın payçıya satılmasını təsdiq edən Azərittifaqın sədr müavininin xx.xx.2023-cü il tarixli məktubu materiallarda vardır. KC-nin sədri Məhəmməd Kərimov izahatında göstərmişdir ki, həmin əmlak 2022-ci ilin dekabr ayında R.Allahverdiyevaya satılmış, R.Allahverdiyeva əmlakı 2023-cü ilin fevral ayında aldığını bildirir. Qərarda göstərilir ki, Azərittifaqın idarə heyətinin xx.xx.2023-il tarixli 67 nömrəli Qərarında əmlakın R.Allahverdiyevaya 2000 manata satılması barədə İddiaçı müvəkkillər yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmlakın satılması və kimə satılması barədə İddiaçı müvəkkillər yığıncağının xx.xx.2022-ci il tarixli qərarı ilə razılaşılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, əmlakın satılması və kimin mülkiyyətinə verilməsi məsələsi çox müəmmalıdır. Lakin məhkəmə bu anlaşılmazlıqları aydınlaşdırmamışdır. Belə çıxır ki, əmlakın mülkiyyətçisi İddiaçı yox, R.Allahverdiyevadır. Buna baxmayaraq Goranboy Kooperativ Cəmiyyəti məhkəmədə həmin daşınmaz əmlak barədə hüquqlarının pozulmasına görə məhkəmədə iddia qaldırmış və məhkəmə iddianı təmin etmişdir. Məhkəmə, DƏDKR PHŞin 7 saylı ərazi idarəsininnin müəmmalı cavabını əsas götürərək yuxarıda göstərilən ziddiyyətləri araşdırmadan İddiaçı subyektiv hüququ olmadığına rəğmən iddia tələbinə mahiyyəti üzrə baxmış və qanunsuz qətnamə çıxarmışdır. Halbuki, sadalanan yazılı sübutlardansənədlərdən açıq-aşkar görünür ki, əmlak Kooperativ Cəmiyyəti tərəfindən payçıya satılmışdır, yəni Kooperativ Cəmiyyətinin mülkiyyətindən çıxmışdır. Başqa sözlə Kooperativ Cəmiyyətinin subyektiv hüququ aradan qalxmışdır. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmaması ilə bağlı bütün bu xüsusatları aydınlaşdırmadan işə mahiyyəti üzrə baxmağa davam etmiş və yekun qərar qəbul etmişdir. Göstərilənlərdən aydın olurki, hətta burada cinayət əlamətləri vardır. Lakin məhkəmə bu barədə prokurorluğa məlumat verməli olduğu halda, qanunsuz qətnamə qəbul etməklə kifayətlənmişdir. Qeyd edilməlidir ki, icarə müqaviləsinin müddətinin 2023- cü ilin fevral ayında bitməsinə baxmayaraq icarəçı icarə müqaviləsində müəyyənləşdirilmiş icarə haqqını ödəməyə davam etmiş, icarə müqaviləsinin ləğv edilməsi barədə ona ərizə verilməmiş, onun icarə obyektindən çıxarılmasını heç kim istəməmiş və icarə hüquq münasibətləri davam etmişdir. İşin bu halı iş materiallarında olan Goranboy rayon prokurorluğunun Qərarında olan sübutlarla təsdiq olunur. Belə ki, izahatlarda aydın göstərilir ki, icarə müqaviləsinin müddəti bitdikdən sonra icarəçi, yəni Cavabdeh icarə haqqını ödəmişdir. Bu faktı həm M.Kərimov, həm R.Allahverdiyeva, həm Goranboy KC-nin baş mühasibi Rauf Mamedov, hətta mühafizəçi Elxan Qəhrəmanov təsdiq etmişlər. Deməli, indiki halda da Cavabdeh icarə haqqını ödəməkdə davam etdiyinə görə icarə müqaviləsi uzadılmış hesab edilməlidir. Ona görə ki, icarəçi icarə hüquq münasibətlərini davam etdirmiş, icarəyə verən və icarəçi müqavilənin xitamı barədə ərizə verməmişlər. Bundan başqa, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda əks olunmuş izahatlarda göstərilir ki, əmlak 2022-ci ilin dekabr ayında R.Allahverdiyevaya satılmışdır. Deməli, əmlak Cavabdehla bağlanmış icarə müqaviləsi qüvvədə olan zaman satılmışdır. Ona görədə Cavabdeh icarə obyektindən çıxarılması barədə məhkəmənin qərarı qanunsuzdur. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 9 oktyabr 2024-cü il tarixli, 2-2(104)-193/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın təmin edilmiş cavabdehin Goranboy şəhəri, Heydər Əliyev prospekti, 93 ünvanında yerləşən ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış binasından çıxarılması, əmlakın boşaldılması və ödənilmiş 100 manat dövlət rüsumu və 200 manat vəkil xərcinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, iddiaçının cavabdehə qarşı qeyri-yaşayış binasından çıxarılma və əmlakın boşaldılması tələbinə dair iddiası təmin edilməmişdir (sədrlik edən hakim – Ş.Rzaquliyev, hakimlər – L.Süleymanov, İ.Həsənov). Apellyasiya instansiyası gəldiyi nəticəni MM-in 385.1, 386.1, 421.1, 421.2, 421.3, 442, 448.1, 689.1, 700.1, 700.2, 700.3-cü maddələrinə, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 1-ci və 13-cü maddəsinin 5-ci hissəsinə, MPMin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-2(102)-122/2025 saylı qərarı ilə (məruzəçi – R.Qurbanov, hakimlər – B.Məmmədli və Ş. Şamayev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 9 oktyabr tarixli, 2-2(104)-193/2024 nömrəli qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi, işin həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək iddiaçının iddia ərizəsini müdafiə etdi və cavabdeh tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil2 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq başqa məhkəmə iclasında iştirak etməli olduğundan hazırkı iş üzrə məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası AR MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi “Maddə 6. Mülki qanunvericiliyin prinsipləri ... 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. ...” “Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” “Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ...” “Maddə 390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. ...” “Maddə 404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.” “Maddə 689. Kirayə müddəti 689.1. Kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir.” “Maddə 700. İcarə müqaviləsi 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” İcarə haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. İcarə müqaviləsinin dəyişdirilməsi, pozulması, xitamı və uzadılması
5. Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Maddə 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-579/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının 06 mart 2025-ci il tarixli, 2-2(102)-122/2025 saylı qərarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə araşdırmasının predmetini birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilən hissəsi təşkil edəcəkdir. İşin müəyyən edilmiş mübahisəsiz hallarından məlum olur ki, Goranboy şəhəri H.Əliyev prospekti 93 ünvanında yerləşən qeyri-yaşayış binası Goranboy rayonu Kooperativ Cəmiyyətinin adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Goranboy rayonu Kooperativ Cəmiyyəti ilə Cavabdeh arasında 2022-ci ilin fevral ayında 2023-cü ilin fevral ayınadək Goranboy şəhəri H.Əliyev prospektində yerləşən 100 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanmış, icarə haqqı 150 manat olaraq müəyyən edilmişdir. İcarə müqaviləsinin müddəti 2023-cü ilin fevral ayında bitmiş, tərəflər arasında yeni icarə müqaviləsi bağlanmamış, həmçinin 2022-ci ilin fevral ayında bağlanmış icarə müqaviləsinin müddəti uzadılmamışdır. Faktiki olaraq Goranboy şəhəri H.Əliyev prospektində yerləşən və ümumi sahəsi 152,6 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh istifadəsindədir və icarəyəverənə qaytarılmamışdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 16-cı bəndinə görə icarə müqaviləsinin müddəti qurtardıqdan sonra icarəçi əmlakı icarəyə verənə qaytarır. Tərəflər yeni müqavilə bağlamadıqda icarə müqaviləsi hüquqi qüvvəsini itirir. MM-in 689.1-ci maddəsində də müəyyən edilmişdir ki, kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. MM-in 700.3-cü maddəsində müəyyən edilmişdir ki, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. İşdə olan tərəflər arasında bağlanmış fevral 2022-ci il tarixli icarə müqaviləsinin 4-cü bəndindən görünür ki, müqavilənin müddəti fevral 2022-ci il tarixdən fevral 2023-cü il tarixə qədər müəyyən edilmişdir. Həmin müqavilənin 16-cı bəndinə əsasən icarə müqaviləsinin müddəti qurtardıqdan sonra, (bu münaqişə və ona əlavə edilmiş Təhvil-təslim aktına eyni olaraq “icarəçi” əmlakı eyni qayda üzrə “icarəyə verənə” qaytarılır. Tərəflər yeni müqavilə bağlamadıqda icarə müqaviləsi hüquqi qüvvəsini itirir. Tərəflər arasında bağlanmış icarə müqaviləsindən də göründüyü kimi tərəflər arasında yaranmış icarə hüquq münasibətlərinə xitam verilməsi müddəti konkret olaraq müqavilədə təsbit edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müqavilə münasibətlərindən irəli gələn mübahisələr həll olunarkən ilk olaraq müqavilə şərtləri nəzərə alınmalıdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsindəki şərtlərdən də göründüyü kimi fevral 2023-cü il tarixdən onların arasında olan icarə hüquq münasibətlərinə xitam verilmişdir. Bundan əlavə məhkəmə kollegiyası hazırkı mübahisəyə “İcarə haqqında” Qanunun 13-cü maddəsinin 5-ci bəndinin tətbiq edilməsinin mümkünlüyünə münasibətdə qeyd edir ki, Qanunun 13-cü maddəsinin 5-ci bəndinə əsasən müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Hazırki iş üzrə kassasiya instansiya məhkəməsinin qərarının 39-cu bəndindən də göründüyü kimi həmin maddənin tələbləri baxımından tərəflər arasında bağlanmış icarə müqaviləsi yalnız müqavilədə nəzərdə tutulmuş müddətə, yəni bir il müddətinə uzadılmış hesab edilə bilər. Həmin müddət isə 2024-cü ilin fevral ayında bitir. Hazırki iş üzrə iddia ərizəsi və onunla bağlı pretenziya məktubu da 2024-cü ilin fevral ayında verilmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olaraq qanuni və əsaslı olmuşdur. Həmçinin məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin məhkəmə xərcləri ilə bağlı gəldiyi nəticə ilə də razılaşır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş məsələləri təkrarlamağa lüzum yoxdur. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
Nəticəvi hissə:
Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-579/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası təqdim edilməklə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.