Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1346/2021 22.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ilk iddia üzrə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İddiaçınə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)- 2851/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Xətai 3” X9 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək Cavabdeh tərəfindən İddiaçınə hesablanmış 43.151,82 manat məbləğində borcun **********30000 nömrəli abonent kodu üzrə hesabdan silinməsi barədə qətnamə qəbu çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “cavabdeh təşkilatla “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 29.12.2018-ci il tarixli AKX-1/4225 saylı Müqavilə bağlanmışdır. Son günlər istehsal müəssisəsinin fəaliyyətində əsassız müdaxilələr səbəbindən müəyyən problemlər yaranmışdır. Belə ki, qanunsuz yoxlama aparılaraq qazdan istifadəyə görə müəssisəmizə əsassız pul hesablanmış, ödənilməsi tələb edilmiş və guya sayğaclarına müdaxilə etdikləri iddia olunmuşdur. Halbuki, əvvəlki dövrlərdə də aylıq sərfiyyatları 4000-4500 manatı heç vaxt ötməyib və xüsusilə də ölkədə məlum pandemiya ilə əlaqədar tədbirlər görüldüyündən, bir sıra məhdudiyyətlər tətbiq edildiyindən faktiki işimiz dayanmış, ötən ilin sonlarından başlayaraq istifadədə olan sobalardan yalnız birinin işlədilməsi üzündən istehsal gücü aşağı düşmüşdür. Müəyyənləşdirilmişdir ki, qanunsuz yoxlama təşkil edən cavabdeh sayğacı sökərək laboratoriya şəraitində yoxlanmasını təşkil etmiş və 30.04.2021-ci il tarixli “Qeyri əhali qaz sayğacının yoxlanması haqqında SS№ 29/1640-00908-2 saylı Akt tərtib etdirmişdir. Sayğac qaz xəttindən çıxarılaraq növbədənkənar dövlət yoxlamasına aparılmışdır. Aktın məzmununa əsasən Cavabdeh İB-nin SOCAR**********31791640X00908 saylı 19.04.2021-ci il tarixli telefonoqramına əsasən Dövlət Yoxlamasına aparılmış Xətai rayon xidmət sahəsinin İddiaçı qaz xətti üzərində quraşdırılmış G160 markalı 75080520 nömrəli rotor tipli “ELSTER”qaz sayğacı 20.04.2021-ci il tarixində xətdən çıxarılmış (Forma-2 №9023839), 30.04.2021-ci il tarixində Metrologiya Departamentinin sayğacların müayinəsi laboratoriyasında sayğacın yoxlanması haqqında akt tərtib edilmişdir. Dövlət yoxlamasının müvafiq rəyinə əsasən 30.04.2021-ci il tarixində təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib olunmuş və əsassız olaraq 191808 m3 əlavə sərfiyyat hesablanmışdır. 17.08.2021-ci il tarixdə cavabdehin nümayəndəsi qarşılıqlı iddia ərizəsini təqdim edərək, ilkin iddianın rədd edilməsi, cavabdeh İddiaçındən təbii qazdan istifadəyə görə yaranmış 43151,82 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq Cavabdeh İB-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 29.12.2018-ci il tarixli, AKX-1/4225 saylı müqavilə əsasında İddiaçı təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə 01.05.2021-ci il tarixə 43.151,82 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasında müraciət olunmasına baxmayaraq cavabdeh tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında imzalanmış 29.12.2018-ci il tarixli, AKX-1/4225 saylı qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Bakı Kommersiya Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-2(113)-2851/2021 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən 30.04.2021-ci il tarixli 02997712 saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akta əsasən hesablanmış 38361,60 manat məbləğində borcun silinməsi, qalan hissədə ilk iddianın rədd edilməsi, ilk iddia verilərkən ödənilmiş dövlət rüsumunun 25 (iyirmi beş) manat hissəsi ilk iddia üzrə cavabdehdən tutularaq ilk iddia üzrə iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 5 (beş) manat hissəsinin isə ilk iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli, e-2-2(113)-2851/2021 saylı qətnaməsini ləğv edib, ilk iddianın rədd olunması, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 12.05.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tətbiq etməyərək tərəflər arasında bağlanmış müqavilədə istehlakçının sayğacın işlək vəziyyətdə saxlanılması vəzifəsini daşıması nəzərdə tutulmadığını əsas götürmüşdür. Qeyd etmək lazımdır ki, qaz sayğacı ilkin iddia üzrə iddiaçının mülkiyyətidir. Sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Göründüyü kimi iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent hesabına hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Hesab edirik ki, sayğaca müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyan ödənilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ilkin iddia üzrə İddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehin hərəkətləri qanunsuz olduğundan İddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən qaz sayğacının dövlət yoxlaması nəticəsinə dair 30.04.2021-ci il tarixli, SS 29/1640- 00908-2 saylı akta, tərtib edilmiş 30.04.2021-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akta, 30.04.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” Tələbnaməyə və s. sübutlara nəzər yetirsək, hamısı ilkin iddia tələbinin əsassız qarşılıqlı iddia tələbinin əsaslı olmasını göstərir. Qətnamədə qeyd edilir ki, ilkin iddia üzrə iddiaçının təqsiri cavabdeh tərəfindən sübuta yetirilməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi sayğaca müdaxilə halı işin mübahisə olunmayan tərəfidir və qaz sayğacının hesablayıcı mexanizminə müdaxilə edərək onun dayandırılması və təbii qazdan hesabatı aparılmadan istifadə edilməsi yalnız istehlakçının maraqları çərçivəsindədir. Hesab edirik ki, istehlakçı tərəfindən qaz sayğacına müdaxilə faktı tam sübuta yetirilmişdir. ElsterG-160 tipli, 75080520 nömrəli qaz sayğacının hesablayıcı mexanizminə müdaxilə edildiyi işin mübahisəsiz halıdır. Lakin Bakı Kommersiya Məhkəməsi qaz sayğacına edilmiş müdaxilənin hansı məqsədlə edildiyini, müdaxilənin qazın hesabatına nə kimi təsir göstərdiyini və bu cür müdaxilənin edilməsi kimin maraqları (istehlakçı və ya qazpaylayıcı) çərçivəsində olduğunu aydınlaşdırmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, SMPDK tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Buradan aydın görünür ki məhz balans mənsubiyyəti sərhəddində quraşdırılan qaz sayğacının texniki vəziyyəti yoxlanılmış və bu cür yoxlama sahibkarlıq subyekti ilə bağlı deyil. İş materiallarında yer alan sübutlardan ilkin iddia üzrə İddiaçının qanunazidd hərəkətləri, yəni sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapsa da 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və işə iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının uydurmasına inanaraq işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Bununla bağlı bir daha bildiririk ki, “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İşə apellyasiya qaydasında baxılması 22.12.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edildiklərinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-2851/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.04.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçınə məxsus çörək sexində baxış keçirən zamanı sayğacın impuls yuvasında kənar bir təsir nəticəsində xüsusi dəlik açılması aşkar edildiyi müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 191808 m3 qazın dəyərində olması müəyyən edilmişdir. “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” 30 aprel 2021-ci il tarixli, SS 29/1640-00908-2 saylı aktdan görünür ki, İddiaçınə məxsus çörək sexinin qaz xətti üzərində quraşdırılmış G160 markalı 75080520 rotor tipli “ELSTER” qaz sayğacı 20.04.2021-ci il tarixində xətdən çıxarılmış, 30.04.2021-ci il tarixində Metrologiya Departamentinin sayğaclarının müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş, impuls ötürücüsünə vurulan plombun siminin qırıq olduğu, impuls yuvasında kənar təsir nəticəsində xüsusi dəlik açıldığı müəyyən edilmişdir. Abonentin saldosundan görünür ki, İddiaçınə (abonent kodu: **********300000) qaz sərfiyyatına görə 2021-ci ilin may ayında akt əsasında 38.361,60 manat məbləğində borc hesablanmışdır. Bakı regional Qazın Satışı Departamenti tərəfindən İddiaçınə ünvanlanmış 07.05.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçının mərkəzi qaz xətti üzərində quraşdırılmış qaz sayğacı çıxarılaraq Dövlət yoxlamasına göndərilmiş, sayğacın istismara yararsız olması barədə akt tərtib edildiyi bildirilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinin tələblərinə əsasan yeni qaz sayğacının alınaraq quraşdırılması və ya mövcud sayğacın təmir edilməsi 15 (on beş) gün ərzində tərəfindən təmin edilməli olduğu, əks təqdirdə müəssisənin təbii qaz təminatının dayandırılacağı bildirilmişdir. İddiaçı tərəfindən Cavabdeh İB-yə ünvanlanmış pretenziya məktubu ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh Bakı regional Qazın Satışı Departamentinin təbii qazdan istifadə qaydalarının pozulmasına dair 30.04.2021-ci il tarixli aktın ləğv edilməsini, onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini və itirilmiş qaza görə hesablanmış borcun **********30000 nömrəli abonent kodu üzrə hesabdan silinməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş mədaxil qəbzlərindən müəyyən edilir ki, İddiaçı 20 may 2021-ci il tarixli mədaxil qəbzi ilə 1800 manat, 25 may 2021-ci il tarixli mədaxil qəbzləri ilə 3000 manat və 613 manat məbləğində Cavabdeh İB-nin hesabına ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 30.04.2021-ci il tarixində ünvan 1 ünvanında yerləşən İddiaçındə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacın impuls yuvasında kənar bir təsir nəticəsində xüsusi dəlik açılması aşkar edilmiş, bununla bağlı 30.04.2021-cu il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydaların pozulması barədə” akt tərtib edilərək itirilmiş qazın bərpası üçün dəymiş ziyanın ödənilməsi tələb edilmişdir. Həmin akta əsasən iddiaçıya 191808 m3 qaz sərfiyyatına görə 38.361,60 manat məbləğində borc hesablanmışdır. Məhkəmə araşdırması nəticəsində ilkin iddia üzrə iddiaçının silinməsini tələb etdiyi 43151,82 manat borc məbləğinin 38.361,60 manat hissəsi istisna olmaqla qalan məbləğin iddiaçının qaz sayğacının göstəricilərinə əsasən cari borcu olduğunu müəyyən edilərək həmin hissədə iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasında Qanununun 3.5-ci maddəsinə görə sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır. Cavabdeh İB təbii qaz ilə təchizat sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” 02.07.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfındən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. İşin hallarından görünür ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş yoxlamanın nəticəsi olaraq hesablandığı halda həmin yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığına görə cavabdehin həyata keçirdiyi yoxlamanın nəticələri etibarsızdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mülki Məcəllənin 443.7-cü maddəsinə görə əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Qaz sayğacının yararsız vəziyyətə düşməsində İddiaçı təqsirli olduğu Cavabdeh İB tərəfindən sübut edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2- 2(113)-2851/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27.09.2021-ci il tarixli e-2-2(113)-2851/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) a müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1346/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1346/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver