Məhkəmə qərarları › İş №2-2(103)-136/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-136/2022

09.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-136/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi iştirakı ilə, iddiaçı “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin nümayəndəsi və vəkili X2, Cavabdeh Şirkətinin nümayəndəsi (qanuni təmsilçisi ) Qanuni nümayəndə, nümayəndəsi X5 oğlunun iştirakı ilə İddiaçınin Cavabdeh Şirkətinə qarşı daşınmaz əmlak üzərində cavabdehin mülkiyyət hüququna xitam verilməsi və iddiaçının mülkiyyət hüququnun tanınması tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsindən (hakim Emin Əliyev) iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Kayman adalarında qeydiyyatdan keçmiş İddiaçınin Azərbaycan Nümayəndəliyi cavabdeh Kanadada qeydiyyatdan keçmiş hüquqi şəxs olan Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh Şirkətinin Azərbaycan Respublikasındakı “X1” adlı Nümayəndəliyinin adına qeydiyyata alınmış Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D ünvanında yerləşən nömrələri iddia ərizəsində qeyd edilmiş 30 ədəd fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına xitam verilməsi və qeyd edilən fərdi yaşayış evləri üzərində “Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin mülkiyyət hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir, İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, mübahisə üzrə barışıq sazişinin təsdiq edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin 09.02.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsinin yazılı ərizəsi əsasında İddiaçınin Azərbaycan Nümayəndəliyi əsl İddiaçı ilə, Cavabdeh Şirkəti Azərbaycan Respublikasındakı “X1” Şirkəti əsl iddiaçı Cavabdeh Şirkəti ilə əvəz edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi izahat verərək göstərmişdir ki, tərəflər arasında hazırda hər hansı mübahisə yoxdur. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən cavabdeh tərəf inşa etdiyi yaşayış evləri üzərində mülkiyyət hüququnu iddiaçıya ötürməli, bu rəsmiləşdirmənin həyata keçirilməsi üçün zəruri sənədləri təqdim etməli idi. Lakin notariat orqanlarına müraciət olunsa bu rəsmiləşdirmə həyata keçirilməyəcək. Ona görə də bu rəsmiləşdirmənin həyata keçirilməsi üçün məhkəmə tərəfindən tərəflər arasında barışıq sazişinin təsdiq edilməsi zəruridir. İddiaçı tərəfindən təsdiq edilməsi üçün birinci instansiya məhkəməsinə təqdim edilmiş barışıq sazişində aşağıdakı şərtlər nəzərdə tutulmuşdur: Sazişə əsasən podratçının (cavabdehin) Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu 10, Korpus D ünvanında yerləşən 30 ədəd fərdi yaşayış evi üzərindəki mülkiyyət hüquqlarına xitam verilir, iddiaçının həmin əmlaklar üzərində mülkiyyət hüquqları tanınır. Məhkəmə hesab edir ki, iş üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilməsi və barışıq sazişinin şərtlərinin təsdiq edilməsi barədə iddiaçının vəsatəti təmin edilməməli, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 52.3-ci maddəsinə əsasən tərəflər məhkəmə işini”bilavasitə özləri, yaxud mediasiya vasitəsilə”barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rəsmi və doğru sənədlərin tərtibi üçün hüquqların, hüquqi əhəmiyyətli faktların təsdiqi və digər notariat hərəkətlərinin aparılması notariat fəaliyyətinə məxsusdur və belə fəaliyyət yalnız bu Qanunla müəyyən edilmiş qaydada və nəzərdə tutulmuş şəxslər tərəfindən həyata keçirilə bilər. Yaşayış evinin, mənzilin, bağın, bağ evinin, qarajın, torpaq sahəsinin, digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq olunarkən əmlakın özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulub-qoyulmaması yoxlanılır. Həmin Qanunun 17-ci maddəsinə əsasən əqdlərin təsdiq edilməsi notariat fəaliyyətinə aiddir. Həmin Qanunun 46-cı maddəsinə əsasən Qeydiyyatdan keçməli olan əmlakın özgəninkiləşdirilməsi və girov qoyulması haqqında əqdlər özgəninkiləşdirilən və ya girov qoyulan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, avtonəqliyyat vasitələri üzrə həmçinin onların Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayinədən keçməsi barədə arayış təqdim olunduqdan sonra təsdiq edilir. Məhkəmə hesab edir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı qanunvericiliyə əsasən (“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, Azərbaycan Respublikası Vergi Məcəlləsi) dövlət rüsumu, ödəmə mənbəyindən vergi tutulması, həmin əmlakların özgəninkiləşdirilməsinə qadağanın olub-olmamağı və ya əmlaka həbs qoyulubqoyulmamasının yoxlanılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən müvafiq məbləğdə rüsum ödənilməklə arayışın alınması nəzərdə tutulduğundan hazırkı halda tərəflər arasında bağlanmış sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə, o cümlədən daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı notariat əməliyyatın həyata keçirilməsi ilə əlaqədar dövlət büdcəsinə daxil olacaq rüsum və vergilərin ödənilməməsi dövlətin mənafeyinə zidd olduğundan məhkəmə tərəfindən sazişin təsdiq edilməsindən imtina edilməlidir. MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəmə araşdırması zamanı tərəflərin izahatlarına əsasən müəyyən edilmişdir ki, tərəflər arasında hər hansı mübahisə mövcud deyil. Tərəflər cavabdehin mülkiyyətində olan daşınmaz əmlakın iddiaçının mülkiyyətinə keçirilməsinin başqa qaydası olmadığını güman etdikləri üçün aralarında barışıq sazişi bağlanması və şərtlərinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişlər. Məhkəmə cavabdehin tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən iddiaçının vəsaiti hesabına inşa etdiyi daşınmaz əmlakların ((30 ədəd fərdi yaşayış evi) iddiaçının mülkiyyətinə keçirilməli olduğunu və hazırda həmin əmlaklar üzərindəmülkiyyət hüququnun iddiaçıya ötürülməsi üçün zəruri hərəkətlərin həyata keçirilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin həyata keçirilməsini arzu etdikləri əməliyyat notariat orqanları tərəfindən rəsmiləşdirilməli olduğundan iş üzrə icraata xitam verilməli, tərəflərə izah edilməlidir ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsi barədə aralarında bağlanacaq əqdin təsdiq edilməsi və bununla bağlı müvafiq rəsmiləşmənin qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilməsi üçün notariat orqanına müraciət etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə”və ya mülki məhkəmə icraatı qaydasında”baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. İşə birinci qaydasında baxmış məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən qətnamə tərəflər arasında mübahisənin mövcud olmadığının məhkəmə tərəfindən müəyyən edildiyini qeyd etsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam vermək əvəzinə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Bundan əlavə birinci instansiya məhkəmə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti”nin Azərbaycan Nümayəndəliyinin hüquqi şəxs olmadığına, biuna görə də hazırkı iddianı qaldırmaq hüququ olmadığına istinad edərək qeyd edilən halın iddia tələbinin rədd edilməsi üçün əsas olduğunu göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, prosessual qanunvericilik məhkəməyə iddiaçının razılığı ilə əsl olmayan iddiaçını əsl iddiaçı ilə əvəz etmək imkanı verdiyindən qeyd edilən hal iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilməsi və barışıq sazişinin şərtlərinin təsdiq edilməsi barədə iddiaçının vəsatəti təmin edilməməli, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 385, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İş üzrə icraata tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar xitam verilməsi və barışıq sazişinin şərtlərinin təsdiq edilməsi barədə iddiaçının vəsatəti təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1577/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata işə məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar