Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-141/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “İddiaçı” MMC-nin Cavabdeh ASC-yə qarşı “ziyanın əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)- 55/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı «İddiaçı» MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarəyə götürdüyü - Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 7-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan 13112 manat dəyərində məhsullara, cavabdehin Bakı şəhəri Xətai rayon Su idarəsinin fəaliyyətsizliyi üzündən zərər vurulması, həmin zərərin əvəzinin onlar tərəfindən ödənilməsi və ödənilən dövlət rüsumun geri qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xx xxxxxxx 2018-ci il tarixdə səhər saat 08:00 radələrində iddiaçının anbardarı (Cahangir Məmmədov) işə gəldikdə müəyyən etmişdir ki, icarəyə götürülən ünvan 1 ünvanının birinci mərtəbəsində yerləşən anbara üst qatdakı (2-ci mərtəbədə olan) mənzildən su axaraq iddiaçıya məxsus satış üçün nəzərdə tutulan şirniyyat məhsulları, makaronlar, şərab məhsulları satışa yararsız vəziyyətə salmışdır. Həmin vaxt anbarın üstündə yerləşən mənzilin sahibi “Elnur” anbardara yaxınlaşaraq qəzanın səhər saatlarında baş verdiyini, 2-ci mərtəbədə yerləşən mənzilin şaxtasında olan su borusunun qırılaraq suyun yüksək təzyiqlə mənzilin içərisinə axdığını bildirmişdir. Daha sonra həmin gün səhər saat 06:55 radələrindən "Cavabdeh" ASC-nin qaynar xəttinə qəza ilə əlaqədar məlumat verdiyini, lakin qəza xidmətinin ancaq 07:45 radələrində gəldiklərini və suyu mərkəzdən qapatdıqlarını bildirmişdir. Daha sonra hadisə yerinə qəza xidməti şöbəsinin rəis müavini əməkdaşları ilə gələrək hadisə yerinə baxış keçirib, qəzanın törətdiyi fəsadların fotoşəkillərini çəkmişlər. Ana xətdən gələn boru istismar müddətini çoxdan bitirdiyindən tamamilə çürümüş və dəfələrlə sakinlər tərəfindən müracətlər olsa da, Xətai su idarəsi tərəfindən heç bir tədbir görülməmiş istismar müddəti keçmiş su boruları dəyişdirilməmiş, bunun da nəticəsində qəza baş vermişdir. Qəzanın anbarda törətdiyi fəsadların nəticəsini müəyyən etməkdən ötrü iddiaçının icra direktoru Kamal Səfərovun, baş mühasib Rəsmiyyə Sərdarovanın və qonşuluqda yerləşən "xxxx" MMC-nin insan resursları şöbəsi Gülşən Musayevanın, anbardar Cahangir Məmmədovun, “xxxx” MMCnin təftişçisi Yalçın Rəhimovun və qonşu Qorxmaz Əhmədovun iştirakı ilə qəzanın vurduğu ziyanın hesablanması ilə əlaqədar akt tərtib edilərək imzalarla təsdiq olunmuşdur. Tərtib edilən akta qəza ximəditinin rəis müavini və onun əməkdaşlarına təklif edilsə də, onlar imza etməkdən imtina etdilər. Akta əsasən vurulan ziyanın (ərzaq, içki və şirniyyat məhsullarının) məbləği toplam olaraq 13092 manat müəyyən edilmişdir. Dəyən ziyanın rəsmi qaydada müəyyənləşdirilərək qiymətləhdirilməsindən ötrü Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası "Azərekspertiza" Birliyinə müraciət edilmiş, həmin Birlik öz növbəsində yerində müəyyənləşdirmə apararaq xx xxxxxxx 2018-ci il tarixdə 30 saylı məsləhət aktı tərtib etmiş və həmin akta əsasən dəyən ziyan təsdiqlənərək 13112 manat müəyyənləşdirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-55/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə: -iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi 7-də yerləşən binanın anbarında su borusunun qəzası nəticəsində "İddiaçı" MMC-yə məxsus olan və satış üçün nəzərdə tutulan yararsız hala düşmüş müxtəlif çəkilərdə, sayda olan məhsulların ümumi dəyərinin əvəzi 13092 manat və dövlət rüsumu kimi ödənilmiş 29,95 manat məbləğində pulun “Cavabdeh" ASC-dən iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan ümumilikdə 220 manat məbləğində pulun 219,67 manatının cavabdehdən, 0,33 manatının isə iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmış, qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə işə baxarkən mülkiyyətin yararsız hala düşməsinin səbəbinin qəza nəticəsində subasma halı olduğunu, yoxsa yağış yağması nəticəsində və ya digər təbii səbəblərdən baş verməsini araşdırmamışdır. Yalnız iddiaçının iddia ərizəsində qeyd etdiklərinə istinad etməklə kifayətlənmişdir. Halbuki, bu halın araşdırılması işin ədalətli və obyektiv həlli üçün zəruri idi. Digər tərəfdən hesab etsək ki, iddiaçının iddia etdiyi kimi obyektə ziyan dəyməsi su xəttində baş vermiş qəza nəticəsində olmuşdur. Məhkəmə bu halda qəzanın kimə məxsus xəttə baş verdiyini araşdırmalı idi. İddiaçıya ziyan ayrı-ayrı vətəndaşlara məxsus borudan su sızması nəticəsində də dəyə bilər. Hər bir su borusunda baş vermiş qəzaya görə Cavabdeh ASC məsuliyyət daşımır. Həmçinin, Cavabdeh ASC Xətai Rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli 01-02/1-01/190 nömrəli məktubunda açıq aydın qeyd edilmişdir ki, idarə iddiaçının qeyd etdiyi ünvana xidmət göstərsə də həmin binanın zirzəmisində fəaliyyət göstərən iddiaçının ozü tərəfindən dik dayağın zirzəmidən keçən hissəsinin qarşısı bağlandığı üçün həmin hissəyə xidmətin göstərilməsi mümkünsüz olmuşdur. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndindən görünür ki, su təchizatı sistemi dedikdə suyu mənbədən götürüb magistral boru və paylayıcı xətlərlə istehlakçılara çatdıran vasitə başa düşülür. Yəni istehlakçılara məxsus xəttlər (paylayıcı xətlərə qoşulmuş kiçik diametrli plastik və digər borular) qanunun tələbinə görə su təchizatı sisteminə daxil deyil və bu qanunun predmeti deyil. Həmin Qanunun 12-ci maddəsindən isə görünür ki, su təchizatçısı Cavabdeh ASJ magistral su kəmərinə, paylayıcı su kəmərinə nəzarət edir və ayrı-ayrı vətəndaşların balansında olan su xətlərinə nəzarəti həyata keçirmir və vətəndaşlara məxsus su xəttlərindən baş vermış sızmalara, qəzalara görə məsuliyyət daşımır. Digər tərəfdən “Azərekspertiza” Birliyinin xx xxxxxxx 2018-ci il tarixli 305 saylı aktı əsasında dəymiş ziyanın məbləği ilə bağlı verdiyi mütəxəssiz rəyi ilə razılaşmırıq. Belə ki, rəyin verilməsi üçün hadisə yerinə baxış keçirilərkən ASC-nin nümayəndələrinin iştirakı təmin edilməmişdir. Rəy birtərəfli qaydada tərtib edilmiş, buna görə dəymiş ziyanın məbləğinin süni olaraq şişirdilməsi təbiidir. Həmçinin, işə iddiaçı tərəfindən əlavə edilmiş fotoşəkillərin nə vaxt və hansı şəraitdə çəkilməsi müəyyən edilməmişdir. Həmin şəkillərin mülki işə nə dərəcədə aid olması iddiaçı tərəfindən sübut edilməmiş və məhkəmə tərəfindən bu hal da araşdırılmamışdır. Məcəllənin 1096-cı maddələrinin tələbinə əsasən yalnız təqsiri olan şəxslər mülki hüquq məsuliyyəti daşıyır. Lakin cavabdeh tərəfindən məhkəmə qətnaməsindən də göründüyü Cavabdeh ASC-nin təqsirli olması sübuta yetirilməmiş, iddia ərizəsində qeyd etdikləri formal mülahizələrə əsaslanmışdır. Beləliklə, iş materiallarından göründüyü kimi ekspert rəyi ilə yalnız dəymiş ziyanın məbləği müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi kim tərəfindən ziyan vurulması, kimə məxsus su xəttlərindən su sızması hadisəsinin baş verməsi, ümumiyyətlə su sızması hadisəsinin olub-olmaması müəyyən olunmamış, həmin faktların araşdırlması üçün məhkəmə tərəfindən ekspertiza təyin edilməmiş və ya təyin edilmiş ekspertiza üzrə ekspert qarşısında bu barədə hər hansı bir sual qoyulmamışdır. İş üzrə Cəmiyyətin təqsirli olması nə ekspert rəyi ilə, nədə ki, digər hallar ilə sübuta yetirilməmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətində cavabdeh mübahisələndirir ki, məhkəmə tərəfindən iş hrətərfli araşdırılmamış, sübutlara düzgün qiymət verilməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası aşağıdakılara görə cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır . Belə ki, qətnamədən görünür ki, işdə olan sübutlar məhkəmə tərəfindən hərtərəfli tədqiq edilərək aşağıdakı hallar müəyyən olunmuşdur: - xx xxxxxx 2016-cı il tarixli icarə müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 348 m2-lik qeyri-yaşayış sahəsi aylıq icarə haqqı 1000 manat olmaqla, iddiaçının xx xxxxxx 2021-ci il tarixinə qədər istifadəsinə verilmiş və həmin müqavilə ilə icarə obyektinə vurulan hər cür ziyana görə cavabdehliyi daşımağı icarəçi öz öhdəsinə götürmüşdür; -xx.xx.2018-ci ildə «İddiaçı» MMC-nin rəhbər vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş akta əsasən yaşayış binasının 1-ci mərtəbəsində yerləşən anbarına yuxarıdan müxtəlif yerlərdən su axdığı və subasma nəticəsində anbardakı müxtəlif adda ərzaq, şirniyyat və şərab məhsulları yararsız hala düşərək jəmiyyətə ümumilkdə 13092 manat məbləğində ziyan dəymişdir; - iddiaçı tərəfindən obyektə dəvət edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin xx.xx.2018-ci il tarixli 305 nömrəli aktında təsbit olunur ki, əsasən aparılmış ekspertiza nəticəsində siyahıda göstərilən örtülü anbar şəraitində saxlanılan «İddiaçı» MMC-yə məxsus müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları həmin ünvanda axıdılan suyun təsirindən ilkin əmtəə görünüşlərini, keyfiyyətlərini itirərək satış və öz təyinatları üzrə istifadə üçün yararsız hala düşmüşlər; - iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 17243 nömrəli məhkəmə ekspertizasının rəyinə əsasən “Azərekspertiza” Birliyinin xx xxxxxxx 2018-ci il tarixli, 305 saylı aktda göstərilən müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsullarının hazırda orta bazar qiymətləri nəzəri qaydada təxminən 13092 manat müəyyən edilmişdir; -eyni zamanda, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndislik ekspertizası üzrə həmin Mərkəzin xx xxxx 2020-ci il tarixli, 2269/70 digər bir rəydə ekspert - tədqiqata obyekti olan borunun tədqiqatı zamanı müəyyən edilmiş faktiki halları, eləcə də su qurğularına 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməklə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsinin təmin edilmədiyini nəzərə alaraq belə rəyə gəlmişdir ki, qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş verə bilərdi. Həmçinin həmin rəydə ekspert müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının su dirəklərinin Cavabdeh ASC Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunduğu və həmin xətlərə Xətai rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən xidmət göstərilmişdir. Daha sonra, məhkəmə, mülki qanunvericiliyin və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini göstərmmiş və işə əlavə edilmiş sənədləri və ekspert rəylərini məcmu halında qiymətləndirərək aşağıdakı nətiəcəyə gəlmişdir: - iddiaçının istifadəsində olmuş mübahisəli ünvanda yerləşən 348 kv.m yaşayış sahəsində xx xxxxxxx 2018-ci il tarixdə su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilmədiyindən qəza – polad borudan quraşdırılmış su xəttinin davamlı istismarı nəticəsində onun materialının dərindən korroziyaya uğrayaraq tamlığının (germetikliyinin) pozulması nəticəsində baş vermiş, suyun axması nəticəsində müxtəlif çəkilərdə, sayda olan 24 adda ərzaq, şirniyyat və şərab məhsulları yararsız hala düşmüş və orta bazar qiymətləri ilə müəyyən edilmiş qaydada «İddiaçı» MMC-yə ümumilkdə 13092 manat məbləğində ziyan dəymişdir. -binanın su dirəkləri cavabdehin Xətai rayon Sukanal İdarəsi tərəfindən istismar olunur və xidmət göstərilir. - binanın su qurğularına 6 aydan bir dəfədən az olmayaraq texniki baxış keçirilməli, su təchizatı və kanalizasiya sistemləri və qurğuları lazımi səviyyədə istismarı, təmiri, saxlanılması və mühafizəsi təmin edilməli olduğu halda STKM (Xətai rayon Sukanal İdarəsi) balansında olan, həmçinin əmlakı hesab olunan həmin su təchizatı və kanalizasiya sistemləri və qurğuları ilə bağlı yuxarıda sadalanan vəzifə öhdəliklərini yerinə yetriməmiş və nəticədə onların təqsiri üzündən istehlakçıya ziyan dəymişdir. -bununla da cavabdehin tabeliyində olan həmin təşkilat öhdəliklərini yerinə yetirmədiyi üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş ziyana görə ümumilkdə 13092 manat (ekspert rəyinə əsasən) pul cavabdehdən tutularaq onun xeyrinə ödənilməlidir.” İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticələrlə razılaşır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2012-ci il tarixli 345 saylı sərəncamına əsasən nazirlik, komitə , şəhər, rayon icra hakimiyyəti orqanları və digər aidiyyəti dövlət təşkilatlarının balansında olan xarici su təchizatı və kanalizaksiya şəbəkə və qurğuları və həmin təşkilatarın mənzil fondunda olan çoxmənzilli yaşayış binalarının daxili su təchizatı və kanalizasiya sistemləri Cavabdeh ASC-nin balansına verilmişdir. İşdə olan, Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda da, məhz, təsbit olunur ki, mübahisəli bğinanın su xəttinin dik dayaqları həmin idarə tərəfindən istismar olunur və həmin xətlərə xidmət göstərilir. İş materiallarına əlavə olunmuş aktlara və ekspert rəylərinə əsasən müəyyən həqiqətən olunur ki, iddiaçının icarəyə götürdüyü anbara üst mərtəbənin şaxtasında - X1 İdarəsinin balansında olan və xidmət göstərilən dik dayaq xəttində baş verən qəza (su sızması) nəticəsində həmin anbarda olan iddiaçıya məxsus 13092 manat dəyərində qida məhsulları satış üçün yararsız vəziyyətə düşmüşdür. Halbuki, “Sudan istifadə Qaydaları”nın 2.1-ci bəndinin tələbinə görə 2.1.1. balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək su təchizatı və kanalizasiya müəssisəsinin (“STKM”) birbaşa vəzifəsidir. Eyni zamanda, “Sudan istifadə Qaydaları”nın 9.9-ci bəndinin tələbinə görə su təchizatı və kanalizasiya müəssisəsinin müntəzəm olaraq öz balansında olan kanalizasiya şəbəkələrinin yoxlanılması, profilaktikası, yuyulması, təmizlənməsi və təmirini həyata keçirməlidir. Həmin “Qaydalar”ın 2.1.3-cü bəndinin tələbinə görə isə fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etmək, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirmək və aktın bir nüsxəsini istehlakçıya təqdim etmək və su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrinə aid edilmişdir. İşin qeyd edilən sübutlarla müəyyən halları onu deməyə əsas verir ki, cavabdehin struktur tərkibinə daxil olan Xətai rayon Su Kanal İdarəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələbləri ilə üzərinə düşən vəzifələri yerinə yetirilməmiş, yəni hərəkətsizliyi nəticəsində iddiaçının fəaliyyət göstəridiyi binada onun balansında olan və xidmət göstərdiyi xəttdə baş verən qəza nəticəsində sonuncuya 13092 manat dəyərə malik qida məhsulları zay olmuş, bununla da cavabdehin tabeliyiqndə olan həmin idarənin təqsirli hərəkətsizliyi ona həmin məbləğdə ziyan vurulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin qeyd olunan tələbləri baxımından, cavabdehin (tabeliyində olan Xətai rayon Su Kanal İdarəsinin) qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməməsi ounun təqsirli hərəkətsizliyidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya vurulmuş ziyan tam həcmdə cavabdeh tərəfindən ona ödənilməlidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi işdə olan sübutlarla müəyyən edilən hallara, maddi və prosessual hüquq normalarına uyğun hesab edir. Ona görə də cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübhisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-55/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-55/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-141/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-141/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver