Məhkəmə qərarları › İş №2-2(103)-142/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-142/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-142/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Vəkil3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1013/2024 saylı qətnaməsindən cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası İddiaçı MMC-yə məxsus olmuş və həmin bina Cavabdeh ASC tərəfindən su ilə təchiz edilmişdir.

2. 31 mart 2023-cü il tarixli aktla İddiaçı MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının idarəetməsi "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilmişdir. Təhvil alan öhdəlik götürmüşdür ki, binanın idarə edilməsi ilə bağlı 2023-cü il 1 aprel tarixindən yaranacaq bütün kommunal ödənişləri öz hesabına qarşılayacaqdır. Təhvil verən binanın bütün kommunal borclarını ödəyərək təhvilini həyata keçirir. Təhvil alan 2023-cü il 1 aprel tarixdən etibarən binanın idarə edilməsi, saxlanılması, binanın yerləşdiyi torpağın icarəsi, kommunal və gələcəkdə yaranacaq hər hansı digər xərclərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.

3. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş 31 mart 2023-cü il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinləri tərəfindən mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq "xxxx" MMMC təsis edildiyi, həmin binanın su ilə təchiz edilməsi məqsədilə "xxxx" MMMC ilə yeni müqavilənin bağlanmasına etiraz edilmədiyi bildirilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış 2023-cü il 7 noyabr tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 2023-cü il 31 mart tarixindən təhvil-təslim aktı əsasında "xxxx" MMMC tərəfindən idarə edilir. Bu səbəbdən İddiaçı MMC ilə olan 072633 saylı müqaviləyə xitam verilməsini xahiş edir. Abonent kodu: 072633

5. Cavabdeh ASC tərəfindən İddiaçı MMC-yə göndərilmiş 2023-cü il 21 dekabr tarixli ********* nömrəli hesab-fakturaya əsasən, sonuncunun həmin tarixə qalıq borcu 13.340,28 manat təşkil edir.

6. İddiaçı MMC-yə məxsus abonent haqqında məlumata əsasən, MMC-nin su və çirkab sularından istifadəyə görə ümumi borcu 13.100 manat təşkil edir.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Best Kommerse” MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (hüquqi varisi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5_ (bundan sonra – cavabdeh) qarşı borcun silinməsi və müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 072633) əsassız olaraq hesablanmış 13340,28 manat borcun silinməsi və tərəflər arasında su təchizatına dair mövcud olan müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 3 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının mülkiyyətçisidir. Qeyd edilən yaşayış binasının sakinləri tərəfindən, həmin binanın idarə edilməsi üçün, mənzil qanunvericiliyinin tələbərinə uyğun olaraq "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə qeyd edilən binanın idarə edilməsi iddiaçı tərəfindən təhvil–təslim aktı əsasında "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə verilmişdir. Bununla bağlı, bu binanın su təchizatına aid (Abonent kodu: 072633) iddiaçı və cavabdeh arasında olan müqaviləyə xitam verilməsini və həmin binanın su ilə təchiz edilməsi məqsədilə "xxxx" MMMC ilə yeni müqavilə bağlanmasına etiraz etmədiyini rəsmi olaraq cavabdehə bildirmişlər. Su sayğacının iddiaçının adından "xxxx" MMMC-nin adına keçirilməsini istəmişdik. Lakin, cavabdeh tərəfindən iddiaçının istifadə etdiyi suya görə manat borcunun olması şifahi olaraq bildirilmiş və onlar müraciətə heç bir rəsmi cavab verilməmişdir. Əlavə olaraq bu məsələ ilə bağlı, “Asan kommunal” xidmətində fəaliyyət göstərən Cavabdeh ASC-nin məntəqəsinə müraciət etmişlər. Ancaq nəticə eyni oldu, yəni müqavilərinə xitam verilmədi, səbəb kimi də, qeyd edilən borclarının olmasını bildirdilər və bununla bağlı 13340 manat borclarının olması barədə elektron formada çıxarış verdilər. Sonuncu dəfə aralarında olan müqaviləyə xitam verilməsi üçün Cavabdeh ASC-yə elektron qaydada xx.xx.2023-cü il tarixdə müraciət etmişlər. Lakin, cavabdeh tərəfindən onlara heç bir cavab verilməyib. Bununla bağlı, xüsusi vurğulamaq istərdi ki, yuxarıda qeyd edilən borc nə vaxt yaranıb və nə ilə bağlıdır onlara məlum deyil. Cavabdeh ASC öz tərəfindən buna aid izah verə bilmir və yaxud istəmir, borca aid etibarlı hesab edilən heç bir sənəd təqdim etmir. Bu səbəbdən onların müqaviləsinə xitam verilmir və binanı faktiki olaraq idarə edən şirkət yeni müqavilə bağlayıb sayğacı öz adına keçirə bilmir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1013/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 13100 manat borcun silinməsi öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi, ödənilmiş 200 manat mediasiya xərcinin Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir. Cavabdeh mübahisələndirilən borcun hesablanmış sərfiyyat borcu olduğunu bildirir. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesab fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif etsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, abonent haqqında məlumatdan, habelə cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçıdan hazırda tələb edilən qalıq borc 13100 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya hesablanmış 13100 manat borc silinməlidir. Bundan əlavə, iddia ərizəsindən görünür ki, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini də xahiş edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Materiallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixli akt əsasında Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının idarə edilməsini "xxxx" MMMC-yə həvalə etmiş, həmin MMMC bütün kommunal ödənişləri xx.xx.2023-cü il tarixdən ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc silindiyindən, habelə iddiaçı müqavilənin ləğvi tələbi ilə bağlı cavabdehə müraciət etdiyindən, lakin onun tələbi təmin edilmədiyindən məhkəmə hesab etmişdir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində də əsaslıdır və təmin edilməlidir.

11. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat:

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 06 iyun tarixli 2-2(103)-590/2024 nömrəli qətnaməsi ilə (hakim Z.A.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və R.Ə.Qurbanovdan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 29 mart tarixli, e-2- 2(113)-1013/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdehin iddiaçıya göndərdiyi elektron qaimələrdə (səhifə 77-80) abonent saldosunda hesablanmış borc məbləği göstərilməmişdir. Yəni, cavabdeh iddiaçıdan sudan istifadəyə görə yaranmış borcu tələb etməmişdir. Odur ki, cavabdeh tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30.1-ci maddəsinin tələbinə əməl edilmədiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq əsassız hesablanmış borcu silmişdir.

14. Daha sonra, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 8.4-cü bəndinə istinad etməklə göstərmişdir ki, cavabdeh iddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməməsini, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib, yeni istehlakçı ilə müqavilə bağlana biləcəyini bildirmişdir. Göründüyü kimi, cavabdeh müqavilənin ləğvini ona görə qanunsuz saymışdır ki, iddiaçı tərəfindən borc ödənilməmişdir. Lakin apellyasiya kollegiyası hesablanmış borcun əsassız olması qənaətinə gəldiyi üçün şikayətin bu dəlilini də əsaslı və qanuni hesab etməmişdir.

Kassasiya instansiya məhkəməsində birinci icraat:

15. Cavabdeh ASC-nin yenidən təşkili yolu ilə yaradılmış “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən aşağıdakı maddi və prosessual hüquq normaları pozulmuşdur: “X2”nın 4.1.2, 4.1.3, 7.1, 7.14, 8.4-cü bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30-cu maddəsinin 1-ci bəndi üzrə - mübahisələndirilən borc məbləği istehlakçıya quraşdırılmış su sayğacının göstəricisinə əsasən yaranmış borc məbləğidir. Həmin ünvana 2004-cü il 18 iyun tarixində sayğac quraşdırılmış, həmin sayğac sökülərək yerinə 2008-ci il 13 iyun tarixində yeni sayğac quraşdırılmışdır. Həmin sayğac 2013-cü ildə sökülərkən göstəricisi 18.576 m3 olmuşdur. Əlavə olaraq, "xxxx" MMMC 2023-cü il 1 aprel tarixdən sonra yaranan kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrlər üzrə borc məbləği yaranmasına baxmayaraq, məhkəmə həmin dövrdə də yaranmış borcu silmişdir. İddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməz, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib, yeni istehlakçı ilə müqavilə bağlana bilər. Mülki Prosessual Məcəllənin 77.1, 88-ci maddələri üzrə - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

17. İddiaçı MMC kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün qiymət verərək, tam əsaslı, qanuni və ədalətli qərar vermişdir. Şikayətdə göstərilən dəlillərin heç biri ağlabatan deyil və əsassızdır.

18. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(102)-556/2024 saylı qərarı ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 (əvvəlki Cavabdeh ASC) tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 06 iyun tarixli, 2-2(103)-590/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib olunan abonent saldosundan müəyyən olunur ki, 2013-cü ildən başlayaraq 2023-cü il daxil olmaqla hər il üzrə sudan istifadəyə görə hesablanmış borcla müvafiq ildə ödənilmiş vəsait bir-birini tamamlamamış, bəzi illərdə su sərfiyyatı ümumi ödənişdən artıq olmuşdur. Birinci instansiya məhkəməsi qeyd olunan abonent saldosunu sübut qismində qiymətləndirməkdən imtina etsə də, mövqeyini əsaslandırmamışdır. Halbuki, bu sənəddə “X2”nın 7.20-ci bəndinə əsasən cavabdeh təşkilat tərəfindən açılan fərdi hesabın göstəricilərini öz əksini tapmışdır. Digər tərəfdən, iddiaçı qeyd olunan sənəddə əks olunan məlumatlarla razı olmadığını məhkəmədə bildirməmişdir. Halbuki, Qaydaların 7.2-ci bəndinin ikinci cümləsinə əsasən onun mövcud sayğacın göstəricilərini təqdim etməklə, Abonent haqqında məlumatda əks olunan göstəriciləri mübahisələndirmək imkanı olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının istifadə etdiyi suyun həcmini və dəyərini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, onun ödənilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçı hüquqi şəxs olmaqla, xərclərinin dəqiq uçotunu aparmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, apellyasiya şikayətinin dəlillərini rədd edən apellyasiya kollegiyasının iş materiallarının 77-79-cu vərəqlərində əlavə olunmuş elektron qaimələrə istinad da iddianın tam rəddi üçün əsas ola bilməzdi. Belə ki, həmin elektron qaimələr Cavabdeh ASC tərəfindən müvafiq olaraq 2023-cü ilin avqust, sentyabr və oktyabr ayları üçün bu ayların sərfiyyatına görə tərtib olunmuş, əvvəlki borcları əhatə etməmişdir. Beləliklə, müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutetmə vəzifəsini tərəflər arasında düzgün bölüşdürməmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır.

Apellyasiya şikayətinin dəlilləri:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən borc məbləği istehlakçıya quraşdırılmış su sayğacının göstəricisinə əsasən yaranmış borc məbləğidir. İlk olaraq həmin ünvana xx.xx.2004 ci il tarixdə sayğac quraşdırılmış, həmin sayğac sökülmüş, yerinə xx.xx.2008 ci il tarixində yeni sayğac quraşdırılmışdır. Həmin sayğac 2013-cü ildə sökülərkən göstəricisi 18576 m3 olmuşdur. Əlavə olaraq bildirir ki, Yasamal 64 MMMC qətnamədən göründüyü kimi, 01 aprel 2023-cü il tarixdən sonra yaranan kommunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrlər üzrə borc məbləği yaranmasına baxmayaraq məhkəmə həmin dövrdə də yaranmış borcu silmişdir. Qeyd olunanlardan göründüyü kimi məhkəmə əsassız qətnamə qəbul etmişdir, iş üzrə iddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməz, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib yeni istehlakçı ilə müqavilə bağlana bilər.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Cavabdehin nümayəndəsi Vəkil3 apellyasiya şikasyətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

23. İddiaçının nümayəndəsi və vəkili Vəkil2apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

24. Mülki Məcəllənin: -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. “Su təchizatı və tullantı suları haqqında” AR Qanununun 30.2-ci maddəsinə görə Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın: - 2.1.5-ci bəndinə görə istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifəsidir. -4.1.3-ci bəndinə görə bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. - 7.2-ci bəndinə görə STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. -7.20-ci bəndinə əsasən STKM suölçən cihaz quraşdırılmış hər bir istehlakçının adına, müqavilə bağlanıldığı gündən fərdi hesab açır. - 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. -8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.

27. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Apellyasiya baxışının hədləri:

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

30. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh həmin qətnamədən verdiyi apellyasiya şikayətində qətnaməni iddianın təmin edilmiş hissəsində mübahisələndirmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

32. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh ASC (hüquqi varisi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X5) arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh ASC ünvan 1 ünvanında yerləşən binanı su ilə təchiz edilmişdir. Hazırda İddiaçı MMC həmin müqavilə üzrə 13340,28 manat məbləğində borcun əsassız olaraq hesablandığını, eləcə də su ilə təchiz edilən binanın idarə edilməsinin hazırda "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən həyata keçirildiyini əsas göstərərək borcun silinməsini və tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş edir. Cavabdeh isə mübahisəli borcun sayğac göstəricilərinə əsasən hesablanmış borc olmasını bildirərək iddiaya etiraz edir.

33. İş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin illər üzrə abonent barədə məlumatından da göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği abonentin su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə sayğac göstəricilərinə əsasən hesablanmış borc məbləği olmaqla 2013-2023-cü illər ərzində sudan istifadəyə görə hesablanmış borcların abonent tərəfindən tam ödənilməməsi nəticəsində formalaşmışdır. Cavabdeh isə həmin borcun ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

34. Sözügedən borcun əsassız olaraq hesablanması barədə iddiaçının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, abonent barədə məlumatlarda “X2”nın 7.20-ci bəndinə əsasən cavabdeh tərəfindən açılmış fərdi hesabın göstəriciləri, o cümlədən abonentin borcun hesablanması üçün əsas olmuş hər ay üzrə sərfiyyat həcmləri, təqdim edilmiş hesab-fakturaların nömrələri, aylar üzrə hesablanmış borc məbləğləri və ödənişlər əks olunmuşdur. Lakin iddiaçı tərəfindən abonent barədə məlumatda əks olunmuş həmin göstəricilər məhkəmə araşdırılması gedişində mübahisələndirilməmişdir.

35. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən silinməsi qət edilmiş 13.100 manat məbləğində borc məbləği “X2”nın 7.2-ci bəndinin tələblərinə uyğun olaraq su sayğacının göstəricilərinə əsasən hesablanmış su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə haqq olmaqla həmin borcun silinməsi üçün əsasların mövcudluğu müəyyən edilmir. Odur ki, borcun silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməlidir.

36. Tərəflər arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilənin ləğv edilməsi barədə iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin hissədə tələbinin faktiki əsası kimi 2023-cü ilin mart ayından mübahisəli müqaviləyə uyğun olaraq su ilə təchiz edilən binanın iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilməsinə və həmin vaxtdan etibarən kommunal xərclərin MMMC tərəfindən ödənilməsi olmasına, yəni faktiki olaraq su ilə təchiz edilən obyektin istifadəçisinin dəyişilməsinə istinad etmişdir.

37. Obyektin mülkiyyətçisinin və ya istifadəçinin dəyişdirilməsi əsası ilə su təchizatı xidmətlərinə dair müqavilənin ləğv edilməsi qaydası isə “X2”nın 8.4-cü bəndində müəyyən edilmişdir. Həmin bəndə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi qaydalarda obyektin istifadəçinin (mülkiyyətçinin) dəyişməsi ilə bağlı əvvəlki istifadəçi ilə müqavilənin ləğv edilərək yeni istifadəçi ilə müqavilənin bağlanması əvvəlki istifadəçinin sudan istifadəyə görə borcunu ödəməsi ilə şərtləndirilmişdir.

38. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, “X2”na əlavə olaraq “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə xx.xx.2020-ci il tarixli müqavilə”nin nümunəsi də təsdiq edilmişdir. Həmin nümunəyə uyğun tərtib edilərək tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilənin 5.6-cı bəndinə görə bu müqavilə tərəflərinin yazılı təşəbbüsü əsasında vaxtından əvvəl ləğv edilə bilər. Yazılı təşəbbüs daxil olduğu vaxtdan 1 ay müddətində istehlakçı borcunu tam ödədikdə müqavilə ləğv edilmiş hesab olunur.

39. Beləliklə, “X2”na əlavə kimi təsdiq edilmiş nümunəvi müqavilənin və həmin müqaviləyə uyğun olaraq tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən də müqavilənin ləğv edilmiş hesab edilməsi abonent tərəfindən borcun tam şəkildə ödənilməsindən asılı edilmişdir.

40. Odur ki, hazırkı halda iddiaçı sudan istifadəyə görə borcu tam şəkildə ödəmədiyindən müqavilənin ləğv edilməsi üçün normativ hüquqi aktlarda və müqavilədə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, həmin hissədə də birinci insansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən - mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

42. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1013/2024 saylı qətnaməsi qismən – iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar