Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1436/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən 255.000 manat məbləğdə əsas borc və 63.750 manat məbləğdə faiz borcunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin 27.08.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Bakı Apellyasiya Məhkəməsi KK-nın 2-2(103)-1208/2021 nömrəli iş üzrə 06.10.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, 27.08.2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı 21.10.2021-ci il tarixdə “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə müddətin bərpasına dair ərizə verərək, apellyasiya şikayəti vermə müddətinin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 05.11.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddiaçının elektron məhkəmə sistemində şəxsi kabineti olmadığından sözügedən qətnamə ona elektron qaydada təqdim edilməmişdir. Bu halda apellyasiya şikayəti ümumiyyətlə tərəfə təqdim edilmədiyindən, apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsindən söhbət gedə bilməz. Həmçinin, sözügedən qətnamə iddiaçının vəkilinin elektron kabinetinə yerləşdirilsə də, iddiaçı bundan xəbərdar olmayıb. Mübahisələndirilən qərardadda müddətin ötürülməsinin əsası kimi qeyd edilir ki, qətnamə iddiaçının vəkilinin elektron məhkəmə sistemində olan şəxsi kabinetinə yerləşdirilmişdir. Bəllidir ki, vəkillə hüquqları müdafiə olunan şəxs arasında hüquqi xidmət müqaviləsi yalnız bir instansiya üçün bağlanır. Sonuncu məhkəmə baxışında qətnamənin qəbul edilməsi ilə mülki iş başa çatdıqda vəkilin şəxs qarşısında olan bütün öhdəlikləri bitir. Vəkilin öhdəlikləri yalnız yeni hüquqi xidmət müqaviləsi bağlayarkən yenidən yaranır. Odur ki, qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilməsi qətnamənin tərəfə rəsmi qaydada təqdim edilməsi kimi qəbul edilə bilməz. Bakı Kommersiya Məhkəməsinin 17.11.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, MPM-in 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. İşdən müəyyən edilir ki, iddiaçı tərəfindən Vəkil1 MMC-ni məhkəmədə təmsil etmək üçün etibarnamələr verilmiş, qeyd edilən etibarnamələr əsasında Vəkil1 iddiaçının adından öz elektron kabineti vasitəsilə məhkəməyə ərizələr göndərmiş, məhkəmə tərəfindən göndərilmiş bütün sənədlər onun elektron kabineti vasitəsi ilə iddiaçıya çatdırılmışdır. İşdən, həmçinin, görünür ki, Bakı Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli qətnaməsi 05.07.2021-ci il tarixdə iddiaçının vəkili və nümayəndəsi Vəkil1 elektron kabinetinə yerləşdirilmiş, lakin həmin qətnamədən apellyasiya şikayəti 20.08.2021-ci il tarixdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. MPM-in: 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır;
360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına istinad olunan normaları tətbiq etdikdə məlum olur ki, iddiaçı qətnamədən apelyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. MPM-in: 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Müddətin buraxılması ilə nəticələnmiş səbəbin iddiaçıdan asılı olmaması, yaxud onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması və ya ona maneə törətməsi və məhdudiyyət yaratması iş üzrə müəyyən olunmur. Bütün bunlar da o deməkdir ki, müddət iddiaçı tərəfindən təqsirli olaraq, üzrsüz səbəblərdən buraxıldığı üçün, düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən bərpa olunmamışdır. Belə ki, 04.06.2021-ci il tarixli qətnamə iş üzrə iddia ərizəsini öz elektron kabineti vasitəsilə verən vəkil və nümayəndənin elektron kabinetinə 05.07.2021-ci il tarixdə yerləşdirilmiş, lakin həmin qətnamədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yenə eyni vəkil və nümayəndənin elektron kabineti vasitəsilə 20.08.2021-ci il tarixdə verilmişdir, tərəfin vəkili və nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş sənəd tərəfə çatdırılmış hesab olunur. Odur ki, iddiaçının müddətin bərpası barədə ərizəsində istinad etdiyi hallar onun tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının üzrlü səbəbdən baş verməsinə dəlalət etmir və buraxılmış prosessual müddətin bərpasına əsas vermir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad qanuni və əsaslıdır, şikayətin dəlilləri qanunvericiliklə və işin halları ilə təkzib olunur, dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla əlaqədar, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-859/2021 nömrəli iş üzrə 05 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova