Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-157/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3665/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 172.285,61 manat borcun, 400 manat ödənilmiş mediasiya xərcinin və dövlət rüsumuna görə ödənilmiş 62,29 manat məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX- 1302/19 saylı müqavilə əsasında Cavabdeh məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 179.271,49 manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq ümumi borcun 6.985,88 manat hissəsi ödənilmiş, 172.285,61 manat hissəsi isə ödənilməmiş qalmışdır. Məktubda cavabdehə borcunu tam ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3665/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 172.285,61 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 400 manat və dövlət rüsumunun əvəzi olaraq 62,29 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı İB -yə ödənilməsi qət edilmişdir.
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 11 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3665/2023 qətnaməsinin ləğv edilərək, geri qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehin müqavilə öhdəliklərini lazimi qaydada yerinə yetirə bilməməsi üçün əsas olmuş hallar lazimi qaydada araşdırılmamışdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təbii qazdan istifadəyə görə 172285,61 manat borcu yaranmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “Abonentin saldosu” adlı cədvəldən görününr ki, cavabdeh tərəfindən təbii qazdan sonuncu dəfə 2023-cü ilin may ayında istifadə olunmuş və həmin ayın sonuna cavabdehin borcu 179256,75 manat təşkil edir. Həmin cədvələ diqqət yetirildikdə cavabdehin qaz sayğacında texniki nasazlığın olmasına əsaslı şübhələr yaranır. Belə ki, cavabdeh təbii qazdan özünə məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən pomidor istehsalı ilə əlaqədar istixana kompleksində istifadə etmişdir. Həmin kompleksdə başqa heç bir fəaliyyət həyata keçirilməmişdir. İstixana kompleksi uzun müddət eyni istehsalat həcminə və avadanlığa malik olmuş və əlavə təbii qaz sərfiyatı olmamışdır. Lakin, təbii qazdan istifadənin sonuncu dövrü ərzində aylar üzrə sərfiyyatı əvvəlki aylar üzrə sərfiyyatla müqayisə etdikdə kəskin sərfiyyat fərqinin olduğu müşahidə olunur. Belə ki, cədvələ nəzər saldıqda 2022-ci ilin may ayında qaz sərfiyyatının olmadığı müəyyən olunsa da, 2023-cü ilin cari ayında 6971,14 manat qaz sərfiyyatının olduğu müəyyən olunur. Cədvələ nəzər saldıqda digər aylarda da eyni qaydada kəskin sərfiyyat fərqinin olduğu müəyyən olunur. Bu baxımdan, iddiaçı tərəfindən cavabdehin istifadəsində olan qaz sayğacı üzrə Qaydalarda nəzərdə tutulmuş qaydada müayinə həyata keçirilməli və göstərici üzrə qaz sərfiyatının, sərfiyyat məbləğinin, ödənişlərin və qalıq borc məbləğinin dəqiq müəyyən olunması və qalıq borcun dəqiq hesablanması təmin olunmalı idi. Sərfiyat göstəricisi əvvəlki dövrlərlə kəskin fərqləndiyi aşkar olunduğu təqdirdə isə, qaz sayğacının təmiri və ya dəyişdirilməsi təmin olunmalı idi. Lakin, iddiaçı tərəfindən qeyd olunan işlərin həyata keçirilməsi həyata keçirilməmiş, məhkəmə isə həmin xüsasatları nəzərə almamışdır. Məhkəmə mübahisəsi zamanı məhkəmə birtərəfli mövqe göstərərək, cavabdeh tərəfindən verilmiş olan vəsatətləri araşdırmamışdır. Belə ki, məhkəmə prosesi zamanı vəsatətlə müraciət olunaraq, qaz sayğacında nasazlıq olması ehtimalının böyük olduğu və bu baxımdan qaz sayğacının xüsusi müayinədən keçməsi üçün aidiyyəti dövlət orqanına göndərilməli olması bildirilsə də, məhkəmə tərəfindən bu nüans qiymətləndirilməmişdir. Lakin, qeyd olunanlara baxmayaraq, hakim qərəzli mövqe tutaraq, qanunvericilikdə nəzərdə tutulan analogiyadan istifadə hallarını iddiaçının maraqlarına xidmət etmək məqsədilə tətbiq etmiş və cavabdehin bütün hüquqlarının pozulmasına yol vermişdir. Bundan başqa, məhkəməyə borcun dəqiq müəyyən olunması ilə bağlı məhkəmə-mühasibat ekspertizasının keçirilməsi üçün vəsatətlə müraciət olunsa da, həmin vəsatət də məhkəmə tərəfindən təmin olunmamışdır. Burdan da göründüyü kimi məhkəmə bir daha qərəzli mövqe nümayiş etdirməklə iddiaçının mənafeələrini müdafiə etməyə çalışmış və nəticədə iddiaçının tam xeyrinə olan qeyri-obyektiv və qərəzli bir qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi açıq-aydın birtərəfli mövqe nümayiş etdirmiş, iddianı qismən təmin etsə də, faktiki olaraq iddiaçının bütün istəyini dolayı yolla təmin etmişdir. Ona görə də qətnamədə tətbiq olunmalı olmayan normaların tətbiq olunması ilə gəlinən nəticə hazırki iş üzrə faktiki hallara uyğun deyildir və işin mahiyyəti obyektiv araşdırılmadan qiymət verilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
13. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
14. Həmin Qaydaların 3.2.1-ci maddəsinə əsasən, qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir.
15. Həmin Qaydaların 5-ci bəndinə əsasən, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İstifadə olunan qazın dəyəri yalnız bank və ya poçt şöbələri vasitəsilə ödənilir. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9- cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
18. İddiaçı ilə Cavabdeh (istehlakçı) arasında xx.xx.2019-cu il tarixli, AMX-1302-/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən İddiaçı Cavabdeh keyfiyyətli qazla təmin etməyi, Cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər.
19. Abonent saldosundan görünür ki, **********00064 saylı abonent kodu üzrə təbii qazdan istifadəyə görə ödənilməmiş borc 2023-cü ilin mart ayının sonuna 179.271,49 manat, aprel ayının sonuna 205.285,61 manat təşkil etmiş, may ayında 33.000 manat ödəniş edildikdən sonra, ödənilməmiş borc may-iyun sonuna (iddianın verildiyi dövrə) 179.256,75 manat, 2023-cü ilin sentyabr ayının sonuna 179.433,63 manat təşkil etmişdir.
20. Abonent saldosundan da göründüyü kimi qazdan istifadəyə görə cavabdehdən tələb edilən borc məbləği qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.
21. Hazırda iş materiallarından görünür ki, müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək, cavabdehi qazla təmin etsə də, cavabdeh aldığı qazın dəyərini iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən vaxtında ödəməmiş, nəticədə ödənilməmiş borc 2023-cü ilin iyunun sonuna (iddianın verildiyi dövrə) 179.256,75 manat təşkil etmişdir.
22. Abonent saldosundan görünür ki, abonentin 2017-ci ildə qaz sərfiyyatı 1.852.592 m3, 2018-ci ildə 1.666.811 m3, 2019-cu ildə 1.629.517 m3, 2020-ci ildə 1.947799 m3, 2021-ci ildə 1.906.849 m3, 2022-ci ildə 1.769.452 m3 olmaqla illər ərzində qaz sərfiyyatın da kəskin artım müşahidə olunmur. Bununla yanaşı abonentin 2018-ci ildə illik sərfiyyatı ******* m3 üçün 333.362,20 manat olmuş, həmin il üçün 345.839 manat ödəniş edilmiş, 2019-cu ildə illik sərfiyyat ******* m3 üçün 325.903,40 manat olmuş, həmin il üçün 367.538,20 manat ödəniş edilmiş, 2020-ci ildə illik sərfiyyat ******* m3 üçün 389.559,80 manat olmuş, həmin il üçün 162.900 manat ödəniş edilmiş, 2021-ci ildə illik sərfiyyat ******* m3 üçün 395.254,52 manat olmuş, həmin il üçün 394.626,20 manat ödəniş edilmiş, 2022ci ildə illik sərfiyyat ******* m3 üçün 389.279, 44 manat olmuş, həmin il üçün 396.880,27 manat ödəniş edilmiş, 2023-cü ilin ilk 9 ayın sərfiyyatı ******* m3 üçün 250.694,62 manat olmuş, həmin dövr üçün 348.296,08 manat ödəniş edilmişdir.
23. Cavabdeh qeyd olunan dövr ərzində qaz sayğacında texniki nasazlığın olması barədə narazılığını bildirməmiş, sayğac göstəriciləri üzrə ödənişlərini icra etmişdir. Sayğacda texniki nasazlıq səbəbindən borc məbləğinin artıq hesablanması ilə bağlı cavabdehin dəlilləri əsassızdır.
24. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində onun müqavilə üzrə iddiaçıya borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 172.285,61 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
25. Cavabdeh apellyasiya şikayətində borcun əsasız hesablandığını və iş üzrə ekspertiza təyin edilməli olmasını bildirsə də, iddiaçı daha çox ödəniş etməsi, borcun əsassız olaraq çox hesablanması ilə bağlı sübutları təqdim edə bilməmişdir. Hazırda iş üzrə ekspertizanın təyini üçün əsas müəyyən edilməmişdir.
26. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3665/2023 saylı, 11 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova