Məhkəmə qərarları › İş №2-2(103)-166/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-166/2023

18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-166/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “X3 və Maşınqayırma” ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsinə Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “X3 və Maşınqayırma” ASC-nin Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4846/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, abonent kodu 010005 olan ünvan 1 ünvanında yerləşən “X3 və Maşınqayırma” ASC-yə akt əsasında 27468 manat məbləğində borc hesablanmışdır.

2. xx.xx.2021-ci il tarixli 601547 nömrəli Cavabdeh ASC tərəfindən tərtib olunmuş aktdan görünür ki, abonent kodu 010005 olan X3 və Maşınqayırma” ASC-yə məxsus zavodun sayğacına məxsus obyektin su təchizatı və su sayğacına baxış zamanı məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə sayğaca son yükləmə (5 m3) olmuşdur. Sayğaca qədər olan xəttin üzərində olan siyirtmənin filyansının boltları asılaraq su axıdıldığı aşkarlanmışdır. Kustar üsulla hazırlanmış d=50 mm-lik dəmir boruya rezin boru qoşaraq filyansdakı sayğacdan kənar, qanunsuz yolla su anbarının doldurulması müəyyən olunmuşdur. Əlavə olaraq video çəkilişlər aparılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı “X3 və Maşınqayırma” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş 601547 saylı akt əsasında iddiaçı "xxxx" ASC-nin sudan istifadəyə görə artıq hesablanmış 27669 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ASC-nin Sabunçu rayon Sukanal İdarəsi ilə bağlanmış müqaviləyə əsasən onlar su təchizatı və tullantı sularının axıdılması xidmətlərini həyata keçirir. Cavabdehlə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq daim istifadə olunmuş su sərfiyyatına uyğun ödənişləri vaxtında etmiş, lakin köhnədən borc çox olduğundən cavabdeh yoxlama aparmadan öncə suyun istismarını dayandırmış və həmin vaxtdan su istifadə edilməmişdir. Hər ay cavabdehin nümayəndəsi xətlərə və sayğaclara daim nəzarət edir və bildirişi gətirib təqdim edir. Hazırkı günə kimi də su xəttindən bir dəfə də olsun qeyri-qanuni istifadəyə yol verilməmişdir. Lakin cavabdehin əməkdaşları 17 avqust 2021-ci il tarixində xəbərdar etmədən və yoxlanış keçirilməsi barədə məlumat vərəqəsi olmadan idarənin həyətinə daxil olmuş və idarənin həyətində çalışan əməkdaşı çağıraraq xətdən qeyri-qanuni qoşulma etdiyini və kənardan cavabdehin əməkdaşları tərəfindən rezin su borusunu gətirərək xəttdə olan siyirtməyə qoşulduğunu iddia edərək qanunsuz olaraq xx.xx.2021-ci il tarixli 601547 nomrəli akt tərtib etmişlər. İddiaçı tərəfindən akta imzadan imtina edilmişdir. Cavabdehin əməkdaşları tərəfindən iddia edilən siyirtmə köhnədən olumş və sadəcə çürüdüyündən yenilənmişdir ki, bundan cavabdehin əməkdaşlarınında xəbəri vardır. Cavabdehin tərtib etdiyi akt hesab edirəm ki, əsassız və qanunsuzdur və həmin akt əsasında 27669 manat ümumi isə 29893,48 manat borc yazılmışdır. Həmin borcdan 2224 manat borc köhnə sərfiyyata görə olan borcdur və həmin borc hissə-hissə ödənilir. Yuxarıda qeyd edilən əsaslara görə hesab edirəm ki, xx.xx.2021-ci il tarixli 601547 nomrəli akt əsasında əsassız hesablanmış 27669 manat silinməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4846/2022 saylı qətnaməsi ilə (hakim Emin Əliyev) iddia tələbi qismən təmin edilərək Cavabdeh ASC tərəfindən 010005 nömrəli abonent koduna (“X3 və Maşınqayırma” ASC) hesablanmış 27468 manat məbləğində borcun silinməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

7. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir.

8. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır.

9. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı “X3 və Maşınqayırma” ASC tərəfindən iddia ərizəsində 27669 manat məbləğində borcun silinməsi xahiş edilsə də, iş materiallarına əlavə edilmiş Cavabdeh ASC tərəfindən tərtib olunmuş abonent haqqında məlumatdan görünür ki, “X3 və Maşınqayırma” ASC-yə akt əsasında hesablanmış biorcun məbləği 27468 manatdır.

11. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən 010005 nömrəli abonent koduna (“X3 və Maşınqayırma” ASC) hesablanmış 27468 manat məbləğində borc silinməlidir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-4846/2022 saylı qətnaməsinin iddianın təmin edildiyi hissədə ləğv edərək iddia tələbinin tam rədd edilməsi, apelyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=50 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2021-cu il tarixli 601547 saylı akt tərtib edilmiş, faktı təsdiq edən video çəkiliş aparılmışdır. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə maddi ziyan dəymiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 17 iyul 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının” 4 nömrəli əlavəsinə uyğun aparılan hesablama ilə həmin ziyanın məbləğinin 27468 manat olması müəyyən edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Hesab edirik ki, məhkəmə qətnamə qəbul edərkən, təqdim edilmiş video görüntüyə, obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

15. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

16. Tətbiq edilən hüquq

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanununun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 7.8-ci bənd-istehlakçı STKM-in nümayəndəsinin suölçən cihaza baxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 (on iki) aylıq dövrdə (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Əvvəlki 12 (on iki) aylıq dövrdə istifadə edilmiş orta istehlak normasına əsasən aparılmış hesabatlara sonradan müəyyən olunmuş suölçən cihazın faktiki göstəricisinə uyğun olaraq düzəliş aparılır. Düzəliş nəticəsində istehlakçının artıq ödədiyi məbləğ növbəti hesabatlarda nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. “Su təchizatı haqqında” Qanun 12-ci maddə-su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 49-ci maddənin 4-cü bəndi-səlahiyyətli nümayəndələr sahibkarlıq subyektlərinin su sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar su təchizatı və ya kanalizasiya sisteminə qanunsuz qoşulma (su təchizatı və kanalizasiya müəssisəsinin razılığı olmadan sistemə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 17.Qətnamə cavabdeh tərəfindən qismən-iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

18. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4846/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

20. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığından nəticəsi etibarsız olduğu üçün birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Bundan əlavə iş materiallarında cavabdeh tərəfindən tərtib edilmiş aktda qeyd edilən məlumatların həqiqiliyini təsdiq edən hər hansı sübut mövcud deyil.

21. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4846/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4846/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar