Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-168/2020 16.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 və cavabdehin nümayəndəsi X7 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-521/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-955/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi (Birinci iş) İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı, avtokran üzərində mülkiyyət hüquqlarının etibarsız hesab edilərək həmin avtokranın iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokrana dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv olunması və həmin əmlakın üzərində cavabdehin mülkiyyət hüquqlarının etibarsız hesab edilərək iddiaçının mülkiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Liebherr” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtokrana dair tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əmlakın cavabdehdən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(82)- 521/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 372.1, 372.2 və 384.0.4-cü maddələrinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququna hər cür pozuntuların aradan qaldırılması haqqında tələblərə iddia müddəti şamil edilmir. İddiaçı MMC alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etməklə, mülkiyyətçi kimi özünə məxsus əmlak hüquqlarına olan pozuntudan müdafiə edilmək üçün iddia irəli sürmüş və bu tələblərə 1 illik iddia müddəti şamil edilə bilməz. Həmçinin mübahisələndirilən müqavilədən iddiaçı yalnız məhkəmə baxışında xəbərdar ola bilmişdir. Bu da həmin normada göstərilən “əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən” etibarən hesablanan bir illik müddətin belə ötürülmədiyini sübut edir. Əlavə olaraq məhkəmə iddiaçının müqavilədən məhkəmə baxışı zamanı xəbərdar olduğunu heç bir sübut olmadığından inandırıcı hesab etməmişdir. Lakin məhkəmə baxışının gedişi elə bu halın sübutudur. Belə ki, iddiaçı ilkin olaraq yalnızca həmin avtokran üzərində mülkiyyət hüququnun etibarsız hesab edilməsi tələbi ilə çıxış etmişdir. Lakin sonradan iddiaçı belə bir müqavilənin varlığından xəbərdar olmuş, nəticədə dərhal iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi ilə çıxış etmişdir. (İkinci işi) İddiaçı “xxxx” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli e-2-2(82)- 955/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti digər iş üzrə İddiaçı MMC-nin apellyasiya şikayəti ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə əqdin etibarsızlığı əsasına toxunan zaman bildirmişdir ki, Mülki Məcəllədə əqdin səlahiyyətsiz şəxs tərəfindən bağlanması əqdin etibarsız hesab edilməsinə əsas verən hal kimi nəzərdə tutulmamışdır. Lakin məhkəmə bu normanı düzgün tövsif etməmişdir. Belə ki, Mülki Məcəllənin 324-cü maddəsindən aydın olur ki, əqd həmişə iradəvi akt olub, subyektiv element olaraq iradəni, obyektiv element olaraq iradə ifadəsini özündə birləşdirir və hüquqi nəticələr məhz iradə ifadəsi ilə bağlıdır. Mübahisəli alqı-satqı müqaviləsini iddiaçı tərəfindən imzalayan şəxsin “xxxx” MMC-yə heç bir bağlılığının olmaması “xxxx” MMC-nin həmin müqavilədə iradə ifadəsinin mövcud olmadığını sübut edir və zəruri olan bu elementin yoxluğu əqdin etibarsızlığını əvvəlcədən təsdiq edir, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və müqavilə azadlığı prinsiplərini kobud surətdə pozur. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə həmin kommersiya mübahisələri bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 və iddiaçıların nümayəndəsi (direktoru) X15 apellyasiya şikayətlərini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X13 və apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslərqismində işə cəlb edilmiş X4 və X14 isə apellyasiya şikayətlərinə etiraz etdilər. Üçüncü şəxs Daxili İşlər Nazirliyi Baş Dövlət X16 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, mübahisə iki nəqliyyat vasitəsi –avtokranla bağlıdır. Birinci nəqliyyat vasitəsi “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokrandan ibarətdir və İddiaçı MMC-nin mülkiyyətində olmuşdur. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən həmin nəqliyyat vasitəsi Cavabdeh MMC-yə 12000 manata satılmış və müqaviləni İddiaçı MMC-nin adından X5, Cavabdeh MMC-nin adından isə X14 imzalamışdır. Həmin müqavilə Daxili İşlər Nazirliyi Baş Dövlət X17 rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixli 006 nömrəli kassa məxaric orderinə əsasən Cavabdeh MMC tərəfindən “Liebherr” markalı avtokranın alınması üçün İddiaçı MMC-nin nümayəndəsi X2 12000 manat ödənilmişdir. Hazırda həmin nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. İkinci nəqliyyat vasitəsi “Liebherr LTM 1040”markalı, **-JO-*** dövlət qeydiyyat nişanlı avtokrandan ibarətdir və iddiaçı “xxxx” MMC-nin mülkiyyətində olmuşdur. İddiaçı “xxxx” MMC ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixli nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən həmin nəqliyyat vasitəsi Cavabdeh MMC-yə 15000 manata satılmış və müqaviləni İddiaçı MMC-nin adından X5, Cavabdeh MMC-nin adından isə X14 imzalamışdır. Həmin müqavilə Daxili İşlər Nazirliyi Baş Dövlət X17 rəsmiləşdirilmişdir. xx.xx.2016-cı il tarixli kassa məxaric orderinə əsasən Cavabdeh MMC tərəfindən avtokranın alınması üçün İddiaçı MMC-nin nümayəndəsi X2 15000 manat ödənilmişdir. Hazırda həmin nəqliyyat vasitəsi Cavabdeh MMC-nin mülkiyyətindədir. Hər iki iddiaçının direktoru eyni şəxs - X9r. İddiaçı MMC-nin iddia ərizəsi əvvəlcə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında olan şifahi razılaşmaya əsasən iddiaçı öz mülkiyyətində olan “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verməli, Cavabdeh MMC isə bunun əvəzində iddiaçı şirkətə 255000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şifahi razılıq üzrə İddiaçı MMC öz mülkiyyətindəki “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı cavabdeh şirkətin mülkiyyətinə verib. Cavabdeh şirkət həmin avtokranı artıq istifadə edir, lakin buna baxmayaraq, avtokranın dəyəri olan 255000 manat məbləğində pulu iddiaçıya verməkdən yayınır. Bu məsələ ilə bağlı İddiaçı MMC Cavabdeh MMC-yə dəfələrlə yazılı və şifahi müraciət etsə də, heç bir nəticə əldə edə bilməmişdir. Sonradan İddiaçı MMC-nin nümayəndəsi bildirmişdir ki, cavabdeh şirkət “Liebherr” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı avtokranı iddiaçıdan alaraq mülkiyyətinə keçirmişdir. Lakin həmin avtokranın dəyəri olan 255000 manat məbləğində pulu iddiaçı şirkətə ödəməkdən boyun qaçırır. Həmçinin avtokran 2 ildir ki, cavabdehin istifadəsindədir. Tərəflər arasında alqı-satqı müqaviləsi olsa da, müqaviləni hüququ olmayan şəxs İsmayıl Xasaylı imzalamışdır. Həmin şəxsin İddiaçı MMC-yə aidiyyatı yoxdur. Həmçinin müqavilədə qiymət 12000 manat göstərilib. Bu da müqavilənin formallığını göstərir (cild 2, i/v 54). Apellyasiya baxışı zamanı isə İddiaçı MMC-nin nümayəndəsi bildirdi ki, müqavilənin bağlanmasından İddiaçı MMC-nin xəbəri olmayıb. 2019-cu ildə sistemə baxanda bilinib ki, əmlak Cavabdeh MMC-yə keçib. Əmlak şifahi razılıq əsasında və əvəzli qaydada qarşı tərəfin istifadəsində olub. Əmlak icarəyə verilməyıb, istifadə etdikdən sonra pul ödənilməli idi, lakin hər hansı ödəniş aparılmayıb və faktiki olaraq əvəzsiz istifadədə olub. Şifahi razılıq əsasında qərara gəlinmişdir ki, texnikalar qarşı tərəfə verilsin, onun müqabilində isə qarşı tərəf avtomaşınlar və pul verməli idi. Müqavilədə İddiaçı MMC-nin adından iştirak edən şəxs həmin vaxt İddiaçı MMC-də işləməyib və müqavilə üzrə hər hansı məbləğdə pulu MMC-yə ödəməyib. İddiaçı MMC və Cavabdeh MMC birlikdə fəaliyyət göstərmişlər və bir anbardan istifadə etmişlər. Ona görə də, MMC-nin möhürü həmin anbarda olmuş və qarşı tərəf ondan istifadə etmək imkanına malik olmuşdur. İddiaçı “xxxx” MMC öz iddia tələblərini onunla əsaslandırmışdır ki, “xxxx” MMC ilə Cavabdeh MMC bir neçə il birlikdə fəaliyyət göstərmiş, yükdaşıma və bu kimi digər xidmətlər göstərmişlər. Daha sonra şirkətlər fəaliyyətlərini ayıraraq müstəqil şəkildə fəaliyyət göstərməyə qərar vermişlər. Bu zaman onlara məxsus avtokranın Cavabdeh MMC tərəfindən qanunsuz şəkildə ələ keçirildiyi məlum olmuşdur. Belə ki, xx xxxxxx 2016cı il tarixində “xxxx” MMC ilə Cavabdeh MMC arasında saxta nəqliyyat vasitəsinin alqısatqısı müqaviləsi bağlanmışdır. Məlum olmuşdur ki, saxta müqaviləyə görə alıcı Cavabdeh MMC satıcı “xxxx” MMC-yə müqavilənin məbləği olaraq 15.000 manat pulu ödəmişdir. Lakin bu müqavilə tərəflərindən bağlanmadığı və 15.000 manat ona ödənmədiyi üçün etibarsız hesab olunmalıdır. Belə ki, müqavilədə alıcı qismində X4 göstərilmişdir. Lakin həmin şəxsin “xxxx” MMC ilə heç bir əlaqəsi yoxdur və MMC tərəfindən belə bir müqavilənin imzalanması üçün həmin şəxsə səlahiyyət verilməmişdir. Müqavilədə öz əksini tapan möhür zahirən «xxxx” MMC-yə məxsus olsa da, imza “xxxx” MMC-nin səlahiyyətli şəxsi tərəfindən icra edilməmişdir. Cavabdeh MMC həmin iddialara etiraz edir və iddia müddətinin tətbiqi barədə ərizələrlə məhkəməyə müraciət edərək, bildirir ki, alqı-satqı müqavilələri qanunvericiliyin tələbinə uyğun olaraq tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmişdir. Qeyd olunan müqavilələr üzrə alqı-satqı əməliyyatları aparılmış və nəqliyyat vasitələri üzərində Cavabdeh MMC-nin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bundan başqa iddiaçıların həmin müqavilələrdən xəbərlərinin olmamasına dair iddiaları əsassızdır. Belə ki, artıq 3 ildən çoxdur ki, həmin nəqliyyat vasitələri cavabdehin mülkiyyətindədir. Odur ki, iddia tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində, eləcə də həmin Məcəllənin 165.2-ci maddəsində nəzərdə tutulmuş müddətləri ötürülməklə verildiyindən rədd edilməlidir. Üçüncü şəxs X14 bildirir ki, iddiaçı şirkətin rəhbərliyinin xahişi ilə etibarnamə əsasında yaşadığı yer ora yaxın olduğundan müqaviləni rəsmiləşdirmiş, alıcı qismində çıxış etmiş, müqavilə bağlanan zaman ona pul verilməmiş, şirkətlər öz aralarında əvvəlcədən razılaşmış, İsmayıl Xasaylının səlahiyyətli olub-olmamasından və pulu alıbalmamasından məlumatı olmamış, möhür sonradan həmin rəsmiləşdirmə yerinə gətirilmişdir. Üçüncü şəxs X4 bildirir ki, o, İddiaçı MMC və “xxxx” MMC tərəfindən çıxış edərək müqavilələrə imza etmiş, tərəflər əvvəlcədən razılaşmış, ona etibarnamələr və möhürlər verilmiş, rəsmiləşmə qurtardıqdan sonra etibarnamələri, möhürləri və ona verilmiş zərfləri iddiaçı şirkətə vermişdir. O, hal-hazırda Cavabdeh MMC-də işləyir, lakin müqavilə bağlanan zaman heç yerdə işləmirdi. Məhkəmə kollegiyası hesab edir ki, hər iki iddia rədd edilməlidir. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Əqdlərin etibarsız hesab edilməsi əsasları isə Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmişdir. İddiaçılar ilk olaraq əqdin iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtin pozulduğunu iddia edirlər. Belə ki, onlar bildirirlər ki, mübahisələndirilən alqı-satqı müqavilələri onlar tərəfindən səlahiyyət verilməmiş şəxs tərəfindən imzalanmışdır. Bu əsaslarla əqdin mübahisələndirilməsi Mülki Məcəllənin 337.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddələrin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır (337.1). Lakin kollegiya hesab edir ki, hazırki işdə həmin nəticəyə gəlmək üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, mübahisəli avtokranların alqı-satqı müqavilələrini müvafiq olaraq İddiaçı MMC-nin və “xxxx” MMC-ninadından X6 imzalanmışdır. Lakin iş materiallarında X3 həmin hüquqi şəxslərin adından alqı-satqı müqavilələrini imzalamaq səlahiyyəti verən hər hansı bir etibarnamə mövcud deyildir. Bununla yanaşı həmin sənədlərdəki möhür əkslərinin müvafiq olaraq İddiaçı MMC və “xxxx” MMC-yə məxsus olması faktı iddiaçıların qanuni nümayəndəsi -direktoru tərəfindən mübahisələndirilmir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan müqavilələrdə möhürün həqiqiliyi təsdiq edildiyi halda həmin sənədlərin müqavilədə hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədlərin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Belə ki, məhkəmə iclasında iddiaçıların nümayəndəsi müqavilələrdəki möhürün iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə mübahisələndirilən müqavilələrdə olan möhür əkslərinin mötəbərliyi öz təsdiqini tapmışdır. İddiaçılar həmin dövrdə möhürlərin oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut təqdim etməmişdir. Bu baxımdan iddiaçıların nümayəndəsinin “müqavilələrdəki möhür iddiaçıların vəzifəli şəxsləri tərəfindən deyil, başqa bir şəxs tərəfindən ələ keçirilərək vurulduğu” barədə dəlili açıq-aşkar əsassızdır. Çünki, məhz sonuncu hüquqi şəxsin rəhbəri kimi möhürün üçüncü şəxslərin qanunsuz istifadəsinə yol verməməyə məsul olmuşdur. Bu baxımdan mübahisələndirilən müqavilələrdə olan möhürlərin müvafiq olaraq İddiaçı MMC və “xxxx” MMC-nin səlahiyyətli şəxsi tərəfindən vurulduğu müəyyən edilir. Yaranmış vəziyyətdə isə müqavilələrdə imzanın həmin səlahiyyətli şəxs tərəfindən icra edilməməsi onların etibarlılığını birmənalı şübhə altına almır. Əgər həmin müqavilələr imzalandıqdan sonra hüquqi şəxsin rəhbəri tərəfindən möhürlə təsdiq edilmişdirsə belə çıxır ki, hüquqi şəxsin təmsilçisi müqaviləni bəyənmişdir. Yaxud əgər hüquqi şəxsin təmsilçisi imzalanmamış müqaviləni qabaqcadan öz möhürü ilə təsdiq etmişdirsə, yenə də təmsilçi imzanın hər hansı şəxs (ixtiyarlı və ya ixtiyarsız) tərəfindən imza ediləcəyini göz altına alaraq müqaviləni, o cümlədən onu imzalayacaq şəxsin imzasını öncədən təsdiq etmiş (bəyənmiş), müqavilə imzalandığı andan qüvvəyə minmişdir. Belə ki, Mülki Məcəllənin 360.1-ci maddəsinə görə əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Həmin Məcəllənin 360.2-ci maddəsində isə təsbit olunmuşdur ki, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Eyni zamanda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi digər dəlil müqavilələr üzrə pulun ödənilməməsindən ibarətdir. Lakin həmin dəlillər Mülki Məcəllənin 337.1 və 339-350-ci maddələrində göstərilmiş əqdlərin etibarsız hesab edilməsi şərtləri və əsaslarından heç birinə aid deyildir. Bununla bağlı kollegiya qeyd edir ki, həmin dəlillər alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün deyil, Mülki Məcəllənin 421.2-ci maddəsinin tələblərinə uyğun olaraq (müqavilə şərtlərinin əhəmiyyətli dərəcədə pozulması) müqavilənin ləğvi üçün əsas ola bilər. Eyni zamanda xx.xx.2016-cı il tarixli və xx.xx.2016-cı il tarixli kassa məxaric orderlərinə əsasən müqavilələrdə göstərilən məbləğlər İsmayıl Xasayevə ödənilmişdir. Müqavilələrdəki qiymətlərə dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alqı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bundan başqa iş materiallarından göründüyü kimi İddiaçı MMC bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və hər dəfə istinad etdiyi halların əsaslarını dəyişmişdir. Belə ki, İddiaçı MMC alqı-satqı müqaviləsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığını və tərəflər arasında alqı-satqı ilə bağlı hər hansı bir razılaşmanın olmadığını bildirsə də, ilk dəfə verdiyi iddia ərizəsində əvvəlcə tərəflər arasında şifahi qaydada nəqliyyat vasitəsinin alqı-satqısının olduğunu qeyd etmişdir. Bundan başqa İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2019-cu il tarixli pretenziya məktubunda qeyd olunmuşdur ki, “Liebherr” markalı avtokran Cavabdeh MMC-yə satılmasına baxmayaraq, ödəniş həyata keçirilməmişdir. Ona görə də satılmış avtokranların ödənişinin icra edilməsi, ödəniş 1 həftə ərzində həyata keçirilmədiyi halda isə məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin istinad etdiyi dəlillər biri digərini təkzib edir. Həmçinin iddiaçılar tərəfindən Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş etibarsız əqdlər üzrə müddətlər ötürülmüşdür. Çünki mübahisələndirilən alqı-satqı müqavilələri xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixlərdə bağlanılmışdır. Hazırkı iş üzrə iddia ərizələri isə müvafiq olaraq 2019-cu ilin mart və avqust aylarında verilmişdir. Halbuki Mülki Məcəllənin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İddiaçılar isə mübahisəli alqı-satqı müqavilələrindən məlumatlı olmalı idilər. Çünki həmin müqavilələrin predmeti olan avtokranlar müqavilələr bağlandığı vaxtdan hazıra kimi cavabdehin sahibliyindədir. Həmçinin iddiaçılar hər il özündə müəssisənin balansını əks etdirən vergi bəyannaməsi təqdim edən hüquqi şəxslərdir. Belə olan halda isə mübahisəli avtokranların alqı-satqı müqavilələri üzrə onların mülkiyyətindən çıxmasından məlumatlı olmalı idilər. Bu baxımdan kollegiya hesab edir ki, mübahisələndirilən müqavilələrin etibarsız hesab edilməsi tələbləri Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən etibarsız əqdlər üzrə müddətlər ötürülməklə verildiyinə görə də rədd edilməlidir. Hazırkı tələblərə iddia müddətinin tətbiq edilməməsi ilə bağlı iddiaçıların istinad etdiyi dəlillər isə əsassızdır. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamələri qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnamələrinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-521/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi və e-2-2(82)-955/2019 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-168/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-168/2020
16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver