Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-17/2023 23.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “kompensasiyanın və vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan – ha torpaq sahəsində yerləşən 64 nömrəli, 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24.2 kv.m əsas, - kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə X2 adına xx.xx.2006-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 977 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: 1********).
2. Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində mülkiyyətində olan 0,20998 ha torpaq sahəsində yerləşən 62 nömrəli 1524,9 kv.m ümumi, 958,6 kv.m əsas, 566,3 kv.m köməkçi sahədən ibarət 1, 2 və 3 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin adına xx.xx.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 22 nömrəli reyestr kitabının 1996 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
3. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 18 may 2009-cu il tarixli, 180 nömrəli Sərəncamı ilə "xxxx" MMC-yə “Aypara sarayı və şəhərciyi”nin layihələndirilməsinə icazə verilmişdir. Sərəncamda deyilir ki, ünvan 1 ünvanda özünəməxsus 2,19 ha torpaq sahəsində (DƏDRX-nin xx.xx.2008-ci il tarixli, ******* saylı; xx.xx.2007-ci il tarixli, ******* saylı; xx.xx.2008-ci il tarixli, ******* saylı; xx.xx.2008-ci il tarixli, ******* saylı və xx.xx.2009-cu il tarixli, ******* saylı çıxarışları) həmin şəhərciyin layihələndirilməsinə icazə verilir. Sonrakı 03 oktyabr 2013-cü il tarixli və xx.xx.2016-cı il tarixli sərəncamlar da "xxxx" MMC ilə bağlı olmuş və şəhərciyin layihələndirilməsi üçün ayrılmış torpaq sahəsinin ölçüləri müəyyən edilmişdir.
4. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 2016-cı il tarixli, 16/135 nömrəli İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin Ayrıc Aktı verilmişdir. Həmin akta əsasən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, 180 nömrəli və xx.xx.2016-cı il tarixli, 516 nömrəli sərəncamlar əsasında ünvan 2 ünvanda 12,8351 ha torpaq sahəsi "xxxx" MMC-yə “Aypara saray və şəhərciyi” kompleksinin tikintisi üçün icarəyə verilmişdir.
5. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısı tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 314 nömrəli Azərbaycan Respublikası Nazirləlr Kabinetinin 12 yanvar 2015-ci il tarixli, 6 saylı qərarına uyğun olaraq tikinti obyektlərinə dair şəhərsalma əsaslandırılmalarının təsdiq edilməsi haqqında Sərəncam 60/62 saylı ünvanda Cavabdeh MMC tərəfindən tikintisi nəzərdə tutulan «Aypara sarayı və şəhərciyi» kompleksi ilə bağlı olmuşdur.
6. Hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 62 saylı torpaq sahəsi (0,1920 ha) tam mülkiyyət hüququ üzrə "xxxx" MMC-nin mülkiyyətindədir və onun adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********), habelə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir (şəhadətnamə №A707950).
7. 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(81)-849/2015 saylı qərarı ilə iddiaçı X2 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinə qarşı “280950 manat məbləğində kompensasiyanın ödənilməsinin cavabdehlərə həvalə edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən kompensasiya və dəymiş maddi ziyana görə 831600 manat, mənəvi ziyana görə 100000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçı Mülki-Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılmasına dair” ərizə verərək, Cavabdeh MMC-dən kompensasiya və dəymiş maddi ziyana görə 833211 manat, mənəvi ziyana görə 200000 manat, dövlət rüsumuna görə ödənilən 30 manat və hüquqi yardıma görə 500 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı bildirir ki, 2010-cu ilin oktyabr ayında mülkiyyətində olan qeyri-yaşayış sahəsi (yeməkxana) qanunsuz olaraq cavabdeh tərəfindən sökülmüş və içərisində olan əşyalar qarət edilmişdir. İddiaçı qeyri-yaşayış sahəsinə və altında olan torpaq sahəsinə görə qanunla düşən kompensasiyanı bu günə kimi ala bilməmişdir. Çoxsaylı müraciətlər olunmuş, lakin heç bir cavab alınmamışdır. Əmlakının bazar qiymətinin 20 faizi miqdarında əlavə kompensasiya ödənilməlidir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona aşağıdakı məbləğdə ziyan dəymişdir. Sökülən obyektin 2010-cu ilin oktyabr ayına bazar dəyəri 280000 manat olmuşdur. 280.000 x 20% = 56000 manat. Beləliklə, sökülən obyektinə görə 336000 manat (280000+56000= 336000) ziyan dəymişdir. Məhv edilmiş avadanlıqlara və mebelə görə ona 20000 manat ziyan dəymişdir. 336000 manat o dövrdə 262080 ABŞ dolları təşkil edirdi (1 dollar 0,78 qəpik idi). O vaxtdan sonra Azərbaycan Respublikasında 2 devalvasiya baş verib və hazırda 1 dollar 1 manat 70 qəpik təşkil edir. Ona görə də, 445536 ABŞ dolları bu günə olan məzənnə ilə 757411 manat təşkil edir. Bundan əlavə həmin obyekt-yeməkxana ona gəlir gətirirdi və 2010-cu ilin oktyabr ayından bu günə kimi 10 il 4 aydır (124 ay) ki, iddiaçı gəlirindən qalmışdır. Yeməkxana ayda 400- 500 manat, orta hesabla 450 manat ona gəlir verirdi. Bununla bağlı ona 55.800 manat ziyan dəymişdir (124 ay x 450 manat = 55800 manat). Bundan əlavə uzun müddətdir ki, mülkiyyətinin məhv edilməsi ilə bağlı sarsıntılar keçirir, sinir sistemi tamamilə pozulmuş, uzun müddət cavabdehi müəyyən edə bilmədiyi üçün gərginliklər yaşamış, anası stresdən dünyasını dəyişmiş və ona dəymiş mənəvi ziyanı 200000 manat məbləğində qiymətləndirir.
11. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ona ayrılmış torpaq sahəsində bütün söküntü işləri onlar tərəfindən həyata keçirilmiş və bununla əlaqədar olaraq kompensasiya ödənilmişdir. İddiaçı tərəfin qeyd etdiyi qeyri-yaşayış sahəsi isə Cavabdeh MMC-yə ayrılmış ərazidə yerləşmir və onlar tərəfindən sökülməmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-60/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
13. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə verilmiş rəylərdən, arxiv əsaslarında texniki pasportda döngə nöqtələri əks olunmadığından və mübahisəli obyekt söküldüyü üçün koordinatların verilməsi mümkün olmamışdır. Lakin texniki pasportun cizgisində şərti istinaddan görünür ki, sözügedən daşınmaz əmlak Bayıl Gömrük binasının (Neftçilər prospekti 62) yaxınlığında, Neftçilər prospekti ilə 20 metr yolun kənarında yerləşir. Bu vəziyyət iddiaçıya məxsus əmlakın texniki pasportunun situasiya planında aydın şəkildə öz əksini tapmışdır. İddiaçıya məxsus əmlak yolun davamında, Neftçilər prospekti 64 ünvanında yerləşmişdir. Göündüyü kimi, ünvanlar arasında uyğunsuzluq var. Eyni zamanda kimin tərəfindən söküldüyü müəyyənləşdirilməmişdir. İddiaçıya məxsus olmuş sözügedən əmlakdan 20 metr aralıda isə "xxxx" MMC-yə məxsus yerləşir. İddiaçıya məxsus sökülmüş əmlak cəmiyyətə ayrılmış və hasarlanmış torpaq sahəsinin daxilində yerləşmir. Cavabdeh MMC-nin təsisçisi "xxxx" MMC-dir və 100% paya malikdir. Əmlak cəmiyyət tərəfindən sökülmədiyi üçün, istənilən kompensasiya tələbi əsassızdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkilləri Nümayəndə1 və Nümayəndə2 və nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
20. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir.
23. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
24. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir.
25. Belə ki, iddiaçı bildirir ki, mülkiyyətində olan Bakı şəhəri Neftçilər prospekti 64 ünvanında yerləşən və 24.2 kv.m ibarət olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən qanunsuz olaraq sökülmüş və ona zərər dəymişdir.
26. Bununla yanaşı, o, həmin qeyri-yaşayış sahəsinin məhz Cavabdeh MMC tərəfindən sökülməsi ilə bağlı sübutları təqdim etməmişdir.
27. Cavabdeh isə bildirir ki, Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsində bütün söküntü işləri onlar tərəfindən həyata keçirilmiş, lakin iddiaçı tərəfin qeyd etdiyi qeyri-yaşayış sahəsi həmin ərazidə yerləşmir və onlar tərəfindən sökülməmişdir.
28. Bu baxımdan kollegiya hesab edir ki, iddianın əsaslı hesab edilməsi üçün sübut olunmalıdır ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsi məhz Cavabdeh MMC-yə ayrılmış torpaq sahəsində yerləşmişdir.
29. Qeyd olunanların araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 17 dekabr 2020-ci il tarixli, 10/811 saylı ekspert rəyi verilmişdir.
30. Həmin rəydə qeyd olunmuşdur ki, tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş texniki pasportun, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin məlumatlarını nəzərə alaraq, İddiaçı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən edilmişdir.
31. Həmin rəyi vermiş ekspert İlham Xudiyev birinci instansiya məhkəməsinin iclasında dindirilmiş və bildirmişdir ki, təqdim edilmiş sənədlərə və iddiaçının iddia etdiyi əraziyə əsasən ölçmə işləri aparılmış və müəyyən olunmuşdur ki, iddiaçıya məxsus qeyri-yaşayış sahəsi bütünlükdə Cavabdeh MMC-nin faktiki istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşir.
32. Cavabdehin nümayəndəsi isə ekspertin izahatına etiraz edərək, iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin Cavabdeh MMC-yə ayrılan torpaq sahəsində deyil, Bakı bulvarına aid ərazidə yerləşdiyini bildirmiş və iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsini xahiş etmişdir.
33. Həmin vəsatət əsasında birinci instansiya məhkəməsi tərəfindən iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 iyul 2021-ci il tarixli, 10/1547 saylı ekspert rəyi verilmişdir.
34. Həmin rəydə qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********40 saylı 05 noyabr 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən İddiaçı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi halhazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Bakı şəhər İcra Hakmiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin xx.xx.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyriyaşayış sahəsinin texniki pasport sənədində koordinatları qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, İddiaçı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsindəki 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinin bütünlüklə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
35. Kollegiya hesab edir ki, həmin ekspert rəyləri kifayət qədər aydın və tam deyildir.
36. Belə ki, ekspertlər ünvan və koordinatlar üzrə deyil, iddiaçının iddia etdiyi və naturada göstərdiyi məlumatlara əsasən rəy vermişlər.
37. Bu hallar nəzərə alınaraq, Bakı Apelyasiya Məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 23 sentyabr 2022-ci il tarixli ekspert rəyi verilmişdir.
38. Həmin rəydə də qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********40 saylı 05 noyabr 2020-ci il tarixli mütəxəssis rəyinə və baxış zamanı əldə olunmuş məlumatlara əsasən, İddiaçı xx.xx.2006-cı il tarixli çıxarışa əsasən iddia etdiyi və naturada göstərdiyi hal-hazırda sökülmüş qeyri-yaşayış sahəsinin yerinin Cavabdeh MMC-nin istifadəsində olan Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 16/135 nömrəli 2016-cı il tarixli ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Lakin xx.xx.2006-cı il tarixli çıxarışa əsasən İddiaçı Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospektində istifadədə olan torpaq sahəsində yerləşən, mülkiyyətində olmuş 64 nömrəli 1 mərtəbəli binanın 1-ci mərtəbəsində 24.2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsi faktiki olaraq söküldüyündən və həmin qeyriyaşayış sahəsinin texniki pasport sənədində koordinatlar qeyd olunmadığından, sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi yerin koordinatlarını dəqiqliklə müəyyən etmək mümkün olmamışdır.
39. Rəydən göründüyü kimi ekspert təkrarən onun qarşısında qoyulmuş suala uyğun olaraq məhz ünvan (onun koordinatları) üzrə tədqiqat aparmamış, iş materiallarında olan sənədlər və iddiaçının verdiyi məlumatlara əsasən rəy vermişdir.
40. Qeyd olunanlar nəzərə alınaraq, Bakı Apelyasiya Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə əlavə mühəndis-texniki ekspertizası təyin edilmiş və ekspertlərin diqqətinə çatdırılmışdır ki, tədqiqat iş materiallarında olan sənədlər və ya iddiaçının verdiyi məlumatlara əsasən deyil, məhz Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanı, yəni həmin ünvanın Bakı şəhərinin planındakı koordinatları üzrə aparılmalıdır.
41. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 22 fevral 2023-cü il tarixli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məhkəməyə daxil olmuşdur.
42. Həmin məlumatda qeyd olunmuşdur ki, məhkəmə tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır. Qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün tədqiqat obyektinə baxış keçirilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın mütəxəssis rəyinin Mərkəzə təqdim edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə 02 dekabr 2022-ci il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən mütəxəssislərin iştirakı ilə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin olunmuş və göstərilən tarixdə mütəxəssilərin iştirakı ilə baxış keçirilmişdir. xx.xx.2023-cü tarixdə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, tədqiqat obyekti olan qeyri-yaşayış sahəsinin tanıdılmaması səbəbindən çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Əlavə olaraq bildirir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiqləşdirmək mümkün olmadı. Belə ki, həmin ərazidə söküntü-yenidənqurma işləri aparılıb və əvvəlki daşınmaz obyektlərinin elektron baza məlumatları olmayıb. Bununla əlaqədar olaraq qeyd olunur ki, təqdim olunmuş mütəxəssis rəyində qərardadda qoyulmuş suallar cavablandırılmamışdır. Bu səbəbdən də qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmadı.
43. Göründüyü kimi iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin koordinatları mövcud olmadığından onun cavabdehə ayrılmış torpaq sahəsində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır.
44. Bununla yanaşı, iş üzrə verilmiş ekspert rəylərində göstərilmişdir ki, tədqiq olunan qeyri-yaşayış sahəsinə dair tərtib olunmuş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyinin və mübahisələndirilən ərazinin 2008-ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin və texniki pasportun məlumatlarını nəzərə alaraq, iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin bütünlüklə cavabdehin adına 2016-cı ildə verilmiş ayrıc aktında göstərilən torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi müəyyən olunur.
45. Ekspert rəylərində istinad olunan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisi tərəfindən tərtib edilmiş rəyə əlavə olunan sxemlərdə isə iddiaçının mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin dəqiq yeri müəyyənləşdirilərkən “iddiaçının iddia etdiyi və naturada göstərdiyi koordinat” və “iddiaçının iddia etdiyi koordinat” ifadələri qeyd edilmişdir (cild 1, i/v 130-136).
46. Bundan əlavə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının balansında və X2 icarəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 69 ünvanında yerləşən 24,2 kv.m ümumi, 24,2 kv.m əsas sahədən ibarət qeyri-yaşayış sahəsinə dair Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Dövlət Əmlakının İnventarlaşdırılması İdarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, texniki pasportda koordinatlar və ya istinad nöqtələri, habelə miqyas göstərilməmişdir (cild 1, i/v 107-115).
47. Belə olan halda, tədqiqat zamanı mütəxəssis və ekspert tərəfindən həmin texniki pasportdan hansı qaydada istifadə etmələri aydın deyil.
48. Qeyd edilən məsələlərin, habelə tədqiqat zamanı mübahisələndirilən ərazinin 2008ci, 2010-cu, 2011-ci, 2013-cü, 2018-ci və 2020-ci illərin peyk görüntülərinin hansı qaydada istifadə etmələrinin müəyyən edilməsi üçün iş üzrə rəy vermiş mütəxəssis İlham Şərifov və ekspertlər Xəyyam İsgəndərov və Təhmasib Kərimov məhkəmə iclasına dəvət olunmuşlar.
49. Həmin mütəxəssis və ekspertlər bildirmişlər ki, mübahisəli qeyri-yayış sahəsinin dəqiq koordinatları və texniki pasportda istinad nöqtələri və ya miqyas göstərilmədiyinə görə həm peyk görüntülərində, həm də rəyə əlavə olunmuş sxemdə qeyd olunan qeyri-yaşayış sahəsinin yerini iddiaçının göstərdiyi yerə görə müəyyən etmişlər. Həmin ərazinin sxematik xəritəsi və ya baş planı təqdim edilsə peyk görüntülərinə əsasən mübahisəli qeyri-yaşayış sahəsinin dəqiq yerini müəyyən etmək olar.
50. Məhkəmə iclasında tərəflərin, mütəxəssis və ekspertin iştirakı ilə iş materiallarında olan peyk görüntülərinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, mübahisəli qeyri-yaşayış sahəsinin texniki pasportunda göstərilən Bakı Gömrük İdarəsinə yaxın ərazidə bir neçə tikili mövcüd olmuşdur. Baxış zamanı iddiaçının nümayəndəsinin görsətdiyi tikili cavabdehə ayrılmış ərazidə, cavabdehin nümayəndəsinin görsətdiyi tikili isə həmin ərazidən kənar yerləşir. Lakin həmin tikililərin hansının iddiaçının mülkiyyətində olan tikili olmasını müəyyən etmək olmamışdır.
51. Bu məqsədlə, yəni dəqiq koordinatların müəyyən edilməsi və ekspert rəyinin verilməsi üçün şərait yaratmaq məqsədilə iddiaçı tərəfin vəsatətinə əsasən hazırki apellyasiya baxışı zamanı sözügedən ərazinin sxematik xəritəsinin və baş planının məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq orqanlara sorğular göndərilmişdir.
52. Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin 01 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, sorğu edilən məsələyə dair Cəmiyyətdə hər hansı məlumat aşkar edilməmişdir.
53. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 12 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvan nömrəsinin elektron xəritə məlumatlarında yerləşməsini dəqiqləşdirmək mümkün olmamışdır (həmin ərazidə söküntü-yenidənqurma işləri aparılmışdır və əvvəlki daşınmaz obyektlərinin elektron baza məlumatları olmamışdır). Eyni zamanda bildirirlər ki, sözügedən məsələ ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə **********40 nömrəli xx.xx.2020-ci il tarixli məktubla ətraflı məlumat verilmişdir.
54. Bakı Şəhəri İcra Hakimiyyətinin 03 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2018-ci il tarixli, 226 saylı Fərmanına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildiyindən və idarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanıldığından, qaldırdılan məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etmək məqsədəuyğundur.
55. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 12 may 2023-cü il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 314 nömrəli Sərəncamının 1.51-ci bəndi ilə ilə təsdiq edilmiş ünvan 2 ünvanında Cavabdeh MMC tərəfindən tikintisi nəzərdə tutulan “Aypara Saray və şəhərciyi” kompleksinə dair tikinti ərazisinin baş planının və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinə dair 16/135 nömrəli ayrıc aktının surətləri göndərilir. Əlavə olaraq bildirilir ki, müraciətdə qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 64 ünvanı ilə bağlı Komitə arxivində heç bir sənəd aşkar olunmamışdır və sözügedən ərazi ilə bağlı Komitədə saxlanılması ehtimal edilən hər hansı digər “sxematik xəritə” qanunvericilikdə nəzərdə tutulmamışdır.
56. Göründüyü kimi, məhkəmə tərəfindən iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin dəqiq koordinatlarının və yerləşməsi yerinin müəyyən edilməsi məqsədilə mümkün olan bütün hərəkətlərin edilməsinə baxmayaraq, bunun müəyyən edilməsi mümkün olmamışdır.
57. Qeyd olunan sorğulara cavab məktubları məhkəməyə daxil olduqdan sonra keçirilən məhkəmə iclasında iştirak edən mütəxəssis İlham Şərifov da bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazinin sxematik xəritəsi təqdim edilmədiyinə görə həmin qeyri-yaşayış sahəsinin dəqiq yerini və cavabdehə ayrılmış sahə daxilində yerləşib-yerləşmədiyini müəyyən etmək mümkün deyil.
58. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia təmin edilə bilməz.
59. Çünki iddiaçı tərəfindən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin məhz cavabdeh tərəfindən sökülməsi ilə bağlı sübutlar təqdim edilməmiş və o, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
60. Həmin qeyri-yaşayış sahəsinin cavabdehə ayrılmış torpaq sahəsi daxilində yerləşməsi isə müəyyən edilməmişdir.
61. Eyni zamanda, iddiaçının özünün bildirdiyi məlumatlar əsasında verilmiş mütəxəssis və ekspertlər rəyləri həmin faktı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz.
62. Çünki mübahisəli qeyri-yaşayış sahəsinin dəqiq koordinatları mövcüd olmadığına görə iddiaçının verdiyi məlumatların düzgünlüyü təsdiq olunmur.
63. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya zərərin vurulması sübut olunmur. Ona görə də, cavabdehə qarşı irəli sürülmüş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia rədd edilməlidir.
64. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
65. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-60/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan cəmi 100 manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn