Məhkəmə qərarları › İş №2-2(103)-173/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-173/2021

23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-173/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1902/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İB Cavabdeh MMMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 26525,41 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1902/2020 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh MMMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMMC-nin idarə heyətinin sədri tərəfindən İddiaçı İB-yə olan borcdan müəyyən ödənişlər həyata keçirilməsi məhkəməyə bildirilsə də, məhkəmə bunu nəzərə almamışdır. Belə ki, qətnamə qəbul olunan günə cavabdehin cəmi 14387,89 manat borcun qaldığı halda, məhkəmə 26525,41 manatın cavabdehdən tutulmasını qət etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ödənilməmiş 26525,41 manat borcu yoxdur. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2020-ci il tarixə 26525,41 manat borcu yaranmışdır. Cavabdeh iddiaya etiraz edir və öz etirazını apellyasiya şikayətində göstərilənlərlə əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən cavabdeh istehlak etdiyi qazın dəyərinin ödənilməsi öhdəliyini daşıyır. Hazırki işdə də cavabdehin həmin öhdəliyi tam icra etməməsi müəyyən edilir. Çünki iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, cavabdeh tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilsə də, borc tam olaraq ödənilməmişdir. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi ödəniş tapşırıqlarından müəyyən edilir ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə ayrı-ayrıqlıqda 2000 manat, 1113,56 manat, 200,44 manat, xx.xx.2020-ci il tarixdə 2000 manat, xx.xx.2020-ci il tarixdə 4000 manat, xx.xx.2020-ci il tarixdə 1076,44 manat və 193,76 manat, xx.xx.2020-ci il tarixdə 2750 manat və 1935,12 manat, xx.xx.2020-ci il tarixdə 182, 2 manat və 1012,2 manat, xx.xx.2020-ci il tarixdə 6700 manat, xx.xx.2020-ci il tarixdə 1131,7 manat məbləğində ödənişlər edilmişdir. Həmçinin həmin ödəniş tapşırıqlarında xx.xx.2020-ci il tarixdə həyata keçirilən 1076,44 manat ödənişin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası istifadə edilən qaz sərfiyyatı üçün, xx.xx.2020-ci il tarixdə həyata keçirilən 1012,2 manat ödənişin xx.xx.2020xx.xx.2020-ci il tarixləri arası istifadə edilən qaz sərfiyyatı üçün, xx.xx.2020-ci il tarixdə həyata keçirilən 1131,7 manat ödənişin xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arası istifadə edilən qaz sərfiyyatı üçün ödəniş olduğu qeyd olunmuşdur. Hazırda isə iddiaçı xx.xx.2020-ci il tarixədək olan borcun cavabdehdən tutulmasını tələb etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixdən sonra istifadə edilən qaz sərfiyyatı üçün edilmiş ödənişlər hazırki işdə nəzərə alına bilməz. Həmin ödənişlər (xx.xx.2020-ci il tarixdə həyata keçirilən 1076,44 manat, xx.xx.2020ci il tarixdə həyata keçirilən 1012,2 manat, xx.xx.2020-ci il tarixdə həyata keçirilən 1131,7 manat) istisna olmaqla, cavabdeh tərəfindən həyata keçirilmiş digər ödənişlər hesablandıqda isə müəyyən olunur ki, onun tərəfindən ümumilikdə 21075,08 manat ödəniş həyata keçirilmiş, lakin həmin məbləğlər iddiaçı tərəfindən nəzərə alınmamışdır. Həmin ödənişlər nəzərə alındıqda isə müəyyən olunur ki, cavabdehin xx.xx.2020-ci il tarixədək olan borcu cəmi 5450,33 manat təşkil edir (26525,41 - 21075,08 = 5450,33). Bu baxımdan kollegiya hesab edir ki, 5450,33 manat məbləğində borc cavabdehdən alınaraq iddiaçıya ödənilməli, qalan hissədə isə iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh MMMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1902/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MMMC-dən 5450,33 manat məbləğində borc və 15 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı İB-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar