Məhkəmə qərarları › İş №2-2(103)-182/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-182/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-182/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4165/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən İddiaçı özünə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması tələb edilmişdir. Aktda istehlakçı İddiaçı tərəfindən imzalanmamşdır.

2. Qeyd edilən akta əsasən, Cavabdeh istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev, mühəndislər Vüsal Allahverdiyev, Orxan Cabbarlı və Ayvaz Bədəlov tərəflərindən abonent İddiaçı (abonent kodu: **********00015) barəsində tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, qaz işlədicilərindən su qızdırıcı qazanın (640.000 kkal/s) maksimal saatlıq qaz sərfi 80 m3 /saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 85 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyanın 81600 m3 qazın (81600 m3 x 0,25 manat = 20.400 manat) dəyərində olması müəyyən edilmişdir. Yoxlama zamanı çəkilmiş videogörüntü iş materiallarına əlavə edilmişdir.

3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879896 saylı çıxarışından görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə plandənkənar (növbədənkənar) yoxlama təyin edilmiş və yoxlamanın müddəti xx.xx.2022-xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

4. **********00015 saylı abonent İddiaçı (istixana) abonent saldosundan görünür ki, abonent su qızdırıcı qazandan (1/1) istifadə edir. 2022-ci ilin dekabrında abonentə akta əsasən 20.400 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər X3 tərəfindən qeyd edilən 20.400 manat cərimə borcunun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1, ev 15-də yerləşən tərəvəz bitkiləri yetişdirmək üçün istixana 2019-cu ildən fəaliyyətdədir. 2022-ci ilin yanvar ayından Cavabdeh İB ilə müqavilə bağlanılmış və həmin ünvana sayğac quraşdırılmışdır. Sayğac quraşdırılan gündən hər ay vaxtı-vaxtında qaz pulu ödənişlərini yerinə yetirmişdir. 2022-ci il dekabr ayında qaz istismar sahəsi işçiləri ünvana gələrək qaz sayğacına baxış keçirərək, guya ki, qaz sayğacına müdaxilə etdiyi üçün sayğaca giriş borusunu kəsib apardılar. Bir müddət sonra bildiriş (xəbərdarlıq) gətirib verdilər ki, guya qaz sayğacından kənar xətt aşkar olunub və cərimə olaraq 20.400 manat pul ödəməlidir. Heç bir akt yazılmadan, heç bir əsas olmadan əsassız şəkildə 20.400 manat borcunun olduğunu bildirdilər. O qaz pulunu vaxtı-vaxtında ödəmiş və sayğacdan kənar xətdən istifadə etməmişdir. Buna baxmayaraq Sabunçu rayon X1 əlavə olaraq 20.400 manat borc hesablayıb. Ən əsası isə odur ki, ona borc yazılana qədər hər ay o qaz pulunu ödəmişdir. O qaz sayğacına müdaxilə etməmişdir. O hesab edir ki, Bakı şəhər Sabunçu rayon X2 işçiləri tərəfindən tərtib edilən borclar ədalətsizdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4165/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia tələbi təmin edilmişdir.

8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı silinməsini tələb etdiyi 20.400 manat məbləğində borc abonentə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar itirilmiş təbii qaza görə qaz paylayıcıya dəymiş maddi zərərin əvəzi olaraq hesablanmışdır.

9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli borc Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın (bax. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akt, dəymiş ziyanın bərpasına dair 29 dekabr 2022-ci il tarixli tələbnamə, səsli video görüntünün qeyd edildiyi flash-disk) nəticəsi olaraq hesablandığı halda sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2022-ci il tarixli KY221879896 saylı çıxarışından isə görünür ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada sayğacın göstəricisinin oxunması zamanı sayğacdan kənar paylayıcının şəbəkəyə qanunsuz qoşulma halının və sayğacın göstəricisinin oxunma zamanı sayğaca müdaxilənin müəyyən edilməsi əsası ilə plandankənar (növbədənkənar) yoxlama təyin edilmiş və yoxlamanın müddətini xx.xx.2022-xx.xx.2022-ci il olaraq qeyd edilmişdir. Yoxlama xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır.

10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, İddiaçı silinməsini tələb etdiyi 20.400 manat məbləğində borcun hesablanmasına səbəb olmuş abonentə məxsus istixanada (Elster G65 markalı, zavod nömrəsi ********* olan) qaz sayğacından kənar təbii qazadan qeyri-qanuni şəkildə istifadə edilməsi ilə əlaqədar Cavabdeh İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixində keçirilmiş yoxlamanın Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığı müəyyən olunduğundan borcun silinməsi barədə iddia əsaslıdır.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4165/2023 nömrəli qətnaməsini ləğv edərək iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbində qeyd edilən borc iddiaçı tərəfindən bilərəkdən təbii qazdan qanunsuz faydalanması nəticəsində yaranmışdır. Birliyin əməkdaşları tərəfindən xidməti əraziyə baxış keçirilərkən iddiaçıya məxsus qeyriyaşayış sahəsində təbii qazdan qanunsuz istifadə edildiyi açkar edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə Qaydalarının pozulması haqqında” akt tərtib edilərək, iddiaçıya 20400 manat vurulmuş zərərin məbləği hesablanmışdır. Məhkəmə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsaslanaraq hesablanmış 20400 manat borcun silinməsini qət etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi cavabdehin təbii qazdan qanunsuz istifadə etməsi işin mübahisəsiz halıdır. Belə ki, abonent saldosuna baxdıqda aydın görmək olur ki, 2022-ci ilin dekabr ayında, yəni havaların kəskin soyuq olduğu vaxt və qanunsuz xəttin mövcud olduğu vaxt, sayğac göstəricilərinə əsasən təbii qazdan 1317 manat dəyərində istifadə olunduğu, lakin 2023-cü ilin mart ayında yəni artıq havaların kifayət qədər isti olduğu və ümumiyyətlə istixana mövsümünün başa çatdığı, eyni zamanda qanunsuz xəttin artıq mövcud olmadığı vaxt təbii qazdan 1848,25 manat dəyərində istifadə olunmuşdur. İstixananın ölçüləri və əktın növü dəyişmədiyi halda bu cür kəskin fərqin yaranması (qanunsuz xətt olmadığı təqdirdə) mümkün deyil. Bu hal aydın göstərir ki, iddiaçı təbii qazdan qanunsuz olaraq sayğacdan kənar istifadə etmişdir və bu azmış kimi məhkəmə bu halı nəzərə almamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

14. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu 3.5-ci maddə-sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. 3.5-1-ci maddə-qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 3.5-2-ci maddə-qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunu: 1.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 2.1-ci maddə-bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddə- dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddə- bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.4-cü bənd- Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bənd- sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin birinci instansiya məhkəməsi tərəfindən sübutlar əsasında müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, fərdi sahibkar İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən istixanada cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yoxlama keçirilmiş, obyektdə Elster G65 markalı, zavod nömrəsi ********* olan qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni şəkildə istifadə edildiyi aşkar edilərək “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt tərtib edilmiş, bu yoxlama barədə məlumat sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə xx.xx.2022-ci il tarixdə daxil edilmiş, yoxlamanın müddəti xx.xx.2022-ci ilədək müəyyən edilmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, yoxlayıcı orqan Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti subyekti olan İddiaçı məxsus istixanada xx.xx.2022-ci il tarixdə qaz təchizatı sisteminə baxış keçirilərkən yoxlama barədə dövlət reyestrində ç\lumat olmadığından, bu barədə məlumat yalnız iki gün sonra xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alındığından “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununu 3.5-ci maddəsinin və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun tələbləri pozulmuşdur. Qanuna görə qeydə alınmadan həyata keçirilmiş yoxlamanın hüquqi nəticəsi olmadığından xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 20400 mana borcun silinməsi barədə iddia əsaslı olmuşdur.

20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 4165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4165/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar