Məhkəmə qərarları › İş №2-2(103)-229/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-229/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-229/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 28.203,83 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh 25 iyun 2021-ci il tarixli xəbərdarlıq məktubu ilə iddiaçıya müraciət edərək 23.06.2021-ci il tarixinə istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə cavabdehə 28.203,83 manat ödənilməmiş borcunun yarandığını bildirmişdir. Həmin borc iddiaçı tərəfindən və təqsirindən yaranmadığından, bununla qəti razı deyildir. Belə ki, cavabdehə 05.07.2021-ci il tarixli məktubunda qeyd etmişdir ki, Azərbaycan Texniki Universiteti nəzdində ünvan 1 ünvanında, həmçinin kollecə məxsus 2 yataqxana Şərifzadə küçəsi 131A ünvanında yerləşir. Məlum səbəblərə görə, 1993-cü ildə həmin yataqxanalarda qaçqınlar və məcburi köçkünlər yerləşmişlər və hal-hazırda orada yaşayırlar. Onların digər qayğıları ilə yanaşı bütün kommunal xidmət, o cümlədən su istehlakına görə haqlar 2017-ci ilin 1 yanvar tarixinədək Azərbaycan Respublikası Məcburi X1 Dövlət Komitəsi tərəfindən qarşılanır və onların bütün kommunal xərcləri həmin komitə tərəfindən ödənilirdi. Yəni, 2017-ci il 1 yanvar tarixindən etibarən Kollecin yataqxanalarında məskunlaşmış hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxs üçün cavabdeh tərəfindən müvafiq qaydada sayğac quraşdırılmalı və həmin sayğacın göstəricilərinə görə onlardan borc yığılmalı idi. Cavabdehin iddia etdiyi 28.203,83 manat borc sırf Kollecin su istehlakına görə deyil, Kollecin qeyd olunan yataqxanalarında hazırda yaşamaqda davam edən məcburi köçkünlərin sudan istifadə etdiklərinə görə yaranmışdır. Kollecin istifadə etdiyi suya görə borcu Yasamal rayon Su kanal İdarəsi ilə 17 aprel 2021-ci il tarixdə təsdiq edilmiş 070149 saylı üzləşmə aktına əsasən 1504.03 manat təşkil edir ki, həmin qalıq borc vaxtaşarı hissə-hissə tərəfindən ödənilir. Cavabdeh tərəfindən ödənilməsi iddia edilən məbləğ adi məntiqlə də izah olunmur. Belə ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Yasamal rayon Su Kanal İdarəsi və Bakı Dövlət Rabitə və Nəqliyyat kolleci arasında təsdiqlənmiş 06.07.2019-cu il tarixli 070149 saylı üzləşmə aktına əsasən iddiaçının suya 1784,03 borcu olmuşdur. Lakin 03 oktyabr 2019-cu il tarixli akta əsasən iddiaçının borcu birdən-birə ağlabatan olmayan səviyyədə artırılaraq 27243,83 manata çatdırılmışdır. 06.07.2019-cu il tarixi ilə 03.10.2019-cu il tarixi arasında, yəni 3 ay ərzində su borcunun bu qədər artması qeyri-mümkündür. Cavabdehin iddiaçıya qarşı qeyri-qanuni hərəkətləri tək bununla bitmir. Belə ki, qeyd olunanlardan əlavə, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti Yasamal Rayon Su Kanal idarəsi 05.06.2021 tarixli 600569 saylı akta əsasən su təchizat və kanalizasiya xidmətlərindən qanunsuz istifadə haqqının ödənişi üçün ********* saylı 05.06.2021 tarixli hesab faktura təqdim etmiş və iddiaçını sudan guya qanunsuz istifadə etdiyi üçün 3010 manat məbləğində cərimə etmişdir. Həmin su anbarına gedən su kollecinə məxsus sayğac vasitəsilə doldurulur və iddiaçı həmin sudan istifadə etmir. Belə ki, kollecə su fasiləsiz olaraq istehlak olunur. Həm kollecə suyun fasiləsiz təchizini, həm də yanğın söndürmə su anbarına yığılan suyun pulunun onsuz da iddiaçı tərəfindən ödənildiyi nəzərə alınsa, həmin anbarda olan sudan istifadə etməsi absurddur. Cavabdeh yaranmış borcun ödənilməsini iddiaçıdan deyil, 2017-ci il 1 yanvar tarixinədək Azərbaycan Respublikası Məcburi X1 Dövlət Komitəsindən, həmin tarixdən sonra isə cavabdehin özünün quraşdırmalı olduğu və ya quraşdırdığı sayğacların göstəriciləri üzrə fərdi istehlakçılardan tələb etməlidir. Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Texniki Universitetin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə borc kimi yazılmış 24719,83 manat məbləğin silinməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi, 174,61 manat məbləğində dövlət rüsumunun 153,02 manat məbləğinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsinin qismən, iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 87.31 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30.1, 61.1-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.07.2014-cü il tarixli 262 №-li qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 4.1.3-cü bəndi, Mülki Məcəllənin 551.2.1 və 553.1.1-ci maddələri pozulmuş, düzgün tətbiq edilməmişdir. Mülki Məcəlləyə əsasən hissə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımın kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. 2016-cı il üzrə göstərilmiş xidmətdən 1701.79 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 1028 manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 1676 manat artıq ödəmələr həyata keçirilmişdir. Qeyd olunan faktlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəllərində də öz təsdiqini tapmışdır. Bundan əlavə iddiaçı 03 oktyabr 2019-cu il tarixində üzləşmə aktı imzalamaqla yaranmış borcu qəbul etmişdir. Göründüyü kimi iddiaçı tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə i qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmiş, əsassız olaraq 551.2.1-ci maddəni tətbiq etmişdir. Məhkəmə tərəfindən MPM-nin 77.1., 88, 175.1. -ci maddələri pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı tərəfindən işin düzgün həll olunmasında mühüm əhəmiyyət kəsb edən sübutlar, 03 oktyabr 2019-cu ildə tərtib edilmiş qalıq borcu özündə əks etdirən və iddiaçı tərəfindən imza ilə təsdiq edilən üzləşmə aktı, müvafiq illərdə iddiaçı tərəfindən edilmiş ödənişlərin əks olunduğu abonent məlumat vərəqəsi işə baxan məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfindən üzləşmə aktının imzalanması, 2016, 2019, 2020-ci illərdə artıq ödənişlərin edilməsi borcun etiraf edilməsini göstərən hərəkətlər olmaqla, öhdəliklərin xitamı üçün müddət axımını kəsmişdir. Lakin məhkəmə bu fakta öz qətnaməsində hüquqi qiymət verməyərək iddia tələbi üzrə borc məbləğini əsassız olaraq silmişdir. İşə baxılması 16.03.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni apellyasiya baxışının predmeti olan hissədə yoxlayaraq hesab edir ki, qətnamənin həmin hissədə qanuni və əsaslıdır. İş materiallarında olan abonent haqqında məlumatdan görünür ki, iddiaçının cavabdehə su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətləri üzrə 15 noyabr 2021-ci il tarixə olan borcu 24719,83 manat təşkil edir. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən Mülki Məcəllənin 550, 551.2.1-ci maddələrinə istinad etməklə belə nəticəyə gəlmişdir ki, olan 24719,83 manat borc məbləği 01.01.2016-cı il tarixədək yarandığından sudan istifadəyə görə ödənişlər vaxtaşırı ödəmələr olduğuna görə yarandığı tarixdən 5 il keçdikdən sonra öhdəlik xitam olunmuşdur. Cavabdeh apellyasiya şikayətində MM-nin 553.1.1-ci maddəsinə istinad edərək qeyd edir ki, iddiaçı 2016-cı il üzrə göstərilmiş xidmətdən 1701.79 manat, 2019-cu il üzrə göstərilmiş xidmətdən 1028 manat, 2020-ci il üzrə göstərilmiş xidmətdən 1676 manat artıq ödəmələr etmiş, bununla da tələbetmə müddətinin axımı kəsilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 553.1-ci maddəsinə əsasən aşağıdakı hallarda müddətin axımı kəsilir: 553.1.1. mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə; 553.1.2. ixtiyarlı şəxs məhkəməyə iddia verirsə. Apellyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı məhkəmə qeyd edir ki, abonent saldosunda olan məlumatlara əsasən məhkəmə tərəfindən silinmiş borc məbləği 24719,83 manat borc məbləği əslində 01.01.2010-cu il tarixədək yaranmış və iddiaçı 01.01.2010-cu ildən sonrakı 5 il ərzində həmin borc məbləği üzrə cari borcdan artıq ödəniş etmədiyindən borc üzrə öhdəlik artıq qanuna əsasən xitam olunduğu üçün iddiaçının 2016-ci ildən etibarən cari borcundan artıq ödənişlər etməsi tələbetmə müddətinin axımının kəsilməsinə əsas ola bilməz. Mülki Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsinə əsas olan hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verildiyi müəyyən edilməmişdir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin 09.12.2021-ci il tarixli e-2-2(113)-5558/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar