Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-241/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçı «İddiaçı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3654/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 29824,8 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Suraxanı ravonu 1 Hövsan qəsəbəsi Zeytun sovxozu adlanan ərazisində yerləşən "xxxx MMC-yə məxsus (kod:101212S00000055) istixanada qaz təchizatının dayandırılmasının Cavabdehnə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Qeyd edilən qərardaddan Cavabdeh tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-nin Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “iddianın təmin etmə tədbiri barədə” ərizə xx.xx.2020-ci il tarixli, e-2- 2(113)-3654/2020 saylı qərardadla təmin edilərək işə mahiyyəti üzrə baxılıb qurtaranadək “xxxx” MMC məxsus istixanaya qaz təchizatının verilməsinin dayandırılmasıCavabdehnə qadağan edilmişdir. Buradan iddiaçının niyyəti aydın görünür. Belə ki, qəbul edilmiş qərardada əsaslanaraq istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Göründüyü kimi, qəbul edilmiş qərardad “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir və cavabdehin hüquqlarını pozur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)- 3654/2020 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3654/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən şəxslərin mənafeləri arasında mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar qaz təchizatının dayandırılması iddiaçının qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)- 3654/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020ci il tarixli e-2-2(113)- 3654/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-241/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-241/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver