Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-242/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1728/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 60612,40 manat pul vəsaitinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1728/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı MTK həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X3 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı MTK tərəfindən ünvan 1 ünvanında 12-13-14 mərtəbəli 6 girişli yaşayış binası inşa edilmiş və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 38 saylı sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktı” ilə həmin yaşayış binasının birinci növbəsi kimi 4, 5 və 6-cı girişləri istismara qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdə həmin ünvanda “Alfasu” markalı 49748923 nömrəli su sayğacı quraşdırılmış, həmin sayğac üzrə ilkin göstərici 12699 m3, sonuncu göstərici isə 41686 m3 olmuşdur. 2017-2019-cu illər üzrə içməli suyun 1 kub metri 1 manat və çirkab suyun 1 kub metri 1 manat hesabı ilə hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir. İddiaçı bildirir ki, Tarif (Qiymət) Şurasının xx xxx 2016-cı il tarixli 6 saylı Qərarına əsasən su təchizatına görə əhali Bakı şəhəri üzrə ƏDV daxil 0,35 manat, tullantı sularının axıdılmasına görə əhali Bakı şəhəri üzrə ƏDV daxil 0,15 manat ödəməlidir. Belə olan halda ümumilikdə hər kub metrə 0,50 manat olmaqla iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2019-cu il tarixinə qədər istifadə edilmiş su təchizatına və tullantı sularının axıdılmasına görə 20859,5 manat pul ödənilməli idi. Buna baxmayaraq cavabdeh istifadə edilmiş suyu əhali qrupu tarifi ilə deyil, qeyri-əhali qrupu tarifi ilə hesablamış və hər kub metrə 2 manat tarifini tətbiq etmişdir. Bu səbəbə görə xx xxxxxx 2015-ci il tarixdən xx xxx 2019-cu il tarixinə qədər 41719 kub metr suya görə 81471,90 manat məbləğində pul vəsaiti hesablanmış və iddiaçı tərəfindən bu vəsait ödənilmişdir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq su və kanalizasiya xidmətləri göstərilmiş və xidmətlərin qiyməti də Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri tam yerinə yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, müqavilə üzrə artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Mülki Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də bu əsaslar müəyyən olunur. Belə ki, “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun direktoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli YKxx/xx-3160 saylı texniki şərtlər ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus 2 bloklu, 94 mənzili yaşayış binası üçün tərtib edilmişdir. İddiaçı MTK tərəfindən Nərimanov rayon Su-kanal idarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli 78 nömrəli məktubda göstərilmişdir ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşası başa çatmış binanın 2 və 3-cü girişlərdə 1 ədəd smart kart tipli su sayğacı quraşdırılmış və qeyri-əhali kimi sudan istifadənin haqqı ödənilmişdir. Halhazırda binada tam yaşayış olduğu və mənzillərdə sayğaclar quraşdırıldığı üçün su təchizatının qeyri-əhalidən əhaliyə keçməsinə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh ASC tərəfindən İddiaçı MTK-ya ünvanlanmış xx.xx.2018-ci il tarixli 02/02/- 3/4/9340 saylı məktubdan görünür ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında yerləşən İddiaçı MTK-nın yaşayış binasında yaşayan mənzil mülkiyyətçiləri ilə fərdi qaydada müqavilələrin bağlanaraq kodların açılması ilə bağlı müraciətə cavab olaraq bildirilmişdir ki, “X4”nın 1.8 bəndinə əsasən tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan və baxış keçirildikdən sonra bağlanmalıdır. Cavabdeh ASC-nin Nərimanov rayon Su-kanal İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli aktlara əsasən ünvan 1 nömrəli binanın sakinləri üçün quraşdırılmış su sayğacları texniki şərtlərə uyğun olaraq qəbul edilib istismara buraxılmışdır. İddiaçı MTK tərəfindən tərtib edilmiş və ümumilikdə 53 nəfər kooperativ üzvü tərəfindən təsdiq edilmiş 2 ədəd arayışdan görünür ki, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 ünvanında inşa edilmiş yaşayış binasının sakinləri tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixə qədər sərf edilən suyun həcmi və hər kub metrə görə 50 qəpikdən ödənişlər edilmişdir. Göründüyü kimi iş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı tərəfindən geri qaytarılması tələb edilən pul vəsaiti onun özü tərəfindən istifadə edilmiş suya görə deyil, ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya məxsus 2 bloklu, 94 mənzili yaşayış binasının sakinləri tərəfindən istifadə edilmiş suya görə ödənilmişdir. Azərbaycan Respublikası Tarif Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli Qərarı ilə sudan istifadəyə görə aşağıdakı tariflər müəyyən edilmişdir: Bakı şəhəri üzrə su təchizatına görə əhali üçün 1 kub metr 0,35 manat, qeyri əhali üçün 1 manat, tullantı suların axıdılmasına görə əhali üçün 0,15 manat, qeyri əhali üçün 1 manat. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür. Göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən abonentlər “əhali istehlakçı qrupu” hesab edilir. Bununla yanaşı iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında yaşayan və “əhali istehlakçı qrupu”na aid sakinlərin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə hesablaşmalar qeyri-əhali qrupuna aid edilən tarif üzrə aparılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqavilədə iddiaçının qeyri-əhali qrupuna aid edilməsinin heç bir əhəmiyyəti yoxdur və içməli su və tullantı suya görə iddiaçıdan tutulan məbləğlər Tarif Şurasının qərarına uyğun olaraq əhali qrupu tarifi ilə hesablanmalıdır. Göründüyü kimi iddiaçı içməli su və tullantı suya görə cavabdehə əhali qrupu üzrə hər kub metrə 0,50 manat ödəniş etməli olduğu halda, qeyri-əhali qrupu üzrə hər kub metrə 2 manat ödəniş etmiş və bununla da, cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı əlavə ödənilmiş məbləğləri cavabdehdən tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia tam təmin edilə bilməz. Belə ki, iddiaçı hazırki iddianı xx xxxx 2020-ci il tarixdə irəli sürmüş və xx xxxxxx 2015-ci ildən xx xxx 2019-cu il tarixə qədər olan ödənilmiş borc pulun ona geri qaytarılması tələbini irəli sürmüşdür. Mülki Məcəllənin 1095-ci maddəsində isə təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı yalnız hazırki iddianın irəli sürüldüyü xx xxxx 2020-ci il tarixdən əvvəlki 2 il üçün olan əsassız ödənilmiş borcun geri qaytarılmasını tələb etməkdə haqlıdır. İş materiallarında olan abonent kodu üzrə abonentin saldosuna əsasən müəyyən olunur ki, iddiaçı 2018-ci ildə içməli su və tullantı suyuna görə ayrı-ayrılıqda 13700 manat olmaqla, cəmi 27400 manat ödəniş etmişdir. Hesablanmanın hazırki iddianın qaldırıldığı tarixdən əvvəlki 2 il üçün, yəni xx xxxx 2018-ci ildən bəri aparıldığını nəzərə aldıqda isə müəyyən olunur ki, 2018-ci ilin 6 ayı üçün (iyun-dekabr) ödənilmiş borc məbləği 13699,8 manat təşkil edir (27400 / 12 = 2283,3 manat; 2283,3 x 6 ay = 13699,8 manat) Eyni zamanda abonentin saldosuna əsasən müəyyən olunur ki, iddiaçı 2019-cu ildə içməli su və tullantı suyuna görə ayrı-ayrılıqda 5530 manat olmaqla, cəmi 11060 manat ödəniş etmişdir. Sayğac göstəricilərinə uyğun hesabladıqda isə müəyyən olunur ki, iddiaçı tərəfindən xx xxx 2019-cu il tarixə qədər cavabdehə 9580 manat ödəniş edilmişdir. Göründüyü kimi xx xxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixə qədər iddiaçı tərəfindən cavabdehə içməli su və tullantı suyuna görə cəmi 34339,8 manat (13699,8 + 11060 + 9580 = 34339,8) ödəniş edilmişdir. Həmçinin işin mübahisəsiz halıdır ki, iddiaçı içməli su və tullantı suyuna görə cavabdehə hər kub metrə 0,50 manat ödəniş etməli olduğu halda, 2 manat, yəni 4 dəfə artıq ödəniş etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş cəmi 34339,8 manat məbləğindən iddiaçının ödəməli olduğu məbləğ, yəni həmin məbləğin dörddə biri çıxılmalı, qalan dörddə üçü, yəni 25754,85 manat iddiaçıya qaytarılmalıdır (34339,8 / 4 = 8584,95; 8584,95 x 3 = 25754,85). Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1728/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən 25754,85 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MTK-ya ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-242/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-242/2021
07.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver