Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-246/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası Hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu, Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, iddiaçılar X11, X5, İddiaçı4 iştirakı ilə, X2, X3, Azəri Ziya, X8, X11, X5, İddiaçı4 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Cavabdeh2nə qarşı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3800/2020 nömrəli qərardadından iddiaçılar tərəfindən verilən şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2, X3, Azəri Ziya, X8, X11, X5, İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (keçmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) Bakı şəhəri, C.Cabbarlı meydanındakı yeraltı keçiddə olan ticarət obyektində yerləşən 10, 12 b, 13, 17, 22, 23, 35, 39 a, 45 b və 51 saylı mağazaların özəlləşdirilməsi və özəlləşdirilməyə dair alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-3800/2020 nömrəli qərardadına əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddiaçılara Bakı İnzibati Məhkəməsinə müraciət edilməli olduğu izah edilmişdir. İddiaçılar həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişlər. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçılar iddia tələbini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (inzibati orqana) qarşı qaldırsalar da mübahisə predmeti inzibati akt deyildir, əmlakın özəlləşdirilməsini mübahisələndirmişlər. İddiaçılar əmlakın özəlləşdirilməyə çıxarılması barədə sərəncamı mübahisələndirməmişlər. Onların mübahisələndirdikləri əmlakın özəlləşdirilməsidir. Özəlləşdirmə isə özü-özlüyündə alqı-satqıdan (alqı-satqı müqaviləsindən) ibarətdir. Alqı-satqı müqaviləsi də inzibati akt deyildir. Ona görə də iddia tələbinə kommersiya məhkəməsində baxılmalıdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-3800/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2021-ci il tarixə təyin edilmiş, cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçılar şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. xx.xx.2020-ci il tarixdə iddiaçıların nümayəndəsi Bakı Apelyasiya Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə göndərmiş, ərizədə iddiaçıların tələbi dəyişdirilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri, C.Cabbarlı meydanındakı yeraltı keçiddə olan ticarət obyektində yerləşən 10, 12 b, 13, 17, 22, 23, 35, 39 a, 45 b və 51 saylı mağazaların özəlləşdirilməsi və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi, əmlakların ilkin hüquqi vəziyyətinə qaytarılması barəsində qərar qəbul olunması xahiş olunmuşdur. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3800/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbi üzrə cavabdehlərdən biri dövlət orqanıdır və icarədə olmuş dövlət əmlaklarının özəlləşdirilməsi mübahisələndirilir. Mübahisə tərəflərindən birinin dövlət orqanı olduğu halda o halda mübahisəyə mülki iddia icraatı qaydasında baxıla bilər ki, mübahisə dövlət orqanının hakimiyyət səlahiyyətlərini icra etməsi ilə bağlı deyil, mülki dövriyyənin bərabər hüquqlu subyekti qismində malların (işlərin və xidmətlərin və s.) dövlət hesabına alınmasından, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasından, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsindən irəli gəlsin. Sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına qarşı və ya sonuncunun sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğu və bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğu halda həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnaməyə müvafiq olaraq özəlləşdirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin publik hüquq sahəsinə aid fəaliyyəti, yəni hakimiyyət səlahiyyətlərini icra etməsi ilə əlaqədar olduğundan bu barədə qəbul edilmiş qərar inzibati akt olduğu üçün maraqlı şəxslər tərəfindən inzibati icraat qaydasında mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, tərəflər arasındakı mübahisə kommersiya mübahisəsi olmadığından birinci instansiya məhkəməsinin iddianın yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtinası prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3800/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: X1 və qeyrilərinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)- 3800/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-246/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-246/2021
10.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver