Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-258/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4986/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.12.2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 978 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.12.2021-ci il tarixli e-2-2(113)-4986/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 31.08.2018-ci il tarixli 19356135 saylı müqavilə (müqavilə 30.10.2018-ci il tarixdə qüvvəyə minmişdir) bağlanmışdır. 31.10.2018-ci il tarixdə abonentin istifadəsində olan qeyri-yaşayış sahəsində su sərfiyyatını ölçmək üçün smart-kart tipli sayğac quraşdırılmışdır. 2019-cu ilin dekabrında iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi tərəfindən elektron smart karta 2000 manat məbləğində pul yüklənilmiş, həmin pulun 978 manat hissəsi cavabdeh tərəfindən abonent kodu üzrə əvvəlki istehlakçı Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin borclarına silinmiş, 1022 hissəsi isə artıq ödəmə kimi iddiaçının hesabına yüklənilmişdir. İddiaçı Cavabdeh ASC tərəfindən smart karta yüklənmiş məbləğdən silinmiş 978 manat məbləğində borcun əvvəlki abonentin borcu olmasını, ona aidiyyətinin olmamasını əsas göstərərək həmin məbləğin qaytarılmasını tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli abonent kodu üzrə 31.10.2018ci il tarixədək olan borc Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinə aid olmuş və 2018-ci ilin oktyabr ayının sonuna həmin idarənin 1117 manat borc məbləğinin qalmışdır. Həmin tarixədək iddiaçı ilə müqavilə olmamışdır. “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən istehlakçı dəyişilərkən əvvəlki istehlakçı borcunun olmaması barədə arayışı yeni istehlakçıya təqdim etməli idi. Lakin hazırkı halda iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi belə bir arayışı almadığından əvvəlki abonentin öhdəlikləri ona ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırki işdə də bu əsaslar müəyyən olunur. Belə ki, iddiaçının 2019-cu ilin dekabr ayında elektron smart karta yüklədiyi 2000 manat məbləğində pulun 977,32 manat hissəsinin eyni kod üzrə əvvəlki abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin borcuna silinməsi işin mübahisəsiz halıdır. Hazırda mübahisəli məsələ həmin borcun ötürülməsinin qanuni olub-olmaması ilə bağlıdır və bununla bağlı kollegiyanın mövqeyi aşağıda göstərilənlərdən ibarətdir. Belə ki, əvvəlki abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzi və hazırki abonent (iddiaçı) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsi tamamilə ayrı-ayrı dövlət orqanlarıdır və sonuncunun əvvəlki abonentin hüquqi varisi olması da müəyyən edilmir. Bundan başqa Mülki Məcəllənin 522-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur. Lakin hazırkı işdə əvvəlki abonent Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin cavabdeh qarşısında olan öhdəliklərinin onun razılığı ilə iddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X2 İdarəsinə verilməsinə dair müqavilənin bağlanması müəyyən olunmur. Çünki bunu təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsaslanaraq borcun ötürülməsi ilə bağlı cavabdehin dəlilləri də əsassızdır. Belə ki, həmin bəndə əsasən yeni istehlakçıya borcun olmaması barədə arayışının təqdim edilməsi vəzifəsi əvvəlki istehlakçının üzərinə qoyulmuşdur. Eyni zamanda həmin bənddə və ümumiyyətlə sözügedən qaydalarda belə bir arayış təqdim edilmədiyi təqdirdə əvvəlki istehlakçının öhdəliklərinin yeni istehlakçıya keçməsi ilə bağlı hər hansı müddəa yer almamışdır. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh ASC tərəfindən iddiaçıdan 978 manat məbləğində pulun tutulması üçün heç bir hüquqi əsas mövcud olmamış və Cavabdeh ASC bununla əsassız varlanmışdır. Ona görə də, iddiaçı həmin məbləğin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4986/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 27.12.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-258/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-258/2022
22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver