Məhkəmə qərarları › İş №2-2(103)-268/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-268/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-268/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) İskəndərli Könül Teyyub qızının iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1996/2020 saylı 21.10..2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “Cavabdeh2” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Birlik tərəfindən hesablanmış 1715,20 manat məbləğində borcun və “Elster” tipli G-6 markalı 28024515 saylı qaz sayğacının dəyəri olaraq hesablanmış 235,88 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsində quraşdırılan sayğaca xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən baxış keçiriləərək ******* saylı akı tərtib olunmuş və “İTRON Smart kart" tipli qaz sayğacı çıxarılaraq, yeni 28024515 saylı yenis qaz sayğacı ilə əvəz olunmuşdur. Bir müddət sonra isə ümumilikdə 1715,20 manat məbləğində borcu olduğu barədə xəbərdar edilmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etmiş vəona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixli akt əsasında guya qaz sayğacına müdaxilə olmuşdur. Sayğacın çıxış plastmas borusu kənar təsirlər nəticəsində deşilmişdir. Hesablama mexanizmi işləmir, hava keçir. Batareya yuvasının plombu fərqli plombdur. Cavabdehin Bakı Regional Qazın Satışı Departamenti tərəllndənı tərtib olunmuş ******* saylı aktla 64S0 m həcmində qaz sərfinə görə 1296 manat məbləğində borc hesablanmışdır. Heç vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Qaz sayğacı quraşdırılmış və vaxtlı-vaxtında sərf etmiş qazın dəyəri ödənilmişdir. Akt iştirakı olmadan tərtib olunmuşdur. "Abonentin saldosundan" da göründüyü kimi, 1296 manat məbləğində akt əsasında yazılmış cərimədən əlavə 2020-ci ilin əvvəllərində sayğac çıxarıldıqdan sonra, həm də 419,20 məbləğində də borc yazılmış və bu barədə bildirişlə xəbərdarlıq edilmişdir. Bu borcun da eyni qaydada sayğacda yaranan xəta nəticəsində itirilmiş təbii qaz sərfiyyatı üçün hesablandığı bildirilsə də bu barədə heç bir qanuni akt təqdim edilməmişdir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1996/2020 saylı 21.10..2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıyaa (Abonent kodu: **********00386) hesablanmış 1296 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin qismən təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya məxsus (istehlakçı) qeyri yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-6 markalı, 1202AQ**********9 nömrəli qaz sayğacına xx.xx.2020-ci il tarixdə “Cavabdeh2” İstehsalat Birliyinin əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilərkən, sayğacın hesablama mexanizminin rəqəmləri tam oxunmadığı müəyyən olunmuş, bu səbəbdən müvafiq qaydada xx.xx.2020ci il tarixli, ******* saylı akt tərtib edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmiş və həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Sayğac Dövlət yoxlamasından keçirilərkən sayğacın çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin işləmədiyi, göstəricilər arasında fərqin olduğu müəyyən edilmişdir. Göründüyü kimi, istehlakçı müqavilənin şərtlərini və qazdan istifadə qaydalarının tələblərini kobudcasına pozaraq qaz sayğacına müdaxilə olunması nəticəsində sayğacın hesablama mexaniziminin sıradan çıxmasına səbəb olmuşdur. (sahibkar tərəfindən quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır.) Bu səbəbdən də itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 1296 manat itirilmiş təbii qazın dəyərinin ödənilməsi üçün istehlakçıya bildiriş göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil cavabdehin şikayətinin əsassız olduğunu bildirərək iddia ərizəsinə uyğun izahat verərək birinji instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ.Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, qətnamə təmin edilən hissəsində mübahisələndirilir. MPM-in 372.6-cı maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində baxılmalıdır. İşin cavabdeh tərəfindən mübahisələndirilən hallarından göründüyü kimi, Birliyin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə iddiaçıya məxsus obyektdə quraşdırılmış qaz sayğacına baxış keçirilib sayğac dövlət yoxlamasından keçirilərkən çıxış plastmas borusunun deşildiyi, hesablama mexanizminin işləmədiyi, göstəricilər arasında fərq müəyyən edilmiş, həmin əsasla iddiaçıya əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilləri ilə razılaşmır. Belə ki, açılmadan və sökülmədən cavabdehin özü tərəfindən quraşdırılan bir sayğaın daxili mexanizmlərində nasazlıqların, o cümlədən, çıxış plastmas borusunun deşilməsi, hesablama mexanizminin işləməməsi, göstəricilər arasında fərq müəyyən edilməsi iddiaçının təqsirinə yozula bilməz. AR Nazirlər Kabinetinin xx.xx.2011-ci il, 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın (dir) 4.8-ci bəndinin tələbində isə göstərilir ki, fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmsına görə cavabdehliyi qaz paylayıcısı, yəni, konkret halda, cavabdeh özü daşıyır. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbindən isə görünür ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericilyin qeyd olunan tələbindən göründüyü kimi, hüquqazidd hərəkət törətməkdə təqsiri olmayan şəxsin mülki məsuliyyti istisna olunur. Bu baxımdan sayğacın çıxış membranında aşkar edilən deşiyə görə görə iddiaçının cavabdehlik daşımadığı halda, ondan maddi ziyannın əvəzinin ödənilməsi tələb oluna bilməz. Aşkar olunan nasazlığı aradan qaldırmaq məhz sayğacı quraşdıran, onun üzərinə plombu vuran və ona nəzarət edən də məhz cavabdehin üzərinə düşür. Beləliklə də cavabdehin qaz sayğacının yararsızlığının səbəbkarının iddiaçı olduğunu göstərməklə, onu mülki məsuliyyətə cəlb etməsi qanunusuzdur.. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh tərəfindən fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat obyektində aparılan yoxlama qanunvericiliyin müəyyən etdiyi prosedur qaydalara uyğun olmamışdır. Belə ki, «Qazdan istifadə Qaydalarının» 2.10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir. «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh «Cavabdeh2» İB tərəfindən - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə təbii qazın uçotu və təbii qazdan istiafadə qaydalaına (TQİQ) riayət olunma vəziyyəti ilə bağlı aparılan baxış – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirə bilərdi. Lakin, iş materiallarından göründüyü kimi, cavabdeh tərəfindən qeyd olunan tələblərə riayət olunmamış, baxış əvvəlcədən Ədliyyə Nazirliyində Vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmişdir. Belə olan halda, qanunvericiliyin qeyd olunan tələblərinə müvafiq olaraq bu cür baxışın hüquqi nəticələri ola bilməz, əhəmiyyətsizdir. Ona görə də qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunması - işin hallarına, maddi hüquq normalarına uyğun olan nəticə kimi qiymətləndirir. Bu mənada, cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin təmin edilən hissəsində qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1996/2020 saylı 21.10..2020-ci il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “Cavabdeh2” İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1996/2020 saylı 21.10..2020-ci il tarixli qətnaməsi yoxlanılan hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar