Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-271/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20 sentyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş ********* saylı, 17.03.2020-ci il tarixli hesab-fakturada qeyd edilən 5967,35 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2021-ci il tarixli e-2-2(113)-290/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC tərəfindən İddiaçı MMMyə hesablanmış 2109,5 manat məbləğində borcun silinməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul məbləğinin 75 manat hissəsinin Cavabdeh ASC-dən, qalan 75 manat hissəsinin isə İddiaçı MMM-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında ünvan 1 ünvanlarında yerləşən yaşayış binalarına su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Texniki şərtə əsasən bütün hesablamalar balans sayğacına əsasən aparılmalıdır. Cavabdeh ASC tərəfindən İddiaçı MMM-ə təqdim edilmiş 17.03.2020-ci il tarixli 15820279 saylı hesab-fakturaya əsasən İddiaçı MMM-ə 2020-ci ilin mart ayı üçün 15016622 saylı sayğacın göstəricilərinə əsasən 167 manat borc hesablanmışdır. Cəmi ödənilməli olan borc isə 5967,25 manat təşkil edir. İddiaçı bildirir ki, həmin borc əsassız olaraq hesablanmışdır. Belə ki, balans sayğacı üzrə göstəricilərdən yaşayış binasında olan sakinlərin və qeyri yaşayış sahələrinin su sayğaclarının göstəriciləri çıxılmamışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçının mübahisələndirdiyi 5967,35 manat məbləğ ünvana quraşdırılan sayğac göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin borc hesablanarkən balans sayğacındakı göstəricilərdən yaşayış binasında olan sakinlərin və qeyri yaşayış sahələrinin su sayğaclarındakı göstəricilər çıxılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır. Lakin hazırki işdə müəyyən olunur ki, sayğacın göstəricilərinə əsasən cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləği əsassız olaraq hesablanmışdır. Belə ki, hazırki apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı MMM-nin nümayəndəsi ünvan 2 ünvanlarında yerləşən yaşayış binaları üzrə su sayğaclarının (əhali, qeyri-əhali) 16.03.2022-ci il tarixinə olan göstəricilərinin oxunması barədə aktı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, akt tərəflərin birgə iştirakı ilə tərtib olunmuş, lakin iddiaçı və cavabdehin nümayəndələri tərəfindən imzalanmamışdır. Həmin aktın tərəflərin birgə iştirakı ilə tərtib olunub-olunmaması, həmçinin aktda su sərfiyyatı ilə bağlı sayğac göstəricilərinin doğru olub-olmaması ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi, həmçinin məhkəmə iclasında nümayəndəsinin iştirakının zəruri olması ilə Cavabdeh ASC-yə məktub göndərilmiş, həmin məktub sonuncu tərəfindən rəsmi qaydada qəbul edilmiş, lakin nə nümayəndə məhkəmə iclasında iştirak etmiş, nə də məktubda göstərilən məsələlərə münasibət bildirilməmişdir. Halbuki, əvvəl keçirilən məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iştirak etmiş və belə məzmunda aktın tərtib edilməsini məhkəmə təklif etmişdir. Göründüyü kimi cavabdeh istinad etdiyi hallarla bağlı sübutları, o cümlədən yuxarıda qeyd olunan məlumatları məhkəməyə təqdim etməkdən yayınmışdır. Mülki Prosessual Məcəllənin 106.2-ci maddəsində isə təsbit edilmişdir ki, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Yuxarıda qeyd olunan akta əsasən isə müəyyən olunur ki, ünvan 2 ünvanlarında yerləşən yaşayış binaları üzrə balans sayğacı üzrə cəmi borc 16.03.2022-ci il tarixə 30237 manat təşkil edir. Həmin akta əsasən B.Məcidov küçəsi 81 ünvanı üzrə borc 13626 manat, B.Məcidov küçəsi 81A ünvanı üzrə borc 5907 manat, isti su xətti üzrə borc 15291 manat, ümumi borc isə 34824 manat təşkil edir. Göründüyü kimi yaşayış və qeyri-yaşayış sahələri üzrə hesablanan 34824 manat borcla balans sayğacı üzrə 16.03.2022-ci il tarixə hesablanan 30237 manat borc artıqlaması ilə tam əhatə olunur. Belə olan halda isə qəbul edilir ki, balans sayğacı üzrə iddiaçının ödəməli olan borcu mövcud deyil. Bu baxımdan kollegiya hesab edir ki, iddia tam təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia həmin hissədə də təmin edilməlidir. Ekspertiza xərci isə Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən cavabdehə aid edilməlidir. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-290/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 20 sentyabr 2021-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində ləğv edilsin və iddia həmin hissədə də təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı MMM-yə hesablanmış 3857,85 manat məbləğində borc silinsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul məbləği Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-271/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-271/2022
26.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver