Məhkəmə qərarları › İş №2-2(103)-272/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-272/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-272/2021 09.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2004/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya qanunsuz olaraq hesablanmış 81006,20 manat məbləğində cərimənin silinməsi və maddi ziyan olaraq 50000 manat məbləğində pulun, vəkilə ödədiyi xidmət haqqı olaraq 160 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-2004/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı əsassız hesablanmış 77297,8 manat məbləğində borcun silinməsi, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh İB apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alqı-satqısı müqaviləsi bağlanmışdır. İddiaçı bildirir ki, cavabdeh onun xəbəri olmadan ona qanunsuz olaraq cərimələr hesablamışdır. Cavabdehin nümayəndəsi iddiaya etiraz edir və bildirir ki, borc məbləği qaz sayğacının elektron tablosuna uyğun hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddinə aid hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 5.2-ci bəndinə əsasən istehlakçıdan yalnız istehlak etdiyi qazın dəyəri tələb oluna bilər. Lakin iddiaçıdan ödənilməsi tələb edilən 77297,8 manat məbləğində qazın onun tərəfindən istehlak edilməsi təsdiq olunmur. Çünki iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçının silinməsini tələb etdiyi 81006,20 manat məbləğində borcun 56139 manat hissəsi sayğac göstəricilərinə əsasən deyil, aktlara əsasən əlavə sərfiyyat kimi hesablanmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh İB-yə qeyd edilən borcun hesablanmasına əsas olmuş sənədlərin (aktların, qərarların və s.) məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin Cavabdeh İB göstərilən sənədlər tapılmadığından onların məhkəməyə təqdim olunmasının mümkün olmadığını bildirmişdir. Bununla yanaşı iddiaçının özünün bildirdiyinə görə 2010-cu ilin noyabr-dekabr ayları və 2014-cü ilin noyabr ayında abonentə məxsus çörək sexində quraşdırılmış sayğac yoxlamaya aparılmış, yəni qeyri-yaşayış sahəsinə gedən xətt üzərində sayğac olmamışdır. Belə olan halda kollegiya hesab edir ki, qeyd olunan aylar üzrə Cavabdeh İB iddiaçıya əlavə sərfiyyat hesablamaqda haqlı olmuşdur. Belə ki, “X1”nın 5.4-cü maddəsinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 2010-cu il oktyabr ayında sərfiyyatın 1373,40 manat və 2014-cü ilin sentyabrında 963,40 manat olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, “X1”nın 5.4-cü maddəsinə əsasən iddiaçıya 2010-cu ilin noyabr-dekabr ayları üçün borc oktyabr ayının sərfiyyatına əsasən 1373,40 manat məbləğində müəyyən edilməli, noyabr ayı üçün hesablanmış borcun 8666,6 manat hissəsi (10040-1373,40) və dekabr ayı üçün hesablanmış borcun 8346,6 manat (9720-1373,4) hissəsi silinməlidir. 2014-cü ilin oktyabr ayında sərfiyyat isə sentyabr ayının sərfiyyatına əsasən 963,40 manat məbləğində müəyyən edilməli və həmin ay üçün hesablanmış borcun 4145,6 manat (5109-963,4) hissəsi silinməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçıya əsassız olaraq hesablanmış cəmi borc 77297,8 manat təşkil edir (56139 + 8666,6 + 8346,6 + 4145,6). Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı artıq hesablanmış həmin məbləğdə borcun silinməsini tələb etməkdə haqlıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2004/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar