Məhkəmə qərarları › İş №2-2(103)-275/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-275/2021

10.03.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-275/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, ilkin iddia üzrə İddiaçı QSC-nin vəkili Vəkil3, ilkin iddia üzrə cavabdeh X3 iştirakları ilə İddiaçı QSC-nin cavabdeh X4 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əşyaların qaytarılması” tələbi barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı X3 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-77/2020 saylı, xx.xx.2020ci il tarixli qətnaməsindən (hakim Emin Əliyev) hər iki tərəfin verdiyi apelyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdeh X4 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən cəmi 72 kv.m olan qeyriyaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi və cavabdehdən 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, X5 İddiaçı QSC ilə aralarında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, 157 saylı icarə müqaviləsinin şərtlərinə görə QSC özünün balansında olan ünvan 1 ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsini T.Bağırovaya verir və o da öz növbəsində QSC-yə müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öz öhdəsinə götürür. Eyni zamanda qeyri-yaşayış sahəsi ilə birlikdə QSC-yə məxsus 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfi də T.Bağırovaya istifadə üçün verilmişdir. Daha sonra həmin sahə texniki və sanitariya baxımından tam istismara yararsız vəziyyətə düşdüyündən, QSC tərəfindən orada əsaslı təmir-tikinti və abadlaşdırma işlərinin aparılması barədə qərar qəbul edilmiş və bu barədə T.Bağırovaya bir neçə dəfə məktub göndərilərək, müəyyən olunmuş şərtlərə uyğun olaraq müqavilənin pozulması bildirilmiş və sahənin boşaldılaraq, ona təhvil verilmiş əşyalarla birlikdə qanuni sahibinə təhvil verilməsi təklif edilmişdir. Lakin T.Bağırova müxtəlif bəhanələrlə öz açarı ilə bağladığı sahəni qanuni sahibinə təhvil verilməsindən boyun qaçırmışdır. Həmçinin icarə müqaviləsinin müddəti xx.xx.2019-cu il tarixdə bitdiyini, tərəflərindən müqavilənin şərtlərinə uyğun olaraq müqavilənin müddətinin uzadılmağı bildirilmiş və bu səbəbdən qeyri-yaşayış sahəsinin boşaldılaraq onlara təhvil verilməsi təklif edilmişdir. Lakin T.Bağırova müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. X5 İddiaçı QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən icarəyə götürülmüş sahədən əlavə ünvan 2 ünvanında tikilmiş 38,5 kv.m qeyri-yaşayış sahəsinin naturada icarəyə götürülmüş 72 kv.m sahədən ayrılması, cavabdehə iddiaçının həmin sahədən istifadə edilməsinə qadağa qoyulması, bu mümkün olmadığı təqdirdə isə 38,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri 50000 manat İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, 2018-ci ilin avqust ayından bu vaxtadək əldən çıxmış 6000 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, 4 kisə un x 28 manat=112 manat, 3 kisə şəkər tozu x 45 manat= 135 manat, 45 kq qoz ləpəsi x 18 manat=810 manat, 30 kq fındıq ləpəsi x 12 manat =360 manat, badam ləpəsi 20 kq x 22 manat, 440 manat, fıstıq ləpəsi 10 kq x 36 manat, 360 manat, yer fındığı ləpəsi 15 kq x 7 manat=105 manat, 8 kq yer fındığı x 4 manat= 32 manat, 18 kq Ancor kərə yağı x 15 manat=270 manat, müxtəlif növ ədviyyatlar təxminən 30 manat, qatılaşdırılmış süd 4 ədəd 5 kqlıq qabda x 18 manat= 90 manat, şokolad 2,5 kq-lıq x 12 ədəd x 11 manat=132 manat, cem 5 kqlıq x 20 ədəd x 12 manat=240 manat, jele şəffaf 5 kq-lıq x 4 ədəd x 25 manat-=100 manat, jele ağ 5 kq-lıq x 6 ədəd x 25 manat =150 manat, jele vişnəli 5 kq-lıq x 6 ədəd x 25 manat= 150 manat, jele vişnəli 2 kq-lıq x 9 ədəd x 12 manat=108 manat və 1800 manat dəyərində müxtəlif növ hazır şirniyyat məhsullarının dəyərinin, cəmi 5424 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi, icarəyə verilmiş sahənin 72 m2 qeyriyaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun İddiaçı QSC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X5 ünvan 3 ünvanında yerləşən 72 kv.m. qeyri-yaşayış sahəsini qeyri-yaşayış sahəsini 21 ildən çoxdur ki, icarə müqaviləsi əsasında istifadə edir. İcarəyə götürülən qeyri yaşayış sahəsi icarəyə verilən zamanı tamami ilə yararsız halda olduğu üçün xxxx” QSC-nin razılığı ilə ailə büdcələrinin və qardaşına məxsus evi sataraq həmin yeri tikib və əsaslı təmir etdirmişlər. Həmçinin yerli orqanların razılığı və “xxxx” QSC-nin razılığı ilə əlavə 38.5 kv.m sahə tikirək uzun illərdir ki istifadə edirlər. QSC-dən icarəyə götürülən sahədən əlavə tərəfimizdən tikilən sahə ilə birlikdə həmin sahənin hazırda ümumi sahəsi 105 kv.m-dir. X5 böyük bir mağaza və istehsal sahəsi yaradıb. Həmin sahə “Sünbül” adı ilə fəaliyyət göstərmişdir. T.Bağırova sahibkar kimi dövlət qeydiyyatına alınaraq həmin sahədə sahibkarlıq fəaliyyətini həyata keçirir. T.Bağırova fəaliyyət göstərdiyi müddət ərzində aylıq gəliri orta hesabla 800-900 manat olub. 2018-ci ilin avqust ayından QSC qanunsuz olaraq icarəyə verdiyi 72 kv.m qeyri-yaşayış sahəsi ilə birlikdə T.Bağırovanın özünün tikdiyi 38.5 kv.m. Qeyri-yaşayış sahəsinin də qapısını T.Bağırovaya xəbər vermədən bağlayaraq möhürlənmişdir. T.Bağırovanın həmin sahədən istifadə etməsinə maneçilik edərək, orada fəaliyyət göstəriməsini qeyri-mümkün etmişdir. QSC həmçinin qeyri-yaşayış sahəsində olan T.Bağırovaya məxsus yuxarıda qeyd edilən müxtəlif növ ərzaq məhsullarını ələ keçirmişdir və bu günədək həmin ərzaq məhsullarının harada olması onlara məlum deyil. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-77/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 3 (indiki H.B.Əliyev 80C) ünvanında yerləşən cəmi 72 kv.m olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu və 8 ədəd kitab rəfinin qaytarılması hissəsində rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, hazır şirniyyat məhsulları olan 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X4 ödənilməsi, qarşılıqlı iddianın ünvan 3 (indiki H.B.Əliyev 80C) ünvanında tikilmiş 38,5 kv.m qeyri-yaşayış sahəsinin icarəyə götürülmüş 72 kv.m sahədən naturada ayrılması, "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinə X3 həmin sahədən istifadə edilməsinə qadağan qoyulması, bu mümkün olmadıqda isə 38,5 kv.m qeyri-yaşayış sahəsinin bazar dəyəri olan 50000 manat, əldən çıxmış fayda kimi 6000 manatın, müxtəlif növ ərzaq məhsullarının ümumi dəyəri olan 3624 manatın, hazır şirniyyat məhsullarının dəyəri olan 1580 manat və icarəyə verilmiş 72 kv.m olan qeyriyaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun QSC-dən tutularaq X4 ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. İlk iddia üzrə İddiaçı QSC həmin qətnamədən apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin qismən-ilkin iddia tələbinin qismən təmin edilməməsi və qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv olunması və işdəki sübutlar əsasında ilkin iddia tələbinin bütövlükdə təmin olunması və qarşılıqlı iddia tələbinin bütövlükdə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxan hakim prosessual hüquq normalarının tələblərini qismən pozmuşdur. Qətnamədə qeyd edilir ki, guya 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu və 8 ədəd kitab rəfinin Turac Bağırovaya təhvil verilməsi iş materialları ilə təsdiq olunmur. Eləcə də qarşılıqlı iddia ərizəsinin dəyəri 220 manat olan 4 ədəd tortun İddiaçı QSC-də olması öz təsdiqini tapır. Hakimin həmin nəticəsi əsassızdır. Belə ki, 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfinin və 4 ədəd tortun qeyri-yaşayış sahəsində qalması faktı iddianın təmin tədbirini icra edən icra məmuru tərəfindən çəkilmiş və iş materiallarına əlavə edilmiş video görüntülərdə əks olunmuşdur. Tələb edilən həmin əşyalar hazırda da qeyri-yaşayış sahəsindədir. Həmin fakt bir daha təsdiq edir ki, həmin əşyalar cavabdeh Turac Bağırovaya təhvil verilmişdir. Yuxarıda qeyd edildiyi kimi, qeyri-yaşayış sahəsi Turac Bağırovaya icarəyə verilmişdir, qeyri-yaşayış sahəsinin açarı onda olmuşdur, obyektin qapısı onun tərəfindən bağlanmışdır, hal-hazırda da obyektə daxil olmaq və istifadə etmək imkanı yoxdur. Turac Bağırova qeyri-yaşayış sahəsində olan ona məxsus olan bütün əşyalarını aparmışdır, həmin 4 ədəd tortun hansı səbəbdən saxlanılması barədə məlumat yoxdur, video görüntülərdən də aydın olur ki, həmin 4 ədəd tort qeyriyaşayış sahəsində qalmışdır. Həmin 4 ədəd tortun dəyərinin ondan hansı səbəblə tutulması barədə qətnamədə hər hansı qeyd yoxdur. Hansı əsasla 4 ədəd tortun dəyərini ödəməli olmağı barədə qətnamədə hər hansı qeyd yoxdur. Turac Bağırovanın işinə müdaxilə olunmamış, zor tətbiq edilərək icarəyə verilmiş qeyri-yaşayış sahəsindən çıxarılmamış, qeyri-yaşayış sahəsində olan əmlakını götürməyə hər hansı maneə törədilməmişdir, yəni cavabdehə qarşı hər hansı delikt törədilməmişdir. X5 qətnamədən apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-77/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsini xahiş etmişdir. X5 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin hallarından da tam sübuta yetirilir ki, icarəyə verilən sahədən əlavə 38.5 kv.m qeyri- yaşayış sahəsi iddiaçı tərəfindən tikilərək uzun illərdir istifadə edilir. Həmin sahənin yerləşdiyi torpaq sahəsi cavabdehə məxsus deyil və həmin sahəni iddiaçı öz vəsaiti hesabına tikibdir. Cavabdehin iddiaçı tərəfindən tikilmiş əlavə 38.5 kv m qeyri-yaşayış sahəsinə hər hansı hüququ yoxdur. Belə olan halda həmin əmlakla bağlı hər hansı tələb irəli sürə bilər və yaxud həmin əmlakdan istifadəyə məhdudiyyət yarada bilməz. İşin hallarından da sübut edilir ki, iddiaçının aylıq gəliri orta hesabla 800-900 AZN olub. 2018-ci ilin avqustundan başlayaraq iddiaçı tamamilə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb və həmin gəlirdən məhrum edilib. Cavabdeh sahənin qapısını qanunsuz olaraq bağlayan zamanı iddiaçıya məxsus 1800 AZN dəyərində müxtəlif növ hazır şirniyyat məhsulları (tort, paxlavalar, şəkərburalar, şəkərçörəkləri və s.) həmin sahədə olub. Ancaq cavabdehdən həmin məhsullar tələb edilsə də, heç bir nəticə olmayıb. İddiaçı icarəyə götürdüyü 72 kv.m sahəni bir müddət əvvəl əsaslı təmir etdirmiş və bu təmirə təxminən 22.000 AZN xərc çəkmişdir. Milli qanunvericiliyə əsasən icarəyə götürülmüş sahənin təmirinin dəyəri cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə təmir işlərinə və əlavə tikiliyə münasibətdə ümumi ifadələr işlətməklə iddiaının rədd edilməsini qanuni əsaslarla əsaslandırmayıb. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı QSC-nin vəkili Vəkil3 tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, X3 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh X5 tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, İddiaçı QSC-nin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, X3 apelyasiya şikayəti təmin edilməməli, İddiaçı QSC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 77/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X4 ödənilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamə ilkin iddianın təmin edildiyi hissədə mübahisələndirilmədiyindən həmin hissə apelyasiya baxışının predmetini təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 qarşılıqlı iddia tələbləri arasında hazır şirniyyat məhsulları olan 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutulması barədə iddia tələbi olmadığı halda birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbindən kənara çıxaraq bu barədə qətnamə qəbul etmişdir. Buna görə də, məhkəmə kollegiyası qətnamənin həmin hissədə ləğv edilməli olduğuna dair ilkin iddiaçının apelyasiya şikayətini əsaslı hesab edir. Məhkəmə hesab edir ki, X2 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu, 8 ədəd kitab rəfinin alınıb İddiaçı QSC-nə verilməsinə dair ilkin iddia tələbinin rədd edildiyi hissədə qətnamənin ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarının 1-ci cildinin 61-ci vərəqinə əlavə edilmiş Yasamal rayon İcra Şöbəsinin xx.xx.2019-cu il tarixli aktından görünür ki, birinci instansiya məhkəməsinin iş üzrə iddianı təmin etmə tədbiri görülməsi barədə qərardadı icra edilərkən X3 icarəsində olmuş ünvan 5 ünvanında yerləşən obyektdə 3 ədəd dəmir kürsü, 3 ədəd taxta kürsü, 1 ədəd yeməyi isti saxlayan kürsü, 4 ədəd kitab rəfi, 8 ədəd stol aşkar edilmiş, icra vərəqəsində qeyd edilmiş üzərinə həbs qoyulmalı olan 8 ədəd ofis kreslosu, 5 ədəd kürsü, 4 ədəd kitab rəfi aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, icarə obyektində mövcudluğu icra məmuru tərəfindən müəyyən edilməmiş əmlaklarla bağlı sübutlar təqdim edilmədiyindən, aşkar edilmiş əmlakların isə məhz icarəyəverən tərəfindən obyekt icarəyə verilərkən X4 təhvil verildiyi heç bir sübut təqdim edilmədiyindən ilkin iddianın bu hissədə rədd edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə eyni zamanda qarşılıqlı iddia tələblərinin rədd edildiyi hissədə qətnaməni qanuni və əsaslı hesab edir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 157 nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 72 m2 olan qeyri-yaşayış sahəsini (4 nömrəli filial) X4 icarəyə verilmiş, göstərilən müqavilə xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək bağlanılmış və müqavilənin şərtlərinə görə, müqavilənin birtərəfli qaydada pozulmasını öz hüququnda saxlayır və bu haqda icarədarı 5 gün qabaqcadan xəbərdar edir. İşdəki icarə müqavilələrinin surətlərindən görünür ki. qeyd edilən obyekt xx.xx.2001ci ildən xx.xx.2018-ci il tarixədək X3 həyat yoldaşı X1 icarəsində olmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 18 nömrəli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı QSC müqavilənin uzadılmasına razı olmadıqlarını və 1 aylıq müddət bitdikdən sonra müqaviləni ləğv ediləcəyini bildirərək obyektin boşaldılmasını təklif etmişdir. Azərbaycan Respublikası Bakı şəhər Nəsimi Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Birliyinin 33 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2018ci il tarixli, 112 nömrəli arayışından görünür ki, İddiaçı QSC-yə məxsus qeyri-yaşayış sahəsi hazırda ünvan 6 saylı (köhnə ünvan H.B.Əliyev küçəsi 14 olan) ünvanda yerləşir. xx xxxx 2019-cu il tarixli “xxxx” MMC-nin ekspert (qiymətləndirici) rəyindən görünür ki, ünvan 6 ünvanında yerləşən tikintinin sahəsi 24,90 m2 , tikilinin həcmi 84,66 m3 olan yaşayış evinin xx xxxx 2019-cu il tarixə bazar dəyəri 410000 manat təşkil edir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. X5 icarəyə götürdüyü sahənin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun qarşı tərəfdən tutulması barədə tələb irəli sürsə də, həmin sahənin onun tərəfindən təmir edilməsi və təmir xərcinin 22000 manat olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. X5 işə apelyasiya qaydasında baxılarkən izahatında göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından sonra obyekti yağış sularının basması nəticəsində obyekt istifadə üçün yararsız vəziyyətə düşmüş, bundan sonra obyektdə fəaliyyət göstərməmişdir. İcarəyə götürdüyü obyekti 1997-ci ildə ilk dəfə əsaslı təmir etmiş, sonra 5 ildə bir dəfə əsaslı, hər il cari təmir etmişdir. İcarə obyektinin 1997-ci ildə X3 icarəsində olması barədə işdə sübut olmadığından həmin ildə obyektin onun tərəfindən təmir edildiyinə dair mülahizələri əsassız hesab edir. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli 26696 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, sözügedən qeyri-yaşayış binasının sahəsi 100 kv.m təşkil etməklə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 72,3 m2 sahədən 27,7 m2 çox olduğu müəyyən edilmiş, həmçinin baxış zamanı tədqiq olunan tikilinin faktiki olaraq təmirsiz vəziyyətdə yerləşdiyi müəyyən edilmişdir. X3 ünvan 2 ünvanında tikilmiş 38,5 kv.m qeyri-yaşayış sahəsinin naturada icarəyə götürülmüş 72 kv.m sahədən ayrılaraq ona verilməsi və ya bazar dəyərinin tutulması barədə qarşılıqlı iddia tələbinin qanuni əsası olmadığından tələb bu hissədə də düzgün olaraq rədd edilmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulmuşdur ki, icarəyəverənin icazəsi olmadan icarə sahəsinin yenidən rekonstruksiya və təchiz edilməsi qadağandır. İcarə müqaviləsi qüvvədə olduğu müddət ərzində icarəyə verən tərəfindən icarə obyektində rekonstruksiya işləri aparılmasına icazə verildiyi barədə işdə sübut yoxdur. “İcarə haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən icarəyə götürülmüş ərazidə icarəyəverənin razılığı olmadan icarəçinin vəsaiti hesabına tikilmiş, aparılması mümkün olmayan binalar və qurğular icarəyəverənə məxsusdur. İcarəyəverən bunların sökülməsini tələb etdikdə icarəçi onları öz hesabına sökməyə və ya sökülmə xərclərini ödəməyə borcludur. T.Bağırovanın nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2020-ci il tarixli məhkəmə iclasında göstərmişdir ki, mübahisəli obyektdə əsaslı təmir işi və artırmalar 2013-cü ildə həyata keçirilmişdir. 2013-cü ildə icarə predmeti olan obyekt X3 icarəsində olmadığından birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, onun ümumiyyətlə 2018-ci ilədək icarə obyektində görülmüş əsaslı təmir işlərinin qarşı tərəfdən tutulmasını tələb etmək üçün subyektiv hüququ yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. T.Bağırova 2018-ci ilin avqust ayından obyektdə fəaliyyət göstərmək imkanından məhrum olduğuna görə əldən çıxmış fayda kimi 6000 manat pulun qarşı tərəfdən tutulmasını xahiş etsə də, onun obyektdə həmin dövrdən fəaliyyət göstərməsinə icarəyə verən tərəfindən maneə törədilməsi hər hansı bir sübutla təsdiq edilmir. T.Bağırovanın izahatlarından məlum olur ki. 2018-ci ilin sentyabr ayında subasma nəticəsində obyekt istifadəyə yararsız hala düşdüyü və təmir olunmadığı üçün orada fəaliyyət göstərmək mümkün olmamış, subasma hadisəsi baş verənə qədər isə T.Bağırovanın özünün izahatına əsasən xəstə olduğu üçün fəaliyyət göstərməmişdir. Eyni zamanda məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, icarəyə verilmiş obyekt qarşılıqlı iddia ərizəsində sadalanan ərzaq məhsullarının mövcudluğu və icarəyə verən tərəfindən ələ keçirildiyi sübut edilmədiyindən həmin məhsulların dəyərinin İddiaçı QSC tutulması hissəsində qarşılıqlı iddia əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X3 apelyasiya şikayəti təmin edilməməli, İddiaçı QSC-nin apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-77/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X4 ödənilməsi hissəsində ləğv edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Qarşılıqlı iddia üzrə iddiaçı X3 apelyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-77/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən, 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X4 ödənilməsi hissəsində ləğv edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar