Məhkəmə qərarları › İş №2-2(103)-285/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-285/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-285/2021 14.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 qızının, cavabdehin nümayəndələri Nümayəndə2 və X2 iştirakları ilə, İddiaçı Mənzil – Tikinti Kooperativinin cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin (hakim Fərrux Qasımov) e-2-2 (113)-135/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı” MTK cavabdeh "xxxx” ASC-nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçıya vurulmuş ziyana görə əsassız hesablanmış 23611,13 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx” ASC tərəfindən "İddiaçı” MTK-ya əsassız olaraq 23611,13 manat məbləğində borc hesablanmışdır. "İddiaçı” MTK tərəfindən elektrik enerjisindən istifadəyə görə haqqlar mütəmadi olaraq ödənilmişdir. Belə ki, suyun doldurulması üçün istifadə edilən motorun, həyətin, blokların işıqlandırılması üçün istifadə edilən enerjinin dəyəri vaxtı-vaxtında ödənilmişdir. Həmçinin bina sakinlərinə ayrılmış mənzillərdə elektrik enerjisinin istifadəsinin əvəzində hesablanmış pul məbləğləri də həmin bina sakinləri tərəfindən ödənilmişdir. Nəticə etibarilə hazırda "İddiaçı” MTK-nın "xxxx” ASC-yə borcu yoxdur. Bununla əlaqədar olaraq xx xxxxxxxx 2019-cu il tarixində pretenziya qaydasında cavabdeh təşkilata ərizə ilə müraciət edərək əsassız hesablanmış borc məbləğinin silinməsi xahiş olunmuşdur. Lakin qeyd edilən borc məbləği cavabdeh tərəfindən silinməmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-135/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri bundan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilələrə əsasən hesablaşma elektrik sayğacları 515 saylı TM-də 0,4 KV gərginlik tərəfində quraşdırılmaqla, abonentin balans mənsubiyyətində olmuş və cavabdehlik onun öz üzərinə düşmüşdür. Bundan başqa, iş materiallarına əsasən mübahisələndirilən borc 2011-ci ildən 2018-ci ilədək istifadə olunmuş elektrik enerjisinə görə hesablanmış borc məbləği olmuşdur. İddiaçıya məxsus yaşayış binasında liftlərin və su nasoslarının istifadəsi, eləcə də girişlərin və həyətin işıqlandırılması nəticəsində aylıq orta enerji sərfiyyatının nə qədər təşkil etməsinin müəyyən olunması üçün təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizasının xx.xx.2020-ci il tarixli 1760 saylı rəyinə əsasən, MTKnın bir aylıq sərfiyyatı orta hesabla 3840 kvts olmuşdur. Əgər həmin rəyi əsas götürsək belə, ölkə üzrə 1 kvts elektrik enerjisi tarifinin xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək 0,06 manat, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək 0,07 manat və xx.xx.2016-cı ildən halhazıradək 0,09 manat olmasını nəzərə alaraq, 2011-2107-ci illərdə qeydə alınmış ümumi enerji sərfiyyatı cəmi 21.043,2 manat olmuşdur. Belə olan halda, məhkəmənin həmin borcun silinməsi nəticəsinə gəlməsi qanuni və əsaslı olmamışdır. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, daha sonra xx.xx.2021-ci il tarixə, sonradan xx.xx.2021-ci il tarixə təxirə salınmış, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmənin sonuncu iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndələri məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçının qanuni təmsilçisi Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-135/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia 5369 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməsi, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, İddiaçı MTK-nın silinməsini tələb etdiyi borc məbləği MTK-ya elektrik enerjisindən istifadəyə görə 2011-ci ildən xx.xx.2018-ci il tarixədək hesablanmış borc məbləğidir. İddiaçı həmin borcun faktiki istehlak edilmiş enerji sərfiyyatından artıq hesablandığını iddia edərək silinməsini xahiş etmişdir. Tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, silinməsi tələb olunan borcun bir hissəsi İddiaçı MTK-ya balans hesabat sayğacının göstəricilərinə əsasən hesablanmış, həmin sayğac 2017-ci ilin sentyabr ayında "xxxx” ASC tərəfindən ləğv edilmişdir. Məhkəmə tərəfindən bu barədə aktın məhkəməyə təqdim edilməsi hər iki tərəfin nümayəndəsinə təklif edilsə də, qeyd edilən akt təqdim edilməmişdir. "xxxx” ASC-nin işə apelyasiya qaydasında baxılarkən təqdim etdiyi maliyyə arayışından, abunə haqqında məlumat vərəqindən və iddia ərizəsinə əlavə edilmiş arayışlardan görünür ki, xx.xx.2018-ci il tarixədək iddiaçının elektrik enerjisindən istifadəyə görə qalıq borcu 24194,13 manat olmuş, 2011-ci ildən xx.xx.2018-ci il tarixədək iddiaçı tərəfindən "xxxx” ASC-yə cəmi 15674,2 manat (2011-ci ildə-1857 manat, 2012-ci ildə-2096 manat, 2013-cü ildə-1886 manat, 2014-cü ildə 2534 manat, 2015-ci ildə-2012 manat, 2016-cı ildə 2335,70 manat, 2017-ci ildə-2954,50 manat) ödəniş edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühəndis texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1760 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasında İddiaçı MTK tərəfindən liftlərin və su nasoslarının istifadəsi, eləcə də girişlərin və həyətin işıqlandırılması nəticəsində həmin elektrik qurğularının şəbəkələrində quraşdırılmış “Delixi” tipli **********73 (5001873 s/n) nömrəli və “Ampy“ tipli A370920147 (70920147 s/n) nömrəli elektrik sayğaclarının göstəricilərinə görə, bir günlük sərfiyyat (xx xxxx 2020-ci il tarixdən 11:30-dan xx xxxx 2020-ci il tarixə saat 11:30-a qədər) 128 kVth (63+65=128) orta hesabla bir aylıq (30 günlük) sərfiyyat isə 3840 kVth (128x30=3840) təşkil edir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə ekspert rəyinə məhkəmə qətnaməsində hər hansı hüquqi qiymət verməmiş, gəldiyi nəticəni əsaslandırarkən rəyə istinad etməmiş, ekspert rəyinə əsasən işin hansı halının məhkəmə tərəfindən müəyyən edildiyini göstərməmiş, iddiaçı tərəfindən silinməsi tələb olunan 23611,13 manat məbləğində borcun balans hesabat sayğacının göstəricilərinə əsasən hesablanmış borc olduğuna dair nəticəyə gəlsə də, gəldiyi nəticənin işdəki hansı sübutla təsdiq edildiyini əsaslandırmamışdır. Halbuki, MPM-nin 101.7-ci maddəsində nəzərdə tutulmuşdur ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, 2011-ci ildən xx.xx.2018-ci il tarixədək İddiaçı MTK-ya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış binasında liftlər, su nasoslarından istifadə, eləcə də girişlərin və həyətin işıqlandırılması ilə əlaqədar faktiki istifadə etdiyi elektrik enerjisi sərfiyyatının başqa qaydada müəyyənləşdirilməsi mümkün olmadığından, həmin sərfiyyatın həcmi ekspert rəyinə əsasən orta aylıq sərfiyyat əsas götürülməklə müəyyən edilməlidir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müvafiq qərarlarına əsasən ölkə üzrə 1 kvts elektrik enerjisi tarifi qeyri-əhali istehlakçıları üçün xx.xx.2007-ci ildən xx.xx.2016-cı ilədək 0,06 manat, xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilədək 0,07 manat olmuş, xx.xx.2016-cı ildən hal-hazıradək isə 0,09 manatdır. Qeyd edilən tariflər nəzərə alınaraq, ekspert rəyi əsas götürülməklə hesablama aparılarsa müəyyən olunur ki, iddiaçı 2011—ci ildən xx.xx.2018-ci il tarixədək faktiki istehlak etdiyi elektrik enerjisinə görə cavabdehə cəmi 21.043,2 manat ödəniş etməli idi: xx.xx.2011-ci ildən xx.xx.2016-cı il tarixədək 66 ay x3840 kvts x 0,06 manat=15206, manat; xx.xx.2016-cı ildən xx.xx.2016-cı il tarixədək 5 ay x3840 kvts x 0,07 manat=134 manat; xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək 13 ay x 3840 kvts x 0,09 manat=4492,8 manat). Belə olan halda müəyyən olunur ki, iddiaçı tərəfindən 2011—ci ildən xx.xx.2018-ci il tarixədək faktiki istehlak edilmiş elektrik enerjisinə görə cavabdehə 21.043,2 manat ödəniş etməli olduğu halda, cəmi 15674,2 manat (ödənilməli olan məbləğdən 5369 manat az) ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan qeyd edilən dövr üçün tələb edilən 5369 manat borcun silinməsinə dair hissədə iddiaçının tələbi əsassızdır. Məhkəmə iddiaçıya 2017-ci ildə ləğv edilmiş balans hesabat sayğacının göstəricisinə əsasən 2011—ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr üçün hesablanmış 18242,13 manat borcun silinməsinin cavabdehə həvalə edilməsinə dair iddia tələbinin təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur. Həmin Qaydaların 1.1-ci bəndinə əsasən balans mənsubiyyəti sərhədi - dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsidir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 7.3-cü bəndinə əsasən hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. Elektrik enerjisinin itkiləri (texnoloji sərfiyyat), elektrik enerjisinin alqı-satqı müqaviləsində buraxılacaq elektrik enerjisi göstəricilərində nəzərə alınmalıdır. Hesablaşma elektrik sayğacları quraşdırılmış yerdən şəbəkənin balans mənsubiyyəti sərhədinə qədər hissəsindəki elektrik enerjisi itkilərinin (texnoloji sərfiyyat) faizi hesabat yolu ilə müvafiq olaraq müqavilə münasibətlərində olan dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında müəyyənləşdirilir və elektrik enerjisinin alqı-satqı müqaviləsində göstərilir. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.3-cü bəndinə uyğun olaraq dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.25-ci maddəsinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil istismar təşkilatı binanın ümumi ehtiyaclan və texniki məqsədlər (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) üçün sərf etdiyi elektrik enerjisinə görə şəbəkənin balans mənsubiyyəti sərhəd nöqtəsində quraşdırılmış hesablaşma elektrik sayğacı vasitəsilə, bu qrup istehlakçılar üçün müəyyən edilmiş tarif üzrə enerjitəchizatı müəssisəsi ilə hesablaşır. Hazırkı halda cavabdeh “xxxx” ASC tərəfindən məhkəməyə 2017-ci ildə ləğv edilmiş balans hesabat sayğacının şəbəkənin balans mənsubiyyəti sərhədində quraşdırıldığı və istehlakçı ilə hesablaşmanın balans hesabat sayğacının göstəriciləri əsasında aparılması üçün Qaydalarda nəzərdə tutulmuş əsasların mövcudluğu barədə hər hansı sübut (balans mənsubiyyəti sərhədi, tərəflərin istismar məsuliyyəti aktları və s.) təqdim edilmədiyindən məhkəmə iddiaçı ilə hesablaşmanın Qaydaların 8.25-ci maddəsinə əsasən həyata keçirilməli olduğuna dair apelyasiya şikayətinin dəlilini əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddia 18242,13 manat borcun silinməsinin cavabdehə həvalə edilməsinə dair hissədə əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-135/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia 5369 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-135/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddia 5369 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilsin. Qətnamə qalan hissədə (18242,13 manat borcun silinməsinin cavabdeh “xxxx” ASC-yə həvalə edilməsi və 100 manat ekspertiza xərcinin cavabdehdən tutulması) hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (o cümlədən elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına elektron kabinet vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar