Məhkəmə qərarları › İş №2-2(103)-287/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-287/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-287/2022 04.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Qanuni nümayəndə, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə2 Əliyar oğlunun iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-202/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, istehlak edilmiş təbii qaza görə cavabdeh tərəfindən ona qanunsuz hesablanmış 160.792,02 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı ilə cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış, müqavilənin şərtlərinə əsasən cəmiyyət tərəfindən müqavilə imzalanan tarixdən hazırkı dövrə qədər istifadə edilmiş təbii qazın tam dəyəri cavabdehin hesabına ödənilmişdir. Cavabdeh cəmiyyətə 17.06.2020-ci il tarixli pretenziya məktubu göndərmiş, istehlak olunmuş təbii qaza görə 160.792,02 manat debitor borcun yarandığı və bu borcun ödənilməsini istəmişdir. Cavabdeh pretenziya məktubunda borcun hansı əsaslarla 160.792,02 manat olduğunu əsaslandıra bilməmişdir. Borcun bu həddə qalxması və bu məbləğdə borcun düzgün hesablanmaması ilkin mərhələdə 2019-cu ilin dekabr ayına təsadüf etmişdir. Belə ki, 2019-cu ilin oktyabr ayında cəmiyyətə aid olan təsərrüfat sahəsində təbii qazın ümumi sərfiyyatı 87.086 kub.m, noyabr ayında 249.179 kub.m, dekabr ayında isə 712.318 kub.m. qeyd edilmişdir ki, dekabr ayında olan sərfiyyatla bağlı cavabdehə dəfələrcə müraciət edilsə də, müraciətlərə məhəl qoyulmamışdır. Müqayisə üçün əvvəlki 2018-ci ilin oktyabr ayında qeyd edilən ərazi üzrə təbii qazın ümumi sərfiyyatı 65.621 kub.m, noyabr ayı üzrə 241.878 kub.m, dekabr ayı üzrə 425.500 kub.m. təşkil etmişdir ki, illər üzrə ayların sərfiyyatı təhlil edilən zaman 2019-cu ilin dekabr ayında hesablanmış 712.318 kub.m. təbii qaz sərfiyyatı özü ilə bərabər suallar yaratmışdır. Həmçinin, cəmiyyət tərəfindən bununla bağlı cavabdehə müraciət ünvanlanmış, artıq hesablanmış sərfiyyatla bağlı araşdırma aparılması istənmişdir. Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini tərəfindən 16.12.2019-cu il tarixdə Cavabdeh İB-nin Baş dirketorunun satış və istismar üzrə müavini C.Hüseynova xidməti yazı ünvanlanmış, həmin xidməti yazıda Xəzər rayonunun xidmət ərazisində yerləşən "xxxx" MMC 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414.654 elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunmuş, növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 kub.m. fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən göndərilən xidməti yazıya hazırkı dövrə qədər Cavabdeh İB tərəfindən hər hansı münasibət bildirilməmişdir. Bu səbəbdən həmin 429.328 kub.m. olan fərq 2019-cu ilin dekabr ayındakı sərfiyyata əlavə edilməklə ortaya bu qədər real olmayan bir məbləğ çıxmışdır. Bu fərq hazırda cavabdeh tərəfindən göndərilən pretenziya məktubunda qeyd edilən məbləğin tərkibində yer almaqdadır. Belə ki, 429.328 kub.m. təbii qazın qiyməti hazırda 85.866 manat təşkil edir ki, bu məbləğ də iddia tələbi ilə irəli sürülən 160.792,02 manat pul vəsaitinə daxildir. Bundan əlavə, 2020-ci ili fevral ayında cəmiyyətin təbii qaz sərfiyyatı ilə bağlı sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS 29/1640-00407 nömrəli akt tərtib edilmişdir. Həmin aktda Cavabdeh İB-nin SOCAR**********31791640X00407 nömrəli 14.02.2020-ci il tarixli telefonoqramı əsasında cəmiyyətin qaz xətti üzərində quraşdırılmış qaz sayğacı 18.02.2020-ci il tarixdə xətdən çıxarıldığı, 17.03.2020-ci il tarixdə sayğaca texniki baxış keçirildiyi qeyd olunmuşdur. Bundan sonra, 31.03.2020-ci il tarixdə təsdiq edilmiş “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” ******* nömrəli akt tərtib edilmiş, həmin akta əsasən sayğacsız olaraq 14 təqvim günü üçün 14 günlük sərfiyyat 372.136 kub.m. olaraq hesablanmışdır ki, onun dəyəri də 74.427,20 manat təşkil edir. Bu səbəbdən 2020-ci ilin mart ayı üçün 667.210 kub.m. qaz sərfiyyatı hesablanmışdır. Yəni, fevral ayında cəmiyyətin aylıq qaz sərfiyyatı 239.230 kub.m. təşkil etdiyi halda, mart ayı üçün sərfiyyat 667.210 kub.m. olmuşdur ki, bu sərfiyyata 14 gün üçün sayğacsız olaraq hesablanmış 372.136 kub.m. təbii qazın sərfiyyatı da əlavə edilmişdir. Halbuki, fevral ayının mart ayına nisbətən daha soyuq keçdiyi məlumdur. Belə ki, cəmiyyətin 2019-cu ilin mart ayı üçün hesablanmış aylıq sərfiyyatı 332.012 kub.m. təşkil edir ki, bir ildən sonra - eyni mart ayı üçün sərfiyyatın 2 dəfədən artıq bir rəqəmlə və miqdarla hesablanmasının heç bir əsası yoxdur. 2020-ci ilin mart ayında 14 təqvim günü üçün hesablanmış 74.427,20 manatlıq qaz sərfiyyatı məbləği də cavabdeh tərəfindən pretenziya məktubunda və üzləşdirmə aktında qeyd edilmiş məbləğin tərkibindədir. Həmçinin, 2020-ci ilin fevral ayının 18-də cəmiyyətə məxsus sayğac çıxarıldığı halda, həmin fevral ayı üçün tam qaydada cavabdeh tərəfindən hesab faktura göndərilmiş, fevral ayı üzrə 47.846 manat borcun olduğu bildirilmiş və həmin borc da cəmiyyət tərəfindən cavabdehin hesabına ödənilmişdir. Beləliklə, cavabdeh tərəfindən hesablanmış olan 160.792,02 manatlıq məbləğ iki qanuni əsası olmayan mənbədən yaranmışdır. Bunlardan birincisi 2019-cu ilin dekabr ayı üçün hesablanmış 712.318 kub.m. qaz sərfiyyatıdır ki, bununla bağlı yaranan fərqin, yəni 429.328 kub.m. fərqin düzəldilməməsi səbəbindən 2019-cu ilin dekabr ayı üçün aylıq sərfiyyat real sərfiyyatdan təxminən 3 dəfə artıq bir rəqəmlə hesablanmışdır. İkincisi isə 2020-ci ilin mart ayında 14 təqvim günü üçün sayğacsız olaraq real sərfiyyatdan uzaq bir rəqəmin hesablanaraq cəmiyyətin mart ayında istifadə etdiyi təbii qaza görə borcunun şişirdilməsinə səbəbiyyət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.11.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamənin əsaslarına görə, “İddia ərizəsinin məzmunundan görünür ki, tələb 2 hissədən ibarətdir: mexaniki göstərici 414.654 elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunduğuna, növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 m3 fərqin düzəldilməsi nəticəsində əsassız hesablanmış 85.866 manat borcun silinməsi və sayğacın çıxarıldığı müddət ərzində borcun düzgün hesablanmaması. İddianın birinci hissəsi ilə bağlı abonentin saldosunu nəzərdən keçirərkən görünür ki, həqiqətən də mexaniki göstərici 414.654 elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunmuş və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə 429.328 m3 fərq yaranmışdır. Bu xüsusat Bakı Regional Qazın Satışı Departamentinin Cavabdeh İB-yə ünvanladığı 16.12.2019-cu il tarixli xidməti yazıda da əksini tapmış, göstərilmişdir ki, Xəzər rayonunun xidmət ərazisində yerləşən İddiaçı MMC kod (**********00099) 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414.654 elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunduğu və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 kubmetr fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Yəni, həmin borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası olmamışdır. Buna görə də məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin olunması üçün əsaslar mövcuddur. Tələbin 2-ci hissəsi ilə bağlı Cavabdeh İB tərəfindən tərtib olunmuş 31.03.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 372136 kubmetr, hesablanmış qaz sərfinin məbləği 74.427,20 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən həmin Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaydaların qeyd olunan bəndinə uyğun olaraq hesablama aparıldığı təqdirdə müəyyən olunur ki, əvvəlki ay – fevral ayı üçün sərfiyyat 239230 m3 təşkil etmişdir. Həmin ayın göstəricilərinə əsasən gündəlik sərfiyyat (239230:29=8249) 8249 m3 təşkil edir. Belə olduğu təqdirdə sayğacsız dövr - 14 gün üçün aparılmış hesablama 115.486 m3 olmalı idi. Lakin Cavabdeh İB tərəfindən əsassız olaraq 372.136 kubmetr sərfiyyat hesablanmışdır. 2020-ci ilin mart ayının qalan 17 günü üçün hesablamanın hansı əsaslarla aparılması ilə bağlı da məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Saldoda mart ayı üçün ümumilikdə 667.210 m3 qaz sərfiyyatı qeyd olunmuşdur. Həmin rəqəmdən 14 gün üçün əsassız olaraq hesablanmış 372136 kubmetr sərfiyyat çıxıldıqda 17 gün üçün 295.074 m3 sərfiyyat aparıldığı məlum olur. Həmin günlər üçün də hesablama yuxarıda göstərilən qaydada aparılarsa, real məbləğ 140.233 m3 təşkil edir. Digər ayların və əvvəlki illərin göstəricilərinə nəzər saldıqda da görünür ki, 17 gün ərzində həmin sərfiyyatın olması mümkün deyildir. Beləliklə, məlum olur ki, 2020-ci ilin mart ayı üçün sərfiyyat 255.719 m3 hesablanmalı olduğu halda, əsassız olaraq 667.210 m3, yəni, 411.491 m3 artıq hesablanmışdır. Belə olduğu təqdirdə isə əsassız hesablanmalı və silinməli olan məbləğ 82.298,2 manat təşkil edir.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya 2020-ci ilin mart ayında 14 gün üçün 115.486 kub.m. qaz həcmi hesablanmalı olduğu halda, 372.136 kub.m. hesablanmışdır. Buna baxmayaraq məhkəmə 2020-ci ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, iddiaçının nümayəndələri və vəkili şikayəti qəbul etməyib, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən müəyyən edilir ki, 01.03.2018-ci il tarixli AKX-2/910 nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilələyə əsasən, paylayıcı cavabdeh ilə istehlakçı iddiaçı arasında olan razılığa görə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub.m. üçün 0,20 manat məbləğdə müəyyən edilməklə, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 18.03.2020-ci il tarixli SS 29/1640-00407 nömrəli “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” akta görə, Xəzər rayonu ərazisində yerləşən xidmət sahəsinin qaz xətti üzrərində quraşdırılmış G400 markalı ********** nömrəli turbin tipli “İtron” qaz sayğacı 18.02.2020-ci il tarixdə xətdən çıxarılmış, 17.03.2020-ci il tarixdə Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texnik baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: 1. Sayğacın daxili çirklidir. Sayğacın pərinin dişlərinin hamısı qırılıb, pər fırlanmır. Göstəricilər arasında fərq var; 2. 16.01.2020-16.03.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=4.20 bar, Pbaza=1.01325, Tbaza=20 dərəcə selsidir. Korreksiya olunmuş maksimal qaz həcmi 1.401 kub.m, korreksiya olunmamış qaz həcmi 693 kub.m. qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Tempratur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici Vt mexaniki göstəricidən 626 kub.m. azdır. Gündəlik arxivə əsasən son sərfiyyat 04.02.2020-ci il tarixdə qeydə alınmışdır. Sonrakı tarixlərdə xətdə təzyiq 1.03-4.09 bar civarında dəyişmişdir. Korrektor gövdəyə bərkidilən kranşteyn qırıqdır. 31.03.2020-ci il tarixdə təsdiq edilmiş ******* nömrəli “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında” akta əsasən, Xəzər rayonu Zirə qəsəbəsi ərazisində yerləşən abonent kodu **********00099 olan iddiaçıya məxsus xidmət sahəsində qaz sayğacının işləmədiyi dövr olan 14 gün üçün 372.136 kub.m. qaz sərfi və həmin sərfə görə 74.427,20 manat borc hesablanmışdır. Bakı Regional Qazın Satışı Departamentinin cavabdehin Baş direktorunun satış və istismar üzrə müavininə ünvanlanmış 16.12.2019-cu il tarixli “Göstəriciyə düzəliş” adlı Xidməti yazı ilə, Xəzər rayonunun xidmət ərazisində yerləşən iddiaçıya məxsus sayğacda 30.11.2019-cu il tarixdə mexaniki göstərici 414.654, elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunduğu və növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 kub.m. fərqin düzəldilməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 2.10. Sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir; 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır; 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 2.3-cü maddəsinə görə, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 13.1-ci maddəsinə görə, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; 13.3-cü maddəsinə görə, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” 28.08.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1-ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olmuşdur ki, iddiaçının tələbi 2 hissədən ibarətdir: 1. mexaniki göstərici 414.654 kub.m, elektron göstərici isə təkrar 497.861 kub.m. kimi qeyd olunduğuna, növbəti ayda sayğac elektron göstəricini qeydə aldığına görə yaranan 429.328 kub.m. fərq nəticəsində hesablanmış 85.866 manat borcun silinməsi; 2. qaz sayğacı olmadığı müddətdə 14 günə görə hesablanmış 74.427,20 manat məbləğdə borcun silinməsi. İddia tələbinin birinci hissəsi ilə bağlı iddiaçıya məxsus abonentin saldosunu nəzərdən keçirdikdə məlum olur ki, 2019-cu ilin noyabr ayında mexaniki göstərici 414.654, elektron göstərici isə təkrar 497.861 kimi qeyd olunsa da, növbəti ayda sayğac elektron göstəricini (1.210.179) qeydə aldığına görə 429.328 kub.m. fərq yaranmışdır. Sözügedən fakt Bakı Regional Qazın Satışı Departamentinin cavabdehə ünvanlanmış 16.12.2019-cu il tarixli xidməti yazısı ilə də təsdiq olunmuş və həmin 429.328 kub.m. fərqin düzəldilməsi xahiş edilmişdir. Odur ki, cavabdeh 429.328 kub.m. əlavə fərq yaranan qazın dəyəri olan 85.866 manat borcun “Qazdan istifadə Qaydaları”nın 5.5-ci bəndinə istinadən hesab təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı olmamışdır. Tələbin ikinci hissəsinə gəldikdə isə, işdə olan 18.03.2020-ci il tarixli aktdan müəyyən edilir ki, qaz təhcizatı sahəsində təbii inhisarçı mövqeyə malik hüquqi şəxs olan cavabdeh (onun əməkdaşları) tərəfindən 18.02.2020-ci il tarixdə iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğac xətdən çıxarılaraq, laboratoriya müayinəsinə göndərilmiş, bundan sonra isə sonuncuya 31.03.2020-ci il tarixli aktla 14 günə görə 74.427,20 manat məbləğdə sərfiyyat hesablanmışdır. Bütün bunlar isə o deməkdir ki, mübahisəli baxış birbaşa “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinin təsir dairəsinə düşür. Belə ki, Qanun yoxlamanın nəticəsində akt tərtib edilməməsi və sanksiyalar tətbiq edilməməsi halında belə hər növdən olan müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd və baxışın yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparıla bilməyəcəyini açıq bəyan etmişdir. Həmin Qanunun 3.2-ci maddəsinə görə isə, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsində təsbit edilən tələb Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndində də əks olunmuşdur və bu tələb Əsasnamə ilə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxs kimi cavabdehə də aid edilmişdir. Həmin 1.4-cü bəndə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən də, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bundan əlavə, “Qazdan istifadə Qaydaları”nın 2.10-cu bəndində olduğu kimi, “Qaz təchizatı haqqında” AR Qanununun 3.5-ci maddəsində də nəzərdə tutulmuşdur ki, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Belə olan halda, sahibkarlıq subyektinin barəsində aktın tərtib olunması və həmin akta əsasən ona müəyyən məbləğdə sanksiya tətbiq edilməsi yaxud əlavə sərfiyyat hesablanması bilavasitə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunla nəzərdə tutulan yoxlama tədbirlərinin nəticəsidir və eyni Qanunun 2.3-cü maddəsində təsbit olunan sayğac göstəricilərinin oxunması istisnasına daxil deyil. Tələbin ikinci hissəsi mahiyyəti üzrə də əsaslı olmuşdur və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissə ilə bağlı əsaslandırması ilə razılaşaraq, onları təkrarən sadalamır. Həmin dəlillərə əlavə olaraq bildirir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndində əks olunan qaz sayğacı qaz paylayıcısı tərəfindən çıxarıldıqda sayğacın olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyərinin sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılması tələbi nəzərə alınmaqla, iddiaçıya məxsus abonentin saldosundan aydın olduğu kimi, sayğacın çıxarıldığı 2020-ci ilin mart ayından əvvəlki fevral ayında (bütöv ay ərzində) iddiaçının qaz sərfinin məbləği 47.846 manat olduğu halda, mart ayının 14 günü üçün mübahisəli aktla hesablanan 74.427,20 manat olması əsaslı sayıla bilməz. Sözügedən rəqəm xüsusən də həmin məbləğin üstünə mart ayına hesablandığı saldoda qeyd edilən 59.014,80 manatın gəlinməsi ilə ağlabatanlıqdan və inandırıcılıqdan uzaq görünür. Bu məqamda, sayğacın 2021-ci ilin mart ayında 51.841,40 manatlıq sərfiyyat qeydə alması, yəni sonrakı ilin eyni dövründə də sərfiyyatın artıq olmaması da vurğulanmalıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyası bununla bağlı əvvəlcə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarına görə, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Bu kontekstdə, apellyasiya şikayəti iki dəlilldən ibarətdir: 1. iddiaçıya 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir; 2. iddiaçıya 2020-ci ilin mart ayında 14 gün üçün 115.486 kub.m. qaz həcmi hesablanmalı olduğu halda, 372.136 kub.m. hesablansa da, məhkəmə 2020-ci ilin mart ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə kollegiyası şikayətin birinci dəlilinə münasibətdə bildirir ki, 2019-cu ilin dekabr ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək, iddiaçının qaz hesabına işlənsə də, həmin əlavə fərqin yanlış hesablanması saldodan aşkar görünməklə yanaşı, cavabdehin buna bilavasitə səlahiyyətli olan qurumu Bakı Regional Qazın Satışı Departamenti tərəfindən etiraf edilmiş və bu səhvin aradan qaldırılması üçün müvafiq hərəkətlər edilmişdir. Şikayətin ikinci dəlili də əsassızdır. Belə ki, ilk olaraq, dəlilin özündə cavabdeh qəbul edir ki, 2020-ci ilin mart ayında 14 gün üçün 372.136 kub.m. qaz həcmi hesablana bilməzdi. Digər tərəfdən, cavabdehin də qəbul etdiyi 115.486 kub.m. qaz həcmi də daxil olmaqla qanunsuz hesablanmış məbləğin silinməsinə dair tələbin bu hissəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğundur. Bundan başqa isə, yuxarıda qeyd olunduğu kimi, əgər sayğacsız dövr üçün hesablama qanunvericiliyə əsasən əvvəlki ayın gündəlik sərfinə uyğun aparılmalı idisə, o halda sayğacsız dövrün 14 gününə görə hesablanan məbləğ əvvəlki ayın 30 gününə hesablanan məbləğdən təqribən 1/3 qədər çox ola bilməzdi. Həmçinin, saldoda eyni dövrə görə 59.014,80 manatlıq sərfiyyat göstərildiyi, habelə iddiaçı tərəfindən 2020-ci ilin mart ayında 47.846 manat, aprel ayında 70.000 manat ödəniş edildiyi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin 2020-ci ilin mart ayının mübahisəli 14 günündə sərf edilmiş qaz həcmi məbləğinin hamısını silmədiyi, başqa sözlə, qanunsuz hesablandığı məhkəmə araşdırması ilə sübuta yetirilən 74.427 manat məbləğdə borcu düzgün olaraq sildiyi təsdiqini tapmış olur. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-202/2021 nömrəli iş üzrə 01 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar