Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-29/2020 07.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, Seyidova Səriyyə Seyid qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibаrət tərkibdə; Məhkəmə iclas katibi Rəcili Aysel Naib qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə; İddiaçı X3 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X5 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinədair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC tərəfindən xx xxxxxx 2019-cu il tarixli ********* nömrəli hesab ödəniş vərəqinə əsasən hesablanmış 8142 manat 12 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “xxxx” ASC iddiaçı-abonent X4 məxsus Bakı ş, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3 ünvanında yerləşən '‘Həmid” ərzaq mağazasına xx.xx.2019-cu il tarixli ********* №-li hesab ödəniş vərəqi göndərilərək, abunə kodu 06/32-024 olan sayğac üzrə Rİ 022438 EİQ Akta asasən əlavə sərfiyyat kimi 90468 Kvt elektrik enerjisinə görə ƏDV ilə birlikdə cəmi 8.142,12 manat borcun ödənilməsi tələb olunmuşdur. Borcun ödənilməsi barədə ********* №-li hesab ödəniş vərəqində 8.142,12 manat elektrik enerjisi borcunun yaranmasının xx.xx.2018-ci il tarixli Rİ 022438 №-li Akta əsasən əmələ gəldiyi bildirilir. Sözü gedən xx.xx.2018-ci il tarixli Rİ 022438 №-li Akt xx xxxxxx 2018-ci il tarixdə cavabdeh “xxxx” ASC-nin nümayəndələrinin və A.Cavadovun nümayəndəsinin iştirakı ilə iddiaçıya məxsus “Həmid” ərzaq mağazasından xaricdə (bayırda) yerləşən kodu 06/32-024 olan sayğaca baxış keçirilən zaman tərtib olunmuşdur. Elektrik enerjisi uçotu və “X1 Qaydaları”na riayət olunması yoxlanılarkən sayğacda hər hansı bir kənardan müdaxilə izləri aşkar olunmamış, sayğacın göstərici tablosunun oxunmadığı, amper masa vasitəsi ilə ölçmə aparılması və sayğacın yenisi ilə əvəz olunması Aktda qeyd olunmuşdur. Yeni sayğac“xxxx” ASC tərəfindən A.Cavadova məxsus mağazanın xaricinə 2019-cu il yanvar ayından quraşdırılmışdır. İddiaçı Ağahəmid Cavadov Bakı ş., Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, 3 ünvanında yerləşən “Həmid” ərzaq mağazasında hər ay maksimum 300-350 manatlıq dəyəri olan elektrik enerjisi istifadə edir,bundan artıq elektrik enerjisi istifadə olunmur.“xxxx” ASC qanunsuz və əsassız şəkildə sayğacın tablo göstəricisinin oxunmadığı texniki səbəbdən A.T.Cavadovdan istehlak edilmədiyi elektrik enerjisinə görə fantastik, reallıqda mümkün olmayan bir borcun ödənilməsini tələb etmişdir. Hesab ödəniş vərəqində iddiaçıdan sərfiyyatın 90468 Kvt.s görə ödəniş tələb olunmuşdur. İddiaçı və cavabdeh tərəfin iştirakı ilə tərtib olunan xx.xx.2018-ci il tarixli Rİ 022438 №-li Aktdan görünür ki, elektrik sayğaca hər hansı kənar müdaxilə edilməmişdir. Ağahəmid Cavadovun fəaliyyət göstərdiyi mağazanın işıq sayğacı mağazadan kənardan yerləşir və onlar hər ay mütəmadi olaraq 2 cavabdehin əməkdaşı tərəfindən sayğaca baxış keçirilərək hesablanmış enerji sərfiyyatının dəyərini vaxtı-vaxtında ödəyirlər.“xxxx” ASC-nin hesab ödəniş vərəqində ƏDV-siz 6.900,10 manat borcun haradan əmələ gəlməsi A.Cavadova məlum deyildir. Həmin borcun yaranması mümkün deyildir, belə ki, iddiaçı vaxtaşırı X1yə görə yaranmış borcu sistematik ödəmişdir. İddiaçıya məxsus obyektdən çıxarılıb aparılmış elektrik sayğacına sonradan“xxxx” ASC-nin laboratoriya şəraitində baxılması və araşdırılması Cavadov Ağahəmidin iştirakı olmadan aparılmış, bu barədə iddiaçıya heç bir məlumat verilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə akta əsasən hesablanmış borcun silinməsi qənaətinə gələrkən mübahisəyə əsassız olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunlarının, həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin və EEİQ-nin 8.34-cü bəndinin müddəalarını tətbiq etmişdir. Belə ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X1 Qaydaları”na riayət olunması vəziyyətini yoxlamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Rasimə Hüseynova apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan; - R № 022438 saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, E.E.İ.Q-na uyğun olaraq yoxlama aparılan zaman məlum olmuşdur ki, sayğacın göstərici tablosu oxunmur. - xx.xx.2019-cu il tarixli ”xxxx” ASC-nin AKT komissiyasının Texniki sahə üzrə tələblər İcra vərəqinin təsdiq olunmuş surətində qeyd olunur ki, yoxlama zamanı məlum oldu ki, sayğacın göstərici tablosu oxunmur, sayğacın gövdəsinin yuxarı hissəsindən müdaxilə olunaraq, displeyi sıradan çıxarılıb, sayğac işləmir. Qərara əsasən, yeni tarif: 121920 kvts: 369 gün x 364 gün-29800 kvts=90468 kvts. İcra vərəqinin qeyd hissəsində sayğacın yenisi ilə əvəz edilməsi göstərilmişdir. Əsas: Rİ AKT № 022438, xx.xx.2018-ci il tarixli. - **********30033 saylı abunə kodu üzrə Abunə haqqında arayışdan görünür ki, Rİ № 022438 nömrəli akt üzrə abonentə xx.xx.2019-cu il tarixdə 8142,12 manat borc yazılmışdır. - Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 3v, mənil 2 X3 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş və xx.xx.2010-cu il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1188 nömrəli reyestr kitabının 107922 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilmiş, iddiaçıya Rİ № 022438, xx.xx.2018-ci il tarixli akt yazılmış və həmin akt əsasında abonentə xx.xx.2019-cu il tarixdə 8142,12 manat borc hesablanmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, 8142,12 manat əlavə sərfiyyat “xxxx” ASC tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisini ölçən elektrik sayğacının göstəriciləri əsasında deyil, Rİ № 022438, xx.xx.2018-ci il tarixli akt əsasında hesablanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “X1 qaydalarının” 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Lazım gəldikdə, tərəflər elektrik enerjisinə görə hesablaşma dövrünü başqa müddətlərdə də müəyyən edə bilərlər, bu halda tərəflər elektrik enerjisinin alqı-satqı müqaviləsində müvafiq qeydlər aparmalıdırlar. Enerjitəchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerjitəchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların: - 5.1-ci bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında, abonent ilə subabonent arasında elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehlik sərhədi bu qurğuların balans mənsubiyyətilə müəyyənləşdirilir və elektrik enerjisinin alqısatqı müqaviləsinə əlavə edilən elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktında qeyd olunur; - 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. -7.13. Hesablaşma elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda, sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat), şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid edilir. - 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. - 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdım etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Göründüyü kimi qanunvericilik, elektrik enerjisinə görə hesablaşmaların tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış elektrik sayğacının göstərişinə əsasən hesablanmalı olmasını müəyyən etmiş, elektrik sayğacları elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadığı hallarda sərhəddən elektrik sayğacının quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərini (texnoloji sərfiyyat) şəbəkənin göstərilən hissəsi balansında olan təşkilatın hesabına aid etmiş, elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə cavabdehliyi isə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktına əsasən həmin qurğuların balans daşıyıcısı olan təşkilatın üzərinə qoymuşdur. Belə ki, “xxxx” ASC məhkəməyə X3 qeyri-qanuni hərəkəti nəticəsində obyektə itirilmiş elektrik enerjisinə görə dair heç bir sübut təqdim edə bilməmişdir. İddiaçı cavabdeh tərəfindən tələb edilən 8142,12 manat borcun ödənilməsini mübahisələndirdiyinə görə mülki prosessual qanunvericiliyin tələblərinə əsasən (MPM,77.1) qeyd edilən məbləğin iddiaçı tərəfindən ödənilməli olmasını sübuta yetirmək cavabdehin vəzifəsidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında həmin məbləğin necə və hansı əsaslara istinad olunaraq hesablanmasını əsaslandıra bilməmişdir. Məhkəmə kollegiyası bununla bağlı onu qeyd etməyi zəruri hesab edir ki, cavabdehin birtərəfli qaydada tərtib etdiyi sözügedən sənədin iddiaçı üçün hər hansı öhdəlik yaratması mümkün deyildir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafıəsi haqqında” qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi cavabdeh tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Yəni, hazırki iş üzrə cavabdeh qeyd edilmiş aktın tərtibinə səbəb olmuş hərəkətlərin sahibkarlıq sahəsində aparılan yoxlamalara aid etməsə də, qanunvericiliklə “araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar” hamısı məhz vahid məlumat reyestrində qeydə alınmalıdır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392,402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-729/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-29/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-29/2020
07.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver