Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-297/2020 21.05.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nuriyeva Afaq Bayram qızı və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, cavabdeh “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Əliyev Savalan Lətif oğlunun cavabdeh “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-883/2020 saylı qərardadından (hakim Fərrux Qasımov) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “xxxx” ASC tərəfindən ona hesablanmış 22102,65 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə mahiyyəti üzrə baxılıb qurtarılanadək cavabdeh “xxxx” ASC-yə iddiaçı (istehlakçı) Əliyev Savalan Lətif oğluna (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 130 saylı evin 44 saylı mənzili) verilən elektrik enerjisinin təchizatının dayandırılmasını, bununla bağlı hər hansı hərəkətlərin edilməsini, cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 21 fevral 2020-ci il tarixli, e-2-2(113)- 883/2020 saylı qərardadına əsasən ərizə təmin olunmuşdur. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2- 2(113)-883/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının evinə elektrik enerjisinin verilisinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi enerji təchizatı müəssisəsinin həmin hüququnu məhdudlaşdırır və İddiaçı nəinki, hazırkı borcunu, hətta işə baxılıb qurtaranədək aylarla istifadə edəcəyi elektrik enerjisinin dəyərini də ödəməməyə şərait yaradır. Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(113)-883/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı barədə bildiriş göndərilsə də, iddiaçı məhkəmə iclasında üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Azərışıq” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-883/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə hesab edir ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus obyektə işə mahiyyəti üzrə baxılanadək elektrik enerjisi verilişinin dayandırılması onun sahibkar kimi kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsinin qeyrimümkün olmasına səbəb ola bilər. Göstərilən hal isə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının hüquqlarının daha artıq pozulmasına səbəb ola bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsini xahiş edən iddiaçının ərizəsinə qiymət verilərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının elektrik enerjisi təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-883/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərəəsasən vəAzərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “Azərışıq” Açıq Səhmdar Cəmiyyətininşikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-883/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-297/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-297/2020
21.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver