Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-299/2020 02.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı Məmmədov Rövşən Binnət oğlunun cavabdeh “xxxx” ASC-yə qarşı “cərimənin silinməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : İ. İddiaçı Məmmədov Rövşən Binnət oğlu cavabdeh «xxxx» ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx xxxxx 2017-ci il tarixdə Abşeron rayonu, Xırdlan şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8835,25 manat cərimənin silinməsi vəzifəsinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı R.Məmmədov fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti göstərir (VÖEN:**********). Cavabdehin əməkdaşları xx xxxxx 2017-ci il tarixdə onun fəaliyyət göstərdiyi Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Aavtodyanacaqda yerləşən obyektə gələrək akt tərtib edərək, elektrik energisi kəsilmiş və ona 8835,25 manat cərimə hesablanmışdır. Cavabdehin xx.xx.2017-ci il tarixə təqdim etdiyi hesab vərəqinə əsasən onun ƏDV daxil 69,12 manat olmuş, lakin 21 gün sonra ona təqdim edilmiş hesab vərəqində 8.835,25 maqat qalıq borcunun olduğu göstərilmişdir.İddiaçı mübahisələndirir ki, akta imza etməmiş və kim tərəfindən imzalandığı ona məlum deyil. Onun elektrik xəttinə müdaxilə etməmiş, akt qaydalara uyğun tərtib edilməmiş, məbləğ şişirdilmiş, onda göstərilənlər həqiqətə uyğun deyil. Bundan əlavə akt xx.xx.2017-ci il tarixdə tərtib olunduğu halda, icra vərəqi bir gün əvvəl xx.xx.2017-ci il tarixinə necə və nəyin əsasında tərtib edilə bilərdi. Ona görə də həmin saxta və etibarsız hesab olunmalıdır. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodayanacaqda yerləşən kafedə tətbiq etdiyi 8753,18 manat cərimənin silinməsi vəzifəsi cavabdehə həvalə edilmiş, qalan hissədə iddia rədd olunmuşdur. Cavabdeh “xxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək qismən ləğv olunması və iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi hüquq normalarının pozulması ilə çıxarılmış, qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin sahibkarlıla məşğul olan iddiaçının yoxlamanın qanuna müvafiq Vahid məlumat reyestrində qeyd alınmadığına əsaslanmışdır. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və “X2 Qaydaları” nına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılmışdır. Məhkəmə hazırkı mübahisəyə həmin Qaydaların 8.17-ci bəndini tətbiq etməli idi. Qaydaların həmin bəndinə əsasən İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçotcihaz-larından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. İddiaçı tərəfindən həmin Qaydalara riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, obyektin elektrik sayğacının dövlət və alt qapaq möhürlərində müdaxilə izləri və obyektə sayğac sxemindən kənar xətt çəkilmişdir. Aktda qoyulan tələbə görə sayğac yenisi ilə əvəz olunaraq kənar xətt ləğv edilmişdir. EEİQ-in 7.7 və 9.1-ci bəndlərinə əsasən hesablaşma elektrik sayğacının, həmçinin hesablaşma elektrik sayğacını (elektrik transformatorları ilə qoşulduqda) qidalandıran ikinci dövrlərin və ölçü transformatorların qorunmasına, texniki vəziyyətinə və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik (məsuliyyət) onun üzərinə düşmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı R.Məmmədov cavabdehin şikayətinin dəlillərini əsassız hesab etmiş və birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düçünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdehin apellyasiya şikayətinin məzmunundan görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız iddianın təmin olunan, yəni, 8753,18 manat cərimənin silinməsi hissəsində mübahisələndirilir. İddiaçı tərəfindən isə qətnamədən şikayət verilməmişdir. Odur ki, Məcəllənin qeyd olunan tələbi baxımından işə şikayət həddində, yəni, qətnamə ilə borcun ləğv edilən hissəsində baxılmalıdır. Məhkəmə kollegiyası, aşağıdakılara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına və maddi hüquq normalarına uyğun sayır. İş materiallarına əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən xx xxxxx 2017-ci il tarixdə iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Xırdalan şəhəri, Müşfiqabad qəsəbəsi, Avtodyanacaqda yerləşən obyektdə (kafedə) «X2 Qaydaları»na riayət olunması vəziyyəti yoxlanılaraq nəticələrinə dair NQD №-li 003041 saylı akt tərtib olunmuşdur. Həmin aktdan görünür ki, yoxlama zamanı sayğacdan kənar xətt aşkar olunmuş və həmin əsasla, adıçəkilən Qaydaların 8.17-ci bəndinə müvafiq olaraqxx.xx.2017-ci il tarixli icra vərəqi ilə iddiaçıya 8753,18 manat məbləğində əlavə sərfiyyat hesablanmış və ona xx.xx.2017-ci il tarixli (№570528500) hesab ödəniş vərəqi təqdim olunmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsində həmin borc məbləğinin silinməsi vəzifəsi cavabdehin üzərinə qoyulması qənaətinə gələrkən onu əsas tutmuşdur ki, cavabdeh tərəfindən aparılan yoxlama qüvvədə olan qanunvericiliyin tələbləri qaydasında aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini qanuni və əsaslı sayır. Belə ki, Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 8.34-cü bəndinin tələbində də nəzərdə tutulur ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh «xxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçının təsərrüfat subyektində EEİQna riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra həyata keçirmək hüququ mövcud ola bilərdi. Lakin, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin bu tələblərinə riayət etməmiş, iddiaçıya məxsus obyektdə aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparılmışdır və bui şin mübahisələndirilməyən halıdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş xx.xx.2017-ci il tarixli akt və həmin akt əsasında tərtib olunmuş icra vərəqi ilə iddiaçının 8753,18 manat məbləğində əlavə ödənişə cəlb edilməsini ehtiva edən yoxlamanın hüquqi nəticələri, öz-özlyündə, cavabdehin aşkar etdiyi faktlar həqiqi olsa belə, əhəmiyyətsizdir. Beləliklə də cavabdeh tərəfindən iddiaçıya məxsus mübahisəli təsərrüfat subyektində elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılması hüquqa zidd həyata keçirilmişdir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın qismən təmin olunaraq 8753,18 manat əlavə sərfiyyat məbləğinin silinməsinin cavabdehə həvalə olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin olunan hissəsində maddi hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsi ilə kommersiya mübahisələrinə dair işlər üzrə qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-41/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi (mübahisələndirilən hissəsində) dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-299/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-299/2020
02.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver