Məhkəmə qərarları › İş №2-2(103)-30/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-30/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-30/2025 22.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İB-nin Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi (Açar sözlər: qazdan istifadəyə görə borcun tutulması, iddia müddəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh2 qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4604/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AMX-4570/20 saylı qazın alğı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir, cavabdeh isə istifadə olunan təbii qazın dəyərini vaxtında ödəyir.

2. 15.08.2023-cü il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı Bakı 2 saylı Mediasiya təşkilatına 400 manat ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 53388,72 (əlli üç min üç yüz səksən səkkiz manat, yetmiş iki qəpik) manat borcun və 400 manat ödənilmiş mediasiya xərcinin məcburi qaydada tutularaq iddiaçının ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixli, AMX- 4570/20 saylı müqavilə əsasında Cavabdeh2 məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir və nəticədə 53388,72 borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4604/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 təbii qazdan istifadəyə görə yaranmış 53388,72 (əlli üç min üç yüz səksən səkkiz manat, yetmiş iki qəpik) manat borc və 400 manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.

7. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş müqavilənin və Abonentin saldosunun müqayisəli təhlilindən görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, cavabdehi qazla təchiz etmiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

8. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 600.1, 600.4-cü maddələrini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh2 Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(113)-4604/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Birinci instansiya məhkəməsi məhkəmə iclasında cavabdehin iştirakı təmin etmədiyindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməmişdir. Abonent Saldosundan göstərilənlərə əsasən Elster G- 100 RVG EK-220; № 75081057 nömrəli sayğacın göstəricisi üzrə 4080.80 (dörd min səksən manat səksən qəpiq) manat 2017-ci il üzrə, 7844.0 (yeddi min səkkiz yüz qırx dörd manat) manat 2018-il üzrə 1596.6 (bir min beş yüz doxsan altı manat altı qəpik) manat 2019-cu il üzrə və 13249.4 (on üç min iki yüz qırx doqquz manat dörd qəpik) manat 03.2020-ci il üzrə sərfiyyat məbləgi göstərilmişdir. 2020-ci ilin mart ayınadək 26770.8 (iyirmi altı min yeddi yüz yetmiş manat səksən qəpik) manat borc qalıb. xx.xx.2020-ci il tarixində iddiaçı ilə qazın alqı-satqısı barədə müqavilə bağlananadək mövcud olan borc cavabdehə adiyatı olmayan dövrü əhatə edir. İddiaçı ilə qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixinədək tərəflər arasında müqavilə münasibəti mövcud olmamışdır. xx.xx.2020-ci il tarixindən etibarən cavabdeh qazdan istifadə etmişdir. İddiaçı tərəfindən qeyd olunan borcla bağlı cavabdehə heç bir bildiriş verilməyib və qazın verilməsi dayandırılmamışdır. “Qazdan istifadə Qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2011-ci il tarixli Qərarın 6.1.4-cü bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırılmalı və qazın alqı-satqı müqaviləsinin ləğv etməli olduğu halda iddiaçı xx.xx.2020-ci il tarixində cavabdeh ilə qazın alqı-satqısı barədə müqavilə bağlanmış və borc haqqında cavabdehə heç bir məlumat verilməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixədək cavabdehlə qazın alqı-satqısı barədə müqavilə mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi üçün AR MM ilə müəyyən edilmiş 3 illik iddia müddətində məhkəməyə müraciət etməmişdir. İddia müddəti tətbiq edilərək iddia tələbi rədd edilməlidir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olmamasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

13. Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

14. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

15. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:

16. Bənd 2.11-1. Qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

17. Bənd 2.11-2. Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

18. Bənd 5.2. (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

19. Bənd 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

29. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

31. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli, AMX-4570/20 saylı qazın alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə məxsus qeyri-yaşayış sahəsini təbii qazla təchiz etməyi, cavabdeh isə istifadə olunan təbii qazın dəyərini vaxtında ödəməyi öhdəsinə götürmüşdür.

32. Hazırki işdə isə müəyyən edilir ki, cavabdeh üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir.

33. Belə ki, iş materiallarında olan abonent saldosuna əsasən Cavabdeh2 sayğac göstəriciləri üzrə 53.388,72 manat borc müəyyən edilmişdir.

34. Göründüyü kimi cavabdehin təbii qazdan istifadəyə görə 53.388,72 manat məbləğində borcu olsa da, o, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndi və «Qazdan istifadə Qaydaları»nın 5.2, 5.5-ci bəndləri ilə müəyyən edilən öhdəliklərini icra etməmişdir. Ona görə də, iddiaçı həmin öhdəliyin icra olunması və qeyd olunan məbləğdə borcun ödənilməsini tələb etməkdə haqlıdır.

35. Bu baxımdan kollegiya hesab edir ki, iddia əsaslıdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

37. Belə ki, abonent saldosundan müəyyən olunur ki, iddiaçı tərəfindən tələb edilən borc 2020-ci ilin noyabr ayından sonra yaranmış borcdur, cavabdeh tərəfindən qazın sonuncu sərfiyyatı 2023-cü ilin fevral ayında olmuş, sərfin məbləği 124,30 manat, həmin məbləğ daxil olmaqla, ümumilikdə borcun məbləği isə 53388,72 manat təşkil etmiş, sonuncu ödəniş isə 2022-ci ilin fevral ayında 5.400 manat olmuş və həmin tarixdən sonra cavabdeh tərəfindən ödəniş edilməmişdir.

38. Beləliklə, müəyyən edilir ki, həmin borca dair iddia müddətinin axını 2023-cü ilin mart ayından başlamışdır.

39. Hazırki iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

40. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddəti ötürülməmişdir.

41. Həmçinin cavabdehin təqdim etdiyi qüsur aktından görünür ki, sayğacda qüsur 2024-cü ilin dekabr ayında müəyyən edilmişdır. Lakin cavabdeh sayğacın göstəricilərinə əsasən 2023-cü ilin mart ayına qədər olan borcu tələb edir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli dövrdə sayğacın işləməməsi faktı iş materialları ilə sübut edilməmişdir, cavabdeh Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə qoyulmuş sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

42. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

43. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün cavabdehin ödədiyi dövlət rüsumunun məbləği onun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(113)-4604/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar