Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-31/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi İddiaçı2, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-954/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ona məxsus qeyri-yaşayış sahəsinə hesablanmış 8.032,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə sayğac quraşdırılmışdır. Həmin sayğacın elektron göstəricisi 2018ci ilin aprel ayında xarab olmuş, ancaq mexaniki göstəricisi işlək vəziyyətdə olmuşdur. Cavabdehə müraciət edərək sayğacın yenilənməsini xahiş etmiş, lakin cavabdehin əməkdaşları tərəfindən sayğacın mexaniki göstəricisi işlədiyindən, mexaniki göstəriciyə əsasən qazın sərfiyyatı müəyyən olunduğundan, yeni sayğacın qoyulmasından imtina edilmişdir. 2019-cu ilin aprel ayında cavabdehin əməkdaşları tərəfindən sayğac çıxarılmış, iyul ayında yenidən sayğac quraşdırılmışdır. 2019-cu ilin iyun ayında iddiaçıya əsassız olaraq 8.032,40 manat borc hesablanmışdır. Cavabdehə həmin borcun hansı əsaslarla hesablandığını müəyyən etmək məqsədilə şifahi olaraq müraciət edilsə də, heç bir cavab verilməmiş, müxtəlif bəhanələrlə cavab verməkdən imtina edilmişdir. Buna görə də, həmin borc əsassız hesab olunub, silinməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən 2019-cu ilin iyun ayı üçün iddiaçıya hesablanmış 7.966,99 manat məbləğdə borcun silinməsi və iddia verilməsi ilə əlaqədar ödənilməli olan 30 manat dövlət rüsumunun 25 manat hissəsinin cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının fəaliyyət göstərdiyi qeyri-yaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış G-25 markalı ********** nömrəli qaz sayğacının elektron hesablayıcı korrektoru işləmədiyi üçün sayğac çıxarılaraq təmirə göndərilmişdir. Qaz sayğacı olmadığı dövr ərzində qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri qaz işlədicilərin saatlıq qaz sərfinə uyğun hesablanmışdır. Sahibkar tərəfindən quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır. Məhkəmə hesab etmişdir ki, 2019-cu ilin iyun ayı ərzində iddiaçıya məxsus oteldə cəmi 65,40 manat məbləğdə təbii qazdan istifadə edilmişdir. Abonent saldosundan da göründüyü kimi, 2019-cu ilin iyun ayına qədər olan müddətdə, yəni may ayına 670,80 manat aparılmış hesabatla istehlakçı razılaşmışdır. Eyni zamanda, 2018-ci ilin 9 ayı ərzində iddiaçı tərəfindən orta hesabla hər ay 269,20 manat məbləğdə təbii qazdan istifadə edilmişdir. Belə olan halda təbii qazdan faktiki olaraq istifadə olunduğu halda G-25 tipli qaz sayğacı vasitəsilə cəmi 65,40 manat məbləğdə təbii qazdan istifadə edilməsi həqiqətə uyğun deyil. Məhkəmə qətnaməsindən də göründüyü kimi, istehlakçı tərəfindən qaz sayğacının işləmədiyi dövr ərzində təbii qazdan istifadə olunması işin mübahisə olunmaz tərəfidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” AR Qanuna müvafiq olaraq istismarına və işçi vəziyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 4.2. bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir, 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyətin bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmasına baxmayaraq, məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanının 9cu bəndində qeyd olunur ki, Cavabdeh İB təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri- müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.9-cu maddəsinə uyqun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” xx.xx.2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndi ilə Cavabdeh İB-yə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması, “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx.xx.2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndi ilə ARDNŞ-ə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakılar qeyd edir. İşdə olan, Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında xx.xx.2019-cu il tarixli 29/164001016/12 nömrəli akta görə, iddiaçının qaz xətti üzərində quraşdırılmış G25 markalı ********** nömrəli rotor tipli “İTRON” qaz sayğacı xx.xx.2019-cu il tarixdə xətdən çıxarılmış (Forma-2 №9013316), sayğaca X1 müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və sayğacın hesablayıcı mexanizminin işləməməsi, keçən qazın sərfini qeydə almaması müəyyən edilmişdir. Caavabdehin Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2019-cu il tarixli ******* nömrəli aktına əsasən iddiaçının 2019-cu ilin iyun ayı üçün 327 kub.m. qaz sərfiyyatına görə 65,40 manat borc hesablanmışdır. Abonent kodu **********00480 olan iddiaçının abonent saldosundan görünür ki, ona akta əsasən 2019-cu ilin iyun ayı üçün 8.032,39 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən 2019cu ilin iyun ayı üçün iddiaçıya hesablanmış 8.032,40 manat borcun 65,40 manat hissəsinin silinməsi tələbinə dair hissədə iddia əsassız olduğundan düzgün olaraq rədd edilmişdir. Belə ki, aktla iddiaçının 2018-ci ilin iyun ayına sərfiyyatı 65,40 manat müəyyən edilmişdir. Digər tərəfdən, işin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, həqiqətən də iddiaçının istifadəsində olan qaz sayğacı 2019-cu ilin aprel ayında çıxarılaraq laboratoriyaya aparılmış, yeni sayğac isə 2019-cu ilin iyul ayında quraşdırılmışdır. Yəni, 2019-cu ilin iyun ayında iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə gedən qaz xətti üzərində qaz sayğacı olmamışdır. İddia tələbinin 2019-cu ilin iyun ayı üçün hesablanmış qalan 7.966,99 manat məbləğdə borcun silinməsi hissəsinə münasibətdə kollegiyası məhkəmə qeyd edir ki, abonent saldosunda həmin borcun akta əsasən hesablanması qeyd edilsə də, həmin aktın surəti iddiaçıya təqdim edilməmişdir. Cavabdehin nümayəndəsinə birinci instansiya məhkəməsi tərəfindən də dəfələrlə həmin aktın surətinin məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin həmin akt məhkəməyə təqdim edilməmiş, iş üzrə keçirilmiş sonuncu məhkəmə iclasında isə cavabdehin münayəndəsi həmin aktı tapmaq mümkün olmadığını bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası 7.966,99 manat borcun əsaslılığını təsdiq edilən sübutların məhkəməyə təqdim edilmədiyini, həmin borcun hesablanmasına əsas olması iddia edilən aktın mövcudluğunun ümumiyyətlə şübhə altında olduğunu nəzərə alaraq hesab edir ki, həmin hissədə də iddia birinci instansiya məhkəməsi tərəfindən doğru təmin edilmişdir. «Qaz təchizatı haqqında» AR Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilir, cavabdehin iddiaya qarşı etirazlarının əsası iş üzrə təsdiqini tapmır. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin faktiki halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-384.0.1). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-954/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-31/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-31/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver