Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-315/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 Muxtar oğlunun iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1799/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən cəmiyyətin bank hesablarından məxaric edilmiş və qanunsuz olaraq mənimsənilmiş 144.149,94 manat vəsaitin cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi, “Bravo” tərəfindən sifarişlərin dayandırılması ilə əlaqədar 6 ay ərzində əldən çıxmış fayda qismində əvvəlki 5 ay ərzində daxil olmuş məbləğə ekvivalent, yəni 183.618,06 manat məbləğinin cavabdehdən tutularaq cəmiyyətə ödənilməsi, baş vermiş pozuntu və qanunsuzluqlar nəticəsində iddiaçının məruz qaldığı mənəvi iztirab, sarsıntı və zərərə görə, o cümlədən, hüquqi yardım alınmasına görə xərclərə görə iddiaçıya 20.000 manat, ümumilikdə cəmi 347.768 manatın tutularaq müvafiq olaraq cəmiyyətə və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı2 MMC-nin qanuni təmsilçisi olduğu xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixdə hüquqi şəxsin bank hesablarından 144149,94 manat nağd şəkildə vəsaiti xərc kimi qeydiyyata aldırmadan mənimsəmiş, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmuşdur. Bundan əlavə onun direktor olduğu dövrdə İddiaçı2 MMC tərəfindən “Bravo” supermarketlər şəbəkəsinə müqavilə əsasında satış üçün verilmiş məhsulda “yad cisim” aşkar edilmiş, bu məlumat sosial şəbəkələrdə yayılmış, nəticədə “Bravo” marketi tərəfindən xx.xx.2019-cu ildən sifarişlər dayandırılmışdır. Bunun nəticəsində hüquqi şəxs əldə edəcəyi faydadan məhrum olmuşdur. 2018-ci ilin son 4-5 ayı ərzində “Bravo”-ya satılmış məhsullara görə şirkət 183618,06 manat məbləğində vəsait əldə etmişdir. Bu məbləğ əldən çıxmış faydaya görə cavabdeh tərəfindən ödənilməlidir. İddiaçının cavabdehin hərəkətləri nəicəsində məruz qaldığı mənəvi ziyana və hüquqi yardıma görə 20.000 manat tələb olunur. Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)-1799/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı2 MMC-nin xeyrinə 67.188,70 manat manat pulun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021, 2-2(113)-1799/2021 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi sadəcə X4 qızı deyil, eyni zamanda digər həmtəsisçi və payçı X2r. Bu səbəbdən hesab edir ki, mövcud vəziyyət sadəcə iddiaçılar İddiaçı2 MMC vəQayıbovaX7nın deyil, onun da maraqlarına toxunur və bu səbəbdən mülki işə cəlb olunmalı idi. Cavabdeh tərəfindən bank hesablarından pul çıxarışları həyata keçirilən zaman onun buna səlahiyyəti olmuş və sözügedən pul vəsaitləri X1 təhvil verilmişdir. Hətta cavabdeh tərəfindən bir neçə dəfə "xxxx" QSC-yə kredit ödənişləri də həyata keçirilmişdir. Tərəfindən dəfələrlə ekspertiza təyin olunması və mütəxəssis rəyi alınması təklif olunsa da, məhkəmə tərəfindən diqqətə alınmamış və heç bir əsas olmadan Cavabdeh "xxxx" MMC-yə 67.188,70 manat borcun olması qənaətinə gəlinmişdir. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək, eyni zamanda yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1799/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza xərci Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh apellyasiya şikayətinin tələb hissəsində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmununda qeyd edilənlərdən görünür ki, qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Buna görə də apellyasiya baxışının predmetini həmin hissə təşkil edir. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh xx.xx.2018-ci ildən xx.xx.2019cu il tarixədək "xxxx" MMC-nin qanuni təmsilçisi olmuşdur. İddia ərizəsinə əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə bildirişdən görünür ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. İddiaçı2 MMC-nin "xxxx" QSC-də və "xxxx" ASC-də olan bank hesabından çıxarışlar təqdim edərək iddia etmişdir ki, cavabdeh tərəfindən hüquqi şəxsin hesabından 144.149,94 manat vəsait cavabdeh tərəfindən qanunsuz olaraq məxaric edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsində İddiaçı2 MMC-nin hesablarından onun tərəfindən məxaric olunmuş pul vəsaitinin məbləğinin hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilərək iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Mühasibatlıq Ekspertizası xx.xx.2021-ci tarixli məktubla (iş materiallarında olan hesabdan çıxarış məlumatlarında hesablar (hesab əvəvzi referens) göstərilmədiyindən ekspertizanın aparılmasından imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh İddiaçı2 MMC-yə məxsus bank hesablarından ümumilikdə 101.007 məbləğində pul çəkməsinə baxmayaraq, həmin puldan 33.818,30 manat məbləğin aidiyyatı üzrə xərclənməsi təsdiqini tapdığından İddiaçı2 MMC-yə 67.188,7 manat məbləğində zərər dəydiyi müəyyən olunur. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, mübahisə üzrə aşağıdakı müddi hüquq normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097-ci maddəsinə görə mülki hüquq pozuntusunun (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşə apellyasiya qaydasında baxılarkən Bakı Apelyasiya Məhkəməsinin 30 mart 2022-ci il tarixli, e-2-2(103)-315/2022 saylı qərardadı ilə iş materiallarındakı hesabdan çıxarışlara əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək İddiaçı2 MMC-nin bank hesabından cəmi nə qədər nağd şəkildə pul vəsaiti götürüldüyü və işdəki sənədlərə əsasən həmin məbləğin nə qədər hissəsinin hüquqi şəxsin fəaliyyəti ilə bağlı xərcləndiyini müəyyən etmək üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən daxil olmuş ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı2 MMC-nin "xxxx" QSC-də olan hesabı üzrə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarında MMC-nin bank əməliyyatları öz əksini tapmadığına görə MMC tərəfindən məxaric olunmuş pul vəsaitlərini müəyyən etmək mümkün olmamış, "xxxx" ASC-də olan cari hesabı üzrə bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən nağd şəkildə 89.320 manat məbləğində pul vəsaitinin götürüldüyü müəyyən edilmişdir. Həmin vəsaitin xərclənməsinə dair ilkin mühasibat sənədləri iş materiallarında mövcud olmadığından həmin vəsaitin nə qədər hissəsinin hüquqi şəxsin fəaliyyəti ilə bağlı xərcləndiyini müəyyən etmək mümkün olmamışdır. Cavabdehin özü tərəfindən tərtib edilmiş iş materiallarının 2-ci cildinin 70-ci vərəqinə əlavə edilmiş cədvəldə 33.818,30 manat məbləğində vəsaitin müəyyən məqsədlər üçün xərcləndiyi qeyd edilsə də, cədvələ həmin xərcləri təsdiq edən mötəbər sübutlar əlavə edilməmişdir. Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq hesab edir ki, cavabdehin İddiaçı2 MMC-nin qanuni təmsilçisi olduğu dövrdə hüquqi şəxsin hesabından ən azı 89.320 manat məbləğində pul vəsaitini nağd şəkildə məxaric etdiyi və həmin vəsaitin hansı təyinat üzrə xərcləndiyinə dair iş materiallarında mötəbər sübutlar olmadığından iddianın təmin edildiyi hissədə qətnamənin ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, İddiaçı2 MMC-nin digər həmtəsisçi və payçı X3 prosesə cəlb etməməklə məhkəmə prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.2-ci maddəsinə əsasən hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. İstinad edilən normalara əsasən hüquqi şəxsin adından iddia qaldırmaq, onu məhkəmədə təmsil etmək, onun adından çıxış etmək, hüququ qanuni təmsilçiyə aid olduğundan hüquqi şəxs tərəfindən qaldırılmış iddialar üzrə onun təsisçilərinin üçüncü şəxs qismində məhkəmə prosesinə cəlb edilməsi zəruri hesab olunmur. Buna görə də İddiaçı2 MMC-nin digər təsisçisinin işə cəlb edilməməsi prosessual pozuntu hesab edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1799/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, 200 manat ekspertiza xərci Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-1799/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 200 manat ekspertiza xərci Cavabdeh Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-315/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-315/2022
06.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver