Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-317/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı kommersiya işi Açar söz: pulun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. . xx.xx.2023-cü il tarixli NDQ seriyalı 016984 saylı aktdan görünür ki, cavabdehin nümayəndələri tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən obyektə (mağaza) baxış keçirilmiş, baxış zamanı komputer məlumat bazasında tarif 0,11 manat olmalı olduğu halda, 0,10 manat qeydə alınması aşkar edilmişdir.
2. xx.xx.2023-cü il tarixdə KY231945683 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır.
3. Abunə haqqında məlumatdan görünür ki, iddiaçının elektrik enerjisindən istifadəyə görə cavabdehə borcu olmamaqla 2565,65 manat artıq ödəməsi vardır, NDQ seriyalı 016984 saylı xx.xx.2023-cü il tarixli akta əsasən iddiaçıya 7509,48 manat borc hesablanmış və bu borc tarif 0,10 manat məbləğdən hesablanmış xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə hesablanmışdır (750948 (sayğac göstəricisi) x 0,01 manat = 7509,48 manat).
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli akta əsasən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına əsassız hesablanmış 7509,48 manat işıq borcunun silinməsi, iddiaçıdan 7509,48 manat tutulmuş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən 02 avqust 2023-cü il tarixli 016984 nömrəli akta görə iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozu (Abonent kodu 09/3-3618) ünvanına 7509,48 manat əsassız borc hesablanmışdır. Cavabdehin işciləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, həmin aktın və borcun yazılmasına heç bir əsası yoxdur. Cavabdeh hər ay işlədilmiş enerjiyə görə elektron qaimə və şot faktura göndərmişdir. İşğın dəyəri rəsmi müqavilədə gəstərildiyi kimi ödənilmişdir. Qeyd olunan obyektdə texniki şərt və müqavilə əsasında smart kart sayğacı qoyulmuş və qiyməti cavabdeh tərəfindən 0.9 qəpik müəyyən edilmişdir. Bütün bunlar azmış kimi avqust ayının 2-də cavabdehin nümayəndələri tərəfindən qeyri-qanuni olaraq akt yazılmış və heç bir əsası olmadan yenidən hesab koduna cərimə yazılmışdır. Eyni zamanda, qeyri-qanuni olaraq işıq təhcizatı dayandırılmış, xeyli mübahisədən sonra enerji bərpa edilmişdir. Bu səbəbdən aktda yazılanların heç birinin əsası yoxdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, İddiaçındən 7509,48 manat tutulmuş pul cavabdeh "xxxx" Аçıq Səhmdаr Cəmiyyətindən alınaraq İddiaçınə ödənilməsi qət edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıda yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixdə yoxlama keçirilmiş, yoxlama zamanı elektrik enerjisindən istifadəyə görə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə elektrik enerjisinin dəyəri 1 kVts - 0,11 manat tariflə hesablanmalı olduğu halda, 1 kVts - 0,10 manat tariflə hesablanması müəyyən olunmuş, göstərilən dövr üzrə elektrik enerjisinin dəyəri yenidən hesablanaraq iddiaçıya 7509,48 manat (750948 kVts (sayğac göstəricisi) x 0,01 manat (0,11 – 0,10) = 7509,48 manat) borc hesablanmışdır.
8. Məhkəmə bildirmişdir ki, cavabdeh tərəfindən göstərilən dövr üzrə elektrik enerjisinin dəyərinin 0,11 manat tariflə deyil, 0,10 manat tariflə hesablanmasının iddiaçının təqsirindən baş verməsi bildirilsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
9. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, sayğac göstəricisinə əsasən elektrik enerjisinin tarifinin müəyyən edilməsi iddiaçının deyil, cavabdehin vəzifəsidir ki, bu halda elektrik enerjisinin tarifinin səhv müəyyən olunması cavabdeh tərəfindən yol verilmiş səhv olmuş və nəticədə elektrik enerjisinin dəyəri düzgün hesablanmamışdır. Abunə haqqındadan göründüyü kimi iddiaçının elektrik enerjisindən istifadəyə görə cavabdehə borcu olmamaqla 2565,65 manat artıq ödəməsi vardır, hətta borcun hesablandığı xx.xx.2023-cü il tarixə də iddiaçının cavabdehə borcu (111141,69 manat borc hesablanmış, 116203,022 manat ödəniş edilmişdir) olmamışdır.
10. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi həmin borc cavabdeh tərəfindən tələb edilmiş və iddiaçı tərəfindən ödənilmişdir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh tərəfindən həmin borcun tələb edilməsi qanunsuz olduğundan məhkəmə hesab edir ki, həmin pul məbləği əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli NDQ seriyalı 016984 saylı aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən obyektə (mağaza) baxış keçirilmiş, baxış zamanı komputer məlumat bazasında tarif 0,11 manat olmalı olduğu halda, 0,10 manat qeydə alınması aşkar edilmişdir. Abunə haqqında məlumat vərəqindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaqla xx.xx.2023-cü il tarixdə yoxlama keçirilmiş, yoxlama zamanı elektrik enerjisindən istifadəyə görə iddiaçıya xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə elektrik enerjisinin dəyəri 1 kVts - 0,11 manat tariflə hesablanmalı olduğu halda, 1 kVts - 0,10 manat tariflə hesablanması müəyyən olunmuş, göstərilən dövr üzrə elektrik enerjisinin dəyəri yenidən hesablanaraq iddiaçıya 7509,48 manat (750948 kVts(sayğac göstəricisi) x 0,01 manat (0,11–0,10)=7509,48 manat) borc hesablanmışdır. xx.xx.2023-cü il tarixdə KY231945683 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış”dan görünür ki, cavabdeh təfərindən iddiaçıda xx.xx.2023-cü il başlama tarixindən xx.xx.2023-cü il qurtarma tarixinədək keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Qətnamənin 5-ci səhifəsinin 15-ci bəndində qeyd edilmişdir ki, cavabdeh tərəfindən göstərilən dövr üzrə elektrik nerjisinin dəyərinin 0,11 manat tariflə deyil, 0,10 manat tariflə hesablanmasının iddiaçının təqsirindən baş verməsi bildirilsə də, bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 439.4-cü maddə- öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddə- əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları": 7.17-ci bənd- Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.2-ci bənd- Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bənd- Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; 8.13-cü bənd- Elektrik enerjisinə görə hesablaşmalar enerjitəchizatı müəssisəsinin abonentə təqdim etdiyi ödəniş sənədlərinə əsasən aparılır. Abonentin subabonenti olduğu hallarda, onun və subabonentlərin sərf etdiyi elektrik enerjisinə görə bir ödəniş sənədi yazılır; 8.14-cü bənd- İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir; 8.34-cü bənd- Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər; 9.10-cu bənd- İstehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən qismən -iddianın təmin edildiyi hissədə mübahisələndirdiyindən həmin yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana südçülük sovxozunda yerləşən obyektin (mağazanın) elektrik enerjisi təchizatı sisteminə baxış keçirmiş, yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrində qeydə alınmışdır. Yoxlama nəticəsində NDQ seriyalı 016984 saylı xx.xx.2023-cü il tarixli akt əsasında iddiaçıya 7509,48 manat borc hesablanmış və iddiaçı tərəfindən ödənilmişdir.
18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, bu borc tarif "Elektrik enerjisindən istifadə Qaydaları" 7.17-ci bəndinin tələbləri nəzərə alınmadan hesablandığından, yəni cavabdeh istehlak edilmiş elektrik enerjisindən istifadəyə görə haqqı xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə 1 kVts üçün 0,11 manatdan hesablamalı olduğu halda 0,10 manat məbləğdən hesablayaraq əlavə ödəniş tələb etdiyindən həmin məbləğin əsassız ödənilmiş məbləğ kimi geri qaytarılmasına dair iddiaçının tələbi əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, "Elektrik enerjisindən istifadə Qaydaları" 7.17-ci bəndinə əsasən istehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsinə dair tələb əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, apellyasiya şikayətində qeyd edilənlər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-4972/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.