Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-318/2022 03.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, “X7 Limited” Ticarət Şirkətinin Cavabdeh MMC-ə qarşı təsisçiyə ödənilməli olan gəlirin müəyyən edilərək tutulmasına dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5912/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X7 Limited” Ticarət Şirkəti Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC-nin iddiaçının payına mütənasib şəkildə (50%) ödəməli olduğu gəlirinin (dividend) müəyyən edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə2 vəsatət verərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh MMC-nin “X7 Limited” Ticarət Şirkətində olan 50% payının hər birinə 25% pay olmaqla X6 və X1 dair Bakı şhəri 26 saylı notariat kontorunda bağlanmış 06 fevral 2014-cü il tarixli payın alqı – satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin məhkəmə qərarına əsasən Cavabdeh MMC-nin 50% payı üzərində “X7 Limited” Ticarət Şirkətinin pay hüququnun tanınmasına dair qeyd hüquqi şəxsin dövlət reyestrinə daxil edilmişdir. Həmin işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 dekabr 2020-ci il tarixli qərarı ilə qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli, 13(102)-6k/2021 saylı qərarı ilə həmin qərar və Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2019-cu il tarixli, 2(103)-6823/2019 saylı qərarı ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, 2(103)-7097/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qətnaməsi Cavabdeh MMC-nin “X7 Limited” Ticarət Şirkətində olan 50% payının hər birinə 25% pay olmaqla X5 və X1 dair Bakı şhəri 26 saylı notariat kontorunda bağlanmış 06 fevral 2014-cü il tarixli payın alqı – satqı müqaviləsi etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iddia təmin olunmamışdır. Bununla da Cavabdeh MMC-nin 50% payı üzərində “X7 Limited” Ticarət Şirkətinin pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrinə daxil edilməsinə əsas olmuş qətnamə ləğv olunmuşdur. Hal – hazırda həmin qətnamədən kassasiya şikayəti verilmişdir və iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatındadır. Bundan əlavə Bakı İnzibati Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2-1(112)- 1756/2021 saylı qərarı ilə Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin Cavabdeh MMC-nin nizamnamə kapitalı üzərində “X7 Limited” Ticarət Şirkətinin 50% pay hüququnun tanınmasına dair qeydin hüquqi şəxsin dövlət reyestrində daxil edilməsi ilə bağlı hərəkətlərinin qanunsuz sayılması və iddiaçı X2 Cavabdeh MMC-nin nizamnamə kapitalı üzərində 25% pay hüququna dair qeydin hüquqi şəxsin dölvət reyestrində daxil edilməsi (bərpa edilməsi) öhdəliyi cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin üzərinə qoyulması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5912/2021 saylı qərardadına əsasən Cavabdeh vəsatəti təmin edilmiş və “X7 Limited” Ticarət Şirkətinin Cavabdehnə qarşı təsisçiyə ödənilməli olan gəlirin müəyyən edilərək tutulması tələbi barədə iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5912/2021 saylı qərardadından iddiaçı “X7 Limited” Ticarət Şirkəti tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə məhkəmə araşdırmanı aparmalı, gəlirin müəyyən edilməsi ilə bağlı zəruri sübutların toplanmasında yardım etməli idi. Belə ki, işin araşdırılması zatən uzun müddəti əhatə edəcəkdir və bu dövr ərzində paralel gedən kassasiya icraatı hazırkı işdən xeyli öncə yekunlaşacaqdır. Buna görə də hazırkı iş üzrə icraatın dayandırılması işin sadəcə uzadılmasına xidmət etmiş olacaqdır ki, bu da iddiaçının hüquqlarının məhdudlaşdırılmasına pozulmuş hüquqlarının həyata keçirilə bilməməsi ilə nəticələnməkdədir. Bakı Kommersiya Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, e-2-2(113)-421/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)- 5912/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə görə Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa iş üzrə icraat dayandırılmalıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məsəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25.04.2004cü il tarixli qərarında qeyd edilir ki, “Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, hazırkı halda Cavabdeh MMC-nin təsisçi payları ilə bağlı məhkəmə mübahisəsi mövcud olduğundan və həmin mübahisə üzrə yekun məhkəmə qərarı qəbul edilmədiyi halda hazırkı kommersiya işinə baxmaq mümkün olmadığından iş üzrə icraat dayandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5912/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: “X7 Limited” Ticarət Şirkətinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, e-2-2(113)-5912/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-318/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-318/2022
03.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver