Məhkəmə qərarları › İş №2-2(103)-322/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-322/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-322/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “borcun ödənilməsi” barədə iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-926/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən (hakim Rüstəm Kərimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı istifadə olunmuş təbii qaza görə yaranmış 21.596,41 manat borc məbləğinin və 30 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il 19 iyul tarixli müqaviləyə əsasən cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində iddiaçının 2018-ci il 1 sentyabr tarixə 21.596,41 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə 2018-ci il 29 iyun tarixli məktubla cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdehdən heç bir cavab alınmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr tarixli 2-2(82)- 926/2018 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, cavabdeh asfalt işləri üçün nəzərdə tutulmuş bütün avadanlıqları, o cümlədən qaz təsərrüfatı ilə birgə “X1” MMC-ni icarəyə götürmüşdür. Tələb olunan borc da “X1” MMC-nin dövründə istehlak olunmuş təbii qaza görə yaranmışdır. Həmin borcla bağlı hazırda və bu iddiadan qabaq verilmiş “X1” MMCnin İddiaçı İB-yə qarşı iddiası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 371/2017 saylı işlə icraatındadır. Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2-2(82)- 926/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2 (102)-535/19 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2 (103)-403/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmənin iclasında iştirak etməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 05 dekabr tarixli 2-2(82)- 926/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli 1147-07-16 saylı müqavilə bağlanmışdır. İddiaçı hazırda cavabdehin həmin müqavilə üzrə 21.596,41 manat borcu yarandığını iddia edir. Məhkəmə kollegiyası iddianın təmin edilməli olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsassız hesab edir. Cavabdehin iş materiallarında olan abonent saldosu araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixə (qazın alqı-satqısı barədə müqavilə bağlandığı tarixdən əvvələ) cavabdehə 43804,56 manat qalıq borc yazılmışdır. Saldoya əsasən, cavabdeh tərəfindən müqavilə bağlandığı tarixdən sonra özünün istehlak etdiyi təbii qazın dəyəri ödənildiyindən hazırda tələb olunan 21.596,41 manat borcun xx.xx.2016-cı ilə qədər hesablanmış 43804,56 manat qalıq borcun bir hissəsi olduğu müəyyən olunur. İş materiallarına əlavə edilmiş xx xxxx 2016-cı il tarixli icarə müqaviləsinə görə cavabdeh fəaliyyət göstərdiyi istehsalat sahəsini və avadanlıqları icarədar “X1” MMC-dən icarəyə götürmüşdür. Həmin icarə müqaviləsində və xx.xx.2016-cı il tarixli 1147-07-16 saylı qazın alqı-satqısı müqaviləsində cavabdeh təbii qazdan istifadəyə görə icarədarın hər-hansı öhdəliyini öz üzərinə götürməmişdir. Cavabdeh iddiaya etirazında qeyd hallar göstərdiyi halda birinci instansiya məhkəməsi etirazın dəlillərinə qətnamədə hər hansı münasibət bildirməmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə kollegiyası qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, cavabdeh fəaliyyət göstərdiyi obyektdə əvvəlki istehlakçının (icarədarın) təbii qazdan istifadəyə görə yaranmış borcuna görə hər hansı məsuliyyət daşımadığından və özünün istehlak etdiyi təbii qazın dəyərini tam ödədiyindən 21.596,41 manat borcun tutulması barədə İddiaçı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-926/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-926/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar