Məhkəmə qərarları › İş №2-2(103)-327/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-327/2025

03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-327/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 220,6 m2 olan qeyri-yaşayış binası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarış əsasında 27 fevral 2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 20 iyul 2017-ci il tarixli 174 saylı Sərəncamı ilə Cavabdeh MTK-ya ünvan 2 ünvanında hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış 2314,66 m2 torpaq sahəsinin cizgisi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən “İstifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktı” əsasında təsdiq edilmiş, çoxmərtəbəli yaşayış binasının tikintisinə icazəyə dair akt qeydiyyat kitabında 05/17 sayla qeydiyyata alınmışdır.

3. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06 dekabr 2018-ci il tarixli 312 nömrəli Sərəncamı ilə, “Pilot layihə” çərçivəsində ünvan 3 ünvanında Cavabdeh MTK tərəfindən mövcud yataqxananın qəzalı olması səbəbindən sökülərək yerində hündürmərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsinə dair Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun tərtib etdiyi şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindəki icraat

4. İddiaçı (iddiaçı) Cavabdeh MTK-ya (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən maddi ziyanın əvəzi olaraq 200 000 manatın, mənəvi ziyanın əvəzi olaraq 300 000 manatın, həmçinin ödədiyi 30 manat dövlət rüsumun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəylı küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsi uzun müddət tikiş fabriki kimi fəaliyyət göstərmiş, lakin bir neçə ildir qeyri-yaşayış sahəsinin yaxınlığında, tikilinin özülünə demək olar ki, bitişik şəkildə cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edildiyindən qazma və tikinti işləri nəticəsində əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür. Qeyri-yaşayış sahəsinin yan divarlarında geniş şəkildə çatlar yaranmış, dam örtüyü sıradan çıxmış, tikiliyə elektrik enerjisinin verilməsi dayandırılmış, orada fəaliyyət göstərən işçilərin həyat və sağlamlığı ciddi təhlükəyə düşdüyündən, fəaliyyətlərini məcburi şəkildə dayandırmalı olmuşlar. Dəfələrlə cavabdehin rəhbərliyinə bu barədə müraciətlər ünvanlamışlar, lakin heç bir nəticə əldə olunmamışdır. Hazırkı şəraitdə orada fəaliyyət göstərmək mümkünsüz hala gəlmişdir. Orada çalışan işçilərdən başqa, ətrafda olan insanların da həyat və sağlamlığı üçün böyük təhlükə yaranmışdır. Bu baxımdan həm Binəqədi rayon İcra Hakimiyyətinə, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinə yazılı şəkildə müraciət etmişdir. Ona vurulmuş maddi ziyan 200 000 manat təşkil edir. Cavabdehin rəhbərliyi hər dəfə dəymiş ziyanın aradan qaldıracağına və ya əvəzi ödənilməklə qeyriyaşayış sahənin satın alınacağına söz versə də, bu günə kimi heç bir addım atılmamışdır. Bu neçə ildə işi dayanmış, cavabdeh ona maddi ziyan vurmaqla yanaşı, mənəvi ziyan da vurmuşdur. Belə ki, hər dəfə cavabdeh tərəfindən aldadılaraq bəhanələr uydurulması, əmlakının yararsız vəziyətə salınmasından irəli gələn stres və psixoloji basqı ona mənəvi zərər yetirmiş, həddindən çox iztirab çəkmişdir. Hesab edir ki, mənəvi ziyan kimi ona 300 000 manat məbləğində ziyan dəymişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (Məhkəmə Ekspertiza Mərkəzi) həvalə olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2021-ci il tarixli rəyində qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli mütəxəssis rəyində qeyd olunanları nəzərə alaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən sahəsi 220,6 kv.m. olan 152C saylı qeyriyaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu müəyyən edilir: Tədqiq olunan qeyri-yaşayış sahəsinə dəymiş ziyanın həcmi, həmin qeyri-yaşayış sahəsi üzrə müvafiq təşkilatlar tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair layihə-smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.”.

7. "xxxx" MMC-nin Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin sifarişi əsasında tərtib etdiyi 26 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, “Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən 152C saylı qeyri-yaşayış sahəsi hazırda istismara yararsız və qəzalı vəziyyətdədir. Qeyd olunan qeyri-yaşayış sahəsinin bərpası mümkün deyildir. Yenidən tikintisi 1 m2 sahə üçün 400-450 manat arası, ümumilikdə isə 78 500 manat vəsait tələb olunur”.

8. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin “Azkommunlayihə” KLİ tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli rəydə göstərilmişdir ki, “.... iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalıdır. Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binası qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədə uyğun hesab olunmur”.

9. Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyul 2022-ci il tarixli rəyində göstərilmişdir ki, “Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il və 17 iyul 2022-ci il tarixli mütəxəssis rəylərində qeyd olunanlar nəzərə alınaraq, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın səbəbinin obyektin sağ yan fasad hissəsinin tikinti norma və qaydalarına əməl olunmadan inşa olunması və obyektə yaxın ərazidə Cavabdeh MTK tərəfindən tikintiquraşdırma işlərinin aparılması ilə əlaqədar olduğu və iddiaçıya məxsus qeyri-yaşayış binasının texniki vəziyyəti qəzalı olmaqla Cavabdeh MTK-ya məxsus hündürmərtəbəli yaşayış binasının qeyri-yaşayış obyektindən 4,0 m. ara məsafəsində inşa olunduğundan obyektin bərpa-gücləndirilməsi məqsədəuyğun hesab olunmadığı müəyyən edilmişdir. Həmçinin göstərilən qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmır-tikinti işlərinin hazırki mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110 300 manat məbləğində müəyyən olunmuşdur”.

10. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə cavabdehin sifarişi əsasında "xxxx" MMC-nin hazırladığı qiymətləndirmə rəyi təqdim olunmuş, rəydə aşağıdakılar göstərilmişdir: “1. Bakı şəhəri, Binəqədi rayounu, C. Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m olan 152C saylı qeyri - yaşayış sahəsi Azərbaycan Respublikasında qəbul olunmuş Tikinti norma və qaydalarına (CHnll 3.03.01-87. u.7.7.) əsasən inşa edilməmişdir. Belə ki: a) b = 19,0 sm. mişar daşından inşa edilən hər hansı hörgünün 60 sm horizontal cərgələr arası “T” və “T" şəklində metal torlarlardan istifadə olunmaqla sement-qum məhlulu ilə hörülməlidir. Bu, divarda hər hansı seysmik və digər titrəmə nəticəsində yarana biləcək çatlann qarşısını alır. Lakin tədqiqat obyektinin sağ yan fasad hissəsinin divan, həmçinin qonşu obyektin divan ilə birləşməsi düzgün inşa edilmədiyindən hörgü səthində qalınlığı təxminən 5-7 (beş-yeddi) mm.lik şaquli və üfüqi çatlar əmələ gəlmişdir. Tədqiqat obyektinin tikinti norma və qaydalara uyğun inşa edilmədiyi həmçinin Azərbaycan Respublikası FHN Tikintidə X2 Agentliyinin 22 fevral 2021-ci il tarixli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/3101 nömrəli, 18 iyul 2022-ci il tarixli ekspert rəyində də qeyd edilmişdir. b) Qeyri-yaşayış sahəsinin sağ yan fasad hissəsinə baxış zamanı müəyyən edilmişdir ki, divann hörgüsü iki dəfəyə, ayrı-ayrı zamanlarda inşa edilmişdir. Bu, tikiliyə baxış zamanı aydın şəkildə görünür. Bu da, öz növbəsində divarın çatlamasının səbəblərindən biridir, dəyəri aşağı düşmüşdür. 2. “Mahal" MTK-nın inşa etdiyi 18 mərtəbəli yaşayış binasının bünövrə işlərinin görülməsi zamanı katlavanın qazılması və bərkitmə işləri təqdim edlmiş və səlahiyyətli dövlər qurumlan tərəfindən təstiqlənmiş layihə əsasında, tikinti norma və qaydalarına uyğun aparılmışdır. Bünövrə və boşluqlar doldurularaq qaydalar əsasında bərkidilmişdir. Yaşayış binasının, bina ilə qeyri-yaşayış sahəsinin arasındakı məsafə betonlanmış, örtük çəkilmişdir. Yaşayış binasının divarları və səki arasında heç bir çat və ya digər qüsur aşkar edilməmişdir. Buna görə də qeyri-yaşayış sahəsinin digər divarlarında yaranmış çatlar "xxxx" MTK tərəfindən aparılmış tikinti işləri ilə əlaqədar deyildir. Əks halda yaşayış binasının divarı və betonlanmış yan səki hissəsi arasında da çatlar əmələ gəlməli idi. Ehtimal edilir ki, "xxxx" MTK tərəfindən aparılmış bünövrə qazıntı işləri qeyri - yaşayış binasının sağ yan fasad divarındakı tikintidən əvvəl yaranmış çatların cüzi genişlənməsinə səbəb olmuşdur. Bakı şəhəri, Binəqədi rayounu, C. Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m olan 152C saylı qeyri-yaşayış sahəsinin Cavabdeh MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binası ilə ara məsafəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 72 nömrəli qərarı ilə təstiq edilmiş "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"a istinadən, layihə əsasında inşa edilmişdir. Binanın tikintisi zamanı texniki təhlükəsizlik tələblərinə riayət edildiyindən tikinti zamanı heç bir hadisə qeydə alınmamışdır. Baxış zamanı müəyyən edilmişdir ki, qeyri - yaşayış binasının ruberoidlə üzlənmiş dam örtüyündə, habelə qonşuluqda yerləşən digər tikililərin dam hissələrində heç bir batıq, çökmə və ya digər zədələnmə mövcud deyil. Azbest şüfer örtüklü dam örtüyü ilə örtülmüş hissə açıq sahədir və asbes materialı təbii aşınma nəticəsində köhnələrək sıradan çıxmışdır. Buna görə də qeyri-yaşayış sahəsinin dam örtüyünün zədələnməsi "xxxx" MTK tərəfindən aparılmış tikinti işləri ilə əlaqəli deyildir. 3. Mütəxəssislər qarşısında qoyulmuş sualın həlli ilə əlaqədar tədqiqat obyektinə baxış keçirilmiş, qiymətləndirmə işi aparılmışdır. 1-ci və 2-ci sualların cavablarından göründüyü kimi, "xxxx" MTK tərəfindən aparılmış tikinti işləri nəticəsində qeyri - yaşayış sahəsinə dəymiş ziyan yalnız obyektin sağ yan fasad hissəsində müəyyən edilmişdir. Tədqiqat obyektinin digər hissələrində mövcud olan çatlar və zədələr obyektin tikiinti norma və qaydalara uyğun inşa edilməməsi səbəbindəndir. Bununla əlaqədar mütəxəssislər tərəfindən qeyri - yaşayış sahəsinin sağ yan fasad hissəsinə dəymiş ziyanın bərpası üçün aparılacaq işlərin həcmi, tələb olunan inşaat materiallan və s. üzrə hesablamalar apanlmış, təhlillər edilmişdir. Təmir - bərpa işlərinin dəyəri, istifadə ediləcək inşaat materiallarının bazar dəyərləri ilə bağlı Bakı şəhərinin ixtisaslaşmış şirkətləri, müstəqil şəkildə fəaliyyət göstərən ustalar, həmçinin tikinti materiallarının satışı ilə məşğul olan müəssisələr arasında sorğu apanlmış, işlərin və materialların bazar dəyəri müəyyən edilmişdir. Beləliklə, aparılmış hesablamalara və təhlillərə əsasən, Bakı şəhəri, Binəqədi rayounu, C. Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 kv.m olan 152C saylı qeyri yaşayış sahəsinə Cavabdeh MTK tərəfindən aparılmış tikinti işləri səbəbindən dəymiş ziyanın bərpası üçün tələb olunan işlərin dəyəri ( material və işçilik haqqı daxil) 02 avqust 2022-ci il tarixinə 1842 manat təşkil edir”.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 110 300 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın, cəmi 110 330 manatın tutulması, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatlarının dəyəri olan 200 manatın Cavabdeh MTK-dan alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

12. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və təkrar ekspertiza keçirilməklə faktiki ziyanın müəyyən olunub bunun əsasında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya və kassasiya məhkəmələrində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Həmin qətnamədən cavabdehin nümayəndəsinin verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 11 aprel 2023-cü il tarixli qərarı ilə təmin edilmiş, qətnamə ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: “İddiaçının əmlakına cavabdeh tərəfindən vurulmuş zərər nəticəsində əmlakın istismara yararsız vəziyyətə düşməsi məhkəmələr tərəfindən aparılmış araşdırmalar nəticəsində (cavabdehin etirafı, mütəxəssis və ekspert rəyləri ilə) işin mübahisəsiz halı kimi müəyyən edilmişdir. Belə ki, iş üzrə alınmış mütəxəssis və ekspert rəylərindən görünür ki, qeyri-yaşayış obyektinin sağ yan fasad hissəsində yerləşən əsas yükdaşıyan divarın (ofis otağının) deformasiya olaraq, öz şaquli vəziyyətindən əyildiyi, hörgü daşlarının aralandığı, digər divarlarda hündürlük boyunca şaquli və üfüqi istiqamətlərdə çatlar yarandığı, divar kağızlarının qopduğu, otaqların, elecə də, sanitar qovşaqların faktiki vəziyyətdə istifadə üçün yararsız vəziyyətə düşdüyü, ofis otağın ağac materialından olan döşəməsinin deformasiyaya uğraması, tavana vurulmuş lambrin üzlüklərin qopub töküldüyü, divarların üzərində nəmlik əlamətləri əmələ gəldiyi, bəzi tikililərin dam örtüyünün sınıb dağıldığı, arxa fasad hissəsində olan dam hissəsinin yararsız vəziyyətə düşdüyü, ümumilikdə qeyri-yaşayış binasının texniki cəhətdən qəzalı vəziyyətdə olduğu müəyyən edilmiş, obyektin bərpa-gücləndirilməsi mümkün və məqsədəuyğun hesab olunmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli 10/3101 nömrəli ekspert rəyinə əsasən, hazırda tikilinin 1,0 kv.m.-nin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyəri təqribən 500 manat təşkil edir. Belə olan halda, ümumi sahəsi 220,6 kv.m. olan qeyri-yaşayış sahəsinə aparılmış tikinti nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırkı mövcud olan bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110 300 manat məbləğində müəyyən olunur. Bazar qiyməti dedikdə, malın (işin, xidmətin) tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti başa düşülür. Lakin ekspert rəyinə tikilinin 1,0 kv.m sahəsinin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə dəyərinin təqribən 500 manat olmasını təsdiq edən smeta və ya hesabat cədvəli əlavə olunmamış, həmin məbləğin hansı əsaslarla müəyyən olunması göstərilməmişdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iş materiallarında olan "xxxx" MMC-nin 26 noyabr 2021-ci il tarixli mütəxəssis rəyində 1,0 kv.m sahənin tikintisi üçün 400-450 manat, ümumilikdə 78 500 manat məbləğində vəsaitin tələb olunduğu göstərilmişdir. Göründüyü kimi, iki fərqli rəylə müəyyən olunmuş məbləğlər arasında kifayət qədər böyük fərq mövcuddur. Buna görə də, orta bazar qiymətinin müəyyən olunmasının əsasları ekspert tərəfindən aparılmış araşdırmada öz əksini tapmalıdır. Həmin əsaslar göstərilmədən, ekspert rəyinin mülki prosessual qanunvericiliyə uyğun, kifayət qədər aydın və ya tam olması qənaətinə gəlmək qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunanları nəzərə almadan, ekspert rəyinə tənqidi yanaşmadan, mülki prosessual qanunvericiliyə uyğunluğunu yoxlamadan ekspert rəyinin mötəbərliyini qəbul etmişdir”.

16. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

c) Bakı Kommersiya Məhkəməsindəki icraat

17. Bakı Kommersiya Məhkəməsinin (məhkəmə və ya birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə təkrar əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, həmin təyinat əsasında verilmiş xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsində aparılmalı bərpagücləndirmə işlərinə sərf olunacaq vəsaitin dəyəri, müvafiq təşkilatlar (Fövqəladə Hallar Nazirliyinin Tikinti Konstruktoru) tərəfindən müayinə tədqiqat işləri aparıldıqdan, eləcə də ayrı-ayrı konstruktiv elementlərin gücləndirilməsi və tikililərin bərpa işlərinə dair smeta sənədləri tərtib edildikdən sonra müəyyən oluna bilər.

18. Məhkəmənin 07 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə əmtəəşünaslıq ekspertizası təyin olunaraq ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə edilmiş, həmin MMC-nin 29 noyabr 2024-cü il tarixli rəyində, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, C. Hacıbəyli küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152C saylı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın 211 200 manat təşkil etdiyi göstərilmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçının (nümayəndəsi) vəkili Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyri-yaşayış sahəsinin müəyyən hissəsi təmir olunub, həmin tikili ilə bina arasında təxminən 4 metr məsafə var, bina inşa olunan zaman qeyri-yaşayış sahəsinin divarında çatlar əmələ gəlmişdi. Qeyri-yaşayış sahəsi 220 kv.m-dən ibarətdir, onun yalnız 20-30 kv.m. hissəsinə və divara ziyan dəymişdir, ekspert rəyində göstərilmişdir ki, qeyri-yaşayış sahəsi qaydalara uyğun inşa olunmamışdır.

21. Birinci instansiya məhkəməsinin 23 dekabr 2024-cü tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maddi ziyanın əvəzi olaraq 110 000 (bir yüz on min) manatın, mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manatın, dövlət rüsumunun əvəzi olaraq 30 manatın Cavabdeh MTK-dan İddiaçı xeyirinə tutulması, ekspertizanın keçirilməsi xərcinin əvəzi olaraq 200 manatın Cavabdeh MTK-dan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması qət olunmuşdur.

22. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, ekspert rəyləri ilə iddiaçıya məxsus sahəyə dəymiş zərərin məhz cavabdehin aparmış olduğu tikinti işləri nəticəsində baş verdiyi müəyyən olunur və ziyan məbləğinin Məhkəmə Ekspertiza Mərkəzinin 18 iyul 2022-ci il tarixli rəyində göstərilən 110 300 manat təşkil etdiyi daha ağlabatandır.

23. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin hərəkətləri ilə iddiaçıya məxsus qeyri-yaşayış sahəsi yarasız vəziyyətə düşmüş və iddiaçı ondan istifadə etmək imkanından məhrum olmaqla iztirab keçirmişdir. Buna görə də, dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

24. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 1096-cı, 1097.1-ci, 1108.1-ci, 1115-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına istinad etmişdir.

25. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin edilməsi ilə bağlı hissədə ləğv olunmasını və təkrar ekspertiza keçirilməklə faktiki ziyan məbləği müəyyən olunaraq yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, iddiaçının əmlakına dəymiş ziyanın məbləğinin həddindən artıq şişirdildiyi, məhkəmənin əsassız ekspert rəyinə istinad etdiyi, işi təxirə salmamaqla çəkişmə prinisipini pozduğu, formal yanaşma ilə cavabdehdən mənəvi ziyan məbləği tutduğu arqumentləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya baxışı, izahatlar

27. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlilllərini müdafiə edərək iddiaçıya dəymiş real ziyanın məbləğinin müəyyənləşdirilməsini və həmin məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə şikayətin əsassız olduğunu bildirmişdir.

28. İşə əvvəllər baxmış kassasiya instansiyasının qərarında şərh olunanları əsas götürməklə məhkəmə kollegiyası mübahisənin mahiyyəti üzrə düzgün həll olunması üçün qiymətləndirici mütəxəssisin, eləcə də ekspert rəyinın alınmasını zəruri hesab etmiş, bu səbəblə müvafiq qərardadlar çıxarılaraq ekspert qarşısında “Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Xəyyam İsgəndərzadənin xx.xx.2022-ci il tarixli 10/3101 saylı rəyi (iş səh. 143-145, İ cild) ilə müəyyənləşdirdiyi, 1,0 kv.m. sahənin tikintisinə çəkilə biləcək xərcin orta bazar qiymətləri ilə 500 manat olduğunu təsdiq edən smeta və ya hesabat cədvəli tərtib olunsun, həmin məbləğin hansı əsaslarla müəyyənləşdirdiyi izah edilsin” məsələsinin həlli, mütəxəssis qarşısında isə “İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə hansı məbləğdə ziyan dəymişdir? ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış binasının bərpası mümkündürmü, əgər mümkündürsə bunun üçün nə qədər vəsait tələb olunur? (hesablamalar smeta və ya hesabat cədvəli əlavə olunmaqla aparılsın)” sualları qoyulmuşdur.

29. Ekspertiza tədqiqatının aparılması üçün Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmiş iş xx.xx.2025-ci il tarixdə rəy verilmədən geri qaytarılmış, "xxxx" MMC-nin mütəxəssis-qiymətləndiricisinin xx.xx.2025-ci il tarixli hesabatında isə hesabat cədvəli əlavə olunmaqla aşağıdakılar göstərilmişdir:

- İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə və əraziyə baxış keçirilmiş, “BOSCH DLE 70 Professional” ölçü cihazı vasitəsilə qiymətləndirmə obyektində ölçü işləri aparılmış və smeta dəyəri hesablanaraq qiymətləndirmə işi həyata keçirilmişdir. Qeyri-yaşayış sahəsinə baxış zamanı məlum olmuşdur ki, qiymətləndirmə obyektinin yanında Cavabdeh MTK tərəfindən hündürmərtəbəli bina inşa edilmişdir. Bina ilə qiymətləndirmə obyektinin ara məsafəsi 4 metrdir. Binanın tikintisi nəticəsində qiymətləndirmə obyekti olan İddiaçı məxsus 1 mərtəbəli tikilidə bərpası mümkün olmayan ciddi çatlar əmələ gəlmiş və qəzalı vəziyyətə düşmüşdür. Nəticədə qiymətləndirilən əmlakın bazar dəyərinə mənfi faktor kimi ciddi təsir etmişdir.

- Bu hal normativ ara məsafəsi pozuntusu və tikinti zamanı texniki təhlükəsizlik tələbləri pozulması kimi qiymətləndirilir. Hündürmərtəbəli bina tikərkən digər tikililər (mənzilli binalar, fərdi evlər və ya qeyri-yaşayış binaları) ilə ara məsafəsi Azərbaycan Respublikasının şəhərsalma və tikinti normalarına əsasən müəyyən olunur. Bu məsafə bir neçə amildən asılıdır: Hündürlükdən asılı məsafə (yaşayış binaları üçün) – Hündürlüyü 9 metrdən artıq olan binalar üçün ən azı binanın hündürlüyünün yarısı qədər məsafə saxlanılmalıdır; Yanğın təhlükəsizliyi tələbləri - İki bina arasında yanğın təhlükəsi baxımından minimal məsafə (5 metrdən az olmamaq şərti ilə) saxlanmalıdır, əgər divarlar yanğın keçirməz materialdan hazırlanmayıbsa; Pəncərə və günəş işığı tələbləri - Əgər bina pəncərələrə malikdirsə, qarşısındakı binanın bu pəncərələrin günəş işığı almasına mane olmaması üçün insolyasiya normaları nəzərə alınmalıdır. Bakı şəhəri üçün bu normalar adətən 3 saatdan az olmayaraq birbaşa günəş işığının düşməsini tələb edir.

- Cavabdeh MTK-nın inşa etdiyi bina 16 mərtəbəlidir: Azərbaycanın şəhərsalma normalarına görə, binalar arasında minimal məsafə bina divarının hündürlüyünün müəyyən bir hissəsi qədər olmalıdır. Bu hissə, adətən, 0.6 dəfə bina hündürlüyü olaraq qəbul edilir. Bina hündürlüyü: 16 mərtəbəli bina təxminən 48 metr hündürlüyündədir. Minimal ara məsafəsi: 48 m × 0.6 = 28.8 metr. Bu hesablamaya əsasən, qiymətləndirilən 1 mərtəbəli tikili ilə Cavabdeh MTK-nın inşa etdiyi 16 mərtəbəli bina arasında ən azı 28.8 metr məsafə saxlanmalıdır.

- Beləliklə, mütəxəssis qarşısında qoyulmuş: 1-ci sualın həlli ilə bağlı olaraq, apаrılmış hеsаblаmаlаrа və təhlillərə əsаsən, İddiaçı məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumilikdə inşasına çəkilmiş xərcin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla): 121 144,70 manat (bir yüz iyirmi bir min yüz qırx dörd manat yetmiş qəpik) təşkil edir. 2-ci sualın həlli ilə bağlı olaraq, Cavabdeh MTK tərəfindən hündürmərtəbəli bina inşa edilən zaman geniş və dərin qazılan fundament (1.5–2.5 m dərinlikdə plitə + şaquli svaylar) torpağa böyük statik və dinamik yük ötürmüşdür. Torpaq sahəsinin yerdəyişməsi və sıxışması nəticəsində ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış binasının daşıyıcı divarlarında və təməl hissəsində bərpası mümkün olmayan genişlənən dərin çatlar, çökmələr, konstruktiv zədələr əmələ gəlmiş və tikilinin sabitsizliyinə səbəb olaraq qəzalı vəziyyətə düşmüşdür. Bu səbəbdən qiymətləndirmə zamanı qiymətləndirilən qeyri-yaşayış binasının yenidən yаrаdılmаsınа və yа əvəzlənməsinə çəkiləcək cаri хərclərin müəyyən еdilmiş, yenidən (A-dan Z-yə) inşa xərci hesablanmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

31. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

32. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

34. Maddə 203.3. Qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə.

35. Maddə 203.5. Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir.

36. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

37. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

38. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

40. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

49. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

50. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır (yoxlanılan hissədə) və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

51. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

52. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

53. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

54. Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

55. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının (§ 37, 38) mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

56. İşin müəyyən edilmiş mübahisələndirilməyən halı ondan ibarətdir ki, Bakı şəhəri, Binəqədi rayonu, C.Hacıbəylı küçəsində yerləşən, sahəsi 220,6 m2 olan 152 C saylı qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və həmin qeyri-yaşayış sahəsinin yaxınlığında cavabdeh tərəfindən hündürmərtəbəli yaşayış binası inşa edildiyindən qazma və tikinti işləri nəticəsində əmlak ciddi şəkildə ziyan görərək qəzalı vəziyyətə düşmüşdür.

57. Bu baxımdan iş üzrə müəyyən edilməli olan ilk hal, iddiaçıya məxsus əmlakın cavabdehin təqsiri ucbatından qəzalı vəziyyətə düşüb-düşmədiyidir və bu halın müəyyən edilməsi iddia tələbinin faktiki və hüquqi əsasının yaranması, yəni hadisənin cavabdehin təqsiri ucbatından baş verib-vermədiyinin aydınlaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.

58. İşə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılarkən əldə olunmuş ekspertiza rəylərini, habelə Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin mütəxəssisi tərəfindən tərtib edilmiş 22 fevral 2021-ci il tarixli mütəxəssis rəyini işin faktiki halları ilə birlikdə qiymətləndirən kollegiya hesab edir ki, iddiaçıya məxsus əmlakın məhz cavabdehin hüquqazidd təqsirli hərəkətləri nəticəsində qəzalı vəziyyətə düşdüyü sübuta yetirilmişdir.

59. Başqa sözlə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır və mülkiyyət hüququ ilə bağlı qəbul olunmuş ümumi prinsiplər tələb edir ki, iddiaçının pozulmuş hüquqları bərpa edilsin.

60. Nəzərə alınmalıdır ki, iddiaçıya məxsus qeyri-yaşayış binasının bərpagücləndirilməsinin məqsədəuyğun hesab olunmadığı da işin müəyyən edilən halıdır və iddiaçı bu səbəblə əmlakının bərpasını deyil, bunun müqabilində kompensasiya istəmişdir – bu baxımdan, iddiaçının məruz qaldığı ziyanın kompensasiya olunması onun pozulmuş hüququnun bərpasına xidmət edəcək vasitə kimi nəzərdən keçirilməlidir.

61. Buna görə də kollegiya iddiaçıya dəymiş ziyanın məbləği ilə bağlı araşdırma aparacaqdır və bu zaman nəzərə alacaqdır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı).

62. Bu kontekstdə kollegiya, təkrar apellyasiya baxışı zamanı əldə olunmuş mütəxəssis rəyini işdəki digər sübutlarla birgə qiymətləndirərək hesab edir ki, iddiaçıya məxsus əmlaka dəymiş ziyanı əldə etdiyi ekspert rəyi əsasında müəyyənləşdirən birinci instansiya məhkəməsi haqlı olmuşdur.

63. Xüsusilə nəzərə alınmalıdır ki, kifayət qədər ciddi araşdırma aparılmaqla və hesabat cədvəli əlavə olunmaqla hazırlanmış "xxxx" MMC-nin mütəxəssisqiymətləndiricisinin hesabatında qeyri-yaşayış sahəsinin inşasına çəkilmiş xərcin həcminin və dəyərinin (işçilik və material xərci daxil olmaqla) 121 144,70 manat (bir yüz iyirmi bir min yüz qırx dörd manat yetmiş qəpik) təşkil etdiyi nəticəsinə gəlinmişdir və bu rəqəm ekspertin müəyynləşdirdiyi rəqəmlə uyğunluq təşkil edir (rəylərin hazırlandığı tarix intervalı nəzərə alınmaqla).

64. Kollegiya, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması ilə bağlı gəlinən nəticəni də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

66. Şərh olunanların məcmusunu, xüsusilə, cavabdeh MTK-nın təqsirli hərəkətləri nəticəsində iddiaçının uzun müddətdir məhkəmə çəkişməsinə məruz qaldığını nəzərə almaqla kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzini simvolik olaraq 1000 (min) manat həcmində müəyyənləşdirən birinci instansiya məhkəməsi müvafiq nəticəyə gəlməkdə haqlı olmuşdur.

67. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir.

68. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalı, qiymətləndiriciyə ödənilməli olan vəsait isə ondan tutulub müvafiq hesaba köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

69. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin təşəbbüsü əsasında əldə edilmiş qiymətləndirmə rəyinə ("xxxx" MMC tərəfindən verilmiş) müvafiq hesabat əlavə edilmədiyindən, "xxxx" MMC-nin rəyi isə əsaslı hesab olunmadığından, kollegiya həmin rəylərlə bağlı xərcə münasibət bildirmir.

70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-225/2024 saylı iş üzrə 23 dekabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid olunsun, zərər məbləğinin müəyyənləşdirilməsi məqsədilə keçirilmiş tədqiqatın dəyəri olan 500 (beş yüz) manat isə Cavabdeh MTK-dan alınaraq "xxxx" MMC-nin hesabına (VÖEN: **********, hesab №: AZ68İBAZ********************, “ABB ASC) köçürülsün. Qətnamədən Cavabdeh MTK tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Təranə Mahmudova

Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar