Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-346/2022 06.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" Firmasının Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və sairə” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 17.12.2021ci il tarixli 2-2(113)-2334/2021 nömrəli qətnaməsindən (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ona məxsus ünvan 1 ünvanında yerləşən iki mərtəbəli binanın yarımzirzəmisində olan obyektə qanunsuz olaraq hesablanmış 1262 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ikimərtəbəli binanın yarımzirzəmisindəki 40,3 kv.m olan qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Tərəflər arasında “Su təhcizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” 16.06.2020-ci il tarixdə 059023 saylı müqavilə bağlanmış, su xətti üzərinə 16.10.2020-ci il tarixdə smart tipli sayğac quraşdırılmışdır. Həmin ünvana Cavabdeh ASC tərəfindən tərtib edilmiş 16.02.2021-ci il tarixli akta əsasən, su sayğacı quraşdırılan müddətədək, yəni 16.06.2020-ci ildən 16.10.2020-ci il tarixədək guya 631 manat sudan, 631 manat çirkab sudan, cəmi 1262 manat sudan istifadə etdiyinə görə borcu vardır. Qeyd olunan borcu qanunsuz və əsassız hesab edir. Qeyd olunan məbləğdə suyu fəaliyyət göstərən firmalarda 9-10 il ərzində istifadə etmək mümkündür. Belə ki, 16.02.2021-ci il tarixli, ********* saylı cavabdeh tərəfindən tərtib olunmuş bildiriş və ona əlavə olunmuş “Su təhcizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi Cədvəli”ndə qeyd olunmuşdur ki, guya yuxarıda qeyd edilən ünvanda suya görə 631 manat, çirkab suya görə 631 manat cəmi 1262 manat borcu yaranmışdır, həmin bildirşə əlavə edilmiş cədvəldən isə görünür ki, qeyd edilən məbləğ cavabdeh tərəfindən “Sudan istifadə Qaydaları”na uyğun olaraq hesablanmışdır. Sözü gedən bildiriş və cədvəl tərtib olunan zaman ona heç bir xəbərdarlıq edilməmiş, onun iştirakı təmin olunmamışdır. Göründüyü kimi cavabdehin nümayəndələri saxtakarlıq edərək şişirdirilmiş məbləğ yazaraq qanunsuzluğa yol vermişlər. Bundan başqa sözü gedən ünvanda hər hansı bir özbaşına qoşulma, qeyri-qanuni istifadə və sairə olmamışdır. Eyni zamanda firma uzun müddətdir ki, fəaliyyət göstərmir və həmin ünvanda heç kim sudan və çirkab sudan istifadə etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 17.12.2021-ci il tarixli 2-2(113)-2334/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" Firması apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməni qəbul edərkən həmin borcun sayğac quraşdırılmadan əvvəl yaranmasını ehtimal etmişdir. Lakin sayğac quraşdırılmadan əvvəl firma fəaliyyət göstərməmiş , həmin ünvanda sudan və çirkab sudan istifadə edilməmişdir. Qeyd edilən borcun yaranması ilə bağlı qarşı tərəf heç bir əsaslı sübut təqdim etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmədən xahiş etdi. İşə baxılması 06.04.2022-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 17.12.2021-ci il tarixli 2-2(113)-2334/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001449 saylı, 27.03.2002-ci il tarixli Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamədən görünür ki, ünvan 2 ünvanda yerləşən iki mərtəbəli binanın yarımzirzəmisindəki 40,3 kv/metr qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. İşdəki 16.06.2020-ci il tarixli Cavabdeh ASC tərəfindən təsdiq edilmiş 42990816 nömrəli müqavilədən görünür ki, iddiaçının su təchizatı 059023 saylı abonent kodu üzrə həyata keçirilməsi müəyyən edilmişdir. İş materiallarında olan mövcud xəttə su sayğacının quraşdırılması barədə sənəddən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 16.10.2020-ci il tarixdə 01 ədəd smart tipli sayğac quraşdırılmış, plomblanaraq istismara qəbul edilmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya göndərilmiş 16.02.2021-ci il tarixli ********* saylı hesab fakturadan görünür ki, iddiaçının ödəməli olduğu borc 1262 manat, sudan istifadəyə görə 631 manat, çirkab suya görə 631 manat) təşkil edir. İddiaçı "xxxx" Firması iddia edir ki, 1262 manat borc ona qanunsuz hesablandığından silinməlidir. İş materiallarında olan Cavabdeh ASC tərəfindən iddiaçıya 16.02.2021-ci il tarixdə göndərilmiş hesab fakturadan görünür ki, 631 kub.metr su sərfiyyatına və eyni həcmdə kanalizasiyaya axıdılan suya görə 1262 manat borcun ödənişi tələb edilmişdir. Cavabdeh ASC tərəfindən "xxxx" Firmasına ünvanlanmış 18.03.2021-ci il tarixli məktubdan görünür ki, Cavabdeh ASC tərəflər arasında bağlanmış 16.06.2020-ci il tarixli 059023 saylı müqaviləyə əsasən su xətti üzərində 16.10.2020-ci il tarixdə smart tipli sayğacın quraşdırılmış, sayğac quraşdırılana qədər olan dövr üçün hesabat isə borunun en kəsiyinə görə (d=20 mm uyğun) aparılmışdır. Məktubun məzmunundan və abonent haqqında məlumatdan məlum olur ki, borc müqavilə bağlandığı tarixdən sayğac quraşdırılanadək 2020-ci ilin iyun-oktyabr ayları ərzində su və kanalizasiya xidmətindən istifadəyə görə borunun en kəsiyinə görə hesablanmışdır. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir. İddia ərizəsində firmanın uzun müddətdir ki, fəaliyyət göstərmədiyi, həmin ünvanda sudan və çirkab sudan istifadə edilmədiyi göstərilsə də, iddiaçı bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya məxsus ünvanda neçə “dm” su borusundan istifadə olunması və həmin boru vasitəsi ilə bir saat ərzində nə qədər su sərfiyyatı olduğunun müəyyən edilməsi, onun kanalizasiya sisteminə qoşulubqoşulmaması, qoşulubsa, birləşmə borusunun diametri, çirkab suyun axma sürətindən və abonentin iş rejimindən asılı olaraq bir saat ərzində borudan axan çirkab suyun miqdarı və məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən göndərilmiş 16.08.2021-ci il tarixli məlumata əsasən, tədqiqat obyektinin təqdim edilməsi barədə ekspert vəsatəti təmin edilmədiyindən və baxışın keçirilməsində iddiaçı tərəf iştirak etmədiyindən rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 27.01.2022-ci il tarixli 2-2(113)-402/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" Firmasının apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 17.12.2021-ci il tarixli e-2-2(113)-2334/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-346/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-346/2022
06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver