Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-358/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5494/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin hallarından görünür ki, “Azərqaz” İB tərəfindən iddiaçı barəsində xx.xx.2022ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmiş və qeyd edilmişdir ki, abonent küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xətt qaynaq edərək rezin boru vasitəsilə istixananın daxilinə çəkərək daxili qaz xəttinə birləşdirmiş və təbii qazdan qeyri-qanuni istifadə edir.
2. Cavabdeh İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən 10 mart 2022-ci il tarixdə qəbul olunmuş dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, ******* nömrəli akt əsasında hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. (65 x 24 x 90 = 140400m3 )
3. xx.xx.2022-ci tarixdə çap olunmuş abonentin saldosundan müəyyən olunur ki, İddiaçı 2021-ci ilin aprel ayında akt əsasında 180,40 manat, 2022-ci ilin mart ayında 30888 manat borc hesablanmışdır. Saldodan görünür ki, həmin tarixə olan borc 30204,86 manat təşkil edir.
4. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) bağlanmışdır. Həmin razılaşmanın 1.1-ci bəndində qeyd edilmişdir ki, istehlakçı təbii qazdan istifadəyə görə Cavabdehnə 33888 (otuz üç min səkkiz yüz səksən səkkiz manat) manat məbləğində borcunun olmasını qəbul edir. Həmin razılaşmanın 1.2-ci bəndində qeyd edilmişdir ki, istehlakçı həmin borcdan ilkin olaraq 10000 (on min) manat ödəməklə, qalan 23888 manat məbləği hər ay istifadə edəcəyi təbii qaz serfıyyatından əlavə olaraq 3 ay müddətində 2022-ci il aprel ayının 01-nə qədər 8000 (səkkiz min) manat, 2022-ci il mayın ayının 01-nə qədər 8000 (səkkiz min) manat, 2022-ci il iyun ayının 01-nə qədər 7888 manat məbləği Cavabdehnə ödəməyi öhdəsinə götürür. Həmin razılaşmanın 1.3-cü bəndində qeyd edilmişdir ki, istehlakçı hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu Razılaşma Protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. X3 tərəflərin imzası ilə təsdiq edilmişdir.
5. İddiaçı ilə Cavabdeh arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixə Cavabdehnə 23888 manat borcu vardır. Qeyd olunan akt tərəflərin imzası ilə təsdiq edilmişdir.
6. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, cavabdeh tərəfindən hesablanmış borcun 3 (üç) gün müddətində silinməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdehnə (Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən artıq hesablanmış 31000 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istixana Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə 653 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəyə baxış keçirmişlər. İddiaçıya bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən iddiaçıya məlum olmuşdur ki, müəssisədə quraşdırılmış, öz hesabına aldığı və mülkiyyətində olan G-65 markalı qaz sayğacından düzgün istifadə edilməməsi ilə bağlı akt tərtib olunmuşdur. Sonradan akt iddiaçıya təqdim edildikdə bilmişdir ki, bu akt qazdan istifadə qaydalarının pozulması haqqında aktdır. Sonradan iddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. İddiaçıya təqdim edilmiş akta görə hesabat aparılaraq 31000 manat cərimə yazılmışdır. Hesabatla razı deyildir, çünki Cavabdeh tərəfindən artıq hesabat aparılmış və iddiaçıdan qanunsuz pul tələb edilir. Belə ki, iddiaçının müəssəsində hər zaman göstərilən qaz işlədicilərindən istifadə edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şurasının 11 nömrəli, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları”nın qeydinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Göstərilən qaydalardan da aydın olur ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfındən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri və ya sayğac vasitəsi ilə istifadə edilən qaz həcmi cavabdeh tərəfindən nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığından, həmçinin cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən hesab edir ki, qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə məbləğin ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 31000 manat məbləğində borc silinməlidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5494/2022 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilməmişdir.
10. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə 653 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə cavabdeh tərəfindən iddiaçının adına **********00653 saylı abonent kodu açılaraq təbii qazla təchiz edilmişdir. Cavabdeh əməkdaşları tərəfindən qeyd edilən qeyriyaşayış sahəsinə dair xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt tərtib olunmuş və aktda abonentin küçə xəttinin torpaqla təmas hissəsindən sayğacdan kənar əlavə xəttin qaynaq edilərək, rezin boru vasitəsilə istixananın daxilinə çəkilərək, daxili qaz xəttinə birləşdirilməsi və təbii qazdan qeyri-qanuni istifadə olunması, qazanların isti vəziyyətdə olması, dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi qeyd olunmuş və akt abonentin nümayəndəsi tərəfindən imzalanmışdır. Daha sonra itirilmiş qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyana görə 30888 manat borc hesablanmışdır. Daha sonra tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və xx.xx.2022-ci il tarixli Razılaşma Protokolu (debitor borcun ödənilməsi haqqında) tərtib və təsdiq olunmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında qüvvədə olan üzləşdirmə aktı və Razılaşma Protokolu ilə silinməsi istənilən borc məbləği iddiaçı tərəfindən etiraf edilmiş və həmin borcdan ödənişlər edilmişdir. Qeyd olunan protokolla iddiaçı mübahisələndirilən borcla bağlı “Azəriqaz" İstehsalat Birliyinə qarşı heç bir tələb irəli sürməyəcəyinə dair öhdəlik götürmüşdür. Ona görə də tərəflər arasında qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı və xx.xx.2022-ci il tarixli Razılaşma Protokolunun qüvvədə olduğunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassızdır və təmin olunmamalıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5494/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istixana Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə 653 ünvanında fəaliyyət göstərir. 2022-ci ildə Cavabdeh nümayəndələri müəssisəsyə baxış keçirmişlər. Bildirmişdirlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra digər nümayəndələr tərəfindən qaz təchizatı dayandırılarkən iddiaçıya məlum olmuşdur ki, müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan G-65 markalı qaz sayğacından düzgün istifadə etmədiyini bildirmişlər. Sonradan aktı iddiaçıya təqdim etdikdə bildi ki, bu akt qazdan istifadə qaydaların pozulması haqqında aktdır. İddiaçı dəfələrlə şifahi etirazını bildirmişdir. İddiaçıya təqdim edilmiş akta görə hesabat aparılaraq 31000 manat cərimə yazılmışdır. İddiaçının 31000 manat qaz sərf etdiyi heç bir halda sübuta yetirilmir. Qazın verilməsini dayandıraraq iddiaçıya təzyiq olunmuşdur. Məcbur etmişlər ki, iddiaçı cəriməni ödəsin əks halda məhsulu məhv olacaq. Hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı iddiaçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmadığından, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxılmadığmdan həmçininn cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat düzgün aparılmadığından cavabdeh yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfındən ödənilməsini tələb edə bilməz.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili X2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
16. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və təmin olunmamasını xahiş etmişdir.
17. Tətbiq edilən hüquq
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir; Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; Həmin Qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır; Həmin Qanunun 13.2-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir; Həmin Qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar; Həmin Qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-İVQ nömrəli Qanununun tətbiqi barədə” xx.xx.2013-cü il tarixli 955 nömrəli Fərmanının 4.3-cü bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 13.1 -ci, 13.3-cü, 13.4-cü maddələrində, 15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11 -ci, 33.6-cı, 34.1-ci və 34.5-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011 -ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə görə, qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Əsasnamənin 1.5-ci bəndinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5494/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
20. İşdəki sənədlərdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən 31.000 manat borc məbləği aktlar əsasında hesablanmış və həmin aktlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış yoxlama nəticəsində tərtib edilmişdir.
21. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, iddiaçı borc üzrə qismən ödəniş etdiyindən, o cümlədən borcun məbləği barədə üzləşdirmə aktı, razılaşma protokolu imzalamaqla həmin borcu ödəməyi öhdəsinə götürdüyündən borcun silinməsi barədə iddia təmin edilə bilməz.
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, abonent saldosundan göründüyü kimi, iddiaçıya məxsus obyekt istixana olaraq fəaliyyət göstərir. Apellyasiya şikayətində qeyd edilənlərdən də göründüyü kimi, obyektin qaz təchizatının borca görə dayandırılması sahibkara xeyli maddi ziyan dəyməsinə səbəb olacağından iddiaçı qarşı tərəfin təqdim etdiyi razılaşma protokolunu və abonent saldosunda qeyd edilmiş üzləşmə aktını imzalamağa məcbur olmuşdur. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçının təbii inhisar subyekti olan Cavabdeh İB tərəfindən ona qanunun tələblərinə əməl etmədən hesabladığı borcu hissə-hissə ödəməyi öhdəsinə götürməsi həmin borcun qanuniliyini və əsaslılığını mübahisələndirmək hüququndan məhrum etmədiyindən bu əsasla iddia rədd edilə bilməz.
23. Hazırkı halda aktlar əsasında hesablanmış borcun qanuni və əsaslı olduğunu sübut etmə yükü cavabdehin üzərinə düşdüyü halda cavabdeh yoxlamaların sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınması barədə sübut təqdim edə bilmədiyindən, o cümlədən borcla bağlı hesabatın hansı qanun normasına əsasən həyata keçirildiyini əsaslandıra bilmədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iddia təmin edilməlidir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5494/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməlidir.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5494/2022 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia təmin edilərək İddiaçı **********00653 saylı abonent kodu üzrə hesablanmış 31000 manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.