Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-359/2020 18.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı «borcun silinməsi və sair tələblərinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1197/2020 saylı xx.xx.2020-ci il tarixli «iddianın təmini tədbiri barədə» qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz olaraq hesablanmış 20891,40 manat pulun silinməsi, 2019-cu ilin noyabr, dekabr 2020-ci ilin yanvar, fevral aylarına hesablanmış 203.669,40 manat qaz sərfiyyatının əvvəlki illərin sərfiyyatına uyğun olaraq hesablanması, vəkilə xidmət haqqı olaraq ödənilmiş 110 manatın və 30 manat dövlət rüsumunun, mənəvi zərərə görə 50.000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılıb yekun qərar qanuni qüvvəyə minənədək, İddiaçı MMC-yə məxsus olmaqla, abonent kodu (**********00500) olan istixanaya təbii qazın verilməsinin dayandırılmasının və həmin abonent kodu üzrə pulun tutulmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1197/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh həmin qərardaddan şikayət verərək ləğv edilməsini və ərizənin rədd olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus istehsalat sahəsi müqavilə əsasında təbii qazla təchiz edilir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada qazla təchiz edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüş, lakin müqavilə öhdəliklərinə əməl etməmiş, təbii qazdan istifadəyə görə yaranmış debitor borcunu ödəməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Məcəllənin qeyd olunan normalarının mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, qaz paylayıcısı olan cavabdeh hüquq şəxs yaratmaqla sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçıya təbii qazın verilməsini dayandırmaq və sonuncunun davamlı sahibkarlıq fəaliyyətini pozmaqdan əlavə, həm də təbii inhisarçı kimi, özünün də qaz təchizatı xidmətinin göstərilməsi sahəsində dövlət tapşırığı ilə üzərinə düşən öhdəliklərinin icrasını faktiki olaraq dayandırmış olur. Hər bir halda, məhkəmə mübahisəsini iddiaçı istər udsun, istər də uduzmuş olsun, hər iki halda, sahibkarlıq fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – onun son nəticədə istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsinə və dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb-qurtaranadək iddiaçıya qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsi prosessual qanunvericiliyə uyğundur. Həm də qeyd edilməlidir ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə gəlinən nəticəni işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğun sayır. Bu mənada cavabdehin şikayətinin həmin qərardadın əsassız olduğunu vurğulayan və “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinad olunan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1197/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrinin qüvvədə olan müddəalarını rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1197/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-359/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-359/2020
18.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver