Məhkəmə qərarları › İş №2-2(103)-362/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-362/2021

22.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-362/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu, Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndələri X5 və vəkili Vəkil iştirakı ilə, İddiaçı («İB») cavabdeh X4 qarşı «borcun ödənilməsi tələbinə dair» iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2034/2020 saylı 29.10.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı («İB») cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 37304,28 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı 03.10.2018-ci il tarixli, ASX-1/0003 saylı müqavilə əsasında cavabdehə məxsus müəssisəni təbii qazla təchiz edir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, müqavilə öhdəliklərinə lazımınca əməl etməmiş, nəticədə 25.06.2020-ci il tarixə 37304,28 manat borcu yaranmışdır. Mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə ona ünvanlanmış pretenziya cavabdeh tərəfindən cavablandırılmamışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri ödənilməlidir Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2034/2020 saylı 29.10.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 27.327,08 manat məbləğində borc, 21,96manat dövlət rüsumu, ümumilikdə 27349,04 manat məbləğində pul tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN ********** İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qanuni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə iştirak etmiş iddiaçının nümayəndəsi V.Ə.Abdullayev izahatında bildirmişdir ki, “cavabdehin abonent saldosunda 2017-ci il üçün qalıq və aktlar qrafasında 10812,60 manat borc 2019-cu ilin may ayında İddiaçı elektron sistemindən həmin məbləğin yalnız 8620,20 manat hissəsi silinmiş, eyni zamanda abonent saldosunda 2018-ci il üçün qalıq və aktlar qrafasında 7784,80 manat borc qeyd edilsə də, həmin məbləğin də Bakı Kommersiya Məhkəməsinin qanuni qüvvəsini almış 2-2(113)-563/2020 nömrəli, 06.03.2020-ci il tarixli qətnaməsi ilə silinməsi qət edilsə də, həmin məbləğ iddiaçının elektron sistemindən silinməmiş və həmin məbləğ borc kimi göstərilmişdir...” Göründüyü kimi, iddaçı ilə onun nümayəndəsinin borc məbləği ilə əlaqədar mövqelərı arasında 9977,02 manat məbləğində (əsassız hesablanmanın nətıcəsində) fərqin olduğu müəyyən edilmişdir. İddiaçya boclu olduğu məbləğ istifadəsində olan və iddiaçının nəzarətçilərinin quraşdırdığı sayğacın göstəcisinə əsasən 15.000,00 manat civarındadaır. İstifadəmdə olan “25”-lik qaz sayğacını bir neçə il əvvəl iddiaçının nəzarətçiləri tərəfindən müvəqqəti olaraq texniki şərtlərə uyğun olmayan “10”luq sayğacla əvəzlədilər. Təxminən 4 ay həmin sayğacı istifadəsində olsa da tez-tez nasaz vəziyyətə düşürdü. Əzəzləmə də nasazlıqlar da nəzarətçilər tərəfindən aktlaşdırılırdı. Onun qənaətinə görə borcun bir hissəsi sayğacın nasazlığı və texniki şərtlərə uyğunsuzluğuna görə yaranıb. Ancaq birinci instansiya məhkəməsi onun məhkəmədə iştirakımı təmin etmədiyindən qeyd olunan hallarla əlaqədar məhkəmə araşdırması aparılmamışdır. Bu barədə təetib olunmuş aktların surətinin bir neçəsi onda olmalıdır. Ancaq əsas hissəsi iddiaçının əməkdaşları olan nəzarətçilərdədir. Bütün qeyd etdiyim hallar deməyə əsdas verir ki, mənim İddiaçınə olan bocun məbləği 27.327,08 manat məbləğində deyil, ondan xeyli aşağıdır. Odur ki, birinci instasiya məhkəməsinin qətnaməsi apellyasiya qaydasında ləğv edilərək, həqiqəti əks etdirən yeni qətnamə qəbul edilməlidir (MPM-in normalarına istinad olunur). Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Natiq Məmmədov və Vəkil apellyasiya şikayətini müdafiə etdiklərini bildirərək borcun miqdarının bir az da azaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vaqif Abdullayev qarşı tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı üzrə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəllənin qeyd olunan normasını və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair 03.10.2018-ci il tarixli müqaviləyə əsasında cavabdeh sahibkarıqla məşğul olduğu təsərrüfat subyektində təbii qazdan istifadə edir. İş materiallarından görünür ki, cavabdeh müqavilənin 3.4-cü bəndinə uyğun olaraq istehlak etdiyi təbii qazın dəyərini iddiaçı tərəfindən ona təqdim edilmiş hesablar üzrə vaxtaşırı ödəməmiş, 2020-ci ilin iyun ayına onun 37304,28 manat məbləğində borcu yaranmış və iddiaçı 06.06.2020-ci il tarixində cavabdehə hesab vermiş, lakin həmin borc bir ay ərzində ödənilməmiş, nəticədə 10.08.2020-ci il tarixində iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən həmin borcun tutulmasını tələb etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının” 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi, iddia tələbi, qismən 27.349,04 manat məbləğində hissəsində təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayətində qeyd edir ki, iddiaçının xeyrinə ondan tutulması qət olunan məbləğ həddində borcu mövcud ola bilməz, onun hesablamalarına görə iddiaçıya olan borcu 5.000 manat civarındadır. Lakin iş materiallarına əsasən cavabdehin qeyd olunan dəlilləri öz təsdiqini tapmır. Belə ki, cavabdehin iş materiallarına əlavə olunmuş **********00520 saylı Abonent saldosu təhlili ilə müəyyən olunur ki, ona məxsus təsərrüfat subyektində istehlak olunan təbii qazın dəyəri vaxtaşırı hər ay onun tərəfindən tam həcmdə ödənilməmişdir. O cümlədən, qeyd olunan abonent saldosuna əsasən onun ödənişləri nəzərə alınmaqla, 2017-2020-ci illər üzrə istifadə etdiyi təbbi qaza görə borcları aşağıdakı kimi olmuşdur: -2017-ci il üzrə: ilin sonuna olan borcu 10744,68 manat; -2018-ci il üzrə: ilin sonuna olan borcu 19605,08 manat; -2019-cu il üzrə: ilin sonuna olan borc 27349,88 manat -2020-ci ilin may ayının sonuna (iyunun əvvəlin) olan borcu 37304,28 manat. İddiaçının iddia tələbindən də göründüyü kimi 2020-ci ilin may ayının sonuna iyun ayının əvvəlinə olan həmin, 37304,28 manat məbləğində borcun cavabdehdən tutulmasını tələb etmişdir. Abonent saldosundan həmçinin görünür ki, akt əsasında cavabdehə aşağıdakı əlavə borclar da hesablanmışdır: - 2017-ci ilin mart ayında 811,40 manat; aprel ayında 10.001,20 manat, cəmi, 10.812,60 manat; - 2018-ci ilin dekabr ayında 7784,80 manat. İş materiallarından görünür ki, həmin aktlarla hesablanmış əlavə borc məbləğlərindən yalnız, 2018-ci ilin dekabr ayında akt əsasında hesablanmış 7784,80 manat borc məbləği məhkəmə qaydasında cavabdeh tərəfindən mübahisələndirilmiş və Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-563/2020 nömrəli, 06.03.2020-ci il tarixli qətanməsi ilə ona hesablanmış həmin 7784,80 manat borc silinmiş, həmin qətnamə də Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(1030-306/2020 nömrəli, 29.07.2020-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəyə minmişdir. 2017-ci ilin mart və aprel aylarında aktlar əsasında hesablanmış cəmi, 10.812,60 manat borc məbləği isə cavabdeh tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmiş, konkret halda hazırkı məhkəmə mübahisəsində də həmin borcun əsassızlığı ilə bağlı etiraz və əsaslandırıcı dəlilərlə məhkəməyə müraciəti mövcud deyidir. Birinci instansiya məhkəməsinin qətnaməsindən də məhz görünür ki, məhkəmə düzgün olaraq Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-563/2020 nömrəli, 06.03.2020-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə silinməsi qət olunan 7784,80 manat borc məbləği, hazırda iddiaının tutulmasını tələb etdiyi 37304,28 manat borc məbləğindən çıxılmışdır. Eyni zamanda, qətnamədən görünür ki, işə baxan birinci instansiya məhkəməsi abonent saldosunda təsbit olunan məlumatlara, dolğunluqla düzgün hüquqi qimət verməmiş, cavabdeh istehlakçının 8620,20 manat məbləğində cari borcu üzrə ödənişini, səhvən, 2017-ci ilin mart və aprel aylarında aktlar əsasında ona hesablanmış 10.812,60 manat əlavə borcun iddiaçı tərəfindən silinməsi kimi qiymətləndirərək yerdə qalan “2192,40 (10.812,60-8620,20) manat məbləği də “qalıq borc” adı altında tutulması tələb olunan borcdan çıxaraq, iddia tələbini 27.349,04 (37304,28-7784,80-2192,40) məbləğində hissəsində təmin etmişdir. Halbuki, 2017-ci ilin mart və aprel aylarında aktlar əsasında hesablanmış həmin 10.812,60 manat borc iddiaçı tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmiş, qüvvəsindədir, hazırda da cavabdehin həmin məbləğin əsasızlığı ilə bağlı etiraz və dəlilləri mövcud deyildir. Lakin, hər bir halda, iddiaçı tərəfindən qətnamədən iddianın təmin olunmayan hissəsindən şikayət verilmədiyini və hazırda cavabdehin şikayəti həddində işə baxıldığını nəzərə alan məhkəmə kollegiyası, qeyd edilən (2192,40 manat) hissədə qətnamənin ləğv edilməsi üçün prosessual əsas görmür. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2034/2020 saylı 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X3 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2034/2020 saylı 29.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar