Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-367/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “M.Ə.Əfəndiyev adına X9” X6 cavabdeh "xxxx" ASC-yə qarşı pulun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-680/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı “M.Ə.Əfəndiyev adına X9” X8 (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 61.546,87 manat borcun İddiaçının hesabından silinməsi, ödənilmiş 275 manat dövlət rüsumunun barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-680/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X2yə görə hesablanmış 61.546,87 manat (altmış bir min beş yüz qırx altı manat səksən yeddi qəpik) məbləğində borcun “M.Ə.Əfəndiyev adına X9” X6 abonent hesabından silinməsi, dövlət rüsumu olaraq ödənilmiş 275 manat məbləğində pulun cavabdehə aid edilməsi qət edilmişdir.
3. Cavabdeh "xxxx" ASC həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc "xxxx" ASC-nin fəaliyyətindən əvvəlki dövrdə sərf edilmiş elektrik enerjisinə görə yaranmış borc məbləğidir. Lakin, borcun 2005-ci ildən əvvəlki dövrdə yaranmış olmağı o demək deyil ki, məbləğ silinməlidir. Belə ki, borc cərimə deyil, baxış aktı əsasında hesablanmış borc məbləğidir. İddia tələbində silinməsi qeyd edilən 61 546,87 manat məbləğində borc elektrik enejisindən istifadə nəticəsində yaranmışdır. Abunə haqqında məlumat vərəqindən görünür ki, borc mövcuddur. Bu səbəbdən də qanunvericiliyin tələblərinə əsasən hesab edilir ki, iddia rədd edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
10. Həmin Məcəllənin 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci və 8.2-ci bəndlərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
12. Həmin Qaydaların 1.1-ci bəndində isə təsbit olunmuşdur ki, elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8. 34-cü bəndinə görə enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.
14. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh tərəfindən verildiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
17. İş materiallarına əsasən müəyyən edilmişdir ki, “M.Ə.Əfəndiyev adına X9” PHŞ (əvvəlki adı: M.Ə.Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanası) (bundan sonra “İddiaçı”) "xxxx" ASC (bundan sonra “Cavabdeh”) ilə elektrik enerjisinin alqısatqısı ilə bağlı sonuncu dəfə xx.xx.2024-cü il tarixdə müqavilə (bundan sonra “Müqavilə”) bağlamışdır. Müqavilə münasibətinin qüvvədə olduğu bütün müddət ərzində Cavabdeh qazdan istifadə ilə bağlı yaranmış borcu vaxtı-vaxtında ödəmiş bu barədə tərəflər arasında heç vaxt mübahisə yaranmamışdır. Cari ilin iyun ayında Cavabdeh İddiaçıya üzləşmə aktı təqdim edərək xx.xx.2024 tarixinə 61.546,87 manat borcun olduğunu bildirmişdir. Həmin dövrə qədər iddiaçıya göndərilən hesab-faktura və ya e-qaimələrdə belə borc barədə heç bir qeyd olmayıb. Bu səbəbdən İddiaçı bununla razı olmamış və aktı imzalamaqdan imtina etmişdir. Daha sonra cavabdehə müvafiq borcun yaranma mənbəyi barədə rəsmi məktubla müraciət olunmuşdur. Cavabdeh cavab olaraq bildirmişdir ki, borc 2002-ci ilə aid borcdur və həmin dövr üçün elektron məlumat bazası olmadığından hal-hazırda onun yaranma mənbəyini araşdırmaq mümkün deyil.
18. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" ASC mübahisəli borcun hesablanması üçün iddiaçının təqsirinin olmasına dair hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Şifahi olaraq bildirilsə də ki, silinməsi tələb olunan borc sərfiyyatla bağlı yazılmış məbləğdir, lakin həmin borcun dəqiq olaraq hansı dövrü əhatə etməsini (borcun 2005-ci ildən əvvəlki dövrə aid olması işin mübahisəsiz halıdır), həmin dövrdə hesablanmış borcun ödənilməsinə dair hesab-fakturaların iddiaçıya göndərilməsini təsdiq edən sənədlər cavabdeh tərəfindən təqdim edilməmişdir.
19. Qeyd olunanlardan da göründüyü kimi cavabdeh qurum yaranmış borc məbləğini hansı illəri əhatə etməsinə və buna dair hesab-fakturaları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Ona görə də, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “M.Ə.Əfəndiyev adına X9” X7 hesablanmış 61.546,87 manat borc “M.Ə.Əfəndiyev adına X9” X6 abonent hesabından silinməlidir.
20. Məhkəmə cavabehin hazırki tələbə iddia müddətinin tətbiq edilməsinə dair hissəsində etirazının dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, iddiaçı borc barəsində məlumatlı olduğu vaxtdan sonra iddia müddətini ötürməyərək, iddia tələbi irəli sürmüşdür, həmçinin cavabdeh tərəfindən 20 il əvvələ aid borca dair iddiaçıya hər hansı bildiriş, hesab faktura göndərilməsinə dair heç bir sübut işə əlavə edilməmişdir. Əksinə iddiaçı, cavabdehin borca dair tələb hüququ üzrə 20 il müddət keçdiyindən müddətin ötürüldüyünü iddia edir.
21. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.
22. Göründüyü kimi elektrik enerjisini təmin edən cavabdeh tərtib etdiyi üzləşmə aktının əsaslılığını göstərən halları və dəlilləri təsdiq edən sübutları təqdim etmək vəzifəsini yerinə yetirməmişdir. Belə ki, cavabdeh iddiaçının təqsirli olaraq hərəkətlər etməsini sübut edə bilməmişdir.
23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-680/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.