Məhkəmə qərarları › İş №2-2(103)-374/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-374/2022

24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-374/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-235/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı "xxxx" MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin “Abşeron Su-Kanal” İdarəsi tərəfindən hesablanmış 16592 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.01.2022-ci il tarixli e-2-2(113)-235/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X2 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin xidmətlərə görə hesabat balans sayğacına və qeyri-əhali qrupuna uyğun təriflərə əsasən aparılır. Abşeron rayonu Masazır qəsəbəsi Məcburi Köçkünlər evi 91 ünvanında istehlak olunmuş suya görə 16592 manat məbləğində borc hesablanmış və iddiaçıdan tələb olunmuşdur. İddiaçı bildirir ki, “Abşeron Sukanal” İdarəsində borcun yaranma səbəblərini araşdırılması zamanı borcun illər üzrə sudan istifadəyə görə yaranmış borcun tam ödənilməməsi səbəbindən yarandığını bildirsələr də, sonradan məlum olmuşdur ki, Masazır qəsəbəsində İddiaçı MMC tərəfindən inşa olunmuş binalarda yaşayan sakinlərin mənzillərinə su sayğacı quraşdırılmasına və həmin sayğaclar vasitəsilə sudan istifadə edilməsinə baxmayaraq cavabdeh tərəfindən həmin sayğacların quraşdırılmasına dair aktlar tərtib edilmiş, lakin qeydiyyata alınmamış, həmin sakinlərin istifadə etdiyi suyun dəyəri İddiaçı MMC-yə balans sayğacının göstəricisinə əsasən qeyri-əhali qrupu üzrə müəyyən edilmiş tariflə (1 kub m. suyun dəyəri 2 manat) hesablanmışdır. Halbuki əhali qrupu üzrə 1 kub m. suyun dəyəri 1 manat təşkil edir. Cavabdeh tərəfindən hesablanmış 16592 manat borc yaşayış binalarında yaşayan sakinlərin istifadə etdiyi suyun dəyəridir. Cavabdeh mənzillərə fərdi qaydada quraşdırılmış su sayğaclarının üzərində olan su sərfiyyatını qeydə almaq və həmin suyun dəyərini istifadəçilərdən tələb etmək əvəzinə balans sayğacı əsasında hesabat aparmış və suyun 1 kub metrinin dəyərini 2 manatla hesablayaraq ödənilməsini tələb edir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, MTK tərəfindən yaşayış binaları tikilsə də, onlar istismara verilməmişdir. Bina istismara verilmədiyindən tərəflər arasında qeyri-əhali qrup istehlakçılar üçün nəzərdə tutulmuş müqavilələr bağlanılmışdır. İddiaçı tərəfindən mübahisələndirilən məbləğ istehlak olunmuş suya aiddir. Buna uyğun hesab-faktura tərtib olunur və tərəfə təqdim edilir. İddiaçı MMC tərəfindən bir qrupdan digər qrupa keçirilməsi ilə bağlı müraciət olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 60-cı maddəsinin 1-ci bəndi, 61-ci maddəsinin 1-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1 və 4.1.3-cü maddələrindən müəyyən olunur ki, su istehlakçıları istifadə etdikləri suyun və çirkab suyun axıdılması xidmətinin dəyərini ödəmək öhdəliyini daşıyır. Lakin hazırki işdə müəyyən olunur ki, sayğacın göstəricilərinə əsasən cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləği düzgün hesablanmamışdır. Belə ki, iş materiallarında olan Abşeron rayonu Masazır qəsəbəsi Məcburi Köçkünlər evi 91 ünvanına dair Cavabdeh ASC tərəfindən tərtib edilən çoxsaylı su sayğaclarının qəbulu aktlarından görünür ki, 31 may 2020-ci il tarixdən başlayaraq həmin binada yaşayan sakinlərə su sayğacları quraşdırılmışdır. Abonent haqqında məlumatdan isə müəyyən edilir ki, hazırda silinməsi tələb edilən 16592 manat məbləğində borc 01.09.2020-ci il tarixə hesablanan borcdur. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirdi ki, həmin yaşayış binasında İddiaçı MMC-yə məxsus ofis belə mövcud deyil. Bütün su istehlakı binada yaşayan sakinlər tərəfindən aparılır. Göründüyü kimi iddiaçıya hesablanan borc onun özü tərəfindən istifadə edilmiş suya görə deyil, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən yaşayış binasının sakinləri tərəfindən istifadə edilmiş suya görə hesablanan borcdur. Azərbaycan Respublikası Tarif Şurasının 13.05.2016-cı il tarixli 6 nömrəli Qərarı ilə sudan istifadəyə görə aşağıdakı tariflər müəyyən edilmişdir: Bakı şəhəri üzrə su təchizatına görə əhali üçün 1 kub metr 0,70 manat, qeyri əhali üçün 1 manat, tullantı suların axıdılmasına görə əhali üçün 0,30 manat, qeyri əhali üçün 1 manat. Eyni zamanda həmin qərarda göstərilmişdir ki, bu qərarın məqsədləri üçün əhali istehlakçı qrupu dedikdə su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən məişət abonentləri başa düşülür. Göründüyü kimi su təchizatı və tullantı sularının axıdılması xidmətindən şəxsi tələbatını ödəmək məqsədi ilə istifadə edən abonentlər “əhali istehlakçı qrupu” hesab edilir. Bununla yanaşı iddiaçı tərəfindən inşa edilmiş yaşayış binasında yaşayan və “əhali istehlakçı qrupu”na aid sakinlərin istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə hesablaşmalar qeyri-əhali qrupuna aid edilən tarif üzrə aparılmışdır. Halbuki, Abşeron rayonu Masazır qəsəbəsi Məcburi Köçkünlər evi 91 ünvanında Cavabdeh ASC tərəfindən su sayğacları quraşdırıldıqdan sonra içməli su və tullantı suya görə iddiaçıdan tutulan məbləğlər Tarif Şurasının qərarına uyğun olaraq əhali qrupu tarifi ilə hesablanmalıdır. Lakin iddiaçıya əhali qrupu üzrə hər kub metrə 1 manat hesablanmalı olduğu halda, qeyri-əhali qrupu üzrə hər kub metrə 2 manat hesablanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı əlavə olaraq hesablanmış 8296 manat (16592 / 2 = 8296) məbləğin cavabdeh tərəfindən silinməsini tələb etməkdə haqlıdır. Ona görə də iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-235/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 11.01.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı "xxxx" MMC-yə hesablanmış 8296 (səkkiz min iki yüz doxsan altı) manat məbləğində borc silinsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar