Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-376/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı kiçik müəsisəsinin (“KM”) Cavabdehnə (İB) qarşı “əsassız hesablanmış borca görə ödənilmiş pulun tutulması tələbinə dair” kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1125/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı KM Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Birlik tərəfindən hesablanmış 14019,50 anat borcun əsassız hesab edilməsi və həmin borca görə İddiaçı KM tərəfindən ödənilmiş 14019,50 manat pulun cavabdehdən tutularaq geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, iddiaçı iddianı təmin etmə tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, **********100000 saylı abonent kodu olan çörək bişirmə sexinə təbii verilməsi bərpa edilərək qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddiaçının ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının niyyəti aydın görünür. Belə ki, qəbul edilmiş qərardada əsaslanaraq istehlakçı hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8, 376.2-ci və 397.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, cavabdehin şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinin tələbindən də görünür ki, işə baxan məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. Qanunun qeyd olunan mənası baxımından, iddianı təmin etmə tədbirinin görülməsi gələcəkdə iddianın təmin edilməsinə yönəlməsi ilə yanaşı, həm də mübahisənin predmetindən sui-istifadənin qarşısını almaq məqsədi daşıyır. Konkret halda, qaz paylayıcısı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən iddiaçıya məxsus təsərrüfat obyektinə verilən təbii qaz təchizatının dayandırılması müəssisənin davamlı fəaliyyətini pozur. Cavabdeh isə qaz təchizatı sahəsində təbii inhisarçı olduğundan sahibkarlıq fəailiyyəti göstərən iddiaçınınin başqa seçim yeri qalmır. Lakin, hər bir halda, iddiaçı istər hazırkı məhkəmə mübahisəsini udsun, istər də uduzmuş olsun, onun həmin təsərrüfat obyektində fəaliyyətini davam etdirməsi və gəlir əldə etməsi – son nəticədə istehlak etdiyi təbii qazın dəyərinin ödənilməsi və həm cavabdeh, həm də dövlət qarşısındakı tədiyyə öhdəliklərinin yerinə yetirilməsinə gətirib çıxaran bir gözləntini ehtiva edir. Bu mənada, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıbqurtaranadək iddiaçıya məxsus obyektin qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi prosessual qanunvericiliyə uyğun hesab edilməlidir. Həmçinin, onu da qeyd etmək lazımdır ki, MPM-in 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə istinadən, birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1125/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsindən isə göründüyü kimi, iddianı təmini tədbiri barədə məhkəmə qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və MPM-in 363-364, 400-cü maddələrini rəhbər tutaraq, kollegiya qərara a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-1125/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-376/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-376/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver