Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-378/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, X2nun Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız sayılması və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: X2 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin etibarsız hesab olunması və Bakı şəhəri, Nəsimi rayonu, Cəfər Cabbarlı ünvanı meydanında yerləşən ümumi sahəsi 2854,3 kv.m olan qeyriyaşayış sahəsinə daxil olan sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsinin boşaldılaraq X7 təhvil verilməsi və iddiaçının həmin qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 cavabdeh "Cavabdeh" MMC ilə xx.xx.2019-cu il tarixdə icarə müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, "28" May metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə "Cavabdeh" MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 kv m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində icarəyə verilmişdir. Daha sonra tərəflər arasında eyni şərtlərlə xx.xx.2011-ci il tarixdə yeni icarə müqaviləsi bağlanılmış, lakin bu dəfə müqavilənin müddəti 30 il müəyyən edilmişdir. xx.xx.2009-cu tarixdə ilkin icarə müqaviləsi bağlanılmasından sonra iddiaçı həmin müqavilənin tələblərinə riayət etmiş, icarə haqqı vaxtı-vaxtında ödənilmişdir. Lakin, cari 2018-ci ilin noyabr ayının əvvəlində iddiaçı ilə bağlanmış müqavilə qüvvədə olduğu və ləğv edilmədiyi halda, heç bir səbəb olmadan iddiaçı "Cavabdeh" MMC-nin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsindən çıxarılmış və həmin qeyri- yaşayış sahəsi digər bir şəxsə icarəyə verilmişdir. İddiaçı MM-nin 337.1, 337.2, 337.4-cü maddələrinə istinad edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Nümayəndə izahatında əlavə olaraq bildirmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddətinin 2011-ci ildə 30 illik, 2017-ci ildə 1 illik olması iddiaçının mənafeyinə uyğun deyil, yəni iddiaçı bu müqaviləni imzalaya bilməzdi. Müqavilənin şərtləri iddiaçının xeyrinə olduğu halda müqaviləni iddiaçı öz ziyanına dəyişə bilməzdi. Əgər müqavilə dəyişdirilsəydi onun bir nüsxəsi də iddiaçıda olmalı idi, lakin iddiaçıda müqavilənin nüsxəsi yoxdur. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, tərəflər arasında bir neçə icarə müqaviləsi bağlanıb. Bu dəyişiklik bir dəfə müqavilənin müddəti, bir dəfə icarə haqqının məbləği ilə bağlı olub. Ekspert rəyi ilə imzaların iddiaçıya məxsus olması müəyyən olunmuşdur. Eyni zamanda müqaviləni mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş müddət də buraxılmışdır. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya ilkin olaraq cavabdeh tərəfindən xx xxxxxxx 2009-cu il tarixli icarə müqaviləsi əsasında aylıq 800 manat icarə haqqı müqabilində müddətsiz icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2011-ci il tarixli icarə müqaviləsindən görünür ki, həmin qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 800 manat müqabilində 30 il müddətində icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, həmin qeyri-yaşayış sahəsi aylıq 800 manat olmaqla 4 il müddətinə X7 icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2014-cü il tarixli sub-icarə müqaviləsindən görünür ki, həmin qeyri-yaşayış sahəsi aylıq 850 manat olmaqla X8 tərəfindən X6 tərəflər arasında bağlanmış və xx xxxxxx 2014-cü il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti, “28 May” metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan ticarət mərkəzinin layihəsində 50 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi iddiaçıya aylıq 1000 manat müqabilində xx.xx.2018-ci il tarixədək icarəyə verilmişdir. Həmin müqavilənin 2.1.3-cu bəndinə əsasən icarəçi bu müqavilədə icarə haqqı ilə bağlı öhdəliklərini tam və ya qismən yerinə yetirmədikdə 30 iş günü qabaqcadan yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli sub-icarə müqaviləsindən görünür ki, yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 kv.m olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyri-yaşayış sahəsi aylıq 1100 manat olmaqla X8 tərəfindən X6 tərəflər arasında bağlanmış və xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsi ilə müəyyən edilmiş, icarə müddəti daxilində xx xxxxxx 2018-ci il tarixədək sub-icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin təsdiq edilmiş surətindən görünür ki, X9 tərəflər arasında bağlanmış və aylıq icarə haqqı 1000 manat olan xx xxxxxx 2017-ci il tarixli icarə müqaviləsini tam olaraq icra edilmişdir. İş materiallarına əlavə edilmiş 07/18 saylı xx xxxxxxxx 2018-ci il tarixli məktubdan görünür ki, icarədar Zaur Apayev 40 gün qabaq xəbərdar edilərək, nəzərinə çatdırılmışdır ki, tərəflər arasında bağlanmış icarə müqavilənin müddəti xx xxxxxx 2018-ci il tarixdə bitir və mülkiyyətçi müqavilə müddətini uzatmaq niyyəti olmadığından, müddətin bitməsi ilə əlaqədar müqaviləyə xitam veriləcəkdir. İşdəki qeyd edilən sübutalar əsasən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında ayrı-ayrı vaxtlarda Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti “28” May metrosunun yaxınlığında yerləşən və Nəqliyyat Nazirliyinin sərəncamı ilə Cavabdeh MMC-yə icarəyə verilən yeraltı keçid kompleksinə daxil olan Ticarət mərkəzinin layihəsində sahəsi 60 m2 olan və layihədə 67 nömrəsi ilə işarələnən ticarət təyinatlı qeyriyaşayış sahəsinin icarəyə verilməsinə dair müqavilələr bağlanmış, həmin müqavilələr üzrə öhdəliklər icra edilmişdir. Cavabdeh xx xxxxxx 2017-ci il tarixli 67 nömrəli icarə müqaviləsinin 2.1.3-cu bəndinə uyğun olaraq iddiaçıya xx xxxxxxxx 2018-ci il tarixdə məktub ünvanlayaraq müqavilənin müddətinin xx xxxxxx 2018-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq müqaviləyə xitam veriləcəyini bildirmiş, bundan sonra qeyd olunan tarixdə qeyri-yaşayış sahəsi boşaldılmış və digər icarəçiyə verilmişdir. İddiaçı xx xxxxxx 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə xx.xx.2019-ci il tarixdə “İddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə adı altında iddianın predmetinin dəyişdirilməsi barədə ərizə vermiş, ərizədə iddianın hüquqi əsası, müqavilənin hansı əsasla etibarsız hesab edilməli olduğu qeyd edilməmişdir. Məhkəmə iddianın əsassız olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. İddiaçı apellyasiya şikayətində də MM-nin 337-ci maddəsinə istinad etməklə kifayətlənmiş, mübahisələndirilən müqavilənin hansı əsasla etibarsız hesab edilməli olduğunu göstərməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi izahatında göstərmişdir ki, iddiaçı özü üçün əlverişsiz şərtlərlə müqavilə bağladığı üçün həmin müqavilə etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsində isə iddiaçı mübahisələndirilən müqavilə barədə məlumatı olmadığını və onu imzalamadığını göstərmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 27042 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş iqtisadi işin 168-170-ci vərəqələrindəki xx xxxxxx 2017-ci il tarixli 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza Zaur Apayev tərəfindən icra edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli 31383 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş iqtisadi işin 180-182-ci vərəqlərindəki xx xxxxxx 2014-cü il tarixli 67 nömrəli icarə müqaviləsinin 3-cü vərəqəsində “İcarəçi” hissəsindəki imza qrafasındakı imza Zaur Apayev tərəfindən icra edilmişdir. Ekspert rəylərinə əsasən məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən müqavilənin onun tərəfindən imzalanmadığına dair dəlilinin əsassız olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. 339-cu maddəyə əsasən əqdin etibarsız hesab edilməsi üçün əqdi mübahisələndirən şəxs əqd bağlayarkən aldadıldığını və ya həmin əqdi bağlamağa məcbur edildiyini təsdiq edən halları sübut etməlidir. İş materiallarında iddiaçının xx xxxxxx 2014-cü il tarixli müqaviləni imzalayarkən aldadıldığını və ya həmin müqaviləni imzalamağa məcbur edildiyini təsdiq edən sübutlar mövcud deyil. İş materiallarından görünür ki, cavabdehin nümayəndəsi xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək iş üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı xx xxxxxx 2014-cü il tarixli müqaviləni mübahisələndirmək üçün qanunla nəzərdə tutulmuş bir illik müddətini də ötürmüşdür. Müqaviləni imzalamış şəxs onun məzmunu ilə tanış olmalı olduğundan bir illik müddətin axımı müqavilənin imzalandığı gündən başlamış, xx.xx.2015-ci il tarixdə bitmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə qəbul edilmiş qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən apellyasiya şikayəti əsassız hesab edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, X1pelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: X1pelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-378/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-378/2020
12.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver