Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-379/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundanvə Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-439/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsindən (hakim Səbinə Nuriyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək təbii qazdan istifadəyə görə 2014cü ilin iyul ayında 2262,6 manat, 2015-ci ilin noyabr ayında 1267 manat, 2018-ci ilin noyabr ayında 2377 manat, 2018-ci ilin dekabr ayında 7733,8 manat və 2019-cu ilin yanvar ayında 2494,8 manat olmaqla, cəmi 16135,2 manat artıq hesablanmış borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və 50000 manat mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçının hüquqi ünvanı ünvan 1 fəaliyyət göstərdiyi ərazi Lənkəran rayon “Ləvəngi” avtovağzalının Bakı-Astara şose istiqamətinin təxminən 350-400 metrliyində, Lənkəran rayonunun Digah kəndində yerləşir. Cəmiyyət ölkə üçün strateji məhsul hesab edilən çörək istehsal etməklə, istehlakçıların gündəlik təlabatının ödənilməsinə xidmət edir. İddiaçı MMC ilə Cavabdeh İB arasında xx.xx.2018-ci ildə “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” MAX-310 saylı müqavilə bağlanmış, istehlak olunan qazın dəyəri hər ay vaxtı-vaxtında ödənilmişdir. xx.xx.2018-ci ilə kimi təqdim edilən elektron qaimə əsasında istehlak olunmuş təbii qazın dəyəri, yəni 514 manat ödənilmiş, noyabr ayının son 10 günü üçün abonent koduna 2377 kub metr qaz sərfiyyatı hesablanmışdır. xx.xx.2019-cu ildə Cavabdeh İB-nin və Lənkəran Xidmət sahəsinin nümayəndələri müəssisəyə gəlib qaz sayğacına baxış keçirmiş, qaz xətti üzərində quraşdırdıqları G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını “sayğacın rotorlarının kiplənib sıradan çıxması” adı altında çıxardıb, əvəzinə müvəqqəti olaraq G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını quraşdırmışlar. Qaz sayğacının çıxarılması və yenisinin əvəz edilməsi Cavabdeh İB-nin nümayəndəsi olan böyük mühəndis Elxan Babayev və Lənkəran RQİİ-nin işçiləri Zaur Tarverdiyev və Emil Nəsirli tərəfindən müvafiq olaraq ******* və ******* saylı aktlar tərtib edilmiş, həmin aktlarda xəttin üzərindəki G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacı şəbəkədən çıxarılan zaman onun üzərində hər hansı xəsarət və ya müdaxilə faktının olması barədə hər hansı qeyd olmamışdır. Adı çəkilən şəxslərin G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacını “sayğacın rotorlarının kiplənib sıradan çıxması” adı altında tərtib etdikləri ******* saylı akta əsasən cəmiyyətə 7733,79 manat əlavə sərfiyyat hesablanmış, həmin borc xx.xx.2019-cu il tarixdə göndərilən EAAP seriyalı 179400 saylı elektron qaimədə öz əksini tapmışdır. İddiaçı borcu əsassız hesab edərək silinməsini xahiş etmiş, eyni zamanda iddiaçının 5 il əvvəl yaranmış borclarının tələbetmə müddətinin bitməsi əsası ilə silinməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-439/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı MMC-yə təbii qazdan istifadəyə görə 2014-cü ilin iyul ayında 2262,6 manat, 2018-ci ilin noyabr ayında 1117,4 manat, 2018-ci ilin dekabr ayında 5959,4 manat və 2019-cu ilin yanvar ayında 1028,8 manat olmaqla, cəmi 10368,2 manat artıq hesablanmış borcun silinməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edildiyi hissədə ləğv olunmasını, iddianın tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi qeyriyaşayış sahəsinin qaz xətinin üzərində quraşdırılmış qaz sayğacı Cavabdehn əməkdaşları tərəfindən istehlakçının nümayəndəsinin iştirakı ilə çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bu baradə müvafiq qaydada akt tərtib edilmiş və həmin akt istehlakçının nümayəndəsi tərəfindən imzalanmışdır. Laboratoryada sayğac yoxlanılan zaman sayğacın rotorlarının kipləşərək sıradan çıxdığı aşkar edilmiş və sayğacın təmir edilməsi zərurəti olduğu qeyd edilmişdir. Qaz sayğacı işləmədiyi dövr ərzində qazın verilməsi dayandırılmamış və istifadə edilən təbii qazın dəyəri ötən ayların orta gündəlik sərfinə uyğun hesablanmışdır. (sahibkar tərəfindən quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımalıdır.) Məhkəmə qətnaməsindən də göründüyü kimi istehlakçı tərəfindən qaz sayğacının işləmədiyi dövr ərzində təbii qazdan istifadə olunması işin mübahisə olunmaz tərəfidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respulikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmuşdur, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflərin iştirakının təmin edilməsi üçün xx.xx.2020-ci il tarixə təxirə salınmış, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-439/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. İddiaçının abonentin saldosundan görünür ki, 2014-cü ilin iyul ayında iddiaçıya Cavabdeh akt əsasında təbii qazdan istifadəyə görə 2262,6 manat borc hesablanmışdır. Həmin borcun iddiaçı tərəfindən yarandığı vaxtdan 5 il ərzində ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, 2014-cü ilin iyul ayında təbii qazdan istifadəyə görə hesablanmış 2262,6 manat borc üzrə tələb etmə müddəti bitdiyindən həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməli və qeyd edilən borcun silinməsi cavabdehə həvalə edilməlidir. Apellyasiya şikayətində cavabdehin qətnamənin bu hissəsi ilə hansı əsasla razılaşmadığı qeyd edilməmişdir. İddiaçı tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən qismən silinmiş borcun bir hissəsi 2018-ci ilin noyabr və dekabr ayları, 2019-cu ilin yanvar ayının 10 günü üçün iddiaçının işlək vəziyyətdə olmayan sayğacının çıxarıldığı dövrdə cavabdeh tərəfindən hesablanmış borc məbləğidir. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, iddiaçı istehlak etdiyi qazın 1 m3 üçün 0,20 manat ödəməyi öhdəsinə götürmüşdür. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* və ******* nömrəli aktlardan görünür ki, xətt üzərindəki G-65 markalı zavod nömrəsi ******* olan qaz sayğacına baxış keçirilən zaman sayğacın rotorlarının kiplənib sıradan çıxması səbəbi ilə şəbəkədən çıxarılmış, həmin vaxt sayğacın üzərində hər hansı xəsarət və ya müdaxilə faktı aşkar olunmamışdır. "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, "İddiaçı" MMC qeyd olunan ay üzrə sayğacsız fəaliyyət göstərdiyi müddətdə ümumilikdə 11885 m3 sərfiyyata görə 2377 manat borc hesablanmışdır. İddiaçı tərəfindən həmin ay üçün təbii qazdan istifadəyə görə 514,8 manat ödəniş edilməsi nəzərə alınmamışdır. "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli aktdan görünür ki, "İddiaçı" MMC qeyd olunan ay üzrə fəaliyyət göstərdiyi müddətdə sayğacın təbii qazı keçirib sərfiyyatı qeyd etməməsi səbəbindən ümumilikdə 38669 m3 sərfiyyata görə 7733 manat borc hesablanmışdır. "Cavabdeh" İB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, Lənkəran rayonu Digah kəndi ərazisində yerləşən İddiaçı çörək sexinə məxsus G65 markalı elster tipli 75122526 nömrəli sayğacın təbii qazı keçirib sərfiyyat qeyd etmədiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda (istehlakçının təqsiri olmadığı halda) çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Hazırkı halda iddiaçının fəaliyyət göstərdiyi obyektin qaz sayğacı istehlakçının təqsiri olmadan yararsız vəziyyətə düşdüyü, sayğaca müdaxilə edilmədiyi işin mübahisəsiz halıdır. Belə olan halda sayğacın olmadığı dövr üçün istehlak edilmiş qazın dəyəri cavabdeh tərəfindən “Qazdan istifadə Qaydaları”-nın 5.4-cü bəndində nəzərdə tutulmuş qaydada hesablanmalı idi. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Qaydaların tələbinə riayət etmədən sayğacın olmadığı dövr üçün istehlak edilən qazın dəyərinin bir hissəsini (2018ci ilin dekabr və 2019-cu ilin yanvar ayının 10 günü üçün) müəssisədə mövcud olan qaz işlədici qurğuların gücünu əsas götürməklə, bir hissəsini isə (noyabr ayı üçün) xx.xx.2018ci il tarixli akta əsasən ötən ilin müvafiq dövründə sayğacla müəyyən olunmuş qaz sərfinə uyğun olaraq hesablamışdır. İşə baxmış məhkəmə cavabdehin bu hesablamasını qanunsuz və əsassız hesab edərək sayğacın olmadığı dövr üçün iddiaçı tərəfindən istehlak edilmiş qazın dəyərini sayğac çıxarılmazdan əvvəlki ayın, yəni 2018-ci ilin oktyabr ayının orta gündəlik sərfiyyatına uyğun hesablanmalı olduğuna dair düzgün nəticəyə gəlmişdir. Abunə haqqında məlumat vərəqindən görünür ki, sayğac çıxarılmazdan əvvəlki ayda- 2018-ci ilin oktyabr ayında (31 gün) iddiaçının təbii qaz sərfiyyatı 8872 m3, həmin ay üçün ödənişin məbləği 1774,4 manat (8872 x 0,20 manat) olmuşdur. Belə olan halda bir gün üçün orta günlük sərfiyyatın 286,1 m2 təşkil etdiyi nəzərə alınaraq iddiaçıya 2018-ci ilin noyabr və dekabr ayları üçün 8872 m3 , 2019-cu ili yanvar ayının 10 günü üçün 2861,9 m2 qaz sərfiyyatı hesablanmalı idi. Birinci instansiya məhkəməsi 2018-ci ilin oktyabr ayının orta gündəlik sərfiyyatını nəzərə alaraq iddiaçının istehlak etdiyi təbii qaza görə 2018-ci ilin noyabr ayı üçün 1259,6 manat (514,8 manat ödəniş nəzərə alınmaqla), dekabr ayı üçün 1774,4 manat, 2019-cu ilin yanvar ayı üçün 1466 manat borcu olduğunu müəyyən edərək 2018-ci ilin noyabr ayı üçün 1117,4 manat, 2018-ci ilin dekabr ayı üçün 5959,4 manat və 2019-cu ilin yanvar ayı üçün 1028,8 manat, cəmi 10368,2 manat artıq hesablanmış borcun silinməsi barədə nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi 2019-cu ilin yanvar ayında sayğacın olmadığı 10 gün üçün təbii qazdan istifadəyə görə iddiaçının ödəməli olduğu məbləği artıq hesablasa da (2861,9 x 0,20 manat =572,3 manat) iddiaçı qətnamədən apelyasiya şikayəti vermədiyindən və işə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsasında baxıldığından cavabdehin dəlillərinə münasibətdə qətnamə iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və qətnamənin ləğvinə səbəb olan kobud prosessual pozuntulara yol verilmədiyi müəyyən olunur. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-439/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)-439/2020 saylı, xx xxxx 2020-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-379/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-379/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver