Məhkəmə qərarları › İş №2-2(103)-398/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-398/2024

14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-398/2024 14.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-386/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. X11 ilə X7 arasında 15 oktyabr 2020-ci il tarixli torpağın icarə hüquqlarının alqısatqısı müqaviləsi bağlanmışdır.

2. Həmin müqaviləyə əsssən X11 DTXK Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-9643, KOD-91000001 reyestr nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə və Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli Vİİİ-14/589 saylı məktubuna əsasən icarəsində olan Hacıqabul – Muğan avtomobil yolunun şimalında yerləşən 8,0 ha torpaq sahəsinin xx.xx.2006-ci ildən başlayaraq 90 il müddətinə olan icarə hüquqlarını tam alıcı – X5 3000 manata satmağı öhdəsinə götürmüşdür.

3. Cavabdeh (Paylayıcı qismində) ilə X8 (İstehlakçı qismində) arasında qazın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır.

4. Həmin müqavilənin 1-ci bəndinə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

5. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən X3 qaz sayğacları xx.xx.2014-cü il tarixdə quraşdırılmış “G-6” markalı 1205AQ**********4 nömrəli, xx.xx.2017-ci il tarixdə quraşdırılmış “G-1000” markalı 83047525 nömrəli (plomb nömrəsi – ********) sayğaclardır.

6. X8 22 may 2019-cu il tarixdə ölmüşdür və onun arvadı olan X4 nikahına xitam verilmişdir.

7. 05 sentyabr 2022-ci il tarixli etibarnamə ilə X1 Sahib Həbib oğluna bütün əmlakını idarə etməyi, əqdlər bağlamağı, Cavabdeh İB-dən sənədləri almağı və s. səlahiyyətləri vermişdir.

8. X9 (nümayəndəsi qismində Nümayəndə1) ilə cavabdeh arasında 22 sentyabr 2022ci il tarixli 1098 ST nömrəli xidmət müqaviləsi bağlanmışdır.

9. Həmin müqavilənin 1-ci bəndinə əsasən G1000 markalı 83047525 nömrəli qaz sayğacının xx.xx.2022-ci il tarixli 02961 nömrəli qüsur aktı əsasında təmiri və ehtiyat hissəsinin ayrılması ilə əlaqədar sifarişçi və icraçı arasında münasibətlər müqavilənin predmetini təşkil edir.

10. Cavabdeh (Paylayıcı qismində) ilə X9 (İstehlakçı qismində) arasında qazın alqısatqısı barədə xx.xx.2022-ci il tarixli müqavilə bağlanmışdır.

11. Həmin müqavilənin 1-ci bəndinə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 45 gün müəyyən edilir (7.2). Müqaviləni istehlakçının nümayəndəsi qismində Nümayəndə1 imzalamışdır.

12. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən X4 qaz sayğacı xx.xx.2014-cü il tarixdə quraşdırılmış “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.

13. Cavabdeh (Paylayıcı qismində) ilə iddiaçı (İstehlakçı qismində) arasında qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilə bağlanmışdır.

14. Həmin müqavilənin 1-ci bəndinə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

15. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən iddiaçının qaz sayğacı xx.xx.2014-cü il tarixdə quraşdırılmış “İtron” tipli “G-6” markalı 1205AQ**********4 nömrəli (plomb nömrəsi – ********) sayğacdır.

16. Həmin müqaviləyə 1 nömrəli əlavə olan qaz paylayıcısı və istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi barədə xx.xx.2023-cü il tarixli akta əsasən tərəflər arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədi qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq quraşdırılan qaz sayğacıdır.

17. xx.xx.2022-ci il tarixli 02961 nömrəli qüsur aktına əsasən “G-1000” markalı 83047525 nömrəli sayğacın sıradan çıxmış hissələri mövcuddur və yenisi ilə əvəz edilməlidir.

18. 10.10.2022-ci il tarixli ******* nömrəli akta əsasən G1000 markalı 83047525 nömrəli qaz sayğacı xx.xx.2022-ci il tarixdə keçirilmiş yoxlamadan sonra yerində quraşdırılmışdır.

19. 10 mart 2023-cü il tarixli akta əsasən 2023-cü ilin fevral ayı üzrə sayğacın elektron göstəriciləri arasında fərq 29.394 kub metr olmuş, əlavə olaraq qaz sayğacı sərfiyyatı xəta nəticəsində qeyd etmədiyi üçün 69.187 kub metr qaz sərfi hesablanmışdır (29.394 m3+69.187m3=98.581m3 ).

20. İddiaçıya məxsus **********00020 nömrəli abonentin saldosuna əsasən 2023-cü ilin fevral ayına 98.581m3 sərfiyyat həcmi qeyd edilmiş, həmin sərfiyyatın bir hissəsi (29.394 kub metr=6.466,68 manat) “sərfin məbləği” sütununda, digər hissəsi isə (69.187 kub metr=15.221,14 manat) “qalıq və aktlar” sütununa daxil edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

21. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 17 mart 2023-cü il tarixli akt əsasında hesablanmış 15221,14 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. İddiaçı bildirir ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı torpaq sahəsini alqı-satqı yolu ilə aldıqdan sonra iddiaçı həmin torpaq sahəsində kənd təsərrüfat məhsullarında yetişdirilməsi üçün təlimata uyğun qaydada istixana quraşdırmaqla ondan istifadə edir. Həmin istixanaya qanuni əsaslarla qaz xətti çəkilərək 10 oktyabr 2022-ci il tarixdə ******* nömrəli akt əsasında müvafiq qaz sayğacı quraşdırılmış və həmin sayğacdan istifadə edilərək borc vaxtlı-vaxtında ödənmişdir. 17 mart 2023-cü il tarixdə cavabdehin nümayəndələri tərəfindən həmin sayğaca baxış keçirildi, daha sonra isə məlum oldu ki, həmin xətdə su var və buna görə iddiaçıya 15221,14 manat borc hesablanmışdır. İddiaçı etirazını bildirərək qaz sayğacına vaxtlı-vaxtında baxış keçirildiyini, sayğacda hər hansı bir qüsurun olmadığını bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Cavabdehlərin nümayəndələri 17 mart 2023-cü il tarixdə istixananın qaz sayğacına baxış keçirərkən və akt tərtib edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, həmin Qaydalara əsasən qəza işləri görüldüyü, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallar istisna olmaqla, qazlaşdırılmış ərazidə və (və ya) yaşayış sahəsində olan qaz qurğularına texniki baxış keçiriləcəyi barədə istehlakçıya 3 gün əvvəl rəsmi bildiriş göndərmək cavabdehin vəzifəsidir. Cavabdeh tərəfindən texniki baxış keçiriləcəyi barədə heç bir rəsmi bildiriş təqdim etməmişdir. Mübahisənin məhkəməyədək razılaşma yolu ilə həll edilməsi üçün cavabdehə pretenziya qaydasında müraciət edilmiş və bununla yanaşı mübahisənin mediasiya sessiyasında həll etmək üçün cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Lakin cavabdeh nə pretenziya məktubuna, nə mediasiya məktubuna, nə də mediatorun çağırışına heç bir cavab verməmişdir. Hal-hazırda iddiaçı sahibkar kimi pozulmuş hüquqlarının bərpa edilməsi, yazılmış akt və onun əsasında hesablanmış cərimənin (borcun) əsassızlığını sübut etmək üçün məhkəmədə iddia qaldırmışdır.

23. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-386/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

25. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

26. Cavabdeh öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X6 məxsus istixanada heç bir yoxlama keçirilməmiş, qaz sayğacı istismardan çıxarılmamışdır. Qaz sayğacına yerində texniki xidmət göstərilmişdir ki, bu da yoxlama kimi qiymətləndirilə bilməz. Məhkəmə əsassız olaraq qaz sayğacına texniki xidməti və sayğacın arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, Cavabdeh İB-nin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin Cavabdeh İB tərəfindən pozulması barədə səhv qənaətə gəlmiş və borcun silinməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda işin hallarındanda göründüyü kimi, **********00020 nömrəli abonent kodu ilə qeydə alınmış istixana xx.xx.2014-cü il tarixdə fiziki şəxs Qüdrət Dadaşovun adına abonent qeydiyyatına alınmışdır. xx.xx.2022-ci il tarixdə qeyd olunan istixanada təbii qazdan istifadə ilə bağlı X9 ilə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanılmış və xx.xx.2022-ci il tarixdə **********00020 nömrəli abonent kodu X4 adına abonent qeydiyyatına alınmışdır. Sayğaca texniki xidmət göstərilməsi və arxiv yaddaşına əsasən qaz sərfinin hesablanması Şəfa Zeynallı ilə bağlanmış müqavilə qüvvədə olduğu müddətdə təmin edilmişdir. İddiaçı ilə isə xx.xx.2023-cü il tarixdə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanılmışdır. Arxiv yaddaşına əsasən hesablanmış 15221,14 manat miqdarında qaz sərfinin 2023-cü ilil fevral ayında aparılması nəzərə alınaraq İddiaçı həmin borcun silinməsi ilə bağlı iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz etdi.

29. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 2.11-1-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

31. Həmin Qaydaların 2.11-2-ci bəndinə görə qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (qaz paylayıcısının razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

32. Həmin Qaydaların 5.2-ci bəndinə (xx.xx.2023-cü il tarixə qədər olan redaksiyada) görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

33. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

34. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

35. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

36. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

37. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

38. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

39. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

40. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

41. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

42. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

43. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

44. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

45. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).

46. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 2.1.8-ci bəndində də müəyyən edilmişdir ki, paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək (göndərmək) vəzifəsini daşıyır.

47. Hazırki işdə isə iddiaçıya məxsus abonent kodunda qeyd edilmiş 15221,14 manat borc məbləği düzgün hesablanmamışdır.

48. Belə ki, həmin məbləğdə borcun hesablanmasına əsas olmuş xx.xx.2023-cü il tarixli akt sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Belə olan halda isə həmin akt əsasında hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməzdi. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

49. Həmçinin kollegiya qeyd edir ki, 10 mart 2023-cü il tarixli aktla əlavə olaraq müəyyən olunan 69187 kub metr qaz sərfinin hansı əsasla müəyyən edildiyi iş materialları ilə sübut olunmur.

50. Belə ki, sayğacda sərfiyyatın qeyd edilmədiyi 10 mart 2023-cü il tarixli aktda qeyd edilsə də, elə həmin aktla 6466,68 manat məbləğində qaz sərfi hesablanmışdır ki, bu da əvvəlki aydan (2023-cü ilin birinci ayı 5032,5 manat) çoxdur.

51. Bundan əlavə, xx.xx.2023-cü il tarixli aktda qeyd olunan faktların faktiki mövcüd olması qəbul edilsə belə, iddiaçıdan qeydə alınmayan qazın dəyəri tələb oluna bilməzdi.

52. Belə ki, cavabdehin qeyd etdiyi sayğacdakı nasazıqların (qaz sayğacının sərfiyyatı xəta ilə qeyd etməsi) abonentin hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutlar təqdim edilməmişdir. Belə olan halda isə qəbul edilməlidir ki, qazın dəyəri səhv hesablanmışdır.

53. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, həmin yoxlama keçirilənədək iddiaçıya məxsus abonent kodu üzrə təqdim olunmuş bütün hesab-fakturalar üzrə ödənişlər edilmişdir.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndində isə təsbit olunmuşdur ki, istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

55. Ona görə də, iddia tam əsaslıdır.

56. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçıya məxsus qaz sayğacına Cavabdeh İB-nin nümayəndələri tərəfindən baxış keçirilməsi və bunun nəticəsi olaraq qaz sayğacının yoxlamadan keçirilməsi məhz Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə qazın alqı-satqısı ilə bağlı müqavilənin bağlanılması, hesablanmış 15221,14 manat miqdarında qaz sərfinin isə 2023-cü ilin fevral ayına aid olması ilə bağlı dəlillərə dair qeyd edilir ki, həmin borc hal-hazırda iddiaçının adına olan abonent koduna aid olduğundan və iddiaçıdan tələb edildiyindən, o hazırki iddianı qaldırmağa müvafiq subyektiv hüquqa malikdir.

57. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-386/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar