Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-399/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə2 Sirac oğlunun, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən əlavə sərfiyyat adı ilə ödədiyi 12438,22 manat, cavabdehin təqsiri üzündən 2019-cu ilin yanvar ayından avqust ayına kimi 7 aya görə hər ay üçün 210xx xxxxxxx 147000 manat məbləğində əldən çıxmış fayda ilə əlaqədar vurulmuş ziyanı və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun dəyərinin, cəmi 159468 manat alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-177/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC tərəfindən cavabdeh “xxxx” ASCyə artıq ödənilmiş 1726,9 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 manat məbləğində pul vəsaitinin cavabdeh “xxxx” ASC-dən tutularaq, İddiaçı MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 15 manat hissəsinin iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 manat pul məbləğinin 120 manat hissəsinin cavabdeh “xxxx” ASC-dən, qalan 30 manat hissəsinin isə İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddia ərizəsi və ona əlavədə cavabdehin əsassız varlanmasına istinad etməmişdir. Buna görə məhkəmənin qətnamədə əsassız varlanmaya istinad etməsi əsassızdır. Bundan əlavə, Mülki Məcəllənin 373.1-ci maddəsinin tələblərinə görə ümumi iddia müddəti on il təşkil edir və o, həmin müddəti ötürməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Sirac oğlu və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə1 isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmamış hissəsində hissəsində yoxlanılır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən iddiaçıya 2014-cü ildə 10711,33 manat, 2018-ci ildə 1726,92 manat elektrik enerjisinin əlavə sərfiyyat hesablanmış və iddiaçı tərəfindən həmin məbləğlər ödənilmişdir. İddiaçı bildirir ki, elektrik enerjisinin əlavə sərfiyyat əsassız olaraq hesablanmışdır. Ona görə də, əlavə sərfiyyata görə ödədiyi bütün məbləğlər ona geri qaytarılmalıdır. Bundan başqa cavabdehin əməkdaşları 2018-ci ilin sonunda İddiaçı MMC-nin ərazisinə çəkilmiş elektrik naqillərini kəsmişlər. 2019-cu ilin yanvar ayından xx xxxxxx 2019-cu il tarixə qədər olan müddət ərzində İddiaçı MMC-nin fəaliyyəti cavabdeh «xxxx» ASC-nin təqsiri ucbatından süni surətdə dayandırılmışdır. 1 ay ərzində İddiaçı MMC-nin gəliri 21000 manat təşkil edir. Buna görə də, cavabdehin qanuna zidd hərəkətləri nəticəsində iddiaçıya 7 ay ərzində vurulmuş ziyan hər ayı 21000 manat hesabı ilə 147000 manat məbləğində əldən çıxmış fayda cavabdehdən tutulub, iddiaçıya verilməlidir. Cavabdeh iddiaya etiraz edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia rədd edilməlidir. Belə ki, ödənilmiş pul vəsaitlərinin geri qaytarılması barədə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 439.4 və 1092.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər (439.4). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, cavabdeh “xxxx” ASC iddiaçıya əlavə sərfiyyatın “X1 Qaydaları”nın 8.3, 8.11ci bəndlərinin tələblərinə əsasən texnoloji itkilərə görə hesablandığını iddia edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.3-cü bəndinə görə dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisinə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə (ölçü transformatorları vasitəsilə ölçü aparıldıqda onların əmsalları nəzərə alınmaqla) əsasən aparılır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda, hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə qədər elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilir və həmin elektrik enerjisi itkisi (texnoloji sərfiyyat) hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilir, yaxud çıxılır. Həmin qaydaların 8.11-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) baş transformatorunun yüksək tərəfinə onun balansında olan elektrik veriliş xətti qoşulduqda və hesablaşma elektrik sayğacı baş transformatorun yüksək və ya orta (alçaq) tərəfində quraşdırıldıqda göstərilən elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyənləşdirilir, hesablaşma elektrik sayğacının göstərişi ilə cəmlənir və onun dəyəri müəyyən edilmiş tarif üzrə istehlakçı (məişət abonenti istisna olmaqla) tərəfindən ödənilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan da göründüyü kimi elektrik enerji sayğacı balans sərhədində yerləşdikdə elektrik enerjisi sərfiyyatı yalnız həmin sayğacın göstəricilərinə əsasən hesablanır. Hesablaşma elektrik sayğacı tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmadıqda (abonentin balansında olan elektrik xətti üzərində quraşdırıldıqda), hesablaşma elektrik sayğacı quraşdırıldığı yerdən balans mənsubiyyəti sərhədinə elektrik veriliş xəttindəki elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) hesabat yolu ilə müəyyən edilməli və həmin elektrik enerjisi itkisi hesablaşma elektrik sayğacının göstərişinə əlavə edilməlidir. Hazırkı işin hallarından isə görünür ki, cavabdeh “xxxx” ASC İddiaçı MMC-yə texnoloji sərfiyyata görə əlavə borc hesablanmasını cavabdehin elektrik enerjisi sayğacının tərəflərin elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində quraşdırılmaması, balans sərhədindən sayğacın quraşdırıldığı yerə qədər elektrik enerjisi itkilərinin abonent tərəfindən ödənilməli olması ilə əsaslandırmış, lakin birinci instansiya məhkəməsi tərəfindən dəfələrlə təklif edilməsinə, o cümlədən ekspertin vəsatətində də müvafiq sənədlərin təqdim edilməsinin tələb edilməsinə baxmayaraq, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti barədə akt, istehlakçıya verilmiş texniki şərt və bu xəttinə qoşulmuş istehlakçıların elektrik enerji gücləri barədə məlumat, eləcə də mübahisəli dövrdə balans sərhədində quraşdırılmış sayğacın göstəriciləri və xəttə qoşulmuş abonentlərin sərfiyyat göstəriciləri barədə məlumatları və sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə görə bu halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Belə olan halda isə iddiaçıya 2014-cü ildə 10711,33 manat elektrik enerjisinin əlavə sərfiyyatının hesablanması qanunsuz olmuşdur. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən həmin məbləğ cavabdehə ödənilmiş və bunun nəticəsində sonuncu iddiaçının hesabına 2014-cü ildə 10711,33 manat məbləğində əsassız varlanmışdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Belə ki, əlavə sərfiyyatla bağlı hesab-fakturalar 2014-cü ildə iddiaçıya təqdim edilmiş və həmin hesab-fakturalarda tələb olunan məbləğin məhz əlavə sərfiyyata görə hesablanması aydın şəkildə göstərilmişdir. Belə olan halda isə İddiaçı MMC həmin hesabfakturaları aldığı və ödənişi apardığı vaxtdan ona texnoloji itkilərə görə əlavə sərfiyyat hesablandığını və ödədiyi məbləğin geri tələb etmək hüququnun mövcud olduğunu bilməli idi. Hazırkı iddia isə 2019-cı ilin oktyabr ayında irəli sürülmüşdür. Halbuki Mülki Məcəllənin 1095-ci maddəsində təsbit olunmuşdur ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Göründüyü kimi iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddəti ötürmüşdür. Sonuncu ilə bağlı kollegiya qeyd edir ki, həmin maddədə göstərilən müddət iddia müddəti deyil, kəsici müddətdir və onun tətbiq edilməsi üçün tərəfin ərizə verməsi tələb olunmur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən Mülki Məcəllənin 1095-ci maddəsində göstərilən müddət ötürüldüyünə görə mübahisələndirilən hissədə iddia təmin edilə bilməz. Həmçinin kollegiya hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş əldən çıxmış fayda qismində zərərin tutulması tələbləri də təmin edilə bilməz. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən müəyyən olunur ki, əldən çıxmış fayda zərərin tərkib hissəsidir. Həmin Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə isə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı zərərin məhz cavabdehin onun elektrik enerjisinin verilməsini dayandırması nəticəsində yarandığını bildirir. Cavabdeh isə bildirir ki, iddiaçıya məxsus karxanaya elektrik enerjisi verilişi abonentin xx.xx.2018-ci il tarixli hesab-fakturada göstərilmiş, 2018-ci ilin oktyabr-noyabr ayları üçün hesablanmış 1.522,82 manat məbləğində borcu ödəməməsi ilə əlaqədar dayandırılmışdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının elektrik enerjisinin verilməsini dayandırması mübahisəsizdir. Kollegiya qeyd edir ki, belə olan halda iddiaçının fəaliyyətində problemlərin yaranmasına və ona əldən çıxmış fayda qismində zərərin dəyməsi istisna olunmur. Bununla yanaşı kollegiya hesab edir ki, həmin zərərin cavabdehin məhz qanunsuz hərəkətləri nəticəsində yaranması müəyyən olunmur. Belə ki, “X1 Qaydaları”nın 9.13-cü maddəsinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. İş materiallarında olan xx.xx.2018-ci il tarixli hesab-fakturaya əsasən də müəyyən olunur ki, 2018-ci ilin oktyabr-noyabr ayları üçün hesablanmış borc 1522,82 manat təşkil edir. Göründüyü kimi cavabdeh “xxxx” ASC tərəfindən elektrik enerjisinin verilişi dayandırılması, məhz yuxarıda qeyd olunan “X1 Qaydaları”nın 9.13-cü maddəsinin tələblərinə uyğun olaraq, yəni iddiaçının 1522,82 manat məbləğində borcu bir ay müddətində ödəmədiyinə görə həyata keçirilmişdir. Beləliklə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının elektrik enerjisinin verilişi dayandırılması qanunsuz olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində əsassız varlanmaya istinad edib-etməməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki iddia tələblərinin qanuni əsasını məhkəmə müəyyən edir və hazırki işdə bu əsası öhdəlikdən kənar ödənilmiş pul vəsaitinin əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilməsi təşkil edir. Buna görə də hazırki işdə 10 illik ümumi iddia müddəti deyil, əsassız varlanmaya dair qanunla müəyyən edilmiş 2 illik kəsici müddəti tətbiq edilməlidir. Məhkəmənin tərəflərin istinad etdiyi maddi hüquq normalarından asılı olmaması ilə bağlı hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda göstərilmişdir ki, maddi hüquq normasının düzgün tətbiq edilib-edilməməsi məsələsinin yoxlanılması zamanı tərəfin dispozitiv hüququ ilə «iura novit curia» - «məhkəmə hüququ bilir» müddəası arasında kompromis mövcuddur. Apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil. Lakin apellyasiyanın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-177/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi iddianın təmin olunmamış hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-399/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-399/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver