Məhkəmə qərarları › İş №2-2(103)-417/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-417/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-417/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı İB-nin (bundan sonra - iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra cavabdeh) qarşı ilk, cavabdehin iddiaçıya qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-151/2021 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadından cavabdehin şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 236.592,67 manat borcun və 30 manat məbləğdə dövlət rüsumunun, 0,4 manat xidmət haqqının tutularaq onun bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, artıq hesablanmış 201.519,67 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.02.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 236.592,67 manat borc məbləğinin və 30 manat məbləğdə dövlət rüsumunun tutularaq iddiaçının bank hesabına ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Bakı Kommersiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, apellyasiya şikayəti qaytarılmışdır. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, prosessual müddətin bərpası barədə ərizənin təmin olunaraq, apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-1484/2021 nömrəli iş üzrə 16.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya qeyri-mümkün hesab edilmiş, iş materialları birinci instansiya məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər qaytarılmışdır. Bundan sonra, cavabdeh Bakı Kommersiya Məhkəməsinin 06.07.2021-ci il tarixli qərardadından yenidən şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Ərizənin əsaslarına görə, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti forma və məzmununa uyğun olmadığına görə qeyri-mümkün hesab edilmişdir. Hazırda qərardadda göstərilən nöqsan aradan qaldırılmış və yenidən şikayət ilə məhkəməyə müraciət olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin 09.03.2022-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, şikayət qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 dekabr 2021-ci il tarixli 2-1(103)-1484/21 saylı qərardadı 17.12.2021-ci il tarixində elektron qaydada imzalanmış və proses iştirakçılarına məxsus “elektron kabinetlər”ə yerləşdirilmişdir. Qeyd olunan iş materialları 13 yanvar 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin 06.07.2021ci il tarixli, e-2-2(113)-151/2021 saylı qərardadından şikayət isə 02 mart 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur.” Qərardadla razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Qanunun tələbindən göründüyü kimi, məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, hazırki iş üzrə qeyd etdiyi kimi, cavabdeh tərəfindən şəxsi kabinet yaradılmamış və ona SMS göndərilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 18.03.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər; Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İşdən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 16.12.2021-ci il tarixli qərardadı 17.12.2021-ci il tarixdə, Bakı Kommersiya Məhkəməsinin 14.01.2022-ci il tarixli qərardadı isə 08.02.2022-ci il tarixdə cavabdehin nümayəndəsi Vəkil1 Məmmədrəsul oğlunun və vəkili Nümayəndə3 elektron kabinetlərinə yerləşdirilmişdir. Cavabdeh qərardadlRın onun vəkil və nümayəndəsinin elektron kabinetlərinə yerləşdirildiyini mübahisə etmir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 10-1.3 və 135.8-ci maddələri anlamında məhkəmə sənədlərinin proses iştirakçılarına və işdə iştirak edən şəxslərə çatdırılması onların adından etibarnamə və vəkil orderi əsasında məhkəmədə çıxış edən şəxsləri də əhatə edir. Bunun əksini düşünmək, MPM-in 69 və 74cü maddələri ilə şəxslərə tanınan hüquqların əhəmiyyətsizliyi demək olardı. Digər tərəfdən, 06.07.2021-ci il tarixli qərardaddan şikayət və müddətin bərpası barədə ərizə də yenidən elektron qaydada cavabdehin özü tərəfindən deyil, onun vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmişdir. Lakin həmin şikayət və müddətin bərpası barədə ərizə bu dəfə elektron qaydada 02.03.2022-ci il tarixdə verilmiş, bununla da cavabdeh 1 aya yaxın bir müddətdə növbəti hərəkətsizlik edərək, qanunla müəyyən edilmiş 10 günlük prosessual müddəti təkrar ötürmüşdür. MPM-in: Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Məhkəmə kollegiyası hesab edir ki, şikayətin vaxtında verilməməsinin cavabdehdən asılı olmayan, özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxan, bu hərəkətin yerinə yetirilməsinə maneə törədən yaxud məhdudiyyət yaradan hər hansı səbəbdən irəli gəlməsi işdən müəyyən edilmir, cavabdehin ərizə və şikayətində bu qəbildən hallara istinad etmir. Odur ki, onun tərəfindən müddətin buraxılması ilə nəticələnmiş səbəb üzrlü hesab edilə, bu barədə ərizəsi isə təmin oluna bilməz. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəliiləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qanunun istinad olunan tələblərini nəzərə alıb, MPM-lə nəzərdə tutulan 10 günlük prosessual müddətdə verilməyən şikayəti qaytarıb, həmin prosessual müddətin bərpası barədə ərizəni təmin etməməklə doğru qənaətə gəlmişdir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-151/2021 nömrəli iş üzrə 09 mart 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar