Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-42/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Seyidova Səriyyə Seyid qızı və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İsmayılzadə Fərid Sabir oğlunun katibliyi, X2 nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə qaz sayğacının yenisi ilə əvəz edilməsi və yerinə quraşdırılmasının cavabdehin vəsaiti hesabına yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(82)-1012/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia cavabdehə qarşı məhkəməyə müraciət edərək, mövcud qaz sayğacının yenisi ilə əvəz edilməsinin və yerinə quraşdırılmasının X7 İdarəsinin vəsaiti hesabına onlar tərəfindən yerinə yetirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, “Firuzə” kafesi 15 ildir ki, iddiaçının mulkiyyətindədir. 2005-ci ildən obyektin qazlaşdırılması qanuna uygun olan formada həyata keçirilmiş və obyekt qazla təmin olunmuşdur. 2014-cü ilin noyabr ayının 14-də 201 manat məbləğdə dövlət rüsumu odənilərək yeni texniki şərt alınmışdır. 2015-ci ilin yanvar ayının 19-da yeni sayğacın (G-6 sayğac) alınmasına 840 manat dövlət rüsumu ödənilmişdir. Lakin xx.xx.2019-cu il tarixdə səhər saat 08:30 radələrində icarədar Etibar Məmmədov iddiaçının mobil telefonuna zəng edərək obyektə qazın gəlməməsi barədə məlumat vermişdir. İddiaçı öz növbəsində cavabdeh təşkilatın ərazi üzrə müfəttişinə zəng edərək qazın gəlmədiyini nəzərə çatdırmışdır. xx.xx.2019-cu il tarixdə səhər saatlarında sayğaca baxış keçirilmiş və xx.xx.2019-cu il tarixdə G-6 tipli sayğac çıxarılaraq yerində müvəqqəti sayğac quraşdırılmışdır. Bundan əlavə, xx.xx.2019-cu il tarixdə iddiaçıya sayğacın öz vəsaiti hesabına yenidən alınaraq quraşdırılması barədə xəbərdarlıq bildirişi təqdim olunmuşdur. Cavabdeh tərəfindən tərtib olunan aktda qaz sayğacının yararsız olması göstərilmişdir. Lakin qaz boru kəmərlərində və sayğacda qazdan sui-istifadə, hər hansı bir talama və ya istehlakçı tərəfindən hansısa bir müdaxilənin olması aşkar olunmamışdır. Belə ki, qaz sayğacının işləməməsi və obyektə qazın gəlməməsi barədə məlumatı özü vermişdir. Sumqayıt Qİİ tərəfindən verilmiş bildirişdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 4.2-ci bəndi əsas gətirilərək yeni qaz sayğacının quraşdırılması və ya 15 gün ərzində mövcud sayğacın təmir edilməsi iddiaçıdan tələb edilmişdir. Lakin qaz sayğacı iddiaçıya məxsus olsa da, həmin sayğac təmir olunması üçün ona geri qaytarılmamışdır. Nazirlər Kabinetinin 80 saylı qərarının 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçının qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Qaydaların 4.9-cu bəndində isə göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən hüquqi əsası göstərilməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, hüquqi şəxs statusuna malik deyil. Eyni zamanda, iddiaçı ilə qaz paylayıcı arasında bağlanmış qazın alqı-satqısı haqqında müqaviləyə əsasən iddiaçının istifadə etdiyi qaz qurğularının ümumi sərfiyyatı saatda 10 kub.m-dən az olduğundan, həmin qurğular “Qaz təchizatı haqqında” Qanunun tələblərinə əsasən məişət qaz qurğularına aiddir. Digər tərəfdən, iş materiallarından görünür ki, cavabdeh tərəfindən sayğacın yararsız vəziyyətə düşməsinin iddiaçının təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçıya məxsus kafedə quraşdırılmış qaz sayğacı sərf edilən qaz həcmini qeydə almadığı üçün çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama nəticəsində sözügedən qaz sayğacı istismara yararsız hesab edilmiş və bu səbəbdən istehlakçıya məxsus qeyri-yaşayış sahəsinə yeni qaz sayğacının quraşdırılması zərurəti yaranmışdır. İddiaçı sənaye qaz qurğusundan istifadə edən istehlakçıdır, belə ki, iş materiallarına da əlavə edilmiş müqavilədən göründüyü kimi, istehlakçı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsinə uyğun “Sənaye qaz qurğusundan istifadə edən istehlakçı ilə qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, lakin məhkəmə qərar qəbul edərkən qanunvericiliyin bu müddəalarını nəzərə almamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat vermiş, iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2018-ci il tarixli AKX-2/2506 nömrəli müqavilənin 3.1-ci bəndinə əsasən, bu Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir kub.metr üçün 0,20 manat məbləğində müəyyən edilir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan müəyyən edilir ki, iddiaçıya məxsus kommersiya ticarət obyektində quraşdırılmış G-6 markalı sayğac sərfiyyatı qeydə almadığı üçün müvəqqəti əvəzlənmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli MSK-29/1640-01135-11 nömrəli Qeyri-əhali qaz sayğacının yoxlanılması haqqında aktdan görünür ki, iddiaçıya məxsus G-6 markalı smart-kart tipli sayğac X1 müayinəsi laboratoriyasında baxışdan keçirilmiş və yoxlama nəticəsində sayğacın klapanının bağlı olduğu, hesablayıcı mexanizmin işləmədiyi, keçən havanın sərfiyyatını qeyd etmədiyi müəyyən edilmişdir. Sayğac yararsızdır. Cavabdehin Sumqayıt QİS tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda göstərilmişdir ki, iddiaçıya məxsus kafedə quraşdırılmış G-6 markalı ******* zavod nömrəli sayğacın, Metrologiya Departamentinin rəyinə görə, hesablayıcı mexanizmi işləmir, keçən havanın sərfiyyatını qeyd etmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.2-ci bəndinə əsasən, məişət qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu (qurğuları); sənaye qaz qurğusu - ümumi qaz sərfiyyatı saatda 10 kubmetrdən artıq olan, istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusudur (qurğularıdır); 1.3-cü bəndinə görə, qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur; 2.12-ci bəndinə əsasən, istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” AR Qanununa müvafiq olaraq istismarına və işçi vəziyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Sahibkarlıq fəaliyyəti haqqında” AR Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir; 33.3-cü maddəsinə görə, hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Təbii qazın emal, nəql, topdansatış və pərakəndə satış tarifləri” haqqında xx.xx.2016-cı il tarixli Qərarında da Əhali (4.1) və Qeyri-əhali (4.2) bölgüsünə gedilmiş, qiymətlər əhali üçün 2.200 kubmetrədək 10 qəpik, ondan artıq istehlak üçün 20 qəpik müəyyən edildiyi halda, qeyriəhali üçün bütün hallarda 20 qəpik təsbit olunmuşdur. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, iddiaçı fərdi sahibkar statusuna malik fiziki şəxsdir, vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır (VÖEN **********), fərdi sahibkar kimi icarəyə verdiyi ona məxsus ictimai iaşə fəaliyyətinin həyata keçirildiyi kafedə alqı-satqı müqaviləsi əsasında qazdan hər bir kub.metr üçün 0,20 manat ödənilməklə yanacaq kimi istifadə edilir, onunla cavabdeh arasında bağlanmış qazın alqısatqısı barədə xx.xx.2018-ci il tarixli müqavilə sənaye qaz qurğusundan istifadə ilə bağlı olmuşdur, 2015-ci ildə onun ticarət obyektinə G-6 markalı qaz sayğacının quraşdırılması üçün 840 manat ödəmişdir. Cavabdeh qaz sayğacının iddiaçının təqsirindən zədələnibzədələnmədiyini, iddiaçı isə onunla cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin qüvvədə olmasını və qanuniliyini mübahisə etmir. İşin müəyyən edilmiş faktiki hallarına qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin maddi hüquqi əsasını “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndi təşkil edir. Adıçəkilən normanın mənasına görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Belə olan halda, iş üzrə hüquqi qiymət verilməsi tələb olunan əsas məsələ hazırkı işdə olduğu kimi, “Qazdan istifadə Qaydaları”nın 1.2-ci bəndində nəzərdə tutulmuş ümumi qaz sərfiyyatı saatda 10 kubmetrədək olsa da, eyni bənddə təsbit edilən digər - əhalinin məişət ehtiyacları şərtinə cavab verməyən şəkildə qazdan istifadənin məişət qaz qurğularından istifadə sayılıb-sayılmadığıdır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus kafe kommersiya obyekti olduğu, bu kafedə istehlak olunan qazdan əhalinin məişət ehtiyacları üçün deyil, sırf iddiaçının və həmin obyekti icarəyə götürən şəxsin gəlir götürməsi üçün istifadə olunduğundan, habelə, çıxarılan qaz sayğacı “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinin tələbinə uyğun olaraq iddiaçının vəsaiti hesabına quraşdırıldığından, həmçinin, kafedə qazın hər kub.metri üçün güzəşt limiti olmadan 0,20 manat ödənildiyindən, eləcə də, iddiaçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilə sənaye qaz qurğusundan istifadə ilə bağlı olduğundan və müqavilə indi də qüvvədə olduğundan, qaz sayğacı cavabdehin (dolayısıyla dövlətin) vəsaiti hesabına dəyişdirilə bilməz. Məişət qaz qurğularından istifadə edən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasının qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməsi yalnız əhali qrupu istehlakçılara münasibətdə nəzərdə tutulmuşdur ki, qanunvericinin niyyəti də məhz bundan ibarətdir. Bu məqamda xüsusilə vurğulanmalıdır ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda belə onunla 3 nömrəli əlavəyə uyğun, yəni sənaye qaz qurğularından istifadə ilə bağlı müqavilə bağlanması “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndi ilə imperativ qaydada tənzimlənmişdir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia əsassız olduğundan birinci instansiya məhkəməsi tərəfindən rədd olunmalı idi. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir, cavabdehin iddiaya etirazlarının əsası iş üzrə təsdiqini tapır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşır və onun dəlillərini əsaslı sayır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi quraşdırılması tələb olunan yeni qaz sayğacı üçün cavabdeh tərəfindən 570 manat tələb edildiyini bildirmişdir. MPM-404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində iddianın təmin olunması ilə əlaqədar gəldiyi səhvdir (MPM-385.1, 386), apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təsdiq olunur. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməli (MPM-384.0.2), apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1012/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X2 Cavabdeh İB-yə qarşı mövcud qaz sayğacının yenisi ilə əvəz edilməsinin və yerinə quraşdırılmasının X7 İdarəsinin vəsaiti hesabına onlar tərəfindən yerinə yetirilməsi tələbinə dair iddiası təmin edilməsin. Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Səriyyə Seyidova İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-42/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-42/2020
09.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver