Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-432/2021 16.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh "xxxx" MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-926/2018 saylı, 05 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə yenidən baxılması Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı İB cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istifadə olunmuş təbii qaza görə yaranmış 21.596,41 manat borc məbləğinin və 30 manat məbləğdə dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı il 19 iyul tarixli müqaviləyə əsasən cavabdehi təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə ikitərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf müqavilədə üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh müqavilə öhdəliklərinə əməl etməmiş, istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmiş, bunun nəticəsində iddiaçının 2018-ci il 1 sentyabr tarixə 21.596,41 manat məbləğində borcu yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə 2018-ci il 29 iyun tarixli məktubla cavabdehə müraciət olunmasına baxmayaraq, cavabdehdən heç bir cavab alınmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05.12.2018-ci il tarixli 2-2(82)-926/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-403/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 5 dekabr tarixli 2-2(82)-926/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-535/19 saylı, 25.12.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-403/2019 saylı, 15.08.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05.08.2020-ci il tarixli 2-2(103)-322/2020 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 27.01.2021-ci il tarixli 2-2(102)-37/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 05.08.2020-ci il tarixli, 2- 2(103)-322/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh asfalt işləri üçün nəzərdə tutulmuş bütün avadanlıqları, o cümlədən qaz təsərrüfatı ilə birgə "xxxx" MMC-ni icarəyə götürmüşdür. Tələb olunan borc da "xxxx" MMC-nin dövründə istehlak olunmuş təbii qaza görə yaranmışdır. Həmin borcla bağlı hazırda və bu iddiadan qabaq verilmiş "xxxx" MMCnin İddiaçı İB-yə qarşı iddiası 2-2(82)-371/2017 nömrə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatındadır. İddiaçı İB tərəfindən "xxxx" MMC-yə əsassız borc hesablanmış, istehlak olunan təbii qazın hesabatını aparan sayğacda, təbii qazın paylayıcısı İddiaçı İB tərəfindən normadan artıq təzyiq verildiyinə görə nasazlıq yarandığıdan göstəricilər səhv qeydə alınmış, həmin sayğac çıxarılaraq yoxlamaya aparılan dövrdə, yəni sayğac yerində olmadığı halda bir neçə dəfə özbaşına sayğac göstəricisi götürülərək hesabata daxil edilmiş və nəticədə əsassız borc yaranmışdır. Bütün bu hallar məhkəmə araşdırmasındadır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, abonentin saldosundan görünür ki, 10 ildən artıqdır ki, təbii qazdan istifadə olunur. Abonentin saldosu ilə müqavilədəki ünvanlar fərqli olsa da eyni abonentdən söhbət gedir. Müqavilə bağlananda borc saldoda mövcud idi, eyni zamanda ödənilirdi. İddia ərizəsi verilən ərəfədə ayın sonuna olan borc o qədər olmuşdur. 21596,41 manat. Cavabdeh istifadə etdiyi məbləğdən artıq məbləğ ödəmişdir. 2016-cı ilin 7-ci ayından bu yana 40.000 artıq ödəniş olmuşdur. Yəni 40.000 əvvəlki borcu ödəmişdir. Amma sonrakı sərfiyyata görə borcu var. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və kommersiya işinin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. İşin mahiyyəti ondan ibarətdir ki, İddiaçı İB (Paylayıcı) ilə cavabdeh "xxxx" MMC (İstehlakçı) arasında qazın alqı-satqısı barədə 19.07.2016-cı il tarixli 1147-07-16 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Paylayıcı bu Müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənn 7.1-ci bəndinə əsasən bu Müqavilə hər iki tərəfdən imzalandığı andan qüvvəyə minir və tərəflər üçün məcburidir. İş materiallarında olan "xxxx" MMC (İcarədar) ilə "xxxx" MMC (İcarəçi) arasında bağlanmış 09.06.2016-cı il tarixli 04 saylı müqavilədən görünür ki, İcarədara məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şossesi 15 ünvanında yerləşən, ümumi sahəsi 7811 m2 olan əmlakın 3978 m2 hissəsini və Əlavə 1-də göstəriləcək yol-tikinti texnikaları, maşın və mexanizmlər İcarəçiyə icarəyə verilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə 09.06.2016-cı ildən 31.12.2020-ci il tarixə qədər qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmə 27.01.2021-ci il tarixli 2-2(102)-37/2021 saylı qərarında qeyd edir ki, iş üçün əhəmiyyət kəsb edən sənədlərin əsli, yaxud lazımi qaydada təsdiq edilmiş surətləri tələb olunaraq iş materiallarına əlavə edilməli, abonent saldosunda göstərilən məlumatlar müqavilə münasibətlərinə uyğun olaraq araşdırılmalı, ödənilməsi tələb edilən borcun və abonent saldosunda göstərilən hesabatların hansı hissəsinin əvvəlki istehlakçıya, hansının isə hazırkı iş üzrə cavabdehə aid olduğu dəqiq müəyyən edilməli, cavabdehə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Balaxanı-Binəqədi şosesi 15 və Bakı şəhəri Binəqədi, X5 sah., İ mədən küçəsi ünvanları ilə bağlı müvafiq araşdırmalar aparılmalı və nəticəsindən asılı olaraq da mübahisənin qanuni həlli təmin edilməlidir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara, göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh "xxxx" MMC fəaliyyət göstərdiyi obyekdə əvvəlki istehlakçının ("xxxx" MMC) istifadə etdiyi qaza görə yaranmış borcuna görə məsuliyyət daşıya bilməz. Belə ki, cavabdeh "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış 09.06.2016-cı il tarixli 04 saylı icarə müqaviləsində müqavilənin imzalandığı tarixdən qüvvəyə mindiyi qeyd edilmiş, həmçinin müqavilədə icarəyə verənin ("xxxx" MMC) müqavilə imzalanan tarixədək istifadə etdiyi qaza görə yaranmış borcu ilə əlaqədar icarəçinin ("xxxx" MMC) hər hansı məsuliyyəti nəzərdə tutulmamışdır. Bundan əlavə hazırkı cavabdeh "xxxx" MMC ilə İddiaçı İB arasında bağlanmış 19.07.2016-cı il tarixli 1147-07-16 saylı qazın alqı-satqısı barədə müqavilənin də imzalandığı andan qüvvəyə mindiyi müəyyən edilmiş, əvvəlki istehlakçı "xxxx" MMC-nin borclarına görə hazırkı cavabdehin üzərinə öhdəlik götürməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Abonent saldosuna nəzər yetirdikdə də aydın şəkildə görünür ki, icarə müqaviləsinin imzalandığı 09.06.2016-cı il tarixə 43804,56 manat borc olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin 2016-cı ilin 7-ci ayından bu yana 40.000 artıq ödəniş etdiyini, yəni 40.000 əvvəlki borcu ödədiyini, amma sonrakı sərfiyyata görə borcu olduğunu bildirmişdir. Lakin cavabdehin əvvəlki borclarla bağlı məsuliyyət daşıması iş materiallarında mövcud olan sənədlərlə öz təsdiqini tapmamışdır. İddiaçı 01.09.2018-ci il tarixə yaranmış 21569,41 manat borcu tələb etdiyini qeyd etsə də, abonent saldosuna nəzər yetirdikdə aydın olur ki, iddiaçının tələb etdiyi borc məbləği hazırkı cavabdehlə bağlanmış qazın alqı-satqısına dair 19.07.2016-cı il tarixli müqavilə bağlanmamışdan əvvəl yaranmışdır. Bundan başqa "xxxx" MMC tərəfindən cavabdeh İddiaçı İB-yə qarşı qaldırılmış 15.298 manat borcun ləğv edilməsi”nə dair tələbi yekun olaraq rədd edilmişdir. Ali məhkəmənin qərarından görünür ki, məhkəmə "xxxx" MMC tərəfindən silinməsi tələb olunan qaz sərfiyyatını istifadə etdiyi qənaətinə gəlmişdir. Həmçinin kollegiya qeyd edir ki, "xxxx" MMC-nin silinməsini tələb etdiyi 153298 m3 sərfiyyat 2016-cı ilin fevral ayında abonent saldosunda öz əksini tapmışdır. Ali Məhkəmənin öz qərarında qeyd etdiyi ünvanlarla bağlı məsələyə gəldikdə isə apellyasiya baxışı zamanı həmin hal iddiaçının nümayəndəsi ilə dəqiqləşdirilmiş, iddiaçının nümayəndəsi öz izahatında abonent saldosu ilə müqavilədəki ünvanların fərqli olmasına baxmayaraq eyni obyekt olduğunu, hər hansı başqa obyekt mövcud olmadığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Kollegiya həmçinin hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-926/2018 saylı, 05 dekabr 2018ci il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin Cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Afaq Nuriyeva Səadət Bəktaşi
Məhkəmə qərarları › İş №2-2(103)-432/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-432/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver