Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-433/2022 01.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı cavabdeh tərəfindən borcun ləğv edilməsi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli 2-2(113)-45/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehnə qarşı iddia qaldıraraq, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə verərək iddiaçıya 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi əsassız hesablanmış 108.100,78 manat məbləğində borcun ləğv edilməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlayaraq qazdan istifadə edir. Müqavilə bağlandıqdan sonra hər ayın sonunda cavabdeh tərəfindən təqdim edilmiş hesab faktura əsasında heç bir gecikmə etmədən qazdan istifadəyə görə hesablanmış pul məbləği ödənilmişdir. Lakin, sonradan iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən göndərilən hesab fakturalarda göstərilən rəqəmlər sayğacın göstəriciləri ilə üst-üstə düşməmişdir. və nəticədə 2018-ci ilin sentyabr ayında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə artıq hesablanmış və ödənilmiş qaz pulunun geri tələb edilməsi və artıq hesablanmış və ödənilməmiş borcun silinməsinə dair iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən 2015, 2016, 2017 və 2018-ci ilin may ayından avqust ayına qədər cavabdeh tərəfindən iddiaçıya hesablanmış 43.413 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-2(82)-104/2019 saylı 04.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi kommersiya kollegiyasının 11 iyun 2020-ci il tarixli, 2-2(103)- 179/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz və qərəzli formada artıq borc hesablanmaqda davam edir. Bakı Kommersiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli, 2-2(113)-45/2022 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçınə 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi hesablanmış 108.100,78 manat məbləğində borc ləğv edilmiş, ödənilmiş 30 manat dövlət rüsumunun və vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli, e-2-2(113)-45/2022 saylı qətnaməsini ləğv edib, İddiaçı MMC-nin iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mübahisələndirilən dövr ərzində hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Ekspert rəyi sırf ehtimallar əsasında tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçının qaz hesabına iddiaçının istifadəsində olan qaz sayğacı vasitəsi ilə sərf edilən qazın həcmi hesablanmışdır. AzərbaycanRespublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021-ci il tarixli 9/8055 saylı rəyi ilə, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən 01 iyul 2017-ci il tarixdə 2326-07-17 saylı müqaviləsi üzrə "Mahmud Topçu K" məhdud məsuliyyətli cəmiyyətinə ümumilikdə Cavabdeh tərəfindən 108100,78 manat məbləğində artıq borc hesablandığı müəyyən edilmişdir. Ekspert rəyindən də göründüyü kimi ekspert artıq hesablanmış borcu müəyyən edərkən 2017-ci ildən başlamış və ümumi məbləğdə 108100,78 manat artıq borc müəyyən etmişdir. Halbuki, iddiaçı tərəfindən mübahisələndirilən dövr 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi olmuşdur. Ekspert qeyri-dəqiq rəy vermiş və mübahisələndirilən dövr müddəti deyil, müqavilə bağlanan müddətdən- yəni 01.07.2017- ci il tarixdən hesabat aparmış və 108100,78 manat artıq hesablanmış borc müəyyən etmişdir. Göründüyü kimi məhkəmə bu vacib məqama ötəri yanaşmışdır. İddia tələbində qeyd edilən 2018-ci ilin sentyabr ayından 2021-ci ilin yanvar ayına kimi hesablanmış borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 və X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli 2-2(113)-45/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 07.07.2017-ci il tarixli, 2326-07-17 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, tərəflər arasında qazın alqı-satqısı barədə müqaviə bağlanmışdır. Həmin müqavilədən görünür ki, iddiaçıya məxsus Nərimanov rayonunda yerləşən obyektdə G-25 (********** saylı) və G-650 markalı (83045278 saylı) qaz sayğacları quraşdırılmışdır. İşdəki hesab fakturaların surətindən görünür ki, hər ay iddiaçıya hər iki sayğacın göstəriciləri nəzərə alınmaqla borc hesablanır. İşdəki G-650 sayğac üzrə abonentin saldosunun surətindən görünür ki, qazdan istifadəyə görə iddiaçının ödənişləri çıxıldıqdan sonra 2021-ci ilin sentyabr ayına 109908,20 manat qalıq borcu olmuşdur(iş mat. 2-ci cild 12-15-ci vərəqlər). G-25 markalı sayğac üzrə abonentin saldosu məhkəməyə təqdim edilməmişdir. İddiaçı iddia etmişdir ki, bu borcun 108100,78 manat hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq, yəni sayğac göstəricilərindən əlavə hesablandığından həmin məbləğin tələb edilməsi “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). "Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın Paylayıcı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların tələblərindən göründüyü kimi, istehlak edilmiş qazın dəyəri qaz paylayıcısı tərəfindən yalnız istehlakçı ilə bağlanmış müqaviləyə əsasən quraşdırılmış sayğacın və ya sayğacların göstəricilərinə əsasən hesablanmalıdır. Digər qaydada hesablama aparılması Qaydalarda nəzərdə tutulmamışdır. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 2.1.8-ci bəndində istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya hesab təqdim etmək qaz paylayıcının vəzifələrinə aid edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh həm müqavilə şərtlərini, həm də “Qazdan istifadə Qaydaları”nın tələblərini pozaraq 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına qədər olan dövr üzrə iddiaçıya 108.100,78 manat sayğac göstəricilərindən kənar borc hesablamışdır. Məsələn, abonent saldosundan görünür ki, 2018-ci ilin sentyabr ayı üzrə iddiaçının G-650 markalı sayğacın göstəricisinə əsasən 6558,80 manat dəyərində qaz sərfiyyatı olmuş, saldonun qalıq və aktlar bölməsində həmin ay üçün 3232,60 manat əlavə borc qeyd edilmişdir. 2018-ci ilin senytabr ayında sayğacın elektron göstəricisi ******* olmuş, əvvəlki ayda isə ******* olmuşdur. Bu iki göstərici arasında fərq 32794 etdiyi halda, saldodan görünür ki, iddiaçıya sentyabr ayında istehlak edilmiş qazın 48957 m3 olduğu qeyd edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndələri 01.06.2022-ci il tarixli məhkəmə iclasında verdikləri izahatlarında bu uyğunsuzluğun səbəbini izah etməyə çalışaraq göstərmişlər ki, iddiaçıya məxsus G-650 markalı sayğacla İB-nə məxsus ROC tipli sərfölçən cihaz arasında təxminən 2 km-ə yaxın məsafə var. Həmin məsafədə olan qaz borusu iddiaçının balansında olduğu üçün yolda yaranan itkilərə görə iddiaçıya ROC tipli sərfölçən cihazın göstəricilərinə əsasən əlavə sərfiyyat hesablanmış və bu sərfiyyat abonent saldosunda hər ay qalıq və aktlar bölməsində qeyd olunmuşdur. İB-nin mövqeyinə görə iddiaçının balansında olan qaz xəttində yaranan itkilərə görə cavabdehlik iddiaçının üzərinə düşdüyündən qazın dəyəri itkilərlə bir yerdə tam ödənilməlidir. Qeyd edilən qaz xəttinin iddiaçının balansında olması barədə sübutlar məhkəməyə təqdim edilməmiş, cavabdeh bu hesablamanın qanuni əsasını göstərə bilməmişdir. İddiaçıya sayğac göstəricisindən əlavə hesablanmış borcun hesablanması üçün işə birinci instansiya qaydasında baxılarkən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021ci il tarixli 9/8055 saylı ekspert rəyinə əsasən Cavabdeh İB tərəfindən iddiaçıya göndərilmiş hesab-fakturalara əsasən 2018-ci ilin sentyabr ayından 2021-ci ilin noyabr ayına kimi sayğac göstəricilərindən artıq hesablanmış borcun ümumilikdə 108100,78 manat olduğu müəyyən edilmişdir. İşdəki 07.09.2021-ci il tarixli ekspert rəyi ilə məhkəmə tərəfindən qoyulmuş suallar cavablandırılmadığından məhkəmə iş üzrə əlavə ekspertiza təyin etmiş, məhkəmə Ekspertizası Mərkəzinin 21.12.2021- ci il tarixli 9/8055 saylı ekspert rəyi məhkəmə tərəfindən qoyulmuş suallar tam və aydın şəkildə cavablandırıldığı üçün (hesablamanın hansı şəkildə həyata keçirildiyi cədvəllər tərtib edilməklə əsaslandırılmaqla) məhkəmə tərəfindən həmin rəy sübut kimi qəbul edilmişdir. Cavabdeh apellyasiya şikayətində ekspert rəyinin ehtimallar əsasında tərtib edildiyini, dəqiq olmadığını, hesablamanın 2017-ci ildən həyata keçirildiyini qeyd etsə də, məhkəmə araşdırması zamanı bu mülahizələrin əsassız olduğu müəyyən edilmişdir. Belə ki, ekspert rəyinin tədqiqat hissəsində qeyd edilənlərə əsasən, ekspertiza tədqiqatı ehtimallar əsasında deyil, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş hesab fakturalardakı məlumatlar əsasında həyata keçirilmişdir. Bundan əlavə rəyin tədqiqat hissəsindən göründüyü kimi, hesablama 01.09.2018-ci ildən 01.01.2021-ci il tarixədək qazdan istifadəyə görə tələb edilmiş borcla bağlı hesab fakturalar üzrə aparıldığından ekspert tərəfindən mübahisələndirilməyən dövr üzrə hesablama aparıldığı həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh İB iddiaçı tərəfindən mübahisələndirilən borcun istehlakçının sayğac göstəriciləri əsasında hesablanmış borc olduğunu sübut edə bilmədiyindən, iddiaçının dəlillərinin əsaslı olduğu isə işdəki sübutlarla (hesab fakturalara, abonent saldosu, ekspert rəyi, tərəflərin nümayəndələrinin izahatları) təsdiq edildiyindən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı, apellyasiya şikayətində qeyd edilmiş mülahizələr isə əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında vəkilə hüquqi xidmət xərcinin ödənilməsi barədə sübut olduğundan (15.09.2020-ci il tarixli AZ0000107 saylı ödəniş tapşırığı, iş mat. 1-ci cild 94cü vərəq) qətnamə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 1000 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də qanuni və əsaslı hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli 2-2(113)-45/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04.02.2022-ci il tarixli 2-2(113)-45/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-433/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-433/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver