Məhkəmə qərarları › İş №2-2(103)-438/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-438/2023

25.04.2023 · Sair işlər - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-438/2023 25.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5010/2022 saylı qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" ASC-nin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən obyektə (abonent kodu **********9) istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı obyektin çöl divarında quraşdırılmış “Viko” tipli 05160267 nömrəli sayğacın sıfır qrifinin tamamilə yanması, elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulmasının müəyyən olunması və sayğacın yenisi ilə əvəz olunmasının tələbinin qoyulması barədə 18 avqust 2021-ci il tarixli, NDQ № 010071 saylı akt tərtib edilmişdir.

2. 20 avqust 2021-ci il tarixdə yeni sayğac quraşdırılmış, 2021-ci ilin 06 iyul, 19 avqust və 06 sentyabr tarixlərində müvafiq sərfiyyat abonentin hesabında qeydə alınmış, xx.xx.2021-ci il tarixdə isə NDQ 010071 saylı akt əsasında 574 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən İddiaçı məxsus abonent koduna əsassız hesablanmış 574 (beş yüz yetmiş dörd) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, sayğac abonentin balans mənbəyində quraşdırılmış, sayğaca baxış zamanı elektrik işlədicilərinin şəbəkəyə birbaşa qoşulduğu müəyyən olunaraq xx.xx.2021-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 574 manat borc hesablanmışdır. Yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa abunə haqqında məlumatda və aktlarda **********9 nömrəli abonent kodu üzrə istehlakçı kimi Orucov A. qeyd olunub, həmin abonent kodu üzrə hesablanmış borcun silinməsinə dair İddiaçı subyektiv hüququ yoxdur, ona görə də iddia rədd olunmalıdır. İddiaçının adına texniki şərt olsa da, ola bilər ki, sonradan addan ada dəyişmə olub. İddiaçıya aid texniki şərtə dair məlumatların "xxxx" ASC-nin elektron məlumat bazasında aşkar edilməməsinin səbəbi texniki şərtin verildiyi dövrə aid məlumatların kağız daşıyıcıda olması, "xxxx" ASC-nin elektron məlumat bazasında isə 2015-ci ildən sonrakı dövrə aid məlumatların mövcud olmasıdır. Həmin məlumatlarda **********9 nömrəli abonent kodu üzrə istehlakçı kimi Orucov A. qeyd olunub.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5010/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

6. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti iddiaya qarşı etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etdi.

10. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.18-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.

12. Həmin Qaydaların 7.19-cu bəndinə əsasən enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.

13. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1-ci maddəsinə görə yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır.

14. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

15. Həmin Qanunun 13.1-ci maddəsinə görə sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır.

16. Həmin Qanunun 13.2-ci maddəsinə görə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

17. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

18. Həmin Qanunun 17.1-ci maddəsinə görə yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılır.

19. Həmin qanunun 20.1-ci maddəsinə görə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir.

20. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

21. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

22. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, iddianın tam təmin olunduğunu və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

25. İlk olaraq kollegiya qeyd edir ki, cavabdeh bununla bağlı etiraz irəli sürdüyü üçün iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququn olub-olmamasını araşdırılmalıdır.

26. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2012-ci il tarixli ******* nömrəli Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən 0.0430 ha torpaq sahəsi İddiaçı xx.xx.2012-ci il tarixdən xx.xx.2027-ci il tarixədək icarəyə verilmişdir.

27. İşdə olan 1xx-xx/0564 nömrəli, xx.xx.2012-ci il tarixli Texniki Şərtdən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən obyektə dair İddiaçı adına texniki şərt verilmişdir.

28. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş vəkil sorğusuna Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2022-ci il tarixli, 50-01/559 saylı cavab məktubunda qeyd olunmuşdur ki, 1xx-xx/0564 nömrəli texniki şərtə əsasən **********9 abunə kodu İddiaçı adına açılmış, lakin 2015-ci ildə "xxxx" ASC-nin fəaliyyətə başlaması ilə əlaqədar kompüter məlumat bazasında ETAİS proqramından ORACLE proqramına keçid zamanı İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edilmişdir.

29. Göründüyü kimi, Sumqayıt şəhəri, 9-cu mikrorayon, Ü.Hacıbəyov küçəsində yerləşən obyektə dair İddiaçı adına texniki şərt verilmiş və obyektin yerləşdiyi ərazi üzrə səlahiyyətli qurum olan Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi həmin texniki şərtə əsasən İddiaçı adına **********9 abunə kodunun açıldığını, kompüter məlumat bazasında İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edildiyini qeyd etmişdir.

30. Bundan başqa, abunə haqqında məlumatdan da görünür ki, Sumqayıt şəhəri 9 mikrorayon ünvanı üzrə **********9 nömrəli abonent kodu üzrə sayğac xx.xx.2012ci il tarixdə quraşdırılmışdır.

31. Birinci instansiya məhkəməsinin sorğusuna "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli cavab məktubunda İddiaçı barəsində ASC-nin elektron məlumat bazasında heç bir məlumatın olmadığı qeyd olunmuş, lakin məhkəmənin sorğusunda qeyd olunan ziddiyyətli məsələlərə aydınlıq gətirilməmiş, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsi isə qeyd olunan məsələni aydınlaşdıraraq "xxxx" ASCnin elektron məlumat bazasında İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edildiyini bildirmişdir.

32. Beləliklə, müəyyən olunur ki, 1xx-xx/0564 nömrəli texniki şərtə əsasən **********9 nömrəli abonent kodu İddiaçı adına açılmış, kompüter məlumat bazasında isə İddiaçı əvəzinə səhvən “Orucov A.” qeyd edilmişdir.

33. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı cavabdehin etirazı əsassızdır və iddianın rədd olunması üçün əsas ola bilməz.

34. Mübahisənin mahiyyətinə dair kollegiya qeyd edir ki, cavabdeh mübahisəli yoxlamaların qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasını təmin etməmişdir.

35. Belə olan halda isə iddiaçıdan həmin yoxlama nəticəsində hesablanan məbləğ tələb oluna bilməz.

36. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

37. Ona görə də, iddiaçı həmin yoxlamaların nəticəsi olaraq hesablanmış 574 manat məbləğində borcun silinməsini tələb etməkdə haqlıdır.

38. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5010/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar